Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2045/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Əmanətlərin Sığortalanması Fondu və “xxxx” ASC 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına, Əmanətlərin Sığortalanması Fonduna və “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1.234 manat məbləğində kompensasiyanın müştərək qaydada ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Əmanətlərin Sığortalanması Fondu və “xxxx” ASC-nin cavabdehlər sırasından çıxarılaraq, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12.02.2021-ci il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu və “xxxx” ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx“ ASC ilə 08 iyul 2015-ci ildə kredit müqaviləsi bağlayaraq 2.430 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin müddəti 27.04.2016-ci il tarixə kimi olmuş. Kredit götürdükdən sonra ödəniş müddətində ABŞ dollarının Azərbaycan manatına olan nisbəti yüksəlmişdir. Bundan sonra iddiaçı məcbur olub kredit borcunu dolların yeni kursu ilə ödəmişdir. Tam ödəniş etdikdən sonra Azərbaycan Respublikasının Prezidenti ABŞ dolları ilə götürülmüş və ödənilmiş kredit borclarının kompensasiya edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərar qəbul edildikdən sonra İddiaçı telefonuna sms daxil olmuşdur ki, ona xarici valyuta ilə ödədiyi kredit borcuna görə 1.234 manat kompensasiya ödəniləcəkdir. Bununla əlaqədar iddiaçı “xxxx“ ASC-yə müraciət etdikdə məlum olmuşdur ki, bank heç bir əsas olmadan ona ödəməli olduğu kompensasiyanı (1.234 manatı) guya iddiaçının “xxxx“ ASC-yə borcu olduğundan həmin banka ödəmişdir. Baxmayaraq ki, iddiaçının “xxxx“ ASC-yə heç bir borcu yox idi və həmin bankdan heç vaxt kredit götürməmişdir. Bundan sonra “xxxx” ASC iddiaçıya qarşı Balakən rayon Məhkəməsində “kredit borcunun ödənilməsi” tələbi ilə iddia qaldırmiş, rayon məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2(019)-005/2018 saylı qətnaməsi ilə “xxxx“ ASC-nin iddiası əsasız olduğundan təmin olunmamışdır. Məhkəmənin təyin etdiyi ekspertiza rəyindən görünür ki, “xxxx “ ASC tərəfindən iddiaçının adına saxta müqavilə bağlanmış və saxta imza ilə müqavilə təsdiqlənmişdir, guya idddiaçı kredit götürmüşdür. Bundan sonra “xxxx“ ASC həmin qətnamədən apellyasiya və kasasiya şikayətləri etmiş, məhkəmələrin qətnamə və qərarı ilə şikayətlər təmin olunmamışdır. İddiaçı həmin qətnamələr qüvvəyə mindikdən sonra dəfələrlə cavabdehə, Azərbaycan Respublikası Milli Bankına, üçüncü şəxslər “Əmanətlərin Sığortalanması Fondu”na və “xxxx” ASC-yə kompensasiyanın alınması üçün müraciət etsə də, bu günə kimi ona ödənilməli olan kompensasiya ödənilməmişdir. Azərbaycan Respublikası Milli Bankına müraciətinə cavab olaraq bildirilir ki, Əmanətlərin Sığortalanması Fonduna icrası məcburi olan göstəriş məktubu göndərilmişdir. Əmanətlərin Sığortalanması Fonduna müraciət etdikdə bildirilmişdir ki, “xxxx” ASC-yə müraciət edilmişdir, “xxxx” ASC-yə müraciət etdikdə isə bildirilmişdir ki, Milli Banka müraciət edilmişdir. Beləliklə, iddiaçıya Prezidentin Sərəncamı əsasında verilməli olan kompensasiyanı ödəməkdən boyun qaçırmışlar. Cavabdeh iddiaya qarşı 30 oktyabr 2020-ci il tarixli etirazında göstərmişdir ki, sözügedən kredit müqaviləsi üzrə İddiaçı, ümumilikdə, 1.233,7 manat kompensasiya hesablanmışdır. Həmçinin, məlumat bazalarına ləğv prosesində olan “xxxx” ASC tərəfindən 29.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2.928,42 manat ödəniş müddəti keçmiş kredit borcunun mövcud olması ilə bağlı qeydlər daxil edildiyindən yuxarıda qeyd edilən kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən həmin borcun ödənilməsinə yönəldilmişdir. Lakin sonradan iddiaçı ərizə ilə Mərkəzi Banka müraciət edərək onunla ləğv prosesində olan “xxxx” ASC arasında 29.11.2012-ci il tarixli kredit müqaviləsinin bağlanılmadığı bildirmiş və bu faktı təsdiq edən məhkəmə qərarlarını müraciətinə əlavə edilmişdir. Belə ki, həmin ərizəyə əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 02.10.2018ci il tarixli qətnaməsindən aydın olmuşdur ki, ləğv prosesində olan “xxxx” ASC-nin sözügedən kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulmasına dair iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddia tələbinin rədd edilməsini onunla əsaslandırmışdır ki, həmin kredit müqaviləsi İddiaçı tərəfindən imzalanmadığından (ekspert rəyində müqavilənin başqa şəxs tərəfindən icra edildiyi göstərilmişdir) bu müqavilə üzrə sonuncu hər hansı öhdəlik daşıya bilməz. Şəki Apelyasiya Məhkəməsinin 15.01.2019-cu il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.09.2019-cu il tarixli qərarına əsasən isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilənlər kompleks şəkildə təhlil edildikdən sonra ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna 19.05.2020-ci il tarixində 26-09061-2020 saylı icrası məcburi olan göstəriş verilmiş və borcun azaldılmasına yönəldilən 1.233,47 manat kompensasiya məbləğinin vətəndaşın sərəncamına verilməsi, habelə tələb olunun borc məbləği ilə bağlı MKR-də müvafiq düzəlişlərin edilməsi və bu tədbirlərin nəticəsi barədə Mərkəzi Banka məlumat verilməsi tələb olunmuşdur. Mərkəzi Bank tərəfindən iddiaçının müraciəti üzrə zəruri olan bütün tədbirlər görülmüş, ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna vətəndaşın pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş verilmişdir. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər tərəfindən iddiaya dair münasibət məhkəməyə daxil olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarına əlavə edilmiş: - 02 oktyabr 2018-ci il tarixli 2(019)-995/2018 saylı iş üzrə Balakən rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. - 15 yanvar 2019-cu il tarixli 2(107)-256/2019 saylı iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, iş üzrə Balakən rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv prosesində olan “xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən, onun apellyasiya şikayəti isə təmin edilmədən saxlanmışdır - 19 sentyabr 2019-cu il tarixli 2(102)-6364/2019 saylı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş SF-11532 saylı 01.10.2020-ci il tarixli Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı 08.07.2015-ci il tarixdə 2.430 ABŞ dolları məbləğində kredit götürmüş, 08.07.2017-ci il tarixdə müqavilənin tarixi bitmiş, sonuncu ödəniş 27.04.2016-cı il tarixdə həyata keçirilmişdir. İddiaçı ilə “xxxx” ASC arasında kredit müqaviləsi bağlanmamışdır. - Azərbaycan Respublikası Mərkəzi Bankının 01 sentyabr 2020-ci il tarixli 26- 14106-2020 saylı məktubundan görünür ki, ləğv prosesində olan “xxxx” ASC (bank) ilə bağlı daxil olmuş müraciətə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Müraciətdə qeyd olunan problemin həlli istiqamətində Mərkəzi Bank tərəfindən bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Fond) 19 may 2020-ci il tarixində icrası məcburi göstəriş məktubu ünvanlanmışdır. - Azərbaycan Respublikası Mərkəzi Bankının Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 19 may 2020-ci il tarixli 26-09061-2020 saylı məktubundan görünür ki, vətəndaş Aynur Emçiyevanın (Əliyeva) ləğv prosesində olan “xxxx” ASC ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına daxil olmuş müraciətinə baxılmışdır. Vətəndaş müraciətində qeyd olunan məsələ ilə əlaqədar nəzərinizə çatdırılmışdır ki, ləğv prosesində olan “xxxx” ASC-nin (bank) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (fond) Aynur Əliyeva və Leyla Heydərovaya qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Balakən Rayon Məhkəməsində baxılmış və müvafiq məhkəmə tərəfindən bankın sözügedən iddiasının əsassız olduğundan təmin edilməməsi və 126 manat məbləğində ekspertiza xərcinin fonddan tutularaq dövlət büdcəsinə ödənilməsi ilə bağlı 2(019)-995/2018 saylı, 02.10.2018-ci il tarixli qətnamə qəbul olunmuşdur. Həmçinin, məhkəmə qətnaməsində kredit müqaviləsindəki, kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindəki və məxaric sənədindəki imzaların Aynur Əliyeva, zaminlik müqaviləsindəki imzanın isə Leyla Heydərova tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmasına dair ekspert rəyi vardır. Daha sonra fond tərəfindən Şəki Apelyasiya Məhkəməsinə müraciət edilərək Balakən Rayon Məhkəməsinin 2(019)-995/2018 saylı, 02.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, təkrar ekspertiza keçirilməsi və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-256/2019 saylı, 15.01.2019-cu il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-995/2018 saylı, 02.10.2018-ci il tarixli qətnaməsi ləğv prosesində olan “xxxx” ASCyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Fond tərəfindən Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-256/2019 saylı, 15.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6364/2019 saylı, 19.09.2019-cu il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-256/2019 saylı, 15.01.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına əsasən xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə vətəndaşa dövlət büdcəsinin vəsaiti hesabına ayrılmış 1.233,47 manat kompensasiya məbləği 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrində aktiv görünən 2.928,42 manat məbləğindəki əsas kredit borcunun azaldılmasına yönəldilmiş, 1.694,95 manat qalıq əsas kredit borcunun isə restukturizasiya olunması nəzərdə tutulmuşdur. Sözügedən məhkəmə qərarının qüvvəyə mindiyini nəzərə alaraq borcun azaldılmasına yönəldilən 1.233,47 manat kompensasiya məbləğinin vətəndaşın sərəncamına verilməsi və tələb olunan borc məbləği ilə MKR-də müvafiq düzəlişlərin edilməsi və nəticəsi barədə məlumatın 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. -kredit dosyesinə daxil olan sənədlərdən görünür ki, İddiaçı ərizəsi əsasında onunla “xxxx“ ASC arasında 08 iyul 2015-ci il tarixdə SBLMB-1317 saylı kredit müqaviləsi bağlanaraq iddiaçı 2.430 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin müddəti 08.07.2017-ci il tarixdə bitmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, 28.02.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; -3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; -7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2.430 ABŞ dolları məbləğində kredit götürmüş və həmin kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmişdir. İddiaçının həmin müqavilə üzrə öhdəlikləri yuxarıda qeyd olunan Fərmanın tətbiq dairəsinə düşdüyü üçün ona 1.233,47 manat kompensasiya hesablanmışdır. Lakin həmin kompensasiya əsassız olaraq “xxxx” ASC tərəfindən 29.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə aktiv görünən 2.928,42 manat ödəniş müddəti keçmiş kredit borcunun mövcud olması ilə bağlı Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydlər edildiyindən həmin borcun azaldılmasına yönəldilmişdir. Halbuki, iddiaçı ilə “xxxx” ASC arasında 29.11.2012ci il tarixli kredit müqaviləsinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Buna görə də, hazırki iş üzrə cavabdeh tərəfindən hesablanmış kompensasiyanın mövcud olmayan kredit müqaviləsi əsasında göstərilmiş borcun silinməsinə yönəldilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı 1.233,47 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 1.233,47 (min iki yüz otuz üç manat qırx yeddi qəpik) manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2045/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2045/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver