Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2046/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «əmrin ləğv olunması və iddiaçının öz arzusu ilə ehtiyat buraxılması barədə əmrin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa olunma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçıya 23 iyul 2021-ci il tarixdə işdən çıxarılma ilə bağlı təyinat vərəqi verilmişdir. Həmin sənəddə qeyd olunur ki, 15 iyul 2021-ci il tarixdə onun barəsində işdən çıxarılma əmri verilmişdir. İddiaçı 26 iyul 2021-ci il tarixdə cavabdeh Dövlət Sərhəd Xidmətinə müraciət etsə də, bu günədək əmrin surətini ala bilməmişdir. Halbuki, hərbi qulluqçuların müraciətinə 15 gün müddətində cavab verilməlidir. O, Dövlət Sərhəd Xidmətində 29 il xidmət etmiş, 1-ci dərəcə kapitan kimi xidmət dövrü ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və qüsursuz olaraq olaraq gəlmişdir. Xidməti layiqincə qiymətləndirilərək medallarla təltif edilmişdir: “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətə görə”, “Azərbaycan Respublilkası Silahlı Qüvvələri 20 il qüsursuz xidmətə görə” medalları. Səhhəti ilə bağlı yaranmış problemlə əlaqədar öz vəzifə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyi üçün 4 may 2021-ci il tarixli işdən azad olunması ilə bağlı raport yazmışdır. 16 may 2021-ci il tarixdə o, müayinə üçün hərbi həkim komissiyasına göndərilmişdir. 31 may 2021-ci il tarixli “Hərbi həkim komissiyasının rəyi”ndə onun hipertoniya xəstəliyindən əziyyət çəkdiyi və sıradankənar hərbi xidmətə yararlı olması öz əksini tapmışdır. Onun məhkəməyə müraciəti heç bir qanuni əsas və heç bir ətraflı araşdırma olmadan işdən çıxarılması ilə bağlıdır. İşdən çıxarılmasında birinci səbəb olur ki, 4 iyul 2021-ci il tarixdə dostu C.Bədəlov onu öz ad gününü qeyd etmək üçün Bakı şəhərindəki “Bakı” kafesinə dəvət etmiş və təxminən 4 – 5 saat davam etmiş həmin tədbirdə Rövşən Əliyev adlı şəxs də iştirak etmişdir. İddiaçının həmin şəxslə əvvəldən, nə də tədbirdən sonra münasibəti olmamışdır. Həmin şəxs tədbirdə 2 saat qaldırdan sonra oranı tərk etmişdir. İddiaçı 12 – 13 iyul 2021-ci il tarixlərdə Neftçala rayonunda ezamiyyətdə olmuş və ezamiyyətdən qayıtdıqdan sonra sözügedən tədbirdə çəkilmiş şəkillərdəki görüntülərlə əlaqədar hərbi hissə komandiri onu öz yanına çağırmışdır. Hərbi hissə komandiri ondan 40 dəqiqə ərzində izahat almış, “balıqçılardan kimi tanıması”, “balıqçılarla nə vaxt görüşməsi” kimi suallar vermişdir. R.Əliyev qayıq sahibi olan şəxsdir, 5 iyul 2021-ci il tarixdə qayığın heyət üzvü olan balıqçıları özbaşına dənizə göndərmişdir. Həmin şəxslər dənizə özbaşına getdikləri üçün mühafizə orqanı tərəfindən tutulmuşlar. İddiaçı R.Əliyevlə şəxsi və ya xidməti münasibətlərdə olmadığından, bu hadisələr barədə məlumatı C.Bədəlovdan alımışdır. R.Əliyevin dindirilməsində əsas məqsəd onun dənizə kim tərəfindən göndərilməsinin dəqiqləşdirilməsi olmuşdur. İddiaçının Peşəkar hazırlıq şöbəsinin müdiri kimi vəzifə səlahiyyətləri hər kəsə məlumdur. Onun bu işdə hər hansı marağı olmamışdır. Digər bir səbəb isə, “məharət dərəcəsinin saxtalaşdırılması” ilə bağlıdır. Komandirin qəbulunda olan zaman verilən digər sualdan biri “məharət dərəcəsinin saxtalaşdırılması ilə bağlı nə bilirsən?” olmuşdur. Məharət dəcəcəsi saxtalaşdırılan 6 nəfər şəxsin adları çəkilərək bu haqda nə məlumat olduğu və bunun kim tərəfindən edildiyi soruşulmuşdur. İddiaçı isə, məsələdən xəbərdar olmadığını bildirmişdir. Məharət dərəcələri ilə bağlı Peşəkar hazırlıq şöbəsi tərəfindən 2 nüsxədə sənəd tərtib edilmişdir. Sənədlərdən biri həmin şöbədə, digəri isə Məxfi şöbədə saxlanılır. Peşəkar hazırlıq şöbəsində olan sənəddə heç bir dəyişiklik edilməmişdir. Məxfi şöbədə isə zərurət yarandıqda, sənəd müxtəlif şəxslər tərəfindən sənəd imza edilərək götürülə bilər. Qərargah rəsinin otağında iddiaçının bu işdə təqsirinin olmadığı, yalnız nəzarət edilməli olduğu bildirilmişdir. İddiaçı isə qeyd etmişdir ki, nəzarəti təkcə o deyil, komissiya üzvü olan 10 nəfər də etməlidir. Eyni zamanda, sənədlə bağlı nəzarət hər iki şöbə tərəfindən həyata keçirilməlidir. Məharət dərəcəsinin qiymətləndirilməsi 2021-ci ilin yanvar ayında keçirilmişdir və iddiaçı həmin dövrdə “Covid- 19” virusuna yoluxmuşdur. Komissiyanın iclasında iştirak etsə belə, nə səhhəti, nə də xarakteri belə bir saxtakarlığın həyata keçirilməsinə yol verə bilməzdi. İddiaçının saxtakarlıq etməməsi müəyyən edilmişdir. Lakin bununla bağlı iclasın yekunu olaraq protokol tərtib edilmiş və bildirilmişdir ki, iddiaçının rütbəsi bir pillə aşağı salınacaq və “xidməti uyğunsuzluq”la işdən xaric olunması barədə qərar qəbul ediləcək. İddiaçı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) 23 iyul 2021-ci il tarixdən 5 oktyabr 2021-ci il tarixədək 75 gün müddətinə növbəti məzuniyyət verilməklə və 5 oktyabr 2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Eyni zamanda, onun rütbəsi bir pillə (2-ci dərəcəli kapitan) aşağı salınmışdır. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsində qeyd edilir ki, hərbi vəzifəlilərin hərbi rütbəsi intizam tənbeh tədbirləri müsbət nəticə vermədkdə bir pillə aşağı salına bilər. Eyni anda “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmağı və heç bir intizam tədbiri tətbiq edilmədən rütbəsinin aşağı salınmasından aydın olur ki, məsul şəxslər tərəfindən araşdırma düzgün və ətraflı ararılmamışdır. Qeydiyyatda olduğu hərbi hissə yuxarıda sadalanan hadisələrlə bağlı düzgün araşdırma aparmadan yanlış qərar vermişdir. Xidmət illəri ərzində “qüsursuz xidmət” etdiyi hamıya məlum olduğu üçün bu atılan addım ilk növbədə onun (iddiaçının) peşəkar fəaliyyətinə ləkədir. İddiaçıya qarşı yaradılmış olan bu kompaniya onun işdən öz səhhətində yaranan problemlə bağlı çıxmaq istəyi ilə əlaqədardır. Xidmət illəri ərzində töhmət belə almamış hərbçi kimi öz xidməti fəaliyyətini yekunlaşdırmaq istədiyi zaman belə hadisələr cərəyan edir. Bu heç də təsadüf deyil. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci maddələrinə əsaslanaraq, İPM-in 33-cü maddəsini rəhbər tutaraq, cavabdehin iddiaçının işdən çıxarılması barədə qərarının ləğv edilməsi, iddiaçının işə bərpa olunması və rütbəsinin qaytarılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanlanmış 15 yanvar 2022-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - DSX-nın sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 7 avqust 2019-cu il tarixli 948 ş/h nömrəli əmri ilə Sahil Mühafizəsinin qərargah rəisinin müavini – peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin vəzifədə xidmət etdiyi müddətdə yol verdiyi nöqsanlara və xidməti vəzifələrinin icrasına səthi yanaşdığı üçün Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov tərəfindən Sahil Mühafizəsinin rəisinə raportla müraciət edilərək, onun (iddiaçının) X5 Komissiyasına çıxarılması xahiş olunmuşdur. Buna əsas olaraq bildirilmişdir ki, Sahil Mühafizəsinin qərargah rəisinin müavini – peşəkar hazırlıq şöbəsinin rəisi 1-ci dərəcəli kapitan İddiaçı rəhbərlik etdiyi şöbənin fəaliyyətinə zəif nəzarəti nəticəsində hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi işi nöqsanlarla aparılmış, qarşıya qoyulmuş tapşırıqlara səthi yanaşma nəticəsində heyətin “həyacan” siqnalı əsasında hərəkəti və döyüş tapşırığı qənaətbəxş olmamışdır. Bununla yanaşı, iddiaçı “Bakı” resporanında qaçaqmalçılıqla məşğul olan vətəndaş R.Əliyevlə görüşmüş, birgə şəkillər çəkdirmiş və onun qanunsuz fəaliyyəti barədə məlumatlı olmasına baxmayaraq, bu haqda heç kimə məruzə etməmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq İİR-dən Azərbaycan Respublikasına nərə cinsli balıqların qaçaq yolla gətirilməsi ilə məşğul olan, Azərbaycan Respublikası vətəndaşları Neftçala rayon sakinləri Sulduz Nağıyev və Taleh İsayev 1 ədəd bayda tipli üzmə vasitəsilə, həmçinin qeyd olunan qaçaqmalçılıq fəaliyyətini təşkil edən Neftçala rayon sakini R.Əliyev saxlanılmışdır. Saxlanılmış şəxs R.Əliyevin üzərindən çıxan smartfon tipli mobil telefona baxış zamanı onun sabiq hərbi qulluqçu İddiaçıla birlikdə bir neçə fotoşəkilləri aşkar edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı 4 iyul 2021-ci il tarixdə Neftçala rayon sakini Ceyhun Bədəlovun “Bakı” restoranında keçirilən ad günü tədbirinə dəvət olunmuş və orada dəvət olunanlar arasında R.Əliyevlə görüşmüşdür. Bununla yanaşı həmin tədbirdə onlarla birlikdə “Caspian Fish” şirkətinin nümayəndəsi Neftçala rayon sakini X4 da iştirak etmişdir. Qeyd olunanlarla yanaşı X7 bölməsinin rəisi ədliyyə polkovnik-leytenantı Əliəşrəf Qurbanov tərəfindən X9 hazırlıq şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan İsmayıl Teymurov tərəfindən Sahil Mühafizəsi rəisinin 29 yanvar 2021-ci il tarixli 056 nömrəli “Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi haqqında” əmrində əlavə dəyişiklik edilməsi ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar ayında Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçirilmiş imtahanların aktını və əmri cari ilin fevral ayında Peşəkar hazırlıq şöbəsinin zabiti baş leytenant Orxan Oruczadə tərəfindən hazırlanmışdır. Qeyd olunan əmr və akt sənədlərlə iş bölməsi tərəfindən imzalatdırıldıqdan sonra şöbəyə qaytarılmışdır. Sözügedən əmri təkrar testlərlə yoxlamaq məqsədi ilə Peşəkar hazırlığı şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan İ.Teymurov tərəfindən Peşəkar hazırlıq şöbəsinin rəisi 1-ci dərəcəli kapitan İddiaçı razılığı ilə təsdiq olunmuş əmrdə dəyişiklik edərək kapitan Yusif Babayevi, leytenant Orxan Quluzadəni, baş miçman Rahim Qurbanovu, gizir Ceyhun Məmmədovu, gizir Saleh Nağıyevi, gizir Bəhruz Ələsgərovu və kiçik gizir Əbdüləhməd Əliyevi sənəddə dəyişiklik edərək əmrə əlavə etmişdir. Nəticədə 2021-ci ilin fevral ayından iyul ayınadək kapitan Y.Babayevə 634,50 manat, leytenant O.Quluzadəyə 562,50 manat, baş miçman R.Qurbanova 142,50 manat, gizir C.Məmmədova 427,50 manat, gizir S.Nağıyevə 285 manat, gizir B.Ələsgərova 142,50 manat və kiçik gizir Ə.Əliyevə 285 manat olmaqla toplam 2.479,50 manat ödənilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı 1-ci dərəcəli kapitan İddiaçı 14 iyul 2021-ci il tarixdə X5 komissiyasının qarşısına çıxarılmışdır. İddiaçı məharət dərəcəsinin verilməsi prosesində aşkar olunmuş nöqsanlar onun şöbənin fəaliyyətinə zəif nəzarət etməsi səbəbindən baş verdiyini etiraf etmişdir. Arzuolunmaz şəxslərlə (qaçaqmalçılıqla məşğul olan şəxs) bir məclisdə olmasını təsadüf nəticəsində olduğunu bildirərək, birgə şəkillərin çəkilməsi məclisin gedişatında baş verdiyini söyləmişdir. Tədbirdə görüşdüyü şəxslə tanış olsa da, onunla son zamanlar heç bir əlaqəsinin olmadığını bildirmiş, lakin qeyd olunan hadisənin Sahil Mühafizəsinin rəhbərliyinə vaxtında məruzə etmədiyini nöqsan olduğunu etiraf etmişdir. Attestasiya komissiyasının yekun rəyinə əsasən 1-ci dərəcəli kapitan İddiaçı xidməti fəaliyyə zamanı ciddi nöqsanlara yol verdiyi və sərhədçiyə yaraşmayan etik-davranış qaydalarını pozduğu üçün Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsinin “e” bəndinə müvafiq olaraq hərbi rütbəsi bir pillə aşağı salınmaqla «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. Həmin attestasiya komissiyasının yekun rəyi İddiaçı elan edilmiş, lakin o, həmin sənədlərə imza etməkdən imtina etmişdir. Bununla bağlı 14 iyul 2021-ci il tarixdə Q/2848 nömrəli akt tərtib edilmişdir. Attestasiya komissiyasının yekun rəyinə əsasən Dövlət Sərhəd Xidməti rəisinin 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmri ilə 1-ci dərəcəli kapitan İddiaçı Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsinin “e” bəndinə müvafiq olaraq hərbi rütbəsi bir pillə aşağı salınmaqla «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı iddia ərizəsində Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidməti müddəti ərzində qüsursuz xidmət etdiyini bildirsə də, ona məxsus xidmət vərəqəsindən görünür ki, ona 24 may 2017-ci il tarixdə “hərbi qulluqçularla ünsiyyət qaydalarını pozduğuna görə” Sahil Mühafizəsinin rəisi tərəfindən “şiddətli töhmət”, 5 yanvar 2020-ci il tarixdə “sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə” Sahil Mühafizəsinin qərargah rəisi tərəfindən “töhmət”, 13 oktyabr 2020-ci il tarixdə vəzifə borcunun zəif icrasına görə Sahil Mühafizəsinin rəisi tərəfindən “töhmət” elan edilmişdir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Silahlı X2»nin 1-ci maddəsinə görə hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Göstərilənlərə və İntizam Nizamnaməsinin 43-cü maddəsinə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə, İPM-in 38-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsaslanaraq, iddianın əsassız olduğunun nəzərə alınması və təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmrin ləğv olunması və iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə əmr verilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı X2»nin 19-cu maddəsinə əsasən bu Nizamnamənin müddəaları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, sərhəd və daxili qoşunlarının bütün hərbi qulluqçularına, toplanışa çağırılan vaxt hərbi vəzifəlilərə, ehtiyatda və istefada olan və hərbi forma geymiş gizirlərə (miçmanlara), zabitlərə, generallara və admirallara aiddir. İntizam Nizamnaməsinin 67-ci maddəsinin “e” bəndinə görə zabitlərə hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə əsasən hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: - (41.0.6) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); - (41.0.9) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1-ci maddəsinə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Əsasnamənin 15-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: - öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etmiş zabitlər. Əsasnamənin 69-cu maddəsinə görə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı X2 ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular tutduqları vəzifədən asılı olmayaraq, Azərbaycan Respublikası Silahlı X2 ilə müəyyən edilmiş müddət bitdikdə, hərbi rütbənin aşağı salınması haqqında qərar qəbul etmiş, onlara bərabər və onlardan yuxarı səlahiyyətlərə malik olan rəislərin əmrləri ilə hərbi rütbədə bərpa edilirlər. Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənə və növbəti hərbi rütbə verilənə kimi hərbi rütbəsinin təkrarən aşağı salınmasına yol verilmir. Əsasnamənin 101-ci maddəsinə görə bilavasitə rəisin, böyük rəisin, yaxud attestasiya komissiyasının attestasiya edilən zabitin tutduğu vəzifəyə uyğun olmaması, aşağı vəzifəyə keçirilməsi, ya da ehtiyata buraxılması (ehtiyata yaşla, yaxud xəstəliklə əlaqədar buraxılmaqdan başqa) zərurəti haqqında nəticələri olan attestasiya vərəqəsi hərbi qulluqçuları həmin vəzifəyə təyin etmək hüququ olan rəis tərəfindən təsdiq edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 22.1-ci maddəsinə görə inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək mübahisələndirilən 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmrə münasibətdə belə qənaətə gəlir ki, sübutetmə yükü daşıyan cavabdeh əmrin verilməsinə əsas kimi təqdim olunan “attestasiya komissiyasının yekun rəyi” formal mülahizələrə istinad olunmaqla son nəticəyə münasibətdə həmin rəy üzrə tutarlı əsas gətirilməmişdir. Bu qənaət aşağıdakılarla əsaslandırılır: 1) Komissiyanın attestasiya vərəqəsində “vəzifə borclarının və verilmiş tapşırıqların icrasına məsuliyyətlə yanaşmağa çalışsa da, son vaxtlar bir sıra nöqsanlara yol verməklə tabeliyində olan şəxsi heyətə düzgün nəzarəti təşkil edə bilməmişdir”, “məharət dərəcəsi ilə bağlı prosesin sənədləşdirilməsi zamanı yaranan kobud nöqsanları vaxtında aşkar edə bilməmişdir”, “qanunsuz fəaliyyətlə məşğul olan arzuolunmaz şəxslərlə görüşməklə, onunla şəkil çəkdirməklə sərhədçi nüfuzuna xələl gətirmişdir” ifadələri əks olunmuşdur. Lakin nəzərə alınmalıdır ki. sadalanan hallar məcmusunda onun özünün hansı hərəkət və ya hərəkətsizliyi səbəbindən xidmət etdiyi sahədə (şöbənin faəliyyətində) uğursuz nəticələr yarandığı konkret bildirilməmişdir. 2) İddia ərizəsindən iddiaçının yaxın illərdə ayrı-ayrı mükafatlara layiq görülməsi, o cümlədən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması bildirilmiş və cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında bu təltiflərin mövcudluğu təkzib etməmişdir. Lakin ona həmin təltiflər verildiyi halda komissiya 15 iyul 2021-ci il tarixli müvafiq əmrin qəbuluna əsas olmuş attestasiya vərəqəsini tərtib edərkən hərbi qulluqçu kimi hazırkı İddiaçı təcrübəli əməkdaş olduğunu (1996-cı ildən idmət etmişdir) qeyd etsə də, tutduğu Peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsinə uyğun gəlməməsini və “xidməti uyğunsuzluğa görə xidmətdən ehtiyata buraxılması”nı məqsədəuyğun sayıldığını əsaslandırmamışdır. Məhkəmənin qənaətinə görə Dövlət Sərhəd Xidmətində zabit kimi uzun müddət xidmət etmiş və Xidmətin tabeliyindəki qurumlardan birinin “Peşəkar hazırlıq şöbəsi”nin rəisi vəzifəsinə təyin olunmuş, yüksək təltifə layiq görülmüş təcrübəli hərbi qulluqçunun çox da böyük olmayan müddət keçdikdən sonra xidməti fəaliyyətində attestasiya vərəqəsində qeyd olunan tərzdə mənfi xarakterli halların baş verməsi ağlabatan və məntiqi də görünmür. Azərbaycan Respublikasının 6 dekabr 1993-cü il tarixli 759 saylı Qanunu ilə təsdiq edilmiş «“Hərbi xidmətlərə görə” medalı haqqında Əsasnamə»nin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalı Azərbaycan Respublikasının hərbi qulluqçularına aşağıdakılara görə verilir: - öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə; - dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə. 3) Attestasiya vərəqəsində iddiaçının sərhədçi nüfuzuna xələl gətirdiyi göstərilmiş və bu, onun “qanunsuz fəaliyyətlə məşğul olan arzuolunmaz şəxslərlə görüşməsi, onunla şəkil çəkdirməsi” ilə əsaslandırılmışdır. Məhkəmə icraatında isə, “qanunsuz fəaliyyətlə məşğul olan” şəxs barəsində müvafiq ittiham hökmü və ya inzibati xəta haqqında qərarın mövcudluğu müəyyən edilməmişdir (cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir). Belə hal, “sərhədçi nüfuzuna xələl gətirən” hərəkət qismində qiymətəndirilə də bilməz. Göstərilən bütün xüsusatların məcmusunda məhkəmə hesab edir ki, hətta onun xidməti fəaliyyətində sadalanan nöqsanlar mövcud olsa belə seçilmiş intizam tədbiri, yəni rütbəsi bir pillə aşağı salınmaqla “xidməti uyğunsuzluğa görə” xidmətdən ehtiyata buraxılması qanuna, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində təsbit edilmiş “mütənasiblik prinsipi”nə, 58-ci maddəsinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15, 69-cu maddələrinə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 33.3, 41-ci maddələrinə ziddir. Məhkəmə bir halı da diqqətə çəkir ki, hazırkı məhkəmə icraatında iddiaçı mübahisələndirilən 15 iyul 2021-ci il tarixli əmrin qəbulundan əvvəl ehtiyata buraxılması barədə ərizə ilə aidiyyəti üzrə müraciət etdiyini bildirsə də, cavabdeh inzibati orqan bunu təkzib edən heç bir sübut gətirməmişdir. Halbuki, 10 ildən artıq zabit rütbəsində xidmət etmiş hərbi qulluqçu kimi onun müvafiq hüququ da yaranmışdır. Bu hal da, müvafiq əmrin adekvat addim və qərəzsiz hərəkət kimi qiymətləndirilməsinin əleyhinə çıxış etməklə yanaşı, bununla bağlı cavabdeh inzibati orqanın hərəkətsizliyi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Dövlət Sərhəd Xidmətinin 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmri qanuna zidd və İddiaçı hüquqlarının həyata keçirilməsinə maneələr yaradan, yəni hüquqlarının pozulmasına səbəb olan inzibati akt olduğundan ləğv edilməli və iddiaçının hərbi xidmətdən “öz arzusu” ilə ehtiyata buraxılması barədə əmr verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Sərhəd Xidmətinin 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmri ləğv edilsin. İddiaçı hərbi xidmətdən “öz arzusu” ilə ehtiyata buraxılması barədə əmr verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2046/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2046/2022
11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver