Məhkəmə qərarları › İş №2-1(112)-2038/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2038/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2038/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən mərhum X2 ayrılmış sahəsi 600 kv.m olan 194 saylı torpaq sahəsi üzərində mərhum X3 adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışın verilməsi üçün lazım olan hərətələrin icra edilməsi öhdəliyini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mübahisə predmetini təşkil edən torpaq sahəsinin mərhum X2 məxsus olması barədə arayışın verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, mərhum anasının torpaq sahəsi üzərində hüquqları yaranmış, lakin onun vəfatı ilə əlaqədar həmin hüquqlar rəsmiləşdirilməmişdir. Halbuki onun torpaq sahəsinə münasibətdə hüquqlarının yaranmasını təsdiq edən bir çox sənəd mövcud olmuşdur. İddiaçi hazırki iddia tələbi üzrə eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması, siyahıda 194 saylı bağ sahəsinin digər fiziki şəxsin adına göstərilməsi və bağ sahəsinin faktiki ölçülərinin sənəd üzrə az olması aşkar olunmuşdur. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibətdə etiraza əlavə təqdim edərək bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Şinci” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X1 adı aşkar olunmamışdır. Həmçinin, “Şinci” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin İdarəyə təqdim edilmiş siyahıda 194 saylı bağ sahəsi digər fiziki şəxsin (Təhməzov V.N) adına qeyd edilmişdir. Eyni zamanda, daşınmaz əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, bağ sahəsi hüquqmüəyyənedici sənəd üzrə 600 kv.m olsa da, faktiki 585 kv.m təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Bundan sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 600 kv.m olan 194 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, imtina məktubunun və iddiaya münasibətdə cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün bir əsas gətirir:

1. “Şinci” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X1 adının aşkar olunmaması;

2. Siyahıda 194 saylı bağ sahəsinin digər fiziki şəxsin (Təhməzov V.N) adına olması;

3. Bağ sahəsinin faktiki ölçüsünün hüquqmüəyyənedici sənəd üzrə müəyyən edilən ölçüdən az olmasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlaka dair mərhumun adına arayışın verilməsinə maneənin yaradıbyaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının vərəsəsi olduğu mərhum mübahisələndirilən əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda əmlakın mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayış verilməlidir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi torpaq sahəsinin ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsasları kimi göstərilmişdir ki, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması, siyahıda 194 saylı bağ sahəsinin digər fiziki şəxsin adına göstərilməsi və bağ sahəsinin faktiki ölçülərinin sənəd üzrə az olması təşkil edir. Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Sorğulara cavab məktubundan məlum olur ki, doğrudur ki, İdarənin arxivində saxlanılan Bakı Şin Zavodunun Həmkərlar Komitəsi “Şinçi” bağçılıq cəmiyyətinin idarəsinin Siyahısında 194 saylı bağ sahəsinin qarşısında X4 adı qeyd olunmuşdur. Məhkəmə qeyd etmək istəyir ki, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında mərhum X1 adının aşkar olunmaması vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, X7 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 17/310 saylı qərarı ilə Nərimanov rayonu Bakı Şin Zavodunun 358 üzvünü bağ sahələrinin ayrılması qərara alınmış, bundan sonra Bakı Şin Zavodunun “Şinçi” bağçılıq cəmiyyəti ilə birlikdə xx.xx.1988-ci il tarixdə keçirdiyi iclasda 600 m 2 olan 194 saylı bağ sahəsinin X2 verilmiş və bağ sahəsinin hüdudları müvafiq cizgi ilə təsdiq olunmuşdur. Göründüyü kimi iddiaçının mərhum anası X1 adı bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında aşkar olunmasa da, bağ sahəsinin ona ayrılmasını təsdiq edən mötəbər dəlillər (İdarinin arxivində saxlanılan protokoldan çıxarış, üzvlük kitabçası, cizgi) mövcuddur. Nəzərə alınmalıdır ki, məhkəmə siyahıda adı çəkilən şəxsin iddaya münasibətini və həqiqətən də bağ sahəsi ilə bir əlaqəsinin olub-olmaması məqsədi ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir. Məhkəmə iclasında iştirak etmiş X8 vermiş olduğu ifadədə Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 600 kv.m olan 194 saylı torpaq sahəsi ilə bağlı əlaqəsinin olmadığı, hazırkı iddiada tələb olunan torpaq sahəsinə dair iddianın təmin edilməsini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin özünün öz iradə ifadəsi ilə nümayiş etdirdiyi izahatda 194 saylı bağ sahəsinə münasibətdə əlaqəsinin olmadığının bildirilməsi və iddiaçının mərhum anası X1 bağ sahəsinə münasibətdə kifayət qədər mötəbər hüququmüəyyənedici sənədlərə malik olması, bağ sahəsinin həmin dövrdə X2 ayrıldığını təsdiq edir. Digər tərəfdən isə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin plan və ölçü bağ sahəsinin X2 ayrıldığını təsdiq edən digər bir əsasdır. Belə ki, icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrin ləğvində sonra səlahiyyətli qurum olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər XDS İK-nın xx.xx.1987-ci il tarixli 17/310 saylı Qərarına və “Şinçi” b/y-nın xx.xx.1988-ci il tarixli 02 saylı Protokulna istinad edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 600 kv.m olan 194 saylı torpaq sahəsi kadastr göstəricilərini, döngə nöqtələrinin koordinatlarını və baş plandan çıxarışı əks etdirən torpaq sahəsinin plan və ölçüsünü tərtib etmişdir. Başqa sözlə desək, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi öz iradə ifadəsi ilə torpaq sahəsinin X2 ayrılmasını nümayiş etdirmişdir. Eyni zamanda təqdim edilən sənədlərin mötəbərliyinə münasibətdə məhkəmə araşdırmasının tərkib elementi kimi müvafiq sorğu ilə cavabdeh müraciətə dair verilmiş 04 aprel 2022-ci il tarixli cavab məktubunda da qeyd edilmişdir ki, arxiv qovluğunda aşkar edilməsə belə iddia olunan torpaq sahəsinə dair plan və ölçünün verilməsi barədə inzibati icraatın aparılması zamanı həmin plan və ölçünün hazırlanmasına əsas olan sənədlərin əsli təqdim edilmişdir. Göründüyü ki, plan və ölçünün tərtibatı mötəbərliyi mübahisə doğurmayan sənədlər əsasında aparılmışdır ki, həmin sənədlərin cavabdehin məlumat bazasında mövcud olmaması onun ziyanına şərh edilə bilməz. Həmin sənədlərin əsasında aparılmış digər inzibati icraat nəticəsində isə qeyd olunan torpaq sahəsinin plan və ölçüsünün verilməsi məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın təmini ilə əlaqədar nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçının iddia etdiyi kimi mərhum X1 mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində hüquqları məhz xx.xx.1988-cu il tarixdə, yəni iclas protokolunda çıxarış qəbul edildiyianda yaranmışdır. Nəzərə alınmalıdır ki, cavabdehin imtinasının əsasında duran dəlil məhz bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması və siyahıda 194 saylı bağ sahəsinin digər fiziki şəxsin adına göstərilməsi təşkil edir ki, bu hal torpaq sahəsinin iddiaçının mərhum həyat yoldaşına məxsus olmasını istisna etmir. Belə ki, bir daha qeyd olunmalıdır ki, Siyahıda 194 saylı torpaq sahəsinin qarşısında digər fiziki şəxsin adının olması təkzib olunmur. Lakin bu hal aydınlaşdırıldığından və 194 saylı torpaq sahəsinin X2 ayrılması təsdiq olunduğundan, mərhumun torpaq sahəsi üzərində hüquqlarının yaranmasını istisna edən hər hansı bir hal qalmamışdır. Məhkəmə imtinanın üçüncü hissəsinə münasibətdə qeyd edir ki, doğrudur ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 600 m2 , faktiki ölçüsü isə 585,29 m2 təşkil edir. Torpaq sahəsinin faktiki ölçüsünün 585,29 m2 təşkil etməsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsündə əks olunmuşdur. Belə olan halda hazırki iddia tələbi məhz 585,29 m2 torpaq sahəsi ilə bağlı hissədə əsaslı olmuşdur. Bundan başqa Məhkəmə diqqətə çatdırmaq istəyir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialarda məhz torpaq sahəsinin faktiki ölçüsünə münasibətdə dəyərləndirmənin aparılmasını zəruri hesab etmişdir. (Baki Apellyasiya Məhkəməsinin 2-1(103)-2371/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, mərhum X6 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 585,29 kv.m olan 194 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar