Məhkəmə qərarları › İş №2-1(112)-2038/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2038/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2038/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçın, cavabdehin nümayəndəsi Məmmədova Şəmsin Rövşən qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə birdəfəlik ödəmənin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə birdəfəlik ödəmənin verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı “Koronavirus (COVİD-19) pandemiyası dövründə sosial karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydaları”na uyğun olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi MAS-da işsiz kimi qeydiyyata alınmışdır. Bir müddət sistem tərəfindən yoxlama aparılaraq onun mobil telefonuna 190 manat birdəfəlik ödəmənin verilməsinə dair məlumat (mesaj) daxil olmuşdur. Bundan əvvəl o, qiyabi təhsilini başa vurub diplom almaq üçün növbəti dəfə X1 şəhərinə getmişdir. Lakin pandemiya ilə əlaqədar sərhədlər bağlandığından, həmin ərəfədə onun geri qayıtması mümkün olmamışdır. Bu səbəbdən də o, 2020-ci ilin aprel ayı üçün birdəfəlik ödəməni ala bilməmişdir. Sərhədlər bir müddət qapalı qaldığından, birdəfəlik ödəmənin alınması məqsədilə o, atasının adına etibarnamə verməyə və onu göndərməyə məcbur qalmışdır. Nəhayət o, 2020-ci ilin iyul ayında etibarnaməni göndərməyə müvəffəq olmuşdur. “xxxx” MMC-nin məntəqəsinə yaxınlaşıb ona ayrılmış birdəfəlik ödəməni almaq istəyərkən qurumun əməkdaşı məsələnin həllindən imtina etmiş və bildirmişdir ki, rəhbərliyin göstərişinə əsasən bu ödəmə etibarnamə ilə verilmir. İddianının atası bu göstərişin qanunsuz və AR Mülki Məcəlləsinin müddəalarına zidd olduğunu bildirsə də, müsbət nəticə əldə olunmamışdır. Poçt xidmətinin hüquqşünası ilə də bu barədə söhbət aparılsa da, birdəfəlik ödəmə aparılmamışdır. Bundan sonra onun atası rəsmi şəkildə AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişdir. Müraciət araşdırılması üçün “xxxx” MMC-yə göndərilmişdir. MMC-dən iddiaçıya ünvanlanan xx xxxx 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx xxxxx 2020-ci il tarixli məktubla AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edərək 190 manat birdəfəlik ödəmənin ünvanlığının təmin olunması məqsədilə vəsaitin nağdlaşdırılmasının etibarnamə əsasında həyata keçirilməsi dayandırılmışdır. Bu səbəbdən poçt əməkdaşı tərəfindən etibarnamə ilə ödənişlər verilmir. Bununla bağlı Nazirliyə müraciət edilməsi tövsiyə olunmuşdur. x xxxxxxx 2020-ci il tarixdə nəhayət çətinliklə də olsa, o (iddiaçı), Azərbaycana qayıtmışdır. Npvbəti gün o, 190 manat birdəfəlik ödəmənin verilməsi üçün “xxxx” MMC-yə şəxsən müraciət etmişdir. Lakin ödənişin verilməsindən imtina olundu və bildirildi ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödənişi veri götürmüşdür. Həmin gün o, “xxxx” MMC-yə məktubla müraciət edib rəsmi məlumat istəmişdir. Bundan əlavə may ayı üçün 190 manat birdəfəlik ödəmənin verilməsinə dair onun mobil telefonuna növbəti məlumat gəlmiş və Azərbaycan Beynəlxalq Bankına müraciət olunması tövsiyə edilmişdir. Təxminən iyul ayının 15-dən sonra iddiaçının atası bankın müvafiq şöbəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, ödənilşin verilməsi naməlum səbəbdən dayandırılmışdır. Msələnin araşdırılması üçün Nazirliyin “142 Çarğı Mərkəzi” ilə əlaqə saxlanılmışdır, oradan verilən məlumatdan isə bəlli olmuşdur ki, etibarnamə əsasında ödənişin verilməsinin dayandırılması barədə Nazirlik tərəfindən hər hansı quruma göstəriş verilməmiş, may ayı üçün təyin olunmuş birdəfəlik ödəmənin verilməsinin dayandırılmasına səbəb müvafiq avtonəqliyyat vasitəsinin idarə edilməsi üçün onun adına etibarnamə verilməsidir. İddiaçının atası məsələyə etiraz edərək, həmin hərəkətlərin qanuna zidd olduğunu bildirmiş və rəsmi cavab verilməsini tələb etmişdir. Şikayət çarğı mərkəzində qeydiyyata alınmasına baxmayaraq, rəsmi cavab verilməmişdir. Belə olan halda, xx xxxx 2020-ci il tarixdə şikayət ərizəsi ilə Nazirliyə müraciət olunaraq, ödəmənin verilməməsinin qanunsuz və müvafiq Qaydalara zidd olduğu bildirilmiş və ödəmənin verilməsinin bərpası tələb olunmuşdur. Lakin həmin müraciət də cavablandırılmamışdır. Göründüyü kimi, “Koronavirus (COVİD-19) pandemiyası dövründə sosial karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydaları”nın 2.2, 2.3 və 3.5-ci bəndələrinin tələblərinə uyğun olaraq, 190 birdəfəlik ödəmə müvafiq qaydada qeydiyyata alınmaqla MAS tərəfindən düzgün təyin edilsə də, sonradan Nazirliyin əməkdaşlarının qanuna zidd hərəkətlərinə əsasən onun verilməsi dayandırılmış və nəticədə ona (iddiaçıya) əlavə də maddi ziyan vurulmuşdur. Belə ki, Rusiya Federasiyasında olarkən Azərbaycana qayıtmaq vaxtı bəlli olmadığından o, məcbur qalıb hüquqlarının müdafiəsi üçün atasına etibarnamə verimiş və bununla əlaqədar 1.700 rubl pul vəsaiti ödəmişdir. x xxxxxxx 2020-ci il tarixə 1 rublun Mərkəzi Bankda rəsmi məzənnəsi 0,0219 AZN təşkil etmişdir. Bu isə, 37,23 AZNdir. Həmin etibarnamə məhkəməyə təqdim edilməsindən ötrü Azərbaycanda tərcümə olunub təsdiqlənməsi üçün onun atası tərəfindən iki dəfəyə cəmi 28 manat əlavə vəsait ödənilmişdir. Bundan əlavə Nazirliklərə və “xxxx” MMC-yə bir neçə dəfə müraciət edərkən poçt göndərişləri üçün 3,61 AZN vəsait ödənilmişdir. AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati orqan kimi təsnif olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, İPM-in 2.2.3, 34.1, 45, 46-cı maddələrinə əsaslanaraq, 2020-ci ilin aprel, may, iyul, avqust ayları üçün hər ay 190 manat olmaqla birdəfəlik ödəmənin, 68,84 manat etibarnamənin tərtibi və poçt göndərişləri üçün 829 manat vəsaitin, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən iddiaçının xeyrinə tutulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək, “2020ci ilin aprel, may, iyul, avqust və dekabr ayları üçün hər ay 190 manat olmaqla birdəfəlik ödəmənin, 68,34 manat etibarnamə tərtibi və poçt göndərişləri üçün çəkilən xərcin, cəmi 1.019 mant vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılıar qeyd olunmuşdur: - İddiaçı iddiası əsassız olduğundan, rədd edilməlidir. Belə ki, Koronavirus (COVİD- 19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtiosadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” xx xxxx 2020-ci il tarixdə 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti “Tədbirlər Planı” təsdiq etmişdir. Tədbirlər Planında «Məşğulluq haqqında» AR Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay – aprel, may ayları həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. AR Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»na uyğun olaraq, birdəfəlik ödəmə «Məşğulluq haqqında» AR Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Qaydanın 2.3-cü bəndinə uyğun olaraq, həmin bənddə müəyyən edilmiş meyarlara cavab verən şəxslərə, o cümlədən mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara və birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara birdəfəlik ödəmə verilmir. Qaydanın 3.7-ci bəndinə əsasən birdəfəlik ödəmə pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 gün sonra həyata keçirilir. İddiaçı müraciət tarixində xaricdə olduğuna görə birdəfəlik ödəmə verilməmiş, eyni zamanda növbəti aylarda vətəndaş barədə məlumatlar təkrar yoxlanılarkən onun istifadəsində minik avtomobili olduğu müəyyən edilmiş, bu səbəbdən birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Göstərilənlərə əsaslanaraq, İddiaçı hazırkı iddiasının təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizısində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. O, bildirdi ki, 2020-ci ilin yanvar ayının sonundan sentyabr ayınadək ölkə hüdudlarından kənarda olmuşdur. İlin sonuna yaxın ona başqasının mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Məmmədova Şəmsin Rövşən qızı məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci madadaəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. AR Nazirlər Kabineti AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə x xxxxx 2020-ci il tarixli 127 nömrəli qərar qəbul etmişdir. «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nda nəzərdə tutulmuşdur ki: - (1.1-ci bənd) Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir; - (1.2-ci bənd) Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; - (1.3-cü bənd) Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; - (1.4-cü bənd) Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Birdəfəlik ödəmə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; - (2.3-cü bənd) Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətlərinə baxılmış və AR Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiqlənmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 2.3.12 və 2.3.13-cü bəndlərinə istinadən məsələnin həllindən onun 2020-ci ilin müvafiq dövrlərində ölkə hüdudlarından kənarda olmasını və istifadəsində minik avtomobilinin olmasını əsas gətirərək imtina etmişdir. Məhkəmə icraatında iddiaçı 2020-ci ilin yanvar ayından sentyabr ayınadək ölkə hüdudlarından kənarda olmasını, ilin sonuna yaxın dövrdə isə istifadəsində nəqliyyat vasitəsinin olmasını inkar etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya həmin ödəmənin veriməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 108.2-ci maddəsinə görə dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İPM-in 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə birdəfəlik ödəmənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə müvafiq prosessual xərclər iddiaçının özünə aid edilməlidur. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə birdəfəlik ödəmənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə prosessual xərclər İddiaçı özünə aid edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar