Məhkəmə qərarları › İş №2-1(112)-2046/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2046/2023

24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2046/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X2, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə uçota alınma” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınmasına dair verdiyi ərizə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təmin edilməmişdir. Cavabdeh imtinasını “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların üçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə istinad etməklə onların son 7 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamadıqları ilə əsaslandırmışdır. O, imtina ilə razı deyil, onu əsassız sayır və belə qənaətdədir ki, inzibati orqanın vəzifəli şəxsinin hərəkətsizliyi onun qanuni mənafeyini və mənzil hüququnu pozur. Belə ki, o, xx.xx.1978-ci ildə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmaqla X6 ilə nikaha daxil olmuş, 11 il müddətində Bakı şəhərində onunla birgə yaşamış, eyni təsərrüfat aparmışdır. Rəsmi nikahlarından övladı X5 xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1 1990-cı ildə 20 Yanvar faciəsi zamanı həlak olmuş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 695 saylı “20 Yanvar Şəhidi fəxri adının təsis edilməsi haqqında” Fərmanına uyğun olaraq ona “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazdan istifadə etmək hüququndan yararlanmaq üçün 1993-cü ildə, həmin vaxt yaşadığı yer üzrə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmışdır. Sonradan, xx.xx.1996-cı ildə oğlu ilə birlikdə İsrail dövlətinə köçüb Təl-Əviv şəhərində yaşamışdır. xx.xx.2021-ci ildə barəsində “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. 2019-cu ilin dekabr ayından daimi yaşamaq üçün oğlu ilə birlikdə Bakı şəhərinə köçmüş, baldızının mülkiyyətindəki mənzildə qeydiyyata alınmışlar. Həmin vaxtdan oğlu ilə birgə kirayədə yaşayır. Digər tərəfdən hazırda ağır xəstədir, “20 Yanvar” şəhid ailəsi üçün təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdündən başqa müstəqil qazancı yoxdur. Oğlunun davamlı qazancı və təqaüdü ilə ayrıca mənzil almağı mümkün deyildir. Şəhid ailəsinin üzvü kimi dövlət hesabına mənzillə təmin edilmələrinə ciddi ehtiyacları var. Tələbi isə əsaslı olmaqla bərabər həm də qanunidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. İddiaçı isə son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatı olmadığından yuxarıda göstərilən qaydalara əsasən müraciəti təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının yaşayış yeri üzrə mənzil uçotuna götürülməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Elektron məhkəmə sistemindən əldə edilən məlumatlardan görünür ki, xx.xx.2022ci il tarixdə verilmiş, AA seriyalı, ******* №li şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1947-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən təsdiq edilən nikah akt qeydindən çıxarışdan görünür ki, xx.xx.1978-ci il tarixdə X6 ilə X12 arasında Xətai rayon Qeydiyyt Şöbəsi tərəfindən nikahın bağlanması haqqında 993 №li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən daxil olan xx.xx.2022-ci il sorğuya cavab məktubu əsasında “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli Qərarın surətindən görünür ki, xx xxxxxx 1947-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli 259 №li Fərmanı ilə təsdiq edilmiş vəsiqədən görünür ki, X3 “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli şəhid ailəsi üzvünün vəsiqəsinin notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı şəhid ailə üzvü kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışlardan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X4 və İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X9 20 Yanvar şəhidinin ailə üzvü kimi 500 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. - Suraxanı rayon Qaraçuxur bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Qaraçuxur Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, arxiv məlumatlarına əsasən İddiaçı adına qeydə alınmış daşınmaz əmlakın aşkar edilməmişdir. - Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İsmayılova (Kabribova) Asya Mixailovnana Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində mənzil şəraitinin yaxşılaşdırılması üçün yaşayış yeri üzrə mənzil növbəsinə dayanmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli eyni mzmunlu məktublarda iddiaçının 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə ünvanladığı sorğuya cavab məktubuna baxılaraq Sabunçu Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 1993 və 1994-cü ilə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sənədlərdə İddiaçı Mixayılovnanın (şəhid ailəsi kimi mənzil qeydiyyatı) barədə heç bir məlumatın olmadığı bildirilmişdir. İşin faktiki hallarından görünür ki, şəhid ailəsinin üzvü olan iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə uçota alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olmaqla 5 il ərzində yaşamadığını əsas gətirərək onun uçota götürülməsindən imtina etmişdir. Hazırda iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının - 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 28.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. Bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. Müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. Bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsasları Mənzil Məcəlləsinin 53.1-ci maddəsində konkret olaraq müəyyən edilmiş, lakin cavabdeh iddiaçıya münasibətdə həmin əsaslardan hər-hansı birinə istinad etməmiş, sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırması ilə iddiaçının mərhum əri və oğlu ilə birlikdə uzun müddət Bakı şəhərində yaşaması və övladının da bu şəhərdə doğularaq hazırda da Bakı şəhərində yaşaması iş materialları və məhkəmədə iddiaçı tərəfin izahatları ilə təsdiqlənmiş, eləcə də onların mülkiyyətində torpaq sahəsi, mənzil, ev aşkar edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi onun qanunvericiliklə təminat verilən konstitusion mənzil hüququnu məhdudlaşdırmışdır. Məhkəmə cavebdehin imtinası üçün əsas olan dəlilinə münasibətdə həmçinin bildirir ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur. Həm də işin hallarından da göründüyü kimi, iddiaçı şəhid ailəsinin üzvüdür. Qanunverilicilik isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələrini yaşayış sahəsi ilə birinci növbədə təmin olunmasını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlıdır. Odur ki, iddia təmin edilməli və iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldi: İddia təmin edilsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar