Məhkəmə qərarları › İş №2-1(112)-204/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-204/2023

03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-204/2023 03.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı firmasının cavabdeh Dövlət Mineral X1rşı “aktın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı firması (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Departamentinə (hazırkı X7 X4) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il tarixli, 49303 nömrəli Aktının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2018-ci il 14 iyun tarixli, 379/Ü saylı əmri ilə yaradılmış işçi qrupu tərəfindən xx.xx.2018-ci ildə İddiaçı firmasına məxsus karxanada araşdırma aparılmış, qanunsuz əhəngdaşı istehsal olunduğu və təbiətə 98.560 manat ziyan vurulması barədə cavabdeh Departament tərəfindən xx.xx.2018-ci il tarixli, 49303 nömrəli Akt tərtib edilmişdir. Akt Firmaya ümumiyyətlə təqdim edilməmişdir. Akt və toplanmış materiallar Firmanın fəaliyyətinə hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Firmanın direktoru Firuzə Yusufova iştirak etmiş, zəruri sənədləri təqdim etmişdir. Belə ki, təqdim edilmiş sənədlər əsasında Firmanın fəaliyyətinin tamamilə qanuni olması, bütün zəruri sənədlərin, o cümlədən torpaq ayırma sənədlərinin mövcudluğu müəyyənləşdirilmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma ilə Firmanın fəaliyyətində hər hansı hüquq pozuntusunun olduğu müəyyən edilməmişdir. Bu səbəbdən də, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Firma ilə bağlı toplanmış materialları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə geri qaytarmışdır. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Departamentində bu məsələ ilə bağlı təkrar araşdırma aparılmış və nəticəsinə dair 10 oktyabr 2019-cu ildə, 56077 nömrəli Akt tərtib edilmişdir. Aktda açıq şəkildə qeyd edilmişdir ki, Firmanın fəaliyyət göstərdiyi ərazi ona qanuna uyğun şəkildə, lazımi sənədləşdirmələrə əməl edilməklə ayrılmışdır. Cavabdeh Departament tərəfindən Firmaya xx.xx.2020-ci il tarixli, 17/36 saylı məktub ünvanlanmışdır. Həmin məktubda qeyd elunmuşdur ki, “Firmanın fəaliyyəti ilə bağlı toplanmış material Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarzə Baş İdarəsinə göndərilmiş, lakin əlavə araşdırma məqsədilə geri qaytarılmış və Departamentdə əlavə araşdırma aparıldıqdan sonra 98.560 manat təbiətə dəymiş ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə göndərilmişdir ”. Göründüyü kimi, cavabdeh Departament qəbul etdiyi 10 oktyabr 2019-cu ildə, 56077 nömrəli Aktla Firmanın fəaliyyətində hər hansı qanun pozuntusunun olmadığını təsdiqləmişdir. Lakin Departament adı çəkilən məktubla guya 98.560 manat təbiətə dəymiş ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etdiyini bildirmişdir. Göründüyü kimi, Firmanın fəaliyyətinin qanuna uyğun aparıldığı iddia ərizəsinə əlavə edilmiş sənədlərlə, o cümlədən cavabdeh Departamentin özünün 10 oktyabr 2019-cu ildə, 56077 nömrəli Aktı ilə müəyyən edilir. Buna baxmayaraq, cavabdeh Departament xx.xx.2018-ci il tarixli, 49303 nömrəli Aktı ləğv etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli, 49303 nömrəli Aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, 379/Ü saylı əmri ilə “Karvansaray” əhəngdaşı yatağında istismar işləri aparan "xxxx" MMC-yə məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunması məqsədi ilə işçi qrup tərəfindən monitorinq araşdırması aparılmış, araşdırma zamanı karxananın rəhbəri Namiq Yusifovla telefon əlaqəsi saxlanılmış, Daş karxanasının torpaqayırma sərəncamı və yerin təkindən istifadəyə sənədlər – Dağ-mədən ayırması aktı, Ekspertiza rəyi, Ekolojı pasport, dağmədən işlərinin inkişaf planı təqdim olunmamışdır. İstisamr sahəsində 1 ədəd SM-89 markalı daş kəsən kombayn və 1 ədəd NKM-2U markalı şırım açan vasitəsilə istismar işləri aparılmışdır. İstehsal nəticəsində yaranan tullantıların yığılması qorunması uçotunun aparılması təmin olunmamış, faydalı qazıntının normadan artıq itkisinə yol verilmişdir. İlin sonunda hasilat üzrə 5 GK illik hesabatı Nazirliyin X5 üzrə X6 fonduna təqdim olunmamışdır. Mineral xammal bazasının bərpası üzrə Dövlət Fonduna ayırmalar (ödəmələr) köçürülməmişdir. İstehsal sahəsində topoqraf R.Əliheydərli tərəfindən topogeodezik ölçmələr aparıldı sahənin ölçmələri 100 m* 80 m* 1,6 m = 12800 m3 əhəng daşı istismar edilmişdir. Bununla da yerin təki haqqında qanunun 9, 10, 21, 46-cı maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. İddiaçı hazırda onun barəsində tərtib edilən həmin Aktı mübahisələndirərək ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Burada inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Yəni xaricə ünvanlanmaqla tənzimləmə xüsusiyyəti daşıyır. İddiaçının hazırda mübahisələndirdiyi Akt isə yuxarıda sadalanan xüsusiyyətlərdən məhrum olmaqla, müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir və inzibati akt kimi qiymətləndirilə və onun ləğvi ilə bağlı tələbə ayrıca iddia kimi inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Bu zaman o da nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli həmin aktdan görünür ki, bu akt “X5, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar haqqında sənədlər və onların tərtib olunma Qaydaları”nın 1 nömrəli əlavəsində göstərilən akta uyğun tərtib edilmişdir. Hazırda ləğv olunmuş həmin Qaydalara əsasən: - Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanından, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən, Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”dən irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır. Bu Qaydalar X5, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara dair sənədlərin tərtib olunma qaydalarına riayət edilməsini tənzimləyir və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq tabeli qurumlarının əməkdaşları üçün nəzərdə tutulmuşdur. - Bu Qaydalarda X5, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara dair sənədlər dedikdə akt, protokol, qərar və qərardad başa düşülür. - 1.1. Akt X5, təbiətdən istifadə və ekoloji təhlükəsizlik norma və qaydalarına riayət olunmaması nəticəsində baş vermiş hüquq pozuntusunun səbəb və nəticələrini tam təfsilatı ilə özündə əks etdirən sənəddir (əlavə N 1 akt forması). - 1.2. Aktda aşağıdakılar göstərilir: - aktın tərtib edildiyi tarix və yer, onu tərtib etmiş şəxsin vəzifəsi, soyadı və adı; yoxlanılan obyektin adı və ünvanı; aşkar edilmiş hüquq pozuntusunun yaranma səbəbləri və nəticəsi barədə məlumat; şahidlər və zərərcəkmiş şəxslər varsa onların adı, atasının adı, soyadları, ünvanları və zəruri olan digər məlumatlar. - 2.1. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda yoxlamanın nəticəsi olaraq 2 (iki) nüsxədən ibarət protokol tərtib edilir (əlavə N 2 protokol forması). Protokolun ikinci nüsxəsi barəsində protokol tərtib edilən hüquqi və ya fiziki şəxsə, vətəndaşa və ya onların nümayəndəsinə təqdim edilir. - 3.1. Araşdırmaların nəticələri əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq tabeli qurumlarının rəhbərləri inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi akt cavabdeh orqanın X5, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları rəsmiləşdirən zaman həmin fəaliyyətinin nəticəsi kimi qəbul etdiyi sənədlərdən biridir. Belə ki, səlahiyyəti inzibati orqan X5, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə inzibati xəta törədildiyini aşkar etdikdə baş vermiş hüquq pozuntusunun səbəb və nəticələrini tam təfsilatı ilə özündə əks etdirən akt tərtib edir, daha sonra həmin akta göstərilən hüquq pozuntusuna uyğun inzibati xəta haqqında protokol tərtib edir və yekunda həmin protokola əsasən inzibati xəta haqqında qərar qəbul edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2.2-ci maddəsinə əsasən həmin Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə istinad olunan normanın tələbini nəzərə alaraq qeyd edir ki, inzibati orqanın inzibati xətalara dair işlər üzrə icraat qaydasında qəbul etdiyi hər hansı bir sənəd inzibati mühakimə icraatı qaydasında mübahisələndirilə və həmin mübahisəyə inzibati məhkəmədə baxıla bilməz. Buna görə də məhkəmə yekunda bu nəticəyə gəlir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar