Məhkəmə qərarları › İş №2-1(112)-2045/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2045/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2045/2022 29.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçının nümayəndəsi (qardaşı) X2 (Bakı şəhərində qeydiyyatdadır, işləmir), cavabdehin nümayəndəsi X1 (Cəbrayıl rayonunda qeydiyyatdadır, ixtisası iqtisadçı, vəzifəsi mütəxəssis) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsinin qoyulması” barədə iddia tələbinə dair işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq cavabdehin sosial yardımın təyin edilməsindən verdiyi imtinaların qanunsuz hesab edilməsi, xx.xx.2021-ci ildən ödənilməyən 1 il 6 ay müddətində ünvanlı sosial yardımın ödənilməsi, iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X9 2016-cı ildə vəfat etmişdir. İddiaçının hal-hazırda himayəsində 3 azyaşlı uşağı vardır və o onları böyüdür. Buna görə ona ailə başçısını itirdiyinə görə 320 manat sosial müavinət verilir. Həyat yoldaşı vəfat etdiyi 2016-cı ildən sonra 2 dəfə 24 ay müddətində ünvanlı sosial müavinət alsa da 2021-ci ilin yanvar ayının 1-dən ünvanlı sosial yardımın müddəti bitmiş və həmin tarixdən sonra o ünvanlı sosial yardım ala bilməmişdir. xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə “Dost Mərkəzinə” elektron qaydada müraciət edərək ünvanlı sosial yardımın təyin olunmasını xahiş etmişdir. Lakin onun ünvanına gələn cavabdehin əməkdaşları mənzilinə baxış keçirdikdən sonra SMS vasitəsi ilə ona imtina cavabı verilmişdir. Hər iki baxış zamanı iki elektrik sayğacının olması əsas götürərək imtina cavabı verilmişdir. Bunun səbəbi soruşulduqda isə elektron müraciətdə “sayğacın gizlədilməsi” cavabı verilmişdir. Elektron müraciət formasını doldurarkən ikinci sayğacı qeyd etməyə yer olmadığına görə baxış keçirən əməkdaşlara ikinci sayğacının olduğunu özü demiş və bundan əvvəl də yardım təyin edilən vaxt bunu qeyd etmişdir. Yaşadığı kənddə 2 elektrik stansiyasından xətt gəlir, mənzilə daxil olan ikinci sayğac, əsas xətt qış aylarında tez-tez kəsildiyi üçün, mərhum həyat yoldaşı tərəfindən qoydurulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncamla bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ünvanlı dövlət sosial yardım almaq üçün elektron qaydada X11 və X12 müraciət etmiş və onun həmin müraciətindəki məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluğun aşkar edilməsi səbəbindən imtina verilmişdir. Belə ki, maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar edilmişdir ki, iddiaçı ərizəbəyannaməni doldurarkən qonşu ünvanda yerləşən X4 məxsus olan və ümumi istifadəsində olan abonent kodu **********30000 saylı sayğacı qeyd etsə də, maddi-məişət şəraitinin yoxlanılması zamanı yaşadığı ünvanda yerləşən sayğacın **********40000 nömrəli abonent kodlu olması aşkar edilmişdir. 2-ci imtina – iddiaçı xx.xx.2021-ci il tarixdə “Ünvanlı dövlət sosial yardım” almaq üçün elektron qaydada “VEMTAS”a müraciət etmiş və onun ərizəsi üzrə məişət şəraitinin yoxlanılması zamanı yuxarıda qeyd edilmiş hal yenidən aşkar edilmiş və imtina cavabı verilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı yenidən ünvanlı dövlət sosial yardımı almaq üçün “VEMTAS”a müraciət etmiş, yenidən ona imtina cavabı ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edilməsi səbəbindən verilmişdir. Belə ki, vətəndaş yaşadığı ünvanda yerləşən **********40000 nömrəli sayğacın abonent kodunu qeyd etsə də sözügedən evə daxil olduqda ilk olaraq sayğacların sayına diqqət yetirilmiş və həmin evdə yaşayan ailənin istifadəsində iki elektrik sayğacı aşkar edilmişdir. Həmin sayğaclar da ev sahibi olan Niyazovlar ailəsinə məxsusdur. İddiaçı tərəfindən digər sayğacın ümumi istifadədə olduğu bildirilmiş və akt iddiaçı tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən ümumi istifadədə olan sayğacın enerji sərfiyyatını müəyyən etmək "xxxx" ASC-nin səlahiyyətindədir. Bu halın müəyyən edilməsi üçün "xxxx" ASC-dən rəyin alınması zəruridir, xx.xx.2021-ci il tarixdə imtina qurumlar tərəfindən yoxlama əsasında edilmişdir. Ünvanlı sosial yardım alması üçün müraciət edən təmsilçi müraciət edərkən vətəndaş təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıması və sosial yardım məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək halların (ailənin tərkibi, əmlakı və ya gəlirləri dəyişildikdə) biri baş verdikdə, bu barədə 15 iş günü müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməyi, hər hansı yalan məlumata, həmçinin sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat vermədiyinə görə ailəsinin 1 il müddətinə sosial yardım almaq hüququnun itirilməsi ilə bağlı qanunvericilik normaları ilə tanış olması, həmçinin maddi-məişət şəraitinin müayinəsi zamanı video çəkilişin aparılmasına etiraz etməməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 cavabdehin iddiaya dair etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İddiaçı və cavabdeh tərəfindən məhkəməyə sübut qismində ayrı-ayrılıqda iddiaçının şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin, ölüm haqqında şəhadətnamənin, azyaşlı uşaqların şəxsiyyət vəsiqələrinin, iddiaçının müraciətləri üzrə VEMTAS-dan çıxarışların surətləri, "xxxx" ASC-nin tərtib etdiyi abunə haqqında saldolar təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, X9 ilə nikahda olmuşdur, həmin nikahdan 3 uşağı doğulmuşdur. Hal-hazırda həmin uşaqlar 18 yaşına çatmamışlar, iddiaçının nikahda olduğu N.Niyazov isə xx.xx.2016-cı ildə vəfat etmişdir, iddiaçı həyat yoldaşı vəfat etdikdən sonra ünvanlı dövlət sosial yardımı almış, aldığı ünvanlı dövlət sosial yardımın müddəti xx.xx.2021-ci ildə başa çatdıqdan sonra iddiaçı bir neçə dəfə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün cavabdehə müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir.Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycab Respublikasının Qanununa əsasən ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizəbəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş (3 nömrəli əlavə) 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda;3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə;3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X6 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda;3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtinanın səbəbi kimi iddiaçının yaşadığı evdə iki elektrik sayğacının olması haqqında məlumatın ünvanlı dövlət sosial yardım təyin edilməsi haqqında ərizədə göstərilməməsi, yəni iddiaçının ərizəsində göstərilən məlumatların faktiki yoxlanılan hallara uyğun olmaması qeyd edilmişdir. Cavabdehin göstərilən dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla yuxarıda qeyd edildiyi kimmi ünvanlı dövlət sosial yardımının məqsədi hər bir ailə üzvü üçün gəliri ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə sosial yardım göstərilməsindən ibarətdir, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaçının 2021-ci ildə müraciətlər etdiyi zaman hər bir ailə üzvü üçün gəlirinin ehtiyac meyarının məcmusundan yuxarı olması barədə məlumat verilməmişdir, bundan əlavə işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evdə olan elektrik enerjisinin sərfiyyat uçotunu aparan hər iki sayğac "xxxx" ASC tərəfindən quraşdırılmış sayğaclardır və eyni zamanda iddiaçının sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi, yəni hər hansı bir qanunsuz hala yol verməsi müəyyən edilməmişdir, bu barədə cavabdeh məhkəməyə bildirməmiş və sübut (akt və s.) əlavə etməmişdir. Belə olan halda hər iki sayğac vasitəsilə iddiaçının və ailə üzvlərinin istehlak etdiyi elektrik enerjisinin sərfiyyatını (xərclərini) müəyyən etmək mümkün olduğu halda cavabdeh tərəfindən qeyd edilən hal araşdırılmadan iddiaçıya ünvanlı sosial yardım verilməsindən imtina edilmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1 -ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan qeyri-müəyyən olan məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyildir. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1.inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə;73.3.2.inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;73.3.3.inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ona ünvanlı dövlət sosial yardımının təyin edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33,68, 69, 73, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ona ünvanlı dövlət sosial yardımının təyin edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinə Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar