Məhkəmə qərarları › İş №2-1(112)-2037/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2037/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2037/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa olunması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı 11 nömrəli şəhər poliklinikasının 2749003AAE4J nömrəli göndərişi DTSERA- da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3-cü bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. İddiaçı İnzibati icraat haqqında Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2022-ci il tarixində Agentliyə dəvət olunmuş, təqdim olunan tibbi sənədlər, anamnestik məlumatlar, müayinə və göndəriş əsasında ona dair “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin bərpa edilməsi tələbi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının əlilliyinin qiymətləndirilməsi barədə müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “...Sizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3-cü bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Siz İnzibati icraat Haqqında Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2022-ci il tarixində Agentliyə dəvət olunmuşunuz. Təqdim olunan tibbi sənədlər, anamnestik məlumatlar, obyektiv müayinə və göndəriş əsasında Sizə dair “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.” İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyinə görə üçüncü dərəcə əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və dayandırılmış üçüncü dərəcəli əlilliyin dayandırıldığı tarixdən, yəni, xx.xx.2022ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadları ilə hər iki ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. Ailəlidir. 1983-1995-ci illərə qədər Naxçıvan MR-da Maliyyə Nazirliyində çalışmışdır. 2000ci il də şəkər xəstəliyinə tutulmuşdur. 2003-cü ildən ailəsilə birgə Bakı şəhərinə gəlmişdir. Ailəsinə baxmaq üçün çalışmaq məcburiyyətindədir. Çalışdığı müddət zamanı xx.xx.2015ci ildə “hipertoniya xəstəliyi, İİ-İİİ Baş beyin qan dövranının sağ orta beyin arteryası hövzəsində kəskin işemik insult, Sol tərəf hemiparez, şəkərli diabet istult xəstəliyinə tutulmuşdur. Bununla əlaqədər Tibbi -Sosial Ekspert Komissiyasına müraciət edib müalicə və müayinə almışdır. Bütün müayinə və müalicələrin nəticəsində səhhətində bir sıra problemlərin olduğu bəlli oldu. Belə ki, Mediland Xəstəxanası tərəfindən təkrar müayinə zamanı xx.xx.2020-ci il tarixində müayinəyə göndərilmişdir. Sonda nəticə olaraq "Baş beyinin sol yarımkürəsində, sol daxili kapsulanın dizində, ön limbində və talamusda kəskin tam formalaşmış işemik infakt sahəsi, Baş beyinin sağ yarımkürəsində, sağ təpə payında postsentral qırışın kortiki-subkorteksində postinfakt kistoz qiloz sahə, Baş beyinin və beyinciyin involyutiv Vatrofuk dəyişiklikləri. Baş beyin hər iki yarımkürəsində xroniki işemik və postişemik fokal qloitik ocaqlar (serebral mikrovaskulopatiya əlamətləri) Magistral aterosleroz əlamətləri” kimi xəstəliklərin diaqnozu qoyulmuş və 2-ci qrup əlillik təyin edilmişdir. Hazırda aradan keçən müddətdə xəstəliyi daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Onu da qeyd edir ki, insulin iynəsi gün ərzində 2 dəfə vurulmadan ayaq üsdə durmağı mümkün deyildir. Həmçinin sənədlərdən də göründüyü kimi, indiyə qədər dəfələrlə xəstəliyi ilə bağlı stasionar və ambulator müalicələr almağına baxmayaraq, xəstəlik müalicə olunmamış, əksinə daha da ağır mərhələyə keçmişdir. Hətta ağır müalicələrdən sonra onun İİ qrup əlilliyini, İİİ dərəcəli əlilliyə keçirdilər. Daha sonra isə əlilliyini dayandırdılar. Buna görə də, hesab edir ki, cavabdeh orqan tərəfindən əlilliyinin ləğv edilməsi tamamilə əsassızdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı 11 nömrəli şəhər poliklinikasının 2749003AAE4J nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3-cü bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət olunması ilə əlaqədar məktub göndərilsə də məktub çatdırılmamış, xx.xx.2022-ci ildə müayinə üçün müraciət etmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinə zamanı vətəndaş 2015-ci ildə yüksək təzyiq fonunda insult keçirdiyini qeyd etmiş, hazırda sağ ətrafda hərəki məhdudluqdan şikayətlənmiş, müayinə və stasionar müalicə sənədləri təqdim etmişdir. Təqdim etdiyi xx.xx.2022-ci il tarixli “Zəfəran Hospital” da çəkilmiş baş beynin MRT müayinə nəticəsi “ Fazekas tip 2 xronik işemik mikroangiopatiya lehinə əlamətlər. 2.Sağ frontal və sol temporal xronik non-hemorragik insult.” kimi qeyd edilmiş, stasionar müalicə epikrizlərində Dz.: “ Keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri, sol tərəfli hemiparez, hipertonik ensofalopatiya” qeyd edilsə də obyektiv müayinədə öz təsdiqini tapmamışdır. Obyektiv müayinədə 12 cüt kranial sinir patologiyası aşkarlanmamış, reflekslər sağ və sol ətraflarda bərabər lakin bir qədər sönük çağrılmış, Patoloji "Babinski”, “Hoffman” sinaqları mənfi olmuş, sağ tərəfli hemiparez aşkarlanmamışdır. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyası tərəfindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü ildə baxıldıqdan sonra həmin tarixdə verilən imtina barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, xx.xx.2024-cü ildə qərardan məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü mübahisələndirməyə dair iddiadır. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia müddəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair inzibati iş üzrə ötürülmüş müddətin bərpa edilməsi haqqında iddiaçının ərizəsi təmin olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: “Əlilliyin qiymətləndirilməsi qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir):

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4 TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.4 Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5 Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.1.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.1.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.1.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1.İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarda qərarın tarixi xx.xx.2023-cü il olaraq qeyd edilsə də, həmin qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bu halı cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında özü də etiraf etmiş, qərarda tarixin texniki yanlışlıq olaraq 2022-ci il əvəzinə, 2023-cü il kimi qeyd edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, qanuni əlverişli inzibati aktın ləğvi zamanı inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Məsələn, şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman, inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Çünki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi əlillik təyininə dair əvvəlki qərarın qanunsuz olduğunun güman edildiyi halların nizamlanmasına yönəlib. Bu elə bir vəziyyətdir ki, inzibati orqan sonradan əldə edilmiş sübutlara istinadla özünün əvvəlki qərarının qanunsuz inzibati akt olduğu qənaətinə gəlir. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir. Lakin hər bir halda inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından görünür ki: İddiaçı ilkin əlillik vəziyyəti xx.xx.2010-cı il tarixdə qiymətləndirilmişdir. Ona münasibətdə müayinənin aparılması zamanı diaqnozun mətni “Mərkəzi sinir sisteminin üzvi xəstəliyinin qalıq əlamətləri”, X1 “Vİ sinif- Sinir sistemi xəstəlikləri => G90-G99 – Sinir sisteminin digər pozğunluqları => G96 – Mərkəzi sinir sisteminin digər pozğunluqları => G96.8 – Mərkəzi sinir sisteminin digər dəqiqləşdirilmiş.. “ meyar “2.2. ikinci dərəcə əlillik=> 2.2.12 sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranıı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegatativ əlamətlərlə keçən” kimi müəyyən edilmiş və 1 il müddətinə ikinci əlillik dərəcəsi təyin olmuşdur. İddiaçı növbəti əlillik vəziyyəti xx.xx.2014-cü il tarixdə qiymətləndirilmişdir. Ona münasibətdə müayinənin aparılması zamanı diaqnozun mətni “Mərkəzi sinir sisteminin üzvi xəstəliyinin qalıq əlamətləri”, X1 “Vİ sinif- Sinir sistemi xəstəlikləri => G90-G99 – Sinir sisteminin digər pozğunluqları => G96 – Mərkəzi sinir sisteminin digər pozğunluqları => G96.8 – Mərkəzi sinir sisteminin digər dəqiqləşdirilmiş.. “ meyar “2.2. ikinci dərəcə əlillik=> 2.2.12 sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranıı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegatativ əlamətlərlə keçən” kimi müəyyən edilmiş və 1 il müddətinə ikinci əlillik dərəcəsi təyin olmuşdur. İddiaçı növbəti əlillik vəziyyəti xx.xx.2015-ci il tarixdə qiymətləndirilmişdir. Ona münasibətdə müayinənin aparılması zamanı diaqnozun mətni “MSS üzvi xəstəliyinin qalıq əlamətləri, kəskin ifadə olunmuş şəxsiyyət dəyişkənliyi və yaddaş pozuntusu ilə”, X1 “V sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 – Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 – Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...” meyar “2.2. ikinci dərəcə əlillik=> Digər: digər” kimi müəyyən edilmiş və 1 il müddətinə ikinci əlillik dərəcəsi təyin olmuşdur. İddiaçı əlillik vəziyyəti növbəti dəfə xx.xx.2016-cı il tarixdə qiymətləndirilmişdir. Ona münasibətdə müayinənin aparılması zamanı diaqnozun mətni “MSS üzvi xəstəliyinin qalıq əlamətləri, kəskin ifadə olunmuş şəxsiyyət dəyişkənliyi və yaddaş pozuntusu ilə”, X1 “V sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 – Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 – Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...” meyar “2.2. ikinci dərəcə əlillik=> Digər: digər” kimi müəyyən edilmiş və 5 il müddətinə ikinci əlillik dərəcəsi təyin olmuşdur. İddiaçı əlillik vəziyyəti növbəti dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmişdir. Ona münasibətdə müayinənin aparılması zamanı diaqnozun mətni aşağıdakı kimi göstərilmişdir: “Əsas diaqnoz - İ69.3 Beyin infarktının nəticələri, Sağ orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri (2015); Ağırlaşma - G81 Hemiplegiya, Sol tərəfli hemiparez: Ağırlaşma – İ67.4 Hipertenziv ensefalopatiya, Hipertonik ensefalopatiya; Yanaşı xəstəliklər – E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip2 insulin tələbli. OU=>Proleferativ diabetik retinopatiya. Sol tərəfli koxlear nevrit. Yanaşı xəstliklər – İ10 Essensial (birincili) hipertenziya, Hipertoniya xəstəliyi İİİ mərhələ; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 – Serebrovaskulyar xəstəliklər => İ69 – Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 – Beyin infarktının nəticələri; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi – səbəb: Tam reabilitasiya olunması” olaraq müəyyən edilmiş və iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 2749003AAE4J nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********8). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət olunması ilə əlaqədar məktub göndərilsə də məktub çatdırılmamış, xx.xx.2022-ci ildə müayinə üçün müraciət etmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinə zamanı vətəndaş 2015-ci ildə yüksək təzyiq fonunda insult keçirdiyini qeyd etmiş, hazırda sağ ətrafda hərəki məhdudluqdan şikayətlənmiş, müayinə və stasionar müalicə sənədləri təqdim etmişdir. Təqdim etdiyi xx.xx.2022-ci il tarixli “Zəfəran Hospital” da çəkilmiş baş beynin MRT müayinə nəticəsi “Fazekas tip 2 xronik işemik mikroangiopatiya lehinə əlamətlər. 2.Sağ frontal və sol temporal xronik non-hemorragik insult.” kimi qeyd edilmiş, stasionar müalicə epikrizlərində Dz.: “Keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri, sol tərəfli hemiparez, hipertonik ensofalopatiya" qeyd edilsə də obyektiv müayinədə öz təsdiqini tapmamışdır. Obyektiv müayinədə 12 cüt kranial sinir patologiyası aşkarlanmamış, reflekslər sağ və sol ətraflarda bərabər lakin bir qədər sönük çağrılmış, Patoloji “Babinski”, “Hoffman” sinaqları mənfi olmuş, sağ tərəfli hemiparez aşkarlanmamışdır. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyası tərəfindən “Tam reablitasiya olunmasına dair qərar” qəbul edilmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin ekspertlərinə həvalə edilmiş və ekspertizanın aparılmasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsində iştirak etmiş tibbisosial ekspertinin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. İş üzrə məhkəməyə daxil olmuş T111/2025 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, ekspertizanın aparılması və rəyin verilməsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin eksperti iştirak etmişdir. Odur ki, iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 ekspertlərinə həvalə edilmişdir. İş üzrə məhkəməyə daxil olmuş T369/2025 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “Vətəndaş İddiaçı iş materiallarında olan qiymətləndirmə nəticələrində XBT 10 kodu ilə qeyd edilmiş “X1: İX Sinif-qan dövranı sistemi xəstəlikləri => İ6Q-İ69 serebrovaskulyar xəstəliklər => 169-serebrovaskulyar xəstəliklərin nəticələri => 169.3beyin infarktının nəticələri. Əsas diaqnoz: İ69.3-beyin infarktının nəticələri, sağ orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri (2015). Ağırlaşma: G81-hemiplegiya, sol tərəfli hemiparez. Ağırlaşma: İ67.4-hipertenziv ensefalopa- tiya, hipertonik ensefalopatiya. Yanaşı xəstəliklər: El 1.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli, OU=proliferativ diabetik retinopatiya, sol tərəfli koxlear nevrit, 110-essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİİ mərhələ” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilsə də xx.xx.2023-cü il tarixdə DTSERA-da tibbi-sosial ekspert komissiyası tərəfindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Mediland Hospitalda İddiaçı adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 0259 saylı tibbi arayışda “Hipertoniya İİİ, beyin qan dövranının daha çox sol orta beyin arteryasında gedən işemik insultların nəticəsi. Daha çox sağda olmaqla tetraparez, sensor afaziya elementləri. Çanaq üzvlərinin funksiyasının saxlaya bilməmə şəklində pozulması” diaqnozu qeyd edilmişdir. 2.4.6. Əlilliklə bağlı sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. 3.5. Qeyd edilən xəstəliklər xroniki hala keçdiyindən tam reabilitasiya olunmurlar, lakin kəskinləşərkən əlavə müalicəyə cəlb oluna bilərlər.” Məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2022-ci ildə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, sonradan isə əlillik təyinatının şübhə doğurması səbəbilə yenidən inzibati icraat aparılmış və nəticədə xx.xx.2022-ci il tarixli qərarla “tam reabilitasiya olunması” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci ildə təyin edilmiş əlilliyi şübhə altına alan hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2022ci il tarixdə “tam reabilitasiya olunması”na dair qərar qəbul edilsə də, T369/2025 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən xəstəliklər xroniki hala keçdiyindən tam reabilitasiya olunmurlar, lakin kəskinləşərkən əlavə müalicəyə cəlb oluna bilərlər. Göründüyü kimi, iddiaçıya təyin edilmiş əlilliyi şübhə altına alacaq hər hansı əsaslı sübut mövcud olmamış və ya məhkəməyə təqdim olunmamış, o cümlədən iddiaçıda mövcud olan xəstəliklərin xroniki hala keçməsi səbəbilə tam reabilitasiya olunmaması iş materiallarında olan ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1043/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe də bu istiqamətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərarı (qərarın məzmununda səhvən 2023-cü il qeyd edilmişdir) İddiaçı aid hissədə ləğv edilsin və dayandırılmış üçüncü dərəcəli əlilliyin dayandırıldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar