Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2048/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında 0.8775 ha torpaq sahəsində yerləşən bir mərtəbədən ibarət qeyriyaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq texniki pasportunun tərtib edilməsi və onun adına çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********19 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyri-yaşayış binasına dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə tam təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olaraq müəyyən edilmişdir. Sözügedən daşınmaz əmlaka dair yuxarıda qeyd olunan qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin əsilləri 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 578 nömrəli sərancamı ilə ünvan 1 ünvanında yerləşən 0.8775 kv.metr qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin plan-ölçüsünün tərtib edilməsi və həmin qeyri-yaşayış sahəsini onun adına qeydiyyata alınaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 578 nömrəli sərancamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 2578-ci məhəllə ünvanında yerləşən 1.095 ha torpaq sahəsi AR DİNnin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 177 nömrəli addan-ada keçirilməsi haqqında sərəncamına əsasən əvvəlki xx.xx.2001-ci il tarixli, 578 nömrəli sərancamla AR DİN-nin istifadəsinə verilmiş Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 2578-ci məhəllə ünvanında yerləşən 1.095 ha torpaq sahəsinin 0.9355 ha hissəsi avtomobil servisi və anbar tikintisi məqsədilə "xxxx" MMC-nin icarə əsasında isifadəsinə verilərək sonuncunun adına rəsmiləşdirilməsi qərara alınmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, 226 nömrəli sərəncamı əsasında Dövlət Xidməti ilə “SR Construction Co" MMC arasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 2578-ci məhəllə ünvanında yerləşən 0.8775 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1182 nömrəli müqavilə bağlanaraq avtomobil servisi və anbar tikintisi üçün MMC-nin istifadəsinə verilmişdir. AR ƏMDK yanında DƏDRX həmin torpaq sahəsini qeydiyyata alıb, “SR Construction Co" MMC-nin adına çıxarış vermiş, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi isə Torpaq sahəsinin planı və ölçüsünü tərtib etmişdir. Bundan sonra "xxxx" MMC istifadəsində olan 0.8775 ha torpaq sahəsinin icarə hüquqlarını xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. DƏDRX torpaq sahəsini qeydiyyata alaraq iddiaçıya çıxarış vermiş, Xidmətin 1 saylı Bakı Ərazi idarəsi isə Torpaq sahəsinin planı və ölçüsünü tərtib etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 1515 nömrəli sərəncamı əsasında Dövlət Xidməti ilə iddiaçı arasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 2578-ci məhəllə ünvanında yerləşən 0.8775 ha torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı icarəyə götürdüyü həmin torpaq sahəsində sərəncama uyğun olaraq avtomobil servisi və anbar inşa etdirmişdir və oradan istifadə edir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün müvafiq tapşırıq verməsini xahiş etmiş, lakin Xidmət 19 aprel 2022-ci il tarixli, **********27 saylı məktubla bildirmişdir ki, fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında əsasnaməyə uyğun olaraq sənədlər toplusu tam təqdim edildikdən sonra həmin məsələyə baxıla bilər. Bundan sonra ünvan 1 ünvanında 0.8775 ha torpaq sahəsində yerləşən bir mərtəbədən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata alaraq texniki pasportunun tərtib edilməsi və onun adına çıxarışın verilməsinə dair müvafiq Ərazi Xidmətinə lazımi göstəriş veilməsini xahiş etmiş, lakin cavabdeh **********19 saylı, 29 iyun 2022-ci il tarixli məktubla bildirilmişdir ki, qeyri-yaşayış binasına dair qanunvericilikdə nəzərdə tutulmuş hiiquqmüəyyənedici sənədlər tam təqdim edilməmişdir. Cavabdeh bu imtinasında haqlı olmamışdır. Belə ki, təqdim edilən və qanuni qüvvədə olan sənədlərdən görünür ki, inzibati orqanların aktları ilə ünvan 1 ünvanda avtomobil servisi və anbar tikintisi üçün 0.8775 ha torpaq sahəsi ayrılmış və cavabdeh Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi həmin torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək, qeydiyyata alıb onun adına çıxarış vermişdir. Cavabdeh iddaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 578 nömrəli torpaq sahəsinin mövcud istifadə vəziyyətində təhkim edilməsi haqqında sərəncamından görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Bünyadov küçəsi, 2578-ci məhəllədə yerləşən Təcrübə-təmir sınaq zavodunun inzibati binası, binanın altındakı və sərəncama əlavə edilmiş sxemdə göstərilən, ona bitşik 1.095 ha olan torpaq sahəsinin mövcud istifadə vəziyyətində Daxili İşlər Nazirliyi Daxili qoşunların balansına verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 177 nömrəli torpaq sahəsinin bir hissəsinin addan-ada keçirilməsi haqqında sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 578 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istifadəsinə verilmiş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 2578-ci məhəllə ünvanında yerləşən 1.095 ha torpaq sahəsinin 0.9355 ha hissəsi avtomobil servisi və anbar tikintisi məqsədilə “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli, 1182 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilədən görünür ki, icarəyəverən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 2 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsi avtomobil servisi və anbar tikintisi məqsədilə “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə vermişdir. ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsinə MMC-nin icarə hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsindən görünür ki, “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 2 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsi üzərində olan icarə hüququnu İddiaçı satmışdır. İşdə olan 707928 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı istifadəsinə verilmiş ünvan 2 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xeyrinə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsinə iddiaçının icarə hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 1515 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilədən görünür ki, icarəyəverən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 8775.0 kv.m torpaq sahəsini İddiaçı istifadəsinə vermişdir. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsinə paralel yerləşən ərazidə 1 mərtəbəli mövcud ofis binasının memarlıq planlaşdırma həlli "xxxx" MMC tərəfindən tərtib edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, qeyri-yaşayış sahəsi hüquqmüəyyəndici sənəd və faktiki vəziyyəti eyni olmaqla əsas sahəsi 30 kv.metr, ümumi sahəsi isə 45 kv.metrdir. Akta əsasən qeyri-yaşayış binası layihəyə uyğundur. Əlavə tikili yoxdur. İddiaçı hazırda qanuni istifadəsində olan 0.8775 ha torpaq sahəsində inşa edilmiş həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: - Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. - Maddə 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. - Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - maddə 101.3. Bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; İstinad olunan normalardan görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən qeyri-yaşayış sahəsinin tikintisi üçün bu tikintiyə icazə, habelə tikinti başa çatdıqdan sonra istismarına icazə verilməsi zəruridir. Həmin əmlaka hüquqların qeydə alınması üçün isə müvafiq inzibati orqana həmin sənədlər mütləq təqdim edilməlidir. İşdən görünür ki, iddiaçı onun istifadəsində olan torpaq sahəsində inşa edilmiş ofis binasına hüququn qeydə alınması üçün cavabdeh orqana müraciət etsə də, həmin qeyriyaşayış sahəsinin tikintisinə və istismarına icazə sənədlərini cavabdehə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı mübahisəli əmlaka dair hüquqlarının dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş zəruri sənədləri təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2048/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2048/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver