Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2041/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı (Zərdab rayonunda qeydiyyatdadır, ixtisası müəllimə, Zərdab şəhər 3 saylı orta məktəbdə işləyir), cavabdehin nümayəndəsi Əhmədov Vüqar Əhməd oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, baş mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məbləğin pensiya məbləğinə bərpa edilərək iddiaçıya ödənilməsi (qaytarılması) vəzifəsinin qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq 01.03.2018-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövrdə 4139,55 manat məbləğinin artıq ödənilmiş pensiya məbləği kimi göstərilməsinin əsassız hesab edilərək 4139,55 manat məbləğinin pensiya məbləğinə bərpa edilərək iddiaçıya ödənilməsi (qaytarılması) vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı X6 dövlət qulluğunda 20 il 6 ay 29 gün iş stajina malik olmaqla 27.04.2016-cı ildə vəfat etmişdir. Onun vaxtı ilə qulluq keçdiyi dövlət orqanında vəzifə maaşı 295 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 88,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65 manat, mükafat və müavinətlərlə cəminə görə əlavəsi 98,33 manat olmaqla orta aylıq əmək haqqı 546,83 manat müəyyən edilmişdir. Orta aylıq əmək haqqının 80 faizi miqdarında 437,47 manat pensiya hesablanmış, vəfat etdiyi üçün ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan həyat yoldaşı kimi ona və 2 övladına pensiyanın 80 faizi miqdarında 349,97 manat müəyyən edilmişdir. 01.03.2018-ci ildən 381,33 manat məbləğində ailə başçısını itirməyə görə pensiya müəyyən edilmişdir. Bundan başqa qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əmək haqqı artırıldıqda yenidən hesablanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən heç bir əsas olmadan onun pensiyası azaldılmış və pensiyasından tutulmalar həyata keçirilmişdir. İddiaçı cavabdehin qeyd edilən hərəkətlərini qanunsuz hesab edir. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi V.Əhmədov iddiaya etiraz edərək göstərmişdir ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 27 aprel 2016-cı ildə mərhum Rəfi Məsim oğlu Rəfiyevin vaxtilə qulluq keçdiyi vəzifə maaşı 295,0 manat, qulluq stajına görə vəzifə maaşının 30 faiz miqdarında əlavəsi 88,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,0 manat, mükafat və müavinətlərlə cəminə görə əlavəsi 98,33 manat olmaqla orta aylıq əmək haqqı 546,83 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixinə qədər qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 20 il 6 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi kimi 437,47 manat məbləğində hesablanmışdır.Həmin Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının 80%-i – 349,97 manat məbləğində müəyyən edilərək ödənilmişdir.İddiaçıya 01.03.2018-30.06.2020-ci il tarixləri arasında olan dövr ərzində ümumilikdə 4139,55 manat artıq pensiya ödənilmişdir. Cavabdehin nümayəndəsi V.Əhmədov göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş üzrə sübut qismində məhkəməyə cavabdehin iddiaçıya ünvanlanmış 27.05.2021-ci il tarixli imtina məktubu, iddiaçının bank hesabından çıxarışlar,iddiaçının pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 05.03.2022-ci il tarixli, iddiaçının ümumi xəstəlik səbəbindən 09.09.2013-cü ildən müddətsiz ikinci dərəcə əlillik statusuna malik olması barədə məktubu daxil olmuşdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Dövlət Sosial Müdafiəsi Fondunun Zərdab rayon şöbəsi tərəfindən iddiaçının mərhum əri Rəfiyev Rəfi Məsim oğluna 04.11.2015-ci ildə dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir.Rəfiyev Rəfi Məsim oğlu 27.04.2016-cı ildə vəfat etmişdir, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir, iddiaçının pensiyasının məbləği 10.03.2021-ci il tarixə 553,81 manat təşkil etmişdir, cavabdehin 10.03.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçının əmək pensiyasının məbləği azaldılaraq 519,42 qəpik müəyyən edilmiş,daha sonra isə 01.12.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən yenidən iddiaçının pensiyası azaldılaraq 259,71 qəpik müəyyən edilmişdir.Cavabdehin imtina məktubundan göründüyü kimi cavabdeh hesab etmişdir ki, 01.03.2018-31.08.2019-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6768,72 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 9179,45 manat ödənilmiş, 01.09.2019-30.06.2020-ci illər arasındakı dövr ərzində ümumilikdə 5191,20 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 6923,02 manat ödənilmiş, 01.03.2018-30.06.2020-ci illər arasındakı dövr ərzində ümumilikdə 4139,55 manat artıq pensiya məbləği ödənilmişdir, odur ki, iddiaçının oğlu X2 təhsil müəsissəsində əyani təhsil alması ilə bağlı Mərkəzi Filiala 04.02.2021-ci ildə daxil olmuş sənədlərə əsasən ona görə ödənilməli olan pensiya məbləğinin 2236,60 manat müəyyən edərək 01.03.2018-30.06.2020-ci illər arasındakı dövr ərzində artıq ödənilmiş 1902,95 manat pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə 01.03.2021-ci ildən etibarən iddiaçının əmək pensiyasından hər ay 36,92 manat tutulma həyata keçirmişdir.İddiaçı cavabdehin qeyd edilən hərəkətlərini qanunsuz hesab edərək hazırki iddia ilə məhəkməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi hər kəsə şamil edilən sosial təminat hüququ insanın əsas sosial-iqtisadi hüquqlarından biridir və sosial təminatın səviyyəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddəalara əsasən hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirməklə getdikcə daha da yüksəlməsi nəzərdə tutulur. İşin faktiki hallarına əsasən isə iddiaçı ailə başçısını itirdiyinə görə ona məbləği cavabdeh tərəfindən müəyyən edilməklə əmək pensiyası təyin edilmiş və sonradan isə cavabdeh iddiaçının əmək pensiyasını iki dəfə 10.03.2021-ci il tarixdə və 01.12.2021-ci il tarixdə “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarları ilə azaltmış, daha sonra isə həy ay artıq ödənilmiş hesab etdiyi məbləğləri tutmağa başlamışdır ki, məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini qanunvericiliyin tələblərinə zidd hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 14.1-ci maddəsinə deyilir: vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:14.1.1.1. 18 yaşına çatmamış;14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə;14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. İşin faktiki hallarına əsasən iddiaçıya münasibətdə mövcud olan, ona ailə başçısının itirilməsinə görə pensiya təyin edilməsi üçün əsas olan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində sadalanan hallar hal-hazırda da mövcuddur, yəni iddiaçı ikinci dərəcə əlilliyi olan şəxsdir, habelə təhsil müəssisənin əyani şöbəsində təhsil alan övladı vardır. Yəni iddiaçıya 4139,55 manat məbləğinin artıq ödənilmiş pensiya məbləği kimi göstərilməsinin və ailə başçısının itirilməsinə görə pensiya ödənilməməsi (azaldılması) üçün əsaslar mövcud deyildir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının qanunvericiliyində cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın məbləğinin cavabdeh inzibati orqanın özü tərəfindən azaldılması kimi norma ümumiyyətlə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği isə əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi qanunverici pensiyaçının razılığı olmadan yalnız məhkəmə qaydasında pensiyadan tutmalara yol verilməsini nəzərdə tutmuşdur, halbuki iddiaçının iddia ərizəsində ifadə olunan mövqeyinə görə iddiaçı pensiyasından tutmaların aparılmasına razılıq verməmişdir, digər tərəfdən cavabdeh iddiaçının əmək pensiyasından tutmaların aparılmasını inkar etməmiş, lakin buna əsas verə bilən məhkəmə aktını məhkəməyə təqdim etməmiş, həmin tutmaların qanuni və əsaslı olmasına dair sübutlar barədə məhkəməyə məlumat verməmiş, belə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı 01.03.2018-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövrdə cavabdeh tərəfindən 4139,55 manat məbləğinin artıq ödənilmiş pensiya məbləği kimi göstərilməsi əsassız hesab edilərək 4139,55 manat məbləğinin pensiya məbləğinə bərpa edilərək iddiaçıya ödənilməsi (qaytarılması) vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 01.03.2018-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövrdə cavabdeh tərəfindən 4139,55 manat məbləğinin artıq ödənilmiş pensiya məbləği kimi göstərilməsi əsassız hesab edilərək 4139,55 manat məbləğinin pensiya məbləğinə bərpa edilərək iddiaçıya ödənilməsi (qaytarılması) vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2041/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2041/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver