Məhkəmə qərarları › İş №2-1(112)-2041/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2041/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2041/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlillik müddətinin davam etdirilib etdirilməməsinin araşdırılmasına sərf olunmuş xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına görə ödənilməli olan əmək pensiyasının ödənilməsinin təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “əlillik müddətinin davam etdirilib etdirilməməsinin araşdırılmasına sərf olunmuş xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına görə ödənilməli olan əmək pensiyasının birdəfəlik ödənilməsinin təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin olunmuş pensiya tamamilə əsassız olaraq ona ödənilmir. Buna əsas kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3.1-ci maddəsinin tələbinə istinad olunur. Həmin tələbə görə isə bildirilir ki, əlillik müddəti bitdikdən sonra 6 (altı) ay ərzində, şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddətdə daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Cavabdeh bildirir ki, ona təyin olunmuş əliliyə görə pensiya əlilik müddəti bitdikdən sonra təkrar qiymətləndirilməklə bərpasına sərf olunan müddət altı aydan çox keçdiyi üçün ötən müddətə görə pensiyanın ödənilməsi iddiaçıya münasibətdə mümkün deyil. İddiaçının əlilliyinin müddətinin bitməsi onun sağlamlığına qovuşması mənasına gəlmir, onun əlilliyinin bərpasından söhbət gedə bilməz. Bərpa dedikdə onun əlillik müddətinin davam etdirilməli olduğu başa düşülməlidir. Ona görə də cavabdeh DSMF-nin, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3.1-ci maddəsinin tələbini əsas götürməklə, əlillik müddəti ilə əlaqədar aparılan araşdırmalara sərf olunan müddətə görə ona pensiyanın ödənilməsindən imtinası qanuna uyğun sayıla bilməz. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı iddia tələbi ilə eyni məzmunlu tələblə cavabdeh orqana müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemi vasitəsi ilə həyata keçirilir. İddiaçının əlilliyi yenidən qiymətləndirilərkən ona xx.xx.2022-ci il tarixdə əlillik təyin edilmişdir. İddiaçının müraciətində göstərdiyi müddətdə əlillik dərəcəsi mövcud olmadığından və yeni əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə iddiaçıya pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Belə ki, İddiaçı iş üzrə icraat materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən də məlum olur ki, o, xx.xx.1970-cl il tarixdə doğulmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sistemi məlumatlarına əsasən müəyyən olur ki, iddiaçıya xx.xx.2012-ci il tarixli müraciəti əsasında xx.xx.2012-ci ildə 74 nömrəli qərarla əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemi məlumatlarına əsasən Y. Müseyibova xx.xx.2006-cı il tarixdən etibarən Bakı 2 saylı Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemi məlumatlarına əsasən İddiaçı əlilliyi növbəti dəfə xx.xx.2016-cı ildə qiymətləndirilmiş və 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Yəni iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə özünün qeyd etdiyi kimi dayandırılmamış, əlilliyin müddəti bitmişdir. İddiaçı qeyd edir ki, ona əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa olunduğu xx.xx.2022-ci il tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməlidir. Əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il göndərişi əsasında, xx.xx.2022-ci il tarixdə 2-ci dərəcə müddətsiz əlilliyin müəyyən edilməsi ilə bağlı qərar qəbul edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməkdədir. Qanunvericilik normalarından da aydın olur ki, əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarix həmin şəxsin qeyd edilən tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün əsasdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun “Əlilliyin müəyyən edilməsi” başlıqlı 3.3-1-ci yarımbəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunan maddə 2 iyul 2021-ci il tarixində yeni məzmunda əlavə edilmişdir. İddiaçı Z.Heydərovun əlilliyi isə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində deyil 7 ay 17 gün sonra bərpa edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Bağırova iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubunda bildirilmişdir ki, Tibbi-Sosial Ekspertiza və X1 altsistemi proqram təminatına əsasən əlillik müddətinin xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyanın ödənişi həmin tarixdən dayandırılmışdır. Tibbi-Sosial Ekspertiza və X1 altsistemi proqram təminatına əsasən əlilliyi xx.xx.2022-ci il tarixindən İİ dərəcə olmaqla bərpa olunduğu üçün əmək pensiyanısının ödənişi həmin tarixdən 268.61 manat olmaqla bərpa edildiyi halda ona 259.78 manat ödənilmişdir. Qeyd olunana əsasən ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək) hesablanmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində, xx.xx.2021-ci il tarixindən sonra şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Lakin əlillik müddətinin bitdiyi tarixdən 6 aydan çox (7 ay 17 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2012-ci il tarixli əsas qiymətləndirmə barədə məlumatına əsasən ilkin müayinə nəticəsində “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, ipoxondrik əlamətlərlə” diaqnozu ilə İddiaçı ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. X2 “V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 – Paranoid şizofreniya”, Meyar – “2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya va ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...”. 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli əsas qiymətləndirmə barədə məlumatına əsasən təkrar müayinə nəticəsində “Şizofreniya sadə forma, fasiləsiz gedişli, ipoxondrik əlamətlərlə, natamam remissiya” diaqnozu ilə İddiaçı ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. X2 “V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.6 - Şizofreniyanın sadə tipi”, Meyar – “2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya va ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...”. 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli əsas qiymətləndirmə barədə məlumatına əsasən təkrar müayinə nəticəsində “Şizofreniya sadə forma, fasiləsiz gedişli ipoxondrik əlamətlərlə, natamam remissiya” diaqnozu ilə İddiaçı ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. X2 “V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.6 - Şizofreniyanın sadə tipi”, Meyar – “2.2. ikinci dərəcə əlillik => Digər: Şizofreniya”. 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli əsas qiymətləndirmə barədə məlumatına əsasən təkrar müayinə nəticəsində “Şizofreniya sadə forma, fasiləsiz gedişli ipoxondrik əlamətlərlə, natamam remissiya” diaqnozu ilə İddiaçı ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. X2 “V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.6 - Şizofreniyanın sadə tipi”, Meyar – “2.2. ikinci dərəcə əlillik => Digər: Şizofreniya”. Növbəti qiymətləndirmə tarixi – xx.xx.2021-ci il. 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli əsas qiymətləndirmə barədə məlumatına əsasən təkrar müayinə nəticəsində “F20.6 Şizofreniyanın sadə tipi, Şizofreniya sadə forma fasiləsiz gedişii ipoxandrik daxil olmalarla. Ağırlaşma F20.6 Şizofreniyanın sadə tipi, Şizofreniya sadə forma fasiləsiz gedişli, ipoxandrik daxil olmalarla” diaqnozu ilə İddiaçı ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. X2 “V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqlan => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya”, Meyar – “2.2. ikinci dərəcə əlillik => 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9);”. 2 nömrəli X3 xx.xx.2021-ci il tarixli ambulator kitabçadan çıxarışına əsasən, xəstənin daxil olma tarixi xx.xx.2021-ci il, çıxma tarixi xx.xx.2021-ci il olmaqla, İddiaçı əsas xəstəlik olaraq “Şizofreniya sadə forma fasiləsiz gedişli, ipoxandrik daxil olmalarla” diaqnozu qoyulmuşdur. Diaqnozun müəyyən edilmə tarixi – xx.xx.2021-ci il. 2 nömrəli X3 xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarışına əsasən, xəstənin daxil olma tarixi xx.xx.2022-ci il, çıxma tarixi xx.xx.2022-ci il olmaqla, İddiaçı əsas xəstəlik olaraq “Şizofreniya sadə forma fasiləsiz gedişli, ipoxandrik daxil olmalarla” diaqnozu qoyulmuşdur. Diaqnozun müəyyən edilmə tarixi – xx.xx.2022-ci il. Məhkəmənin sorğusuna əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixdə iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərininin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçının (Pensiya işi № 064493, Nərimanov rayonu) pensiya ödənişinə dair sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 32.2–ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. Həmin Qanunun 36.1–ci maddəsinə əsasən, orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən, təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun Preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarına əsasən iddiaçıya ilkin olaraq ümumi xəstəlik səbəbindən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, ipoxondrik əlamətlərlə” diaqnozu ilə xx.xx.2012-ci il tarixdə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, bundan sonra davamlı olaraq müxtəlif tarixlərdə ona ikinci dərəcə əlillik təyin olunmuşdur. Buna uyğun olaraq iddiaçıya xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2015xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Həmin tarixdən iddiaçının pensiya ödənişi bərpa edilmiş, 2021-ci ilin oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üçün cavabdeh əmək pensiyasını ödəməkdən imtina etmişdir. Cavabdeh 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayınadək olan müddət üçün iddiaçıya pensiya ödəməkdən imtinasını iddiaçının əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddətin keçməsi, həmin dövrdə iddiaçının əlillik dərəcəsi mövcud olmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin etirazının əsasları ilə razılaşmır. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçının əlilliyi müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibbi müəssisə tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2022–ci ilin iyun ayında ona əvvəlki diaqnoz ilə yanaşı digər ağırlaşmalar və xəstəliklər də əlavə olunaraq “F20.6 Şizofreniyanın sadə tipi, Şizofreniya sadə forma fasiləsiz gedişii ipoxandrik daxil olmalarla. Ağırlaşma F20.6 Şizofreniyanın sadə tipi, Şizofreniya sadə forma fasiləsiz gedişli, ipoxandrik daxil olmalarla” diaqnozu qoyulmuş və müddətsiz İİ dərəcə əlillik müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyinə səbəb olan xəstəlikləri mübahisəli dövrdə də mövcud olmuş, iddiaçı sağalmamış, əksinə onda çoxsaylı ağırlaşmalar aşkar olunmuş, bunun nəticəsində ona yuxarıda qeyd olunan diaqnoz ilə müddətsiz əlilliyi müəyyən edilmişdir. İşdə olan sənədlərdən (2 nömrəli X3 ambulator kitabçadan çıxarışlarından) aydın olur ki, iddiaçıya həmin dövrlərdə (xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə) səhiyyə mərkəzində müayinələr aparılmış, əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, 6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Beləliklə, cavabdeh imtinasında haqlı olmamış, iddiaçının ötürülmüş dövrdə sağlam olmasını, müddətin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən sənədləri də məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı əlilliyə görə əmək pensiyası iddiaçıya ödənilməlidir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, ona əlillik müddətinin davam etdirilib etdirilməməsinin araşdırılmasına sərf olunmuş xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına görə ödənilməli olan əmək pensiyasının ödənilməsinin təmin olunması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əlillik müddətinin davam etdirilib etdirilməməsinin araşdırılmasına sərf olunmuş xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına görə ödənilməli olan əmək pensiyasının ödənilməsinin təmin olunması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar