Məhkəmə qərarları › İş №2-1(112)-2037/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2037/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2037/2023 13.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvləri olan arvadı X6, böyük qızı X9 və kiçik qızı X3 ünvan 1 ünvanına yaşayış yeri ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Ailəsi 4 nəfərdən ibarətdir. İddiaçı anadan olduğu gündən bugünədək həmin fərdi yaşayış evində yaşamışdır və Bakı şəhəri Sabunçu RPİ-nin QMB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən o, ünvan 1 ünvanında fərdi yaşayış evində müvəqqəti olaraq qeydiyyata alınmışdır. Arayış 1 il müddətinə xx.xx.2022-xx.xx.2023-cü il tarixədək verilmişdir. Həmi fərdi yaşayış evi atası X4 məxsusdur və atası, anası və qardaşı həmin evdə qeydiyyatdadırlar. Hal-hazırda sözügedən evdə atası, anası və qardaşı birgə yaşayırlar və onun öz ailə üzvləri ilə birlikdə sözügedən evə qeydiyyata düşməsinə etiraz etmirlər. Belə ki, atası X1 notarial qaydada verdiyi xx.xx.2022-ci il tarixli ərizəyə əsasən o, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə onun yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etmir. İddiaçı qeyd edir ki, hərbi zabitdir və 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. O, əvvəllər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmuş və xx.xx.2001-ci il tarixdə qeydiyyatda olduğu Sabunçu rayonundan könüllü olaraq hərbi xidmətə getmişdir. Daha sonra hərbi xidmətdə qalıb işlədiyinə görə qeydiyyatda olduğu ünvandan çıxıb Daşkəsən rayonu, N №li hərbi hissəyə qeydiyyata salınmışdır. 2001-ci ildən xx.xx.2022-ci il tarixdən o hərbi hissədə işləmiş və kapitan rütbəsinə malikdir. Lakin xx.xx.2022-ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq ordu sıralarından ehtiyatda olan zabit kimi tərxis olunmuşdur. Onun xəstəliyi və kapitan olmağı Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi xx.xx.2022-ci il tarixli №85 saylı xəstəlik haqqında şəhadətnamədə öz əksini tapmışdır. Odur ki, iddiaçı yenidən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşmək istəyir. Qeydiyyata düşməsi üçün o Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi iddiaçıya xx.xx.2022-ci il tarixli 073-35018 M saylı məktubu ilə onun qeydiyyata alınmasına imtina verilmişdir.

3. Məhkəmənin 21 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi ünvan 6 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması kimi dəyişdirmişdir.

4. Daha sonra iddiaçı iddia tələbini Bakı şəhəri, ünvan 7 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması kimi dəyişdirmişdir.

5. Sabunçu Rayon Polis İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, iddiaçının qeydiyyatsız yaşadığı ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) təqdim olunması vacibdir. Lakin iddiaçı tərəfindən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınması imkan xaricindədir. Qeyd edilən məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməsi məqsədə müvafiq hesab edilir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis idarəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə iddiaya yazılı etiraz təqdim edilmədən işə cavabdeh qurumun iştirakı olmadan baxılması xahiş edilmişdir.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

11. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ə.Bağırov (İliç) küçəsi, 21 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

14. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Bağırov (İliç) küçəsi, 21 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

15. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində Ə.Bağırov (İliç) küçəsi aşkar edilməmişdir.

16. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Sabunçu rayon ərazisində yerləşən Əmir Bağırov küçəsinin bir hissəsi Zabrat qəsəbəsində, digər hissəsi Ramana qəsəbəsinə aid olmaqla 2018-ci ildə küçənin adı dəyişdirilərək Süleyman Vəliyev küçəsi adlandırılmışdır. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının 213 saylı xx.xx.2022ci il tarixli sərəncamı ilə Süleyman Vəliyev (keçmiş Əmir Bağırov) küçəsinə İİ Qarabağ müharibəsində şəhid olmuş Əmrulla Əliyevin adı verilmişdir. Sorğuya əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 213 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Süleyman Vəliyev küçəsi”nin Şəhər şossesində Ələsgər Ələkbərov və Vəli Vəliyev küçələrinin kəsişməsinə qədər olan hissəsinin adı dəyişdirilərək “Əmrulla Əliyev küçəsi” adlandırılmışdır.

17. X1 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki (iddiaçı bildirir ki, X7 onun atasıdır), o, qeyd edilən ünvan 10 ünvanında pasport qeydiyyatındadır və səlahiyyətli orqanlara təqdim olunması üçün imzaladığı ərizəyə əsasən İddiaçı həmin ünvana qeydiyyata alınmasına etiraz etməmişdir.

18. X2 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki (iddiaçı bildirir ki, X8 onun anasıdır), o, qeyd edilən ünvan 10 ünvanında pasport qeydiyyatındadır və səlahiyyətli orqanlara təqdim olunması üçün imzaladığı ərizəyə əsasən İddiaçı həmin ünvana qeydiyyata alınmasına etiraz etməmişdir.

19. X5 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki (iddiaçı bildirir ki, X10 onun qardaşıdır), o, qeyd edilən ünvan 10 ünvanında pasport qeydiyyatındadır və səlahiyyətli orqanlara təqdim olunması üçün imzaladığı ərizəyə əsasən İddiaçı həmin ünvana qeydiyyata alınmasına etiraz etməmişdir.

20. CMS-AZEMİS məlumat-axtarış sistemindən çıxarışa əsasən, iddiaçı Daşkəsən rayonu, Zağalı Ərazi dairəsi, Xoşbulaq kəndində qeydiyyatdadır.

21. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin yaşayış yerindən kənarda 60 gündən yuxarı olduğu yer üzrə qeydiyyata alınan vətəndaşın müvəqqəti qeydiyyat vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü ildə qədər ünvan 11 ünvanına qeydiyyata alınmışdır.

22. "xxxx" ASC tərəfindən abonent İddiaçı və ünvan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əmir Bağırov küçəsi, ev 21 göstərilməklə **********007 abonent kodu verilmiş və iddiaçı tərəfindən ödəniş qəbzi təqdim edilmişdir.

23. Cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan X7, X8 və X10 bir ailənin üzvüdür və iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi evdə onlarla birlikdə faktiki olaraq yaşayır.

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.

26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.

28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı qeyd edilən mənzildə uzun illərdir ki yaşayır və kommunal xidmətlərdən istifadə edir və həmin mənzildə pasport qeydiyyatına alınmış şəxslər onun həmin mənzildə qeydə alınmaqla yaşayı sahəsi vermək niyyətini ifadə etmişdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetəri və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi hesab oluna bilər.

31. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçıların uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.

32. Qeyd edilən yanaşma X19 məhkəməsinin təcrübəsinə də əsaslanır. X19 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X19 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).

33. Digər tərəfdən həmin evdə yaşayan şəxslə müqayisədə fərqli yanaşma iddiaçılara münasibətdə ayrı-seçkilik və X19 Konvensiyasının 8-ci maddəsi ilə qorunan mənzilinə hörmət hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X19 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçının fərdi situasiyası nəzərə alınmaqla "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətsizliyi həmin evdə yaşayan şəxslər arasındakı ailə bağları nəzərə alınaraq X19 Konvensiyasının 8-ci maddəsi ilə qorunan ailə həyatına hörmət hüququ və mənzilinə hörmət hüququnun tətbiq dairəsinə düşür. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçıların fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçılara münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X19 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X11rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, ünvan 13 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar