Məhkəmə qərarları › İş №2-1(112)-2045/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2045/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2045/2024 29.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» publik hüquqi şəxsə qarşı “dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək təqaüdünün hesablanmayan hissəsinin düzgün şəkildə hesablanaraq pensiya kapitalının, aylar boyu ona vurulan maddi-mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pulun ödənilməsi və məhkəməyə qədər çəkdiyi xərclərin qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyeva X1 Rayonu 20 saylı Uşaq poliklinikasında həkim-pediator vəzifəsində çalışmışdır. 2018-ci il tarixdə yaşı ilə əlaqədar olaraq işdən azad olmuşdur. Ona əmək təqaüdünün hesablanmasında mübahisələr yaranmışdır. Belə ki, iddiaçı Xətai Rayonu Pensiya İdarəsinə təqaüdün yenidən hesablanması ilə bağlı müraciət etdikdə məlum olmuşdur ki, onun səkkiz il iş stajı nəzərə alınmadan taqaüd hesablanmışdır. Bu hal 2007, 2008, 2010-2015-ci illəri əhatə edir. Bu səbəbdən iddiaçı işlədiyi poliklinikanın mühasibat və kadrlar şöbəsinə müraciət etmişdir. Həmin idarə heyəti bu səhvi düzəldərək iddiaçıya arayış verdi və o, həmin arayışı Bakı Baş Səhiyyə İdarəsində Mehriban xanıma təqdim etmişdir. Bundan sonra etdikləri səhvi düzəltdiklərini bildirdilər. 2021-2022-ci illər ərzində iddiaçı İdrak Liseyində işlədiyi üçün yenidən əmək pensiyasının hesablanması üçün 3 saylı Bakı Dost Mərkəzinə müraciət etmişdir. Orada sözügedən həmin səkkiz il iş stajın yazılmadığı bildirilmişdir. Bu da azmış kimi həmin illər iddiaçı ilə eyni ad soyadda olan insana yazılmışdr. Həmin şəxs müəllimə vəzifəsində, iddiaçı isə həkim vəzifəsində çalışmış, doğum tarixləri və yaşayış yerləri də tam fəqlidir. İddiaçı yenidən Bakı Baş Səhiyyəsinə, Mehriban xanıma müraciət etdikdə “gözümüzdən yayınıb, işimiz çoxdur“ deyə səbəb gətirərək yenidən bu problemi həll edəcəyini söz vermişlər. İddiaçı bir müddətdən sonra işinin yenə həll olmadığını bildikdən sonra Cavabdeh Publik Hüquqi Şəxsin direktor əvəzi olan Mehman Qasımova yazılı şəkildə şikayət ərizəsi ilə müraciət etmişdir. Bu günə qədər ərizəsinə heç bir cavab verilməmişdir. Bir ildir ki, maddi və mənəvi zərər çəkir, idarələr iddiaçını bir-birinin üzərinə göndərir. Cavabdeh iddiaçının şikayətini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəldirlər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdehin əsl cavabdeh «Cavabdeh» publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, tələbi cavabdeh tərəfindən iş stajının düzgün hesablanmamasına görə ala bilmədiyi pensiyaya görə ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsidir. Həmin tələblə bağlı cavabdehə ilkin müraciəti olmamışdır. Tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.2-ci bəndlər). İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda xüsusi mümkünlük şərti kimi əvvəlcə cavabdeh inzibati orqana müraciət edilməsi nəzərdə tutulmuşdur. Lakin hazırkı iş üzrə iddiaçının məqsədi cavabdehin qanunazidd hesab etdiyi hərəkətləri nəticəsində ona vurulmuş maddi-mənəvi ziyana görə kompensasiyanın ödənilməsi olsa da, o, özünün də bildirdiyi kimi eyni tələb ilə bağlı cavabdeh «Cavabdeh» publik hüquqi şəxsə müraciət etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizə isə iddiaçının «Cavabdeh» publik hüquqi şəxsinə müraciəti onun illərlə yığılan pensiya kapitalının öz SSN-inə qaytarılması ilə bağlı olmuşdur. Belə olan halda, iddiaçı məhkəmədə qaldırdığı tələblə bağlı müvafiq ərizə ilə əvvəlcə cavabdeh orqana müraciət etməsi ilə bağlı sübutlar təqdim etmədiyinə görə iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığına görə hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İstinad olunan Plenum Qərarında həmçinin göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə qeyd edir ki, iddiaçı ehtimal etdiyi vurulmuş ziyanın ödənilməsi ilə bağlı ilk növbədə cavabdeh inzibati orqana müraciət edə, məqsədinə nail ola bilmədiyi halda, həmin inzibati orqana qarşı aidiyyəti qaydada məhkəmədə iddia irəli sürə bilər. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar