Məhkəmə qərarları › İş №2-1(112)-2038/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2038/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2038/2025 30.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1010/2020 nömrəli qətanaməsinə əsasən 06 avqust 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixə "xxxx" MMC-nin (VÖEN: **********) 2966,77 manat məbləğində vergilər üzrə yaranmış borcuna dair vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2020-ci il tarixli ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 1010/2020 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Sözügedən qətnamənin çıxarılmasına əsas olmuş borc məbləği tam şəkildə ödənildikdən sonra vergi orqanı tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin dövlət büdcəsinə vergilər üzrə ümumilikdə 547 921,22 manat (o cümlədən vergilər üzrə 400 588,33 manat, maliyyə sanksiyası üzrə 100 manat və faizlər üzrə 147 232,89 manat) vergi borcu mövcuddur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi ilə əvəz edilməsini və ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı həmçinin xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru olmuşdur. Direktoru olduğu müəsissənin dövlət büdcəsinə borcu yarandığı üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1010/2020 nömrəli qətnaməsi ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, bundan 2023-cü ilin iyul ayında məlumatı olmuşdur. Səhhəti ilə bağlı müalicə almaq məqsədilə Türkiyə Respublikasına getmək üçün 585 dollara bilet almışdır. Yola düşmək üçün Bakı X1rkən iddiaçıya bildirmişlər ki, ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olduğu zaman həmin şirkətin dövlət büdcəsinə yaranmış borcu olmuşdur. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar bugünədək qüvvədədir. Bu tamamilə qanunsuzdur. xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin direktoru vəzifəsindən azad olunmuşdur. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. Həmin şirkətlə heç bir bağlılığı olmadığı halda vergi orqanı özbaşınalıq edərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi ilə bağlı qərar qəbul etməmişdir. Buna səbəb "xxxx" MMC-nin hələ də dövlət büdcəsinə borcunun olmasıdır. Qanunvericiliyə əsasən məhdudiyyət hüquqi şəxsin icra orqanının rəhbərinin üzərinə qoyulmalıdır. Hazırda "xxxx" MMC-nin rəhbəri X4r və onun ölkədən getmək hüququ Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(023)- 374/2019 nömrəli qətnaməsi ilə müvəqqəti məhdudlaşdırılmışdır. Səhhətində ciddi problemlər var. Bacısı Türkiyədə yaşayır və iddiaçını Türkiyəyə dəvət edir ki, orada müalicə olunsun. Lakin vergi orqanının qanunsuz hərəkəti səbəbindən Türkiyədə müalicə olunmaq hüququndan məhrum olunmuşdur. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50 000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) əvvəlki rəhbəri olan İddiaçı ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1010/2020 nömrəli qərarına əsasən məhdudlaşdırılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Cəmiyyətdə rəhbər dəyişikliyi aparılaraq X6 rəhbər təyin olunmuş və onun da artıq ölkədən getmək hüququnun 04 fevral 2019-cü il tarixli 2(023)-374/2019 nömrəli məhkəmə qərarı əsasında müvəqqəti məhdudlaşdırıldığı müəyyən edilmişdir. Qətnamə üzrə təmin edilmiş 2966,77 manat borc məbləğindən dövlət büdcəsi üzrə 767,17 manat borc ödənilməmişdir. Vergi ödəyicisinin cinayət tərkibi yaradan borcu var və həmçinin vergi ödəyicisi riskli vergi ödəyicisi qrupuna aiddir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia iddiaçı barəsində əlverişli inzibati aktın qəbulunu nəzərdə tutan məcburetmə haqqında iddia növünə uyğun iddiadır. Məcburetmə haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə vəsatəttəqdim edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət bununla əsaslandırılmışdır ki, iddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası Prezident Administrasiyasına şikayət etmiş, həmin şikayət baxılması üçün Dövlət Vergi Xidmətinə göndərilmişdir. Dövlət Vergi Xidməti xx.xx.2024-ü il tarixli məktubla cavab verərək bildirmişdir ki, "xxxx" MMC-nin dövlət büdcəsinə borcu var və həmin borc ödənilməzsə ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi təmin edilməyəcək. Vergi ödəyicisi yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv olunması öhdəliyinin qoyulmasına dair müvafiq qərarın qəbul edilməsi tələbi ilə müraciət etmişdir. Məhkəmə cavabdehin bu vəsatəti ilə razılaşmayaraq qeyd edir ki, İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdən görünür ki, iddiaçı müvafiq tələblə Dövlət Vergi Xidmətinə müraciət etmiş, Xidmət xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş, iddiaçı 24.074.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinı görə həmin Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh hazırda xx.xx.2024-cü il tarixli məktubun ona təqdim olunması faktını və müddətini sübut edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün prosessual müddətə də əməl etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan "xxxx" MMC-nin təsisçisi İddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müəssisədəki payın alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi İddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus olan 1 payı X5 1 manata satmışdır. Alıcı da payı satıcıdan qəbul etmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin təsisçilərinin qərarından görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru X6 təyin edilmişdir. xx.xx.2022-ci il tarixli Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X4r. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Dövlət reyestr məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçiləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X6, qanuni təmsilçisi X4r. İddiaçı hazırda işin qeyd olunan hallarına istinad edərək "xxxx" MMC-nin qanuni təmsilçisi olmaması səbəbindən ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi, hazırkı mübahisə mahiyyət etibarı ilə MMCnin borcuna görə iddiaçının ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı vergi ödəyicisi olan MMC-nin əvvəl qanuni təmsilçisi olmuş və vergi orqanı Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin tələblərinə uyğun olaraq onun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1010/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, hazırkı iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Belə ki, VM-in 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməsi vergi orqanlarının hüquqlarından biri kimi göstərilmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən MMCnin direktoru vəzifəsindən azad edilmişdir. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Halbuki, işdən göründüyü kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq, cavabdeh Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsində göstərilən və imperativ xarakter daşıyan öhdəlik və vəzifələrini yerinə yetirməmiş, bununla da cavabdehin konstitusiyada təsbit edilmiş azadlıq hüququnu pozmuşdur. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ölkədən çıxışına qoyulan məhdudiyyətə səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməməklə birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 9 sentyabr tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Məhkəmə bir daha qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə iddiaçı hüququ şəxsin əvvəlki rəhbəri olmuş, sonradan MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Bu hallar da məhz cavabdehə məlum olmuşdur. Ona görə də iddiaçının MMC-nin qanuni təmsilçisi olmamasına baxmayaraq MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. İddiaçı isə hazırda "xxxx" MMC-nin qanuni təmsilçisi deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi 2-1(102)- 3040/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında olan hüquqi mövqeyə əsasən, “ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən məhkəmələr hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsini araşdırmalı, sadəcə borcun mövcud olması faktının bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət etmədiyi nəzərə alınmalıdır.” Beləliklə, işin göstərilən hallarını nəzərə alan məhkəmə yekunda belə qənaətə gəlir ki, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq, cavabdeh Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsində göstərilən və imperativ xarakter daşıyan öhdəlik və vəzifələrini yerinə yetirməmiş, bununla da iddiaçının konstitusiyada təsbit edilmiş azadlıq hüququnu pozmuşdur. Buna görə də iddia əsaslıdır və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar