Məhkəmə qərarları › İş №2-1(112)-2039/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2039/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2039/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvan: Biləsuvar, Zəhmətabad kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil), cavabdehin nümayəndəsi X3 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən, Bakı şəhər İH Başçısı Aparatının keçmiş/ləğv olunmuş X2 və İstismarı Birliyi ilə bağlanmış 02 mart 2007-ci il tarixli 39756 saylı müqavilə əsasında mərhum həyat yoldaşı X6 ayrılaraq verilmiş 42/3588 saylı 0.054 ha (540kv.m.) ölçülü faktiki istifadəsindəki bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqularının, mühafizə zolağına düşən 60kv.m-lik sahə istisna olmaqla, mərhum həyat yoldaşı X4 adına qeydiyyata alınması öhdəliyinin və faktiki istifadədə olan həmin 540 kv.m-lik torpaq sahəsi ilə bağlı çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 28.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 01.02.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi,42/3588 ünvanda yerləşən 0.054 ha torpaq sahəsi (mühafizə zolağına düşən 60 kv.m-lik sahə istisna olmaqla) üzərində mülkiyyət hüquqlarının X6 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmənin qənaətinə görə hazırkı işin halları baxımından iddiaçının cavabdeh inzibati orqana müraciətinin olması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bakı şəhəri 12 saylı notariat ofisi 08.07.2021-ci il tarixli məktubla cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi,42/3588 ünvanda yerləşən 0.054 ha torpaq sahəsinə dair müvafiq sənədin verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs, həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda həmin daşınmaz əmlak üzərində onun varisi tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınmasını fərqli, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə tənzimlədiyindən, Bakı şəhəri 12 saylı notariat ofisinin cavabdeh inzibati orqana olan müraciəti, İddiaçı müraciəti kimi qəbul edilməlidir. Odur ki, məhkəmə prosessual qənaət prinsipi baxımından hazırkı iddianı mümkün hesab etmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, ünvan 5 ünvanında yerləşən, Bakı şəhər İH Başçısı Aparatının keçmiş/ləğv olunmuş X2 və İstismarı Birliyi ilə bağlanmış 02 mart 2007-ci il tarixli 39756 saylı müqavilə əsasında iddiaçının mərhum həyat yoldaşı X6 ayrılaraq verilmiş 42/3588 saylı 0.06ha ölçülü bağ sahəsi vərəsəlik hüququ ilə ona məxsusdur və hal-hazırda qanuni istifadəsindədir. Həyat yoldaşı 02.12.2012-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra miras işinin açılması və miras qoyulmuş sözügedən əmlakla bağlı vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat kontoruna müraciət etmişdir. Müraciəti əsasında 4 saylı Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı Notariat Ofisi həyat yoldaşının adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmiş, iddiaçı yeganə varis hesab olunmuşdur. Notariat orqanının verdiyi arayışa və digər sənədlərə əsaslanaraq sözügedən əmlakla bağlı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh İdarə imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, tədqiqat obyektinə texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sözügedən ərazi mişar daşla hasarlanmışdır. Bağ nömrəsi qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil edir və tərəfinizdən göstərilən bağ sahəsinin 490.0kv.m-i bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, sözügedən ərazinin 60kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin hasarın bir hissəsi digər fiziki şəxs tərəfindən inşa olunmuş və müqavilə səlahiyyətli qurum tərəfindən möhürlə təsdiq edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 17.08.2021-ci il tarixli, **********69 saylı cavab məktubu ünvanlanmışdır. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7.2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçiliq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 75 nömrəli 01.03.2007-ci il tarixli Sərəncamına əsasən X2 və İstismarı Birliyi ilə bağlanılmış və 02.03.2007-ci il tarixli 39756 nömrəli Müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 0.06 ha olan 42/3588 nömrəli bağ sahəsi X6 ayrılmışdır. 25.05.1990-cı il tarixdə Babayev X1 Rəna Ramiz qızı ilə nikah bağlamışdır. X7 02.12.2020-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, 12 saylı notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazisinə ünvanlanan 08.07.2021-ci il tarixli məktubunda göstərilmişdir: “İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında “02” dekabr 2020 -ci ildə ölmüş arvadı - X4 adına vərəsəlik işi açılmışdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Yeni qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunanlarla bağlı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində 42/3588 №-li bağ ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair mərhum - X4 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verməyiniz və sorğunu təqdim etmiş vasitəsilə notariat ofisinə göndərməyiniz xahiş olunur.” «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını “sözügedən ərazi mişar daşla hasarlanmışdır. Bağ nömrəsi qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil edir və tərəfinizdən göstərilən bağ sahəsinin 490.0kv.m-i bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, sözügedən ərazinin 60kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin hasarın bir hissəsi digər fiziki şəxs tərəfindən inşa olunmuş və müqavilə səlahiyyətli qurum tərəfindən möhürlə təsdiq edilməmişdir.” ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, bağ nömrəsi qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil etməsi və göstərilən bağ sahəsinin 490.0kv.m-i bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşməsi, müqavilənin səlahiyyətli qurum tərəfindən möhürlə təsdiq edilməməsi iddiaçının (həmçinin X4) təqsiri deyil və qeyd edilən hal bağ sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Məhkəmə qeyd edir ki, X6 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində 0.12 ha olan 42/3588 №-li bağ sahəsi Bakı ŞİH-in 75 nömrəli 01.03.2007-ci il tarixli Sərəncamı əsasında verilmiş X2 və İstismarı Birliyi ilə bağlanılmış 02.03.2007-ci il tarixli 39756 nömrəli Müqavilə ilə ayrıldığından və həmin Sərəncamın və müqavilənin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, sözügedən müqavilə sübut kimi mötəbər qiymətləndirilir. Məhkəmə cavabdeh inzibati orqanın “sözügedən ərazinin 60 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi” dəlili ilə bağlı qeyd edir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 42/3588 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair deyil, cavabdeh inzibati orqanın mübahisələndirdiyi 60 kv.m hissəsi istisna olmaqla 0.054 ha torpaq sahəsinə dair arayışın verilməsini tələb edir. Göründüyü kimi, iddiaçı mərhum arvadına ayrılan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən 42/3588 nömrəli bağ sahəsinin məxsus olması haqqında arayışın verilməsini tələb edir və hal-hazıradək həmin bağ sahəsinin reyestrdə qeydiyyata alınmaması cavabdeh tərəfindən də etiraf olunur. Mövcud qanunvericilik isə, şəxsin mülkiyyət hüququnu qeydiyyata alınanadək öldüyü halda, qeydiyyat orqanı tərəfindən onun vərəsələrinə “hüququn ölmüş şəxsə məxsus olması barədə arayış” verilməsini nəzərdə tutur. Belə olan halda, məhkəmə hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi cavabdeh tərəfindən iddiaçının arvadına məxsus torpaq sahəsinə dair arayış verilməsini mümkün sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19.11.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 42/3588 ünvanda yerləşən 0.054 ha torpaq sahəsi (mühafizə zolağına düşən 60 kv.m-lik sahə istisna olmaqla) üzərində mülkiyyət hüquqlarının X6 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 42/3588 ünvanda yerləşən 0.054 ha torpaq sahəsi (mühafizə zolağına düşən 60 kv.m-lik sahə istisna olmaqla) üzərində mülkiyyət hüquqlarının X6 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar