Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2047/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müavinətlərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müavinətlərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 01 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən xidməti dövründə hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin Qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən xidmət etdiyi xx.xx.2002-ci il tarixdən 2014-cü ilədək, 2019 və 2021-ci illər üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin Qanunun 20.7-ci maddəsinə əsasən qeyd edilən illər üzrə müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbi xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan hissəsinə münasibətdə mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ildən 2022-ci ilin 15 fevral tarixinə qədər Müdafiə Nazirliyiyinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində müxtəlif hərbi hissələrdə Xüsusi Təyinatlı Kəşfiyyatçı kimi xidmətdə olmuşdur. 2020-ci ildə Vətən Müharibəsində iştirak etmiş, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuş, müxtəlif medallarla təltif olunmuşdur. Ehtiyata buraxıldıqdan sonra cavabdehə müraciət edərək xidmət etdiyi dövrdə almadığı təminatları tələb etmişdir. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən, Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. Həmin qanunun 20.7-ci maddəsinə əsasən, Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Həmin qanunun 20.10-cu maddəsinə əsasən, Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İddiaçı xidmət etdiyi bütün dövrdə kəşfiyyat subyekti olmaqla, döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. Buna baxmayaraq, qeyd edilən müavinətlər ona verilməmişdir. Bununla əlaqədar cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd edilmişdir ki, yalnız müdafiə nazirliyinin müvafiq əmrlərində qeyd edilən əməkdaşlara həmin müavinətlər verilməlidir. Halbuki qanunda belə bir istisna nəzərdə tutulmamış, hər hansı daxili əmrlə hansısa siyahının təsdiq olunması zəruri şərt kimi müəyyən edilməmişdir. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanununa və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 104 nömrəli Fərmanına uyğun olaraq kəşfiyyat və əks-kəşfiyyat subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı və onların müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət ödənilir. Qeyd edilən Qanunun 7.1.1-ci yarımbəndində göstərilən (“xarici dövlətlərin, təşkuiatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına təhdid edən real və potensial imkanları, hərəkətləri, planları və niyyətləri barədə məlumatların əldə edilməsi, təhlili və təhdidlərin proqnozlaşdırılması”) vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olaraq Müdafiə Nazirliyində kəşfiyyat fəaliyyətini həyata keçirən orqanların siyahısı müdafiə nazirinin əmri ilə elan olunur. Qanunda göstərilən vəzifələri yerinə yetirməyən, lakin ştatlarında kəşfiyyatçı vəzifələri müəyyən edilmiş hərbi hissələr subyekt elan edilmir. İddiaçı xüsusi təyinatlı hərbi hissələrdə xidmət etdiyi müddətdə yalnız 2015, 2016, 2018 və 2020-ci illərdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən onun N və N nömrəli hərbi hissələrdə tutduğu vəzifələr üzrə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının vəzifələri” siyahısında xüsusu qeydlə öz əksini tapmışdır. Həmin qeydə əsasən, Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat orqanlarının, o cümlədən N və N nömrəli hərbi hissələrin hərbi qulluqçuları, komandanlığın sərəncamına əsasən yalnız düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat (kəşfiyyat-diversiya) fəaliyyətini həyata keçirmək üçün təyin olunduqları və bu fəaliyyəti həyata keçirdikləri təqdirdə kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab olunurlar. İddiaçı 2015, 2016, 2018 və 2020-ci illərdə bu məbləğlərdə müavinətlər ödənilmişdir: xx.xx.2015-ci il tarixdə növbəti məzuniyyətə çıxarkən 1239,0 manat məbləğində müavinət; xx.xx.2015-ci il tarixfə müalicə olunması ilə bağlı 1239,0 manat məbləğində müavinət; xx.xx.2016-cı il tarixdə növbəti məzuniyyətə çıxarkən 1190,0 manat məbləğində müavinət; xx.xx.2016-cı il tarixdə müalicə olunması ilə bağlı 1237,0 manat məbləğində müavinət; xx.xx.2018-ci il tarixdə növbəti məzuniyyətə çıxarkən 1335,0 manat məbləğində müavinət; xx.xx.2018-ci il tarixdə müalicə olunması ilə bağlı 1335,0 manat məbləğində müavinət; xx.xx.2020-ci il tarixdə növbəti məzuniyyətə çıxarkən 1306,19 manat məbləğində müavinət; 2020-ci ildə müalicə olunması ilə bağlı xx.xx.2021-ci il tarixdə 1863,0 manat məbləğində müavinət. Qeyd edilən normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq İddiaçı 2017, 2019, N və 2022-ci illərdə hərbi hissə komandirinin əmri ilə kəşfiyyat-diversiya fəaliyyətinin icrasına cəlb olunmadığından həmin illərə görə ona kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları üçün nəzərdə tutulmuş müavinətlər ödənilməmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.10-cu maddəsində nəzərdə tutulmuş məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat dayıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli müvaviq qərarı ilə təsdiq edilmişdir. Kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı hesab edilməyən və ya subyektin əməkdaşı hesab edildiyi halda bu məlumat daşıyıcıları ilə işləməyə icazəsi olmayan hərbi qulluqçulara yuxarıda qeyd edilən artımlar ödənilmir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 186 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi sahədə kəşfiyyat fəaliyyətini həyata keçirən strukturlarının - kəşfiyyat fəaliyyəti subyektlərinin və onların əməkdaşlarının siyahıları Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təsdiq edilir. Bundan əlavə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat dayıyıcıları ilə işləyən hərbi qulluqçuların həmin sənədlərə buraxılışı nəzərə alınaraq əlavələrin miqdarı da Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə elan edilir. Qeyd edilən Fərmanın icrası ilə əlaqədar Müdafiə nazirinin müvaviq əmrləri ilə təsdiq edilmiş siyahılarda İddiaçı xidmət etdiyi vəzifələr göstərilməmişdir. Qeyd edilən normativhüquqi sənədlərin tələblərinə uyğun olaraq İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.10-cu maddəsində nəzərdə tutulmuş məxfi sənədlərlə işə görə əlavə ödəniş aparılmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: N №li hərbi hissənin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, istefada olan baş gizir İddiaçı xidmət müddətində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olub-olmaması və ona müvafiq hərbi qulluqçular üçün nəzərdə tutulmuş müavinətlərin verilib-verilməməsi haqda hərbi hissənin aidiyyəti vəzifəli şəxslərinin iştirakı ilə baxılaraq müəyyən olundu ki, o, xx.xx.2002-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N və N nömrəli hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmiş, hərbi hissədə xidmət etdiyi müddətdə tutduğu vəzifələri Azərbaycan Respublikası müdafiə nazirinin “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısının təsdiq edilməsi haqqında müvafiq əmrləri ilə təsdiq edilmiş siyahılarda “*” işarəsi ilə göstərilmiş, həmin əmrlərin tələblərinə əsasən hərbi hissə komandirinin əmr və sərəncamı ilə il ərzində düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyatdiversiya fəaliyyətində iştirak etdiyi təqdirdə şamil olunduğundan 2015, 2016, 2018, 2020ci illərdə Azərbaycan Respublikası müdafiə nazirinin 03 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müdafiə Nazirliyində xidmət edən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşlarına müavinətlərin ödənilməsi Qaydalarının 1.3, 2.1 və 3cü bəndlərinin tələblərinə uyğun olaraq “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6 və 20.7-ci maddələrində müəyyən edilmiş hüquqları (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşları üçün nəzərdə tutulmuş müavinətləri alması) təmin edilmişdir. Baş gizir İddiaçı 2017, 2019, N və 2022-ci illərdə hərbi hissə komandirinin əmri ilə kəşfiyyat-diversiya fəaliyyətinin icrasına cəlb olunmadığından yuxarıda göstərilən Qaydaların tələblərinə uyğun olaraq müvafiq illər üçün ona kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşları üçün nəzərdə tutulmuş müavinətlər ödənilməmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı Müdafiə Nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları təsdiq edilir. N və N №li hərbi hissələrdə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir. İddiaçı tutduğu vəzifə üzrə 2015, 2016, 2018 və 2020-ci illərdə Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilmiş, 2017, 2019, N və 2022-ci illərdə isə daxil edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N və onun tabeçiliyində olan hərbi hissələrdə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir və N nömrəli hərbi hissədə kəşfiyyat subyekti hesab edilən vəzifələr (bütün vəzifələr deyil) yalnız 2015-ci ildən etibarən təsdiq edilmişdir. N nömrəli hərbi hissədə xidmət etmək və ya döyüş əməliyyatlarında iştirak etmək kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı olması anlamını vermir və əməkdaş hesab edilən vəzifələr ayrıca əmr ilə elan olunur. İddiaçı tutduğu vəzifə üzrə 2015, 2016, 2018 və 2020-ci illərdə Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilmiş və ona Qanunun 20.6, 20.7-ci maddələrində nəzərdə tutulan müəvinətlər ödənilmişdir. 2017, 2019, N və 2022-ci illərdə isə Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilməməsi səbəbindən Qanunun 20.6, 20.7-ci maddələrində nəzərdə tutulan müəvinətlər ona şamil edilməmişdir. Tətbiq edilən hüquq: “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri 7.1. Kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri aşağıdakılardır: 7.1.1. xarici dövlətlərin, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına təhdid edən real və potensial imkanları, hərəkətləri, planları və niyyətləri barədə məlumatların əldə edilməsi, təhlili və təhdidlərin proqnozlaşdırılması; 7.1.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılması; 7.1.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və digər dövlət orqanlarının siyasi, iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhlükəsizliyin təminatı ilə bağlı digər sahələr üzrə qərarlar qəbul etməsi üçün zəruri kəşfiyyat məlumatları ilə təmin olunması; 7.1.4. Azərbaycan Respublikasının iqtisadi inkişafına, elmi-texniki tərəqqisinə və təhlükəsizliyinin hərbi təminatına köməklik göstərilməsi; 7.1.5. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən idarə və təşkilatlarında dövlət sirlərinin mühafizəsinin təmin edilməsi; 7.1.6. kəşfiyyat tədbirlərinin tətbiqi zamanı əks-kəşfiyyat təminatının həyata keçirilməsi; 7.1.7. texniki kəşfiyyatın həyata keçirilməsi; 7.1.8. əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat məlumatları ilə təmin edilməsi; 7.1.9. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyinin zəruri hallarda təmin edilməsi; 7.1.10. dövlət sirri təşkil edən məlumatların daşıyıcıları olan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə ezamiyyət müddətində təhlükəsizliyinin zəruri hallarda təmin edilməsi. ...... Maddə 20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.3. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. 20.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. 20.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hesabına həyata keçirilir. 20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. 20.8. Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablana bilər. 20.9. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə yetirdiyi zaman xidmət müddəti Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunmalıdır. 20.10. Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. 20.13. Xidməti vəzifələrinin icrası zamanı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir. 20.14. Əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 21. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin hüquqi və sosial müdafiəsi 21.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə kömək edən şəxslərin hüquqi və sosial müdafiəsi "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu və bu qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. 21.2. Məxfi əsasla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən və ya etmiş şəxslər haqqında məlumatlar dövlət sirri təşkil edir və onların açıqlanmasına yalnız bu subyektlərin rəhbərlərinin və göstərilən şəxslərin yazılı razılığı əsasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda yol verilə bilər. 21.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən və ya kömək etmiş şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmadıqda, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər. 21.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə əmək haqqı, mükafat və digər maddi təminatların verilmə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən xidmət etdiyi xx.xx.2002-ci il tarixdən 2014-cü ilədək, 2019 və 2021-ci illər üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin Qanunun 20.7-ci maddəsinə əsasən qeyd edilən illər üzrə müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi tələbini irəli sürmüşdür. İddia xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan hissədə mümkün sayılmamışdır. Hazırda 2011-2014, 2019 və 2021-ci illər üçün müavinətlərin verilməli olub-olmaması araşdırılmalıdır. İddiaçının tələb irəli sürdüyü müavinətlərin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı və 20.7-ci maddələrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə verilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan iddiaçının həmin müavinətləri almaq hüququnun olması üçün qeyd edilən dövrlərdə qeyd edilən subyektlərin dairəsinə daxil olmalı idi. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 7.1.1-ci yarımbəndində göstərilən (“xarici dövlətlərin, təşkuiatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına təhdid edən real və potensial imkanları, hərəkətləri, planları və niyyətləri barədə məlumatların əldə edilməsi, təhlili və təhdidlərin proqnozlaşdırılması”) vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olaraq Müdafiə Nazirliyində kəşfiyyat fəaliyyətini həyata keçirən orqanların siyahısı müdafiə nazirinin əmri ilə elan olunur. Qanunda göstərilən vəzifələri yerinə yetirməyən, lakin ştatlarında kəşfiyyatçı vəzifələri müəyyən edilmiş hərbi hissələr subyekt elan edilmir. Məhkəməyə təqdim edilmiş məlumata əsasən İddiaçı xüsusi təyinatlı hərbi hissələrdə xidmət etdiyi müddətdə yalnız 2015, 2016, 2018 və 2020-ci illərdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən onun N və N nömrəli hərbi hissələrdə tutduğu vəzifələr üzrə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının vəzifələri” siyahısında xüsusi qeydlə öz əksini tapmışdır. Həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı Müdafiə Nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları təsdiq edilir. N və N №li hərbi hissələrdə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir. İddiaçı tutduğu vəzifə üzrə yalnız 2015, 2016, 2018 və 2020ci illərdə Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilmişdir. Beləliklə, iddiaçının tələb etdiyi 2011-2014, 2019 və 2021-ci illər üçün o, kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müavinətlərin ödənilməsi” tələbinə dair iddiası 2011-2014, 2019 və 2021-ci illər üzrə müavinətlərin ödənilməsi hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-2047/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2047/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver