Məhkəmə qərarları › İş №2-1(112)-2040/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2040/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2040/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 15 iyul 2020-ci il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edillməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi xahişi ilə müraciət etmişdir. Lakin cavabdeh 16 iyul 2021-ci il tarixli **********9 nömrəli məktubla onun müraciətindən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün iddiaçıya 57 yaşdan güzəştli əmək pensiyası təyinatı mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27526,32 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinin əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1963-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuşdur. Salyan rayonu, Varlı kəndində qeydiyyatdadır; B № 807785 diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1978-ci il Salyan 76 №-li X6 məktəbinə daxil olmuş və 23.07.1981-ci ildə olan “Armaturçu-elektrik qaynaqçısı”peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır; Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi X4 26.04.2021-ci il tarixli arayışından görünür ki, İbadov X2 76 saylı X6 Məktəbində 25 avqust 1978-ci il tarixli, 19-K saylı əmrə əsasən əyani, təhsil müddəti 3 (üç) il olan “Armaturçuelektrik qaynaqçısı” ixtisasına qəbul olmuş, 23 iyul 1981-ci il tarixli, 63-K saylı əmrə əsasən tam kursu bitirmişdir; İddiaçı məxsus НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, o, 28.10.1981-29.11.1983-cü illərdə hərbi xidmətdə olmuşdur; “Salyan OİL LTD”-nin 27 aprel 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 21 iyun 1993-cü il tarixli 320 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” barədə Qərarının Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 23200000 XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndinə əsasən işləmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir. 08.02.1984-02.09.1985 “Salyanneft” X7 İdarəsinin istismar avadanlıqlarının prokat-təmir sahəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 10.10.1994-02.12.1994 Neftin hazırlanması və vurulması sexində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 02.12.1994-09.12.1998 “Salyanneft” X7 idarəsinin 1 nömrəli neft və qaz çıxarma sexinin mexaniki sahəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 01.01.2001-01.09.2003 Mexaniki təmir qrupunda elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 01.09.2003-24.07.2006 Tikinti təmir sexində elektrik qaynaqçısı işləmişdir. Bu da 13 il 4 ay 8 gün təşkil edir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının 24.05.2021-ci il tarixli müraciətinə cavab olaraq 16 iyul 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27526,32 manat təşkil edir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: “Socar” Azneft” İB-nin 29 noyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı “Salyanneft” Neft və Qazçıxarma İdarəsinin İstismar avadanlıqlarının kirayə-təmir sahəsində 08.02.1984-cü il tarixdən 02.09.1985-ci il tarixədək, Neftin hazırlanması və vurulması sexində 10.10.1994-cü il tarixdən 01,12.1994cü il tarixədək, 1 nömrəli neft və qazçıxarma sexində 02.12.1994-cü il tarixdən 08.12.1998- ci il tarixədək, Neftvurma sexində 09.12.1998-ci il tarixdən 01.11.1999-cu il tarixədək işlədiyi “elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü (XXXİİİ) “Ümumi peşələr” bölməsində 23200000-19906 kodu ilə qeyd olunmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsinə uyğundur; “Socar” Azneft” İB-nin 16 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 02.09.1985-ci il tarixdən 03.05.1990-cı il tarixədək “Aznefttikinti” Trestinin 1 nömrəli Tikinti-Quraşdırma İdarəsində, 03.05.1990-ci il tarixdən 01.02.1991-ci il tarixədək “Azərneftlayihətikinti” Trestinin 1 nömrəli Tikinti-Quraşdırma İdarəsində, 01.02.1991-ci il tarixdən 05.10.1992-ci il tarixədək “Azərneftlayihətikinti” Trestinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsində “elektrik qaz qaynaqçısı”, 05.10.1992-ci il tarixdən 10.10.1994-cü il tarixədək isə “elektrik qaynaqçısı” peşəsində işləmişdir. İddiaçı işlədiyi “elektrik qaz qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü (XXXİİİ) “Ümumi peşələr” bölməsində 23200000—19756 kodu ilə qeyd olunmuş “kəsməkdə və əl ilə qaynaq işlərində elektrik qaz qaynaqçısı” peşəsinə, elektrik qaynaqçısı peşəsi isə 23200000—19906 kodu ilə qeyd olunmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsinə uyğundur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, 57 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun pensiya kapitalının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Cavabdeh tərəfindən imtina məktubunda və iddiaya etirazda iddiaçının ümumi və xüsusi stajla bağlı şərtləri ödəməsi mübahisələndirilməmişdir. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının yetərli olmamasıdır. Məhkəmə iş materiallarında olan sənədləri, o cümlədən iddiaçıya məxsus diplomun, hərbi biletin və əmək kitabçasının təsdiq olunmuş surətlərini tədqiq edərək iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: - 01.09.1978-23.07.1981-ci illərdə texniki peşə məktəbində təhsil (2 il 10 ay 23 gün); - 28.10.1981-29.11.1983-cü illərdə hərbi xidmətdə (2 il 1 ay 3 gün); - 08.02.1984-01.09.1985-ci illərdə “Salyanneft” Neft və Qazçıxarma İdarəsinin İstismar avadanlıqlarının kirayə-təmir sahəsində elektrik qaynaqçısı (1 il 6 ay 23 gün, 23200000-19906) - 02.09.1985-02.05.1990-cı illərdə “Aznefttikinti” Trestinin 1 nömrəli Tikinti- Quraşdırma İdarəsində elektrik qaz qaynaqçısı (4 il 8 ay 1 gün, 23200000- 19756) - 03.05.1990-31.01.1991-ci illərdə “Azərneftlayihətikinti” Trestinin 1 nömrəli Tikinti- Quraşdırma İdarəsində elektrik qaz qaynaqçısı (8 ay 29 gün, 23200000-19756) - 01.02.1991-04.10.1992-ci illərdə “Azərneftlayihətikinti” Trestinin 2 nömrəli Tikinti- Quraşdırma İdarəsində elektrik qaz qaynaqçısı (1 il 8 ay 4 gün, 23200000- 19756) - 05.10.1992-09.10.1994-cü illərdə “Azərneftlayihətikinti” Trestinin 2 nömrəli Tikinti- Quraşdırma İdarəsində elektrik qaynaqçısı (2 il 6 gün, 23200000-19906) - 10.10.1994-01.12.1994-cü illərdə Neftin hazırlanması və vurulması sexində elektrik qaynaqçısı (1 ay 23 gün, 23200000-19906) - 02.12.1994-08.12.1998-ci illərdə 1 nömrəli neft və qazçıxarma sexində elektrik qaynaqçısı (4 il 8 gün, 23200000-19906) - 09.12.1998-31.10.1999-cu illərdə Neftvurma sexində elektrik qaynaqçısı (10 ay 23 gün, 23200000-19906) - 01.11.1999-31.12.2000-ci illərdə “Salyan Oil” LTD-də elektrik qaynaqçısı (1 il 2 ay, 23200000-19906) - 01.01.2001-31.08.2003-cü illərdə Mexaniki təmir qrupunda elektrik qaynaqçısı (2 il 8 ay, 23200000-19906) - 01.09.2003-24.07.2006-cı illərdə Tikinti təmir sexində elektrik qaynaqçısı (01.01.2006-cı ilədək 2 il 4 ay, 23200000-19906) Göründüyü kimi, iddiaçının işlədiyi elektrik qaynaqaçısı” və “elektrik qaz qaynaqçısı” peşələri 01.01.2006-cı ilədək 21 il 10 ay 23 gün olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə “23200000—19906” və “23200000—19756” kodlar ilə nəzərdə tutulan müvafiq olaraq “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” və “kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları” peşələri ilə uyğunluq təşkil etməsi “Salyan Oil” LTD-nin 27 aprel 2021-ci il tarixli arayışı və “Azneft” İB-nin 29 noyabr 2021-ci il və 16 dekabr 2021-ci il tarixli məktubları ilə öz təsdiqini tapmışdır. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, texniki peşə məktəbində təhsil aldığı və hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla 01.01.2006-cı ilədək ümumilikdə 26 il 10 ay 23 gün olmaqla 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət, 21 il 10 ay 27 gün ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdehin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 15.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 15.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar