Məhkəmə qərarları › İş №2-1(112)-2037/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2037/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2037/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsi tərəfindən “Bağların icarəyə verilməsi haqqında” xx.xx.1996-cı il tarixli, 6251 nömrəli müqaviləyə əsasən ona keçmiş Əzizbəyov (indiki Xəzər) rayonu, Zirə qəsəbəsində 101 saylı, sahəsi 0.25 ha torpaq sahəsinə çıxarışın və plan-ölçünün verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsi tərəfindən “Bağların icarəyə verilməsi haqqında” xx.xx.1996-cı il tarixli, 6251 nömrəli müqaviləyə əsasən ona keçmiş Əzizbəyov (indiki Xəzər) rayonu, Zirə qəsəbəsində 101 saylı, sahəsi 0.25 ha torpaq ayrılmışdır. Artıq uzun müddətdir ki, həmin bağ sahəsindən istifadə edir. 2019-cu il oktyabr ayında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə həmin torpaq sahəsinə plan-ölçü və çıxarışın verilməsi barədə müraciət etmişdir. Eyni zamanda torpağın koordinatlarının müəyyən edilməsi barədə ərizə müraicət etmişdir. Bir müddətdən sonra mühəndis bağ sahəsinə gəlib baxış keçirərək, ölçü işlərini aparmış və bağ sahəsinin koordinatlarını müəyyən etmiş, onun sahəsini dəqiq göstərmiş, həmin bağın sərhədlərində künc hasarın qoyulmasını tövsiyyə etmişdir. O, da öz növbəsində ona məxsus bağ sahəsində künc hasarı qoymuşdur. Bundan sonra cavabdeh torpaq sahəsinə plan-ölçü və çıxarışın verilməsi barədə ərizəsinə imtina cavabı verilmişdir. Cavabdeh imtina cavabı verərək bildirmişdir ki, bir neçə bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri yoxdur. Qonşu 100 və 102 saylı bağ sahələri keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Həmçinin torpaq sahəsi sənəd üzrə 2500 kv.m olsa da, faktiki 2351.0 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir”. Cavaba aydınlıq gətirmək üçün mühəndislə əlaqə saxlamışlar ki, tərəfindən göstərilmiş döngə nöqtələrə künc hasarı qoyulmuşdur, indi də 0.25 ha əvəzinə nədənsə 251 kv.m təşkil edir. Ona bildirmişlər ki, qonşu 102 saylı bağın sahibi onun ərazisinin qalan hissəsini zəbt etmişdir və çəpər qoymuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək qeyd edilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bir neçə bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri yoxdur. Qonşu 100 və 102 saylı bağ sahələri keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Həmçinin torpaq sahəsi sənəd üzrə 2500 kv.m olsa da, faktiki 2351.0 kv.m təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********26 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Bundan əlavə, xx.xx.1996-cı il tarixli, 6251 saylı müqavilənin İdarənin arxivində olan nüsxəsi, eləcə də, ərizəçinin təqdim etdiyi müqavilə möhürlə təsdiq olunmamışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin 149.0 kv.m hissəsini qonşu bağ sahibi hasara alaraq öz bağına qatmış və həmin ərazinin bir hissəsində köməkçi tikili inşa etmişdir. Bu səbəbdən də, torpaq sahəsi 2351.0 kv.m qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, **********26 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, bir neçə bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri yoxdur. Qonşu 100 və 102 saylı bağ sahələri keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Həmçinin torpaq sahəsi sənədlər üzrə 2500 kv.m olsa da, faktiki 2351.0 kv.m təşkil edir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən İdarənin arxivində mövcud olan keçmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.1996-cı il tarixli, 6251 nömrəli müqavilənin surətindən görünür ki, həmin tarixli və həmin nömrəli müqaviləyə əsasən İddiaçı ilə X2 və İstismarı Birliyi arasında “Bağın icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən birlik Zirə qəsəbəsində 0.25 hektarlıq torpaq sahəsini İddiaçı icarəyə vermişdir. Müqavilədə bağın nömrəsi 101 qeyd edilmişdir. Məhkəmə cavabdehin həmin məktubda əks olunan əsaslarla bağlı qeyd edir ki, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyindən, cavabdeh tərəfindən hazırki iş üzrə iddiaçıya məxsus bağ sahəsinin torpaq sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunluşdırılmaqla plan ölçünün verilməsi də DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasının əsası kimi göstərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin 6251 saylı, 30 avqust 1996-cı il tarixli müqaviləsinə əsasən Zirə qəsəbəsi ərazisindəki X4 və İstismarı Birliyi tərəfindən 0.25 ha torpaq sahəsində yerləşən «101» nömrəli bağ sahəsi İddiaçı istifadəsinə ayrılmışdır. Beləliklə, İddiaçı mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yaranmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmadığından, iddia təmin edilməli, Bakı şəhər İcra Hakimiyyətinin X2 və İstismarı Birliyi tərəfindən müqaviləyə əsasən Zirə qəsəbəsindəki bağlar sahəsində ölçüsü 0,25 ha torpaq sahəsi olan, 101 saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin sxematik xəritəyə uyğunlaşdırılmaqla, torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin X2 və İstismarı Birliyinin 6251 saylı, 30 avqust 1996-cı il tarixli müqaviləsinə əsasən ayrılmış Zirə qəsəbəsi bağlar sahəsində ölçüsü 0.25 ha torpaq sahəsi olan, 101 saylı bağ sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar