Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2040/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməklə kirayə pulunun ödənilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzil növbəsinə götürülməsi və kirayə pulunun ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1988-ci ildə Cəbrayıl rayonunda doğulmuşdur. xx.xx.2007-ci ildən xx.xx.2011-ci ilədək kursant, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək dinləyici, xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşdə iştirak etmişdir. 2016-cı ilin iyul ayında Tər-Tər istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mina partlayışı nəticəsində ağır yaralanmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən, yəni xəstəliyinə görə Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağı ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin ona xx.xx.2022-ci il tarixli, S-63-068 saylı məktub ilə imtina verilmişdir. İddiaçı onu da bildirir ki, onun qeydiyyatda olduğu ünvan ünvan 1 məsələsinin həlli ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə ona imtina edilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. İddiaçı bildirir ki, qeydiyyatda olduğu ünvana 2022ci ilin fevral ayında qeydiyyata alınmışdır. Hesab edir ki, imtina qanunsuzdur. Adına daçınmaz əmlak (ev və ya ev tikmək üçün torpaq sahəsi) yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, Xətai Rayon İcra Hakimiyyəti iddia tələbi ilə razılaşmır. Belə ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixli, S-63-068 nömrəli ərizə ilə rayon icra hakimiyyətinə müraciət edərək, ehtiyatda olan hərbçi kimi aylıq kirayə xərcləri ilə təmin olunmağı üçün mənzil növbəsinə götürülməsinə müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Bildirilir ki, müvafiq araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çəğrış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsi tərəfindən təsdiq olunmuş 148 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən, iddiaçı xx.xx.2007-xx.xx.2017ci illərdə xidmətdə olmuş və xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmış və xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon İdarəsinə qeydiyyata alınmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş (xidməti mənzillərdə yaşayan və yaşayış sahəsi olmayan) ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin (seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından) mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. İddiaçı xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanına qeydiyyata düşərək mənzil şəraitini süni şəkildə pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ona ödənilməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçının ehtiyatda olan hərbçi kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınması barədə Xətai İcra Hakimiyyətinə etdiyi müraciətə cavab olaraq verilən xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, cavabdeh “Hərbi qulluqçuların Statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə istinad edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş (xidməti mənzillərdə yaşayan və yaşayış sahəsi olmayan) ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi uçun müəyyən olunmuş qaydada bələdıyyələrdən pulsuz torpaq sahəsi almaq hüququnun olduğu, ehtiyata və ya istefaya buraxılmış şəxslərin (seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından) mənzil və ya fərdi yaşayış evinin tikintisi uçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənildiyini bildirmiş, araşdırma zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Uzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsi tərəfindən təsdiq olunmuş 148 saylı 11.052022-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.2007- xx.xx.2017-ci illərdə xidmətdə olmuş və xəstəliyi ilə əlaqədar ehtiyata buraxıldığı və xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağnş Uzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon İdarəsinə qeydiyyata alındığı bildirilmiş, həmçinin iddiaçının xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanına qeydiyyata düşərək mənzil şəraitinin süni şəkildə pisləşdirdiyi, Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq huququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşların göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyac olan qismində uçota götürülmələrinin mümkün olduğu qeyd olunaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AA seriyalı, ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il təvəllüdlüdür. - Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən 29 yanvar 2014-cü il tarixdə verilmiş AA seriyalı, 306257 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. - İddiaçı məxsus EZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək kursant, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək dinləyici, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 090 №li əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “V" bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmış, xx.xx.2022-ci il tarixdən hərbi qeydiyyatdan çıxarılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı və X5 Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Ədliyyə Naziriyi 6 saylı Bakı şəhər “ASAN xidmət” X4 tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 1313 saylı iddiaçıya verilən arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1988-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş İddiaçı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: xx.xx.1991-ci il təvəllüdlü X6 arvadı, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X17 oğlu uşaqlarıdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 1988-ci il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı həqiqətən xx.xx.2007-ci ildən xx.xx.2011-ci ilədək kursant, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək dinləyici, xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “V" bəndinə əsasən (xəstəliyə görə) Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində hərbi qeydiyyatdadır. - Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş, xx.xx.2016-cı il tarixli, 95 №li xəstəlik haqqında şəhadətnamənin 8-ci bəndindən görünür ki, İddiaçı müalicədən sonra hərbi hissəyə yazılmışdır. Aparılan müalicələrə baxmayaraq xəstənin şikayətləri aradan qalxmadığı üçun təkrar olaraq 2016-cı ilin oktyabr ayında SQ BKH-na daxil olmuş müayinə zamanı kəllə-beyin travması nəticəsində nevroloji statusunda dağınıq üzvi nişanələrin aşkar edilməsi və N nömrəli hərbi hissədən daxil olmuş akt nəzərə alınaraq xəstəyə “Partlayış travması (xx.xx.2016) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı, dağınıq üzvi nevroloji nişanələr. Şəraitlə əlaqəli nevrotik reaksiya, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşıtmə” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Müalicədən sonra şikayətlərin davam etməsi halda hərbi-həkim komissiyasına göndərilməsi tövsiyə olunmuşdur. Səhhəti ilə bağlı şikayətlərin davam etməsi ilə əlaqədar hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmək məqsədilə hərbi-həkim komissiyasına göndərilmişdir. Apanlan müalicələr nəticəsində kliniki yaxşılaşma əldə edilsə də, baş ağrıları, başgicəllənmə, sağ ətraflarda keyimə, nevroloji statusunda müsbət dinamikanın olmasına baxmayaraq, mikroocaqlı üzvi nevroloji nişanələr, sağ tərəfdə Babinskı simptomu müsbət olmuş və yanaşı olaraq yaddaş zəifliyi, emosional ləbillik inkişaf etmiş, əmələ gəlmişdir, qulaqlarında küy saxlanılmaq da olmuşdur. Əvvəllər şəhadətləndirilməmişdir. Şəhadətnamənin 13-cü bəndindən görünür ki, HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəlinin 24 c, 23 c maddələrinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” müəyyən edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 2755 saylı arayışdan görünür ki, ehtiyatda olan baş leytenant İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və mənzil növbəsində deyildir. - Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 676 №li arayışdan görünür ki, İddiaçı Cəbrayıl rayonunda daimi pasport qeydiyyatında olduğu xx.xx.2017 - xx.xx.2022-ci il tarixlərində ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməmiş və ona mənzil kirayə haqqı ödənilməmişdir. - Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 03/S-305 №li arayışdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı və X2 adına Xətai rayon Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli, ix/2290494 №li məktubdan görünür ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət İş İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, xx.xx.2016-cı il tarixdən xx.xx.2016cı il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri, xx.xx.2016-cı il tarixdən 03.02 2017-ci il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri vəzifələrində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli müvafiq əmrinə əsasən xəstəliyə görə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - 130№li hərbi hissə komandiri tərəfindən xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair vəsatətdən görünür ki, baş leytenant İddiaçı xx.xx.2016-cı il tarixdə “Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı, dağınıq üzvi nevroloji nişanələr. Şəraitlə əlaqəli nevrotik reaksiya, ikitərəfli xroniki koxlear nevriti, ikitərəfli davamlı neyrosensor ağıreşitmə” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Silahlı Qüvvələrin Baş X8 Hərbi Həkim Komissiyasının 21 noyabr 2016-cı il tarixli, 95 nömrəli qərarı ilə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı barədə” şəhadətləndirilmişdir. Yuxarıda göstərilənləri və Ştatlı Hərbi Həkim Komissiyasının qərarını nəzərə alaraq baş leytenant İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. - 130№li hərbi hissə tərəfindən verilən N №li arayışdan görünür ki, baş leytenant İddiaçı xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, xx.xx.2016cı il tarixdən N №li hərbi hissədə həqiqi hərbi xidmətdədir, xidmət zamanı daimi və ya xidməti mənzillə təmin olunmamışdır. - Cəbrayıl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən Az-İ№969070 saylı nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X10 xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Səfərova” soyadı verilmişdir. - Kirayəyə verən X3 ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayəyə verən ünvan 8 (Yeni qaydalarla: AZ1149, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 107,90 kv.metr olan mənzili xx.xx.2027-ci il tarixədək kirayəçiyə kirayəyə vermişdir. - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti MKTB-nin 2 saylı MKİS tərəfindən verilən arayışdan görünür ki, İddiaçı ünvan 6 ünvanda qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ehtiyatda olan baş leytenant Səfərov X11 Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına mənzillə təmin olunmayıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri bərədə” xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanının tələbləri əsasında ehtiyatda olan baş leytenant İddiaçı adı Azərbaycan Ordusunda xidmət müddəti (11 08.2007-xx.xx.2017) 20 (iyirmi) təqvim ilindən az olduğuna görə dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların adlı siyahısına daxil edilməmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilən məktubdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixindən “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən sonra X1 Sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş daxil olmamışdır. - Sumqayıt Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsinə götürülməmişdir. - Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi üçün Cəbrayıl rayon İcra Hakimiyyətinə müraciət etməmiş, bu səbəbdən mənzil növbəsinə götürülməmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubunda arxiv məlumatlarına əsasən İddiaçı və X2 adına qeydə alınmış daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.1988-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Ordusunda zabit kimi hərbi xidmət keçmiş, xx.xx.2017-ci il tarixdə müvafiq əmrə əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “V" bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Məcburi köçkün statusuna malikdir. 2022-ci ilin fevral ayından ünvan 7 ünvanında pasport qeydiyyatına alınmış, hazırda ailəsi ilə birlikdə ünvan 8 ünvanında yerləşən mənzildə kirayəçi yaşayır. Özünün və ailə üzvünün mülkiyyətində daşınmaz əmlak aşkar edilməmiş, əvvəllər yaşadığı yerlər üzrə yerli icra hakimiyyətləri tərəfindən mənzil növbəsinə götürülməmişdir. Ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ödənilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiyasının: - 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 38-ci maddəsinin İİİ hissəsin əsasən, Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Məhkəmə cavabdeh inzibati orqanın dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının qeydiyyatını dəyişdirməsinin onun mənzil şəraitini süni pisləşdirməsi kimi qəbul edilməsi şəxsin özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Həm də vurğulanmalıdır ki, iddiaçı hazırkı halda ehtiyatda olan hərbi qulluqçu kimi uçota alınmasını xahiş edir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 4-cü hissəsi isə iddiaçıya seçilmiş yaşayış yeri üzrə mənzil və ya torpaq sahəsi (fərdi yaşayış evi tikmək üçün) almaq hüququ verir. Bu baxımdan, hazırkı mübahisə üzrə Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsirinə düşə biləcək hər hansı hal müəyyən edilmir. Məhkəmə cavabdehin imtina üçün digər dəlilinə münasibətdə qeyd edir ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasına əsasən, qanunverici müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. Göründüyü kimi, qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu nəzərdə tutmuşdur. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Belə ki, qanunvericilikdə mənzil kirayəsi xərclərinin ödənilməsini nəzərdə tutan norma da xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin özü tərəfindən seçilmiş yer üzrə mənzil uçotuna alınma hüququnun olduğunu, həmçinin bu şəxslərin yaşayış yerinin müvəqqəti olduğu halda belə həmin mənzil kirayəsi xərclərini müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən həyata keçirildiyini təsbit etmişdir. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarına əsasən Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli Plenumunun Qərardadında qeyd edilmişdir: Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsində və Nazirlər Kabinetinin istinad olunan 174 saylı qərarında öz iradəsindən asılı olmayan səbəblərə görə ehtiyata buraxılmış zabitlərin yaşayış sahəsi ilə təmin edilməsi və müvəqqəti yaşayış sahəsinin kirayəsinin ödənilməsi xidmət illəri ilə şərtləndirilmir. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda da, iddiaçı xəstəliyə görə ehtiyata buraxılmış zabit, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan kateqoriyaya aid olduğuna, işin halları ilə mənzil şəraitini süni şəkildə pisləşdirdiyi müəyyən olunmadığına görə, müvafiq qanunvericilikdə də hərbi qulluqçunun mənzil uçotuna götürülməsi seçdiyi yer üzrə həyata keçirildiyinə görə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2040/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2040/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver