Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2048/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və rəsmi cavab vermək öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli qərarın ləğv edilərək ona rəsmi cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 sentyabr 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 17 yaşında ailə qurub və həyat yoldaşı ilə Rusiya Federasiyasına köçüb. Rusiyaya köçdükdən sonra Azərbaycan vətəndaşlığından imtina edilmə barədə hər hansı orqana müraciət etməyib və bu barədə hər hansı təşəbbüsdə olmayıb. İddiaçının anası X6 və atam X2r və onlar Azərbyacan Respublikasının vətəndaşlarıdır. İşin faktiki halları ilə də görünür ki, iddiaçı 1998-ci ilə kimi, yəni ölkədən gedən vaxta kimi Azərbyacan Respublikasının vətəndaşı olub. Vətəndaşlıqdan çıxmanın, itirmənin və xitamın qanunvericilikdə əsasları vardır və iddiaçıda buəsaslara aid heçnə yoxdur. Lakin 2021-ci ildə ölkəyə qayıtdıqdan sonra cavabdehə müraciət etdikdə iddiaçıya 20 avqust 2021-ci il tarixli qərarla vətəndaşlığa mənsubiyyətin tanınmasından imtina edilmişdir. Həmin qərara əsas kimi qeyd edilmişdir ki, Bundan sonriddiaçı xəstəliyi ilə əlaqədar həmin qərardan şikayət verə bilməyib. Lakin 2024-cü ildə vətəndaşlığa mənsubiyyətin tanınması barədə ərizə verdikdə cavabdeh ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul etmişdir. Həmin qərarın qəbul edilməsinə əsas kimi “İnzibati icraat haqqında” qanunun 34.1-1 maddəsi göstərilmişdir. İddiaçının 2024-cü ildəki ərizəsilə hazırkı ərizəsinin əsasları isə tamam fərqli məsələləri ehtiva edir. Ona görə də cavabdeh tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli qərar ləğv edilməli və mənə iddiaçıya müvafiq cavab verilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və cavabdeh tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir. Cavabdeh tərəfindən MAPS-a ünvanlanmış xx.xx.2021-cü il tarixli sorğuya cavab olaraq iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı bildirilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir (sistem üzrə sorğunun cavabı əlavə edilir). Bundan başqa bildiririk ki, sözügedən qərar iddiaçıya təqdim edilmişdir. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, birinci dəfə cavabdehə müraciət edərkən yalnız öz doğum şəhadətnaməsinə əsaslanmışdır. Lakin, hesab edir ki, onun doğum şəhadətnaməsində uyğunsuzluq olduğu üçün ona imtina cavabı veriblər. Bu səbəbdən 2024-cü ildə valideynlərinin nikah haqqında şəhadətnaməsini də əlavə edərək cavabdehə müraciət edib. Bu səbəbdən hesab edir ki, hazırda 2021-ci ildə etdiyi müraciətdən fərqli məsələlər mövcuddur. Bu səbəbdən yenidən müraciəti üzrə inzibati icraat aparılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus ЖГ 479394 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1978-ci ildə Azərbaycan Respublikasında doğulmuşdur, atası X3, anası X1r. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iddiaçı cavabdehə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Həmin qərarla Azərbaycan Respublikası Nazirlər kbinetinin xx.xx.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndinə və 4.1-ci bəndinə əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Həmin qərarla iddiaçı barəsində artıq xx.xx.2021-ci il tarixli qərar qəbul edildiyindən iddiaçının xx.xx.2024-cü il tarixli müraciəti baxılmamış saxlanmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı barəsində Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə sübutları və iddia ərizəsinin dəlillərini tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, cavabdehin mübahisələndirilən qərarı xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Cavabdeh həmin qərarın iddiaçıya hər hansı tarixdə təqdim edildiyi barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə qərarın mübahisələndirilməsi üçün qanunla müıyyən edilmiş müddətin iddiaçı tərəfindən ötürülmədiyi qənaətinə gəlir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsi “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət” adlanır. Həmin maddədə qeyd olunur ki, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qanunun qeyd olunan müddəalarından görünür ki, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti o zaman müəyyən olunur ki, onun Azərbaycan Respublikası vətəndaşı sayılmasına əsas verən hallar mövcud olsun, lakin vətəndaşlıq hüququ verən sənədləri səlahiyyətli dövlət orqanlarından əldə etmək imkanında olmasın və ya həmin sənədlərin qanuniliyinə şübhələr mövcud olmuş olsun. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nda göstərilmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir (1.2.). Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir (1.3.). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır (2.1.). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (4.4.). İşdən göründüyü kimi iddiaçı ilk dəfə 2021-ci ildə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarla iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. İddiaçı 2024-cü ildə yenidən eyni tələblə cavabdeh müraciət etmiş və cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla müraciət baxılmamış saxlanmışdır. Buna əsas kimi iddiaçının artıq bir dəfə eyni tələblə cavabdehə müraciət etdiyi və barəsində inzibati aktın qəbul edildiyi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2.). Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır (20.1.). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur (20.2.). İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1.). Ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; 34.1.2. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; 34.1.3. bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda (34.1.). Ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən inzibati akt formasında qərar qəbul edilir (34.2.). Bu Qanunun 34.1.3-cü maddəsində nəzərdə tutulmuş nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati orqana yenidən ərizə ilə müraciət edilə bilər (34.3.). Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda (35.1.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi ərizə ilə inzibati orqana müraciət etmiş şəxs barəsində ərizədə göstərilmiş eyni əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu halda onun ərizəsi baxılmamış saxlana bilər. Ərizəçi yalnız onun əvvəlki müraciətində mövcud olmayan sübutlar aşkar etdikdə, yaxud müraciət etdiyi vaxt mövcud olmuş şərait hazırda ərizəçinin xeyrinə dəyişdikdə ərizəçi yenidən həmin tələblə inzibati orqana müraciət edə bilər. Göründüyü kimi iddiaçının 2021-ci ildə etdiyi müraciətə əsasən cavabdeh tərəfindən qəbul edilmiş qərar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci bəndinə, yəni iddiaçının xx.xx.1998-ci ilədək Azərbaycan Respublikasında qeydiyyatda olmamasına əsaslanmışdır. Hazırkı iş üzrə məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məktubunda iddiaçının Azərbaycan Respublikasında qeydiyyatı barəsində heç bir məlumat aşkar edilmədiyi bildirilmişdir. Yəni, iddiaçının cavabdehə hazırkı müraciəti 2021-ci ildə etdiyi müraciətdən heç də fərqlənmir və ötən dövr ərzində iddiaçının xeyrinə dəyişən hər hansı hal baş verməmişdir. İddiaçı bununla bağlı məhkəmə tərəfindən verilən suallara cavab olaraq valideynlərinin nikah şəhadətnaməsini də müraciətə əlavə etdiyini bildirsə də, qeyd edilən hal yeni müəyyən edilmiş kimi qiymətləndirilə və iddiaçının tələbi üzrə cavabdeh tərəfindən yenidən araşdırma aparılmasına əsas verə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli qərarın ləğv edilərək ona rəsmi cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2048/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2048/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver