Məhkəmə qərarları › İş №2-1(112)-2048/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2048/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2048/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X9, X10, X12 və X7) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 7 ünvanında yerləşən 85 saylı mənzil İddiaçı (bundan sonra – İddiaçı) xüsusi mülkiyyətindədir.

2. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X2, X3, X5 və X6 (X7) qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh 082-26685T-3221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən göstərilən şəxslərin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirildiyini bildirmiş və iddiaçıya məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir.

4. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən orada qeydiyyatda olan X2, X3, X5 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X9, X10, X12 və X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması:

6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 7, mənzil 85 ünvanında yerləşən mənzili xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X4 almışdır, həmin mənzil onun mülkiyyətindədir. Üçüncü şəxslər alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasalar da, formal olaraq orada qeydiyyatda qalmışlar. İddiaçı xx.xx.2021-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək adı çəkilən şəxslərin göstərilən ünvandan qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli 082 26685T-3221 nömrəli məktubunda bundan imtina etmişdir.

7. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmiş və məhkəməyə ünvanladığı məktublarla işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

8. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

9. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

10. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

11. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

13. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

14. İddia həm də əsaslıdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli 859İK-SAB/2021 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 7, mənzil 85 ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X8 məxsus daşınmaz əmlak İddiaçı mülkiyyətinə verilmişdir. Müqavilənin 2.2.4-cü maddəsinə əsasən müqavilə notariat qaydasında təsdiqləndiyi tarixdən 30 gün ərzində ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq satıcının vəzifəsi kimi müəyyən edilmişdir. Müqavilə üzrə notariat işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********517, **********515, **********516 nömrəli notarial qaydada təsdiq edilmiş ərizələrə əsasən X11 və X14 mənzilin satılmasına və ipoteka qoyulmasına etiraz etməmişlər.

15. 112105440 qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

16. Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 5 nömrəli Mənzil istismar sahəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 7 saylı binanın 85 nömrəli mənzilində ********** saylı xx.xx.2021-ci il tarixli çıxarışa əsasən qeydiyyatsız yaşayır.

17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X9 xx.xx.2008-ci ildən hazıradək, xx.xx.2003-cü il X10 xx.xx.2017-ci ildən hazıradək, xx.xx.1969-cu il təvəllüdlü X12 xx.xx.1992-ci ildən hazıradək, xx.xx.1990-cu il təvəllüdlü X7 xx.xx.2008-ci ildən hazıradək Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, ev 7, mənzil 85 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktundan görünür ki, X2, X3, X5, X6 (X7) mübahisəli mənzildə istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

19. Beləliklə, Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, ev 7, mənzil 85 ünvanında yerləşən mənzilin İddiaçının mülkiyyətində olması, üçüncü şəxslərin hazırda həmin mənzildə yaşamaması və onların həmin mənzilə heç bir hüquqlarının olmaması məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq olunur.

20. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

21. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

22. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, yaxud həmin yaşayış sahəsində yaşamırsa, aydındır ki, çıxarılma və ya istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

24. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

26. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

27. Hazırkı məhkəmə qərarının 14-18-ci bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxs E.Padarova mübahisəli mənzilin keçmiş mülkiyyətçisi, digər üçüncü şəxslər isə onun ailə üzvləri olmuş, mübahisəli mənzil 2021-ci ildə iddiaçıya satılmış, bununla da mübahisəli əmlakla bağlı keçmiş mülkiyyətçinin və mənzildə qeydiyyatda olan bütün şəxslərin hüquqlarına xitam verilmişdir. Həmin şəxslər hazırda mübahisəli mənzildə yaşamırlar. Deməli, onların mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər mövcuddur.

28. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixli alqı satqı müqaviləsində mübahisəli mənzilin ünvanı ünvan 3ddiaçıya verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ünvanı ünvan 4.

29. Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 5-mkr., Asif Məhərrəmov küçəsinin adı təqribən 1996-cı ilə qədər Tağızadə olmuşdur.

30. Belə olan halda aydın olur ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında aldığı 85 saylı mənzilin yerləşdiyi küçənin əvvəlki adı Eldar Tağızadə, hazırkı adı isə Asif Məhərrəmovdur.

31. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* saylı arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, ev 7, mənzil 85 ünvanında X9, X10, X12, X7 yaşayış yeri üzrə qeydiyyatdadırlar.

32. Göründüyü kimi, ünvan 1 ünvanı ilə ünvan 5 olsa da, həmin ünvanda qeydiyyatda olan şəxslərlə bağlı fərqli məlumatlar mövcuddur.

33. Bu halı nəzərə alan məhkəmə hesab edir ki, mübahisəli mənzilin əvvəlki ünvanında keçmiş mülkiyyətçi və onun ailə üzvlərinin qeydiyyatının qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarına təsir edir. Cavabdeh orqan eyni mənzil olmasına baxmayaraq onları fərqli ünvan kimi qəbul etməklə, həmin şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, ev 7, mənzil 85 ünvanından qeydiyyatdan çıxarılmasını təmin etmir ki, bu da iddiaçının hüquqularını pozur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1991-ci il təvəllüdlü X2, xx.xx.2003-cü il təvəllüdlü X3, xx.xx.1969-cu il təvəllüdlü X5 və xx.xx.1990-cı il təvəllüdlü X1 ünvan 7 ünvanında yerləşən 85 nömrəli mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar