Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2041/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə ehtiyacı olan müharibə veteranı və əlil kimi mənzil uçotuna götürülməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunun (inzibati aktının) qanunsuz hesab edilməsi və mənzilə ehtiyacı olan müharibə veteranı və əlili kimi onun mənzil uçotuna götürülməyi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü ildə Bərdə rayonun Yenidaşkənd kəndində doğulmuşdur. O, xx.xx.2024-cü ildə Kürdəmir rayonunda doğulmuş, xx.xx.2002-ci il təvəllüdlü X14 ilə nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahdan onların üç uşaqları anadan olmuşdur. xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2020ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7. Əvvələr o, Tərtər rayonunda qeydiyyatada olmuşdur. Qarabağ müharibəsi başlanan zaman həmin rayonun səfərbərlik xidməti oraqanı tərəfindən hərbi xidmətə çağırılmış və vətən uğrunda qaynar döyüşlərdə iştirak etmişdir. Döyüşlərin birində ağır xəsarətlər almışdır. Ona üçüncü dərəcəli əlillik və pensiya təyin edilmişdir. İddiaçı Tərtər rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən o, vətən müharibəsi əlili kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. Lakin, sonradan yaşayış yerini dəyişib daimi əsaslarla Bakı şəhərində məskunlaşdığı üçün, o, Tərtər RİHB-na ərizə verib mənzil uçotundan çıxarılmağını xahiş etmiş, Tərtər RİHB-nın 26 aprel 2024-cü il tarixli Sərəncamı ilə mənzil növbəliyindən çıxarılmışdır. Bundan sonra o, cavabdehə ərizə verib vətən müharibəsi əlili kimi onun güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyini xahiş etmişdir. Lakin, cavabdeh onu mənzil uçotuna götürməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, qüvvədə olan Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” əsas götürülməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Qaydaların 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Lakin, iddiaçının təqdim etdiyi sənədlərdən yaşayış yeri üzrə daimi qeydiyyatının Tərtər rayonunda olduğu, Bakı şəhəri, Binəqədi rayonunda isə xx.xx.2024-cü il tarixdən qeydiyyata düşdüyü müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış, cavabdeh tərəfindən iddiaçıya qanunvericiliyin tələbləri izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Tərtər Rayonu İcra Hakimiyyəti başçısının 105 saylı, 13 iyul 2022-ci il tarixli Sərəncamına əsasən Tərtər Rayonu İcra Hakimiyyətinin mənzil məsələlərinə baxan daimi komissiyasının 08 iyul 2022-ci il tarixli 02 saylı iclasının qərarı təsdiq edilmiş və iddiaçı Vətən müharibəsi əlili kimi Tərtər rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Tərtər Rayonu İcra Hakimiyyəti başçısının 48 saylı, 26 aprel 2024-cü il tarixli Sərəncamına əsasən Tərtər şəhər qeydiyyatında olmuş üçüncü dərəcəli Vətən müharibəsi əlili olan iddiaçının ərizəsinin nəzərə alınması, onun Tərtər Rayon İcra Hakimiyyətində mənzil növbəsindən çıxarılması, iddiaçının Tərtər Rayon İcra Hakimiyyətində olan mənzil növbəsi sənədlərinin Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, iddiaçının və X9 adlarına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli məktublarına əsasən hazırda Fondun mövcud informasiya sistemlərində iddiaçıya, habelə X10 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 26 aprel 2024-cü il tarixli arayışına əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələri kitabında və baza məlumatlarında iddiaçının, X9, X1, X3, X5 mülkiyyətində və icarəsində torpaq sahəsi yoxdur. Tərtər rayonu Tərətər Bələdiyyəsinin 14 iyul 2022-ci il tarixli arayışına əsasən həqiqətən Tərtər Bələdiyyəsində iddiaçının adına həyətyanı torpaq sahəsi qeydə alınmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun mənzil uçotuna götürülməyi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçının mənzil növbəsinə götürülməsi üçün cavabdeh tərəfindən müvafiq inzibati akt qəbul edilməlidir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir (31.1). Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1). Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (48.2). Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) (50.1.).Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (51.7). Hal-hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 5-ci bəndində göstərilmişdir ki, aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmin ev iddiaçının mülkiyyətində deyildir. İddiaçının və ailə üzvlərinin mülkiyyətində və ya qanuni istifadəsində hər hansı daşınmaz əmlak yoxdur. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Bu isə onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsinə əsas verir. Göründüyü kimi, iddiaçının qüvvədə olan qanunvericiliyə əsasən mənzil siyahısına alınmağa hüququ yarandığından, ona münasibətdə cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mənzil uçot siyahısına alınması barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2041/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2041/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver