Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2050/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən ünvan 1 binanın qarşısında yerləşən 83 saylı qarajın sökülməsi nəticəsində vurulmuş ziyan olaraq 19.200 (on doqquz min iki yüz manat) vəsaitin tutulması və iddia ərizəsinin məhkəməyə təqdim edilən gündən qərarın icra edilən günədək 19.200 AZN vəsaitin Azərbaycan Respublikası Mərkəzi Bankının illik 5 faiz uçot dərəcəsinə əsasən faizlərin hesablanaraq cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən binanın qarşısında 83 saylı daş tikili qarajı iddiaçıya məxsus olmaqla Müdafiə Nazirliyinin Bakı şəhəri üzrə 4 saylı mənzil istismar sahəsi tərəfindən ona məxsus olduğu və tərəfindən kommunal xərclərin ödənildiyi həmin qurum ilə hətta müqavilə mövcuddur. Eyni cərgədə olan qarajlar qanunsuz olaraq sökülmüş və qeyri-qanuni sökülməyə son qoyulması məqsədi ilə müxtəlif qurumlara etmiş olduğu şifahi və yazılı müraciətlərə real və kompensasiyanın ödənilməsinə yönəlmiş münasibət bildirilməmişdir. İddia ərizəsinə əlavə edilmiş müxtəlif təşkilatlardan gələn cavablara əsasən qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 83 nömrəli daş tikili olan qarajın sökülməsi ilə əlaqədar müəyyən olunmuşdur ki, söküntü Dövlət ehtiyacları üçün - Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 53 nömrəli sərəncamına əsasən sökülmüşdür. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Nəzarət-təftiş şöbəsinin xx.xx.2021-ci il tarixli cavabında isə əmlaka kompensasiya ödənilmək əvəzində əsassız olaraq müraciətə baxılması Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Göründüyü kimi kompensasiya ödəmək əvəzinə əmlak qanunsuz olaraq sökülmüş və kompensasiya ödəməmək üçün müxtəlif əsassız yazışmalar ilə yayınılmışdır. Daş qarajın iddiaçıya məxsus olması dövlət orqanları tərəfindən qəbul edilib, lakin kompensasiya bu günə qədər ödənilməyibdir. Əmlakının dəyəri iddia ərizəsinə əlavə edilmiş qiymətləndirmə hesabatına əsasən 19.200 (on doqquz min iki yüz manat) təşkil etdiyindən və qarajın onun razılığı olmadan sökülməsi və kompensasiya məbləği ödənilmədən əmlakından məhrum edildiyindən, iddia ərizəsi məhkəməyə təqdim edilən gündən məhkəmə qərarı icra edilən günədək Azərbaycan Respublikası Mərkəzi Bankının illik uçot dərəcinə əsasən 5 faiz hesablanmaqla vəsaitin tutulması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 039-14198-1222 nömrəli məktubu ilə təqdim olunmuş iddiaya yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “vurulmuş ziyanın və faizlərin hesablanaraq tutulması” tələbinə dair iş üzrə məhkəmə sərəncamının icrası haqqında məktubunuza baxılmışdır. Müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 53 nömrəli sərəncamı ilə Nəsimi rayonu, Ə.Salamzadə küçəsində yerləşən 0,12 ha torpaq sahəsi Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin inzibati binasının tikintisi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin daimi istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsinin yer quruluşu planında həmin ərazinin dövlət mülkiyyətində olduğu göstərilmiş və orada vətəndaşlara məxsus daşınmaz əmlakın mövcudluğu qeydə alınmamış, inşaat işlərinə başlanılma ərəfəsində həmin sahədə hər hansı bir tikili mövcud olmamış və İddiaçı məxsus olmasını bildirən daşdan tikili qaraj üzərində mülkiyyət hüququnu tanıyan sənəd və məlumatlar təqdim edilməmişdir. Göstərilənlər baxımından, vətəndaş İddiaçı iddiasının əsasız hesab edilərək rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh və üçüncü şəxsə məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında nümayəndələri vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 13-19/2/H-072 nömrəli məktubunda bildirilmişdir ki, “Torpaq sahəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daimi istifadəsinə verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 53 saylı, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsində yerqurluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsi daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tənzimlənməsi şərti ilə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin yeni inzibati binasının tikintisi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daimi istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 1049 nömrəli məktubunda bildirilmişdir ki, sizin istifadəsində olan - ünvan 4 ünvanında yerləşən 83 nömrəli daş tikili qarajın sökülməsi ilə əlaqədar cavab olaraq bildirilir ki, yerində araşdırıldı və müəyyən oldu ki, söküntü Dövlət ehtiyacları üçün - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 53 nömrəli sərəncama əsasən sökülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı rayon Mənzil-İstismar Hissəsi 4 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2017-ci il tarixli, 717 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ona görə ki, onun 4 saylı Mənzil İstismar Sahəsinin ərazisində Tağızadə küçəsi 9 saylı binanın qarşısında yerləşən qarajlar içərisində 83 saylı daş qarajı vardır. Qaraj İddiaçı istifadəsindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı rayon MİH-nin 4 saylı Mənzil İstismar Sahəsi ilə Tağızadə küçəsi 9 saylı binanın qarşısında yerləşən 83 saylı daş qarajın sahibi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı hər ay, ay ərzində faktiki göstərilən xidmətə görə kalkuyasiya əsasında göstərilən 0,24 məbləğdə pul vəsaitini 4 saylı Mənzil İstismar Sahəsininin mühasibatlığına ödəməyi öz öhdəsinə götürür. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021ci il tarixli, 74870/17 nömrəli məktubu ilə göndərilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 53 nömrəli sərəncamına əsasən ünvan 5 ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tənzimlənməsi şərti ilə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinin yeni inzibati binasının tikintisi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusu əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı 028-410-1221 nömrəli məktubunda bildirilmişdir ki, əraziyə ilkin baxış zamanı torpaq sahəsinin yaşayış evləri yaxınlığında olduğundan ərazinin ölçüsünün 0.10-0.12 hektar arasında olduğu müəyyən edilmişdir. Ayrılması nəzərdə tutulan, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən dövlət mülkiyyətinə aid torpaq sahəsinin yerquruluşu işləri aparılarkən sahənin 0.12 hektar olduğu dəqiqləşdirilmiş və müvafiq yerquruluşu planı tərtib edilərək, həmin torpaq sahəsinin ayrılmasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən razılıq bildirilmişdir. Qeyd olunanlar baxımından, nəzərdə tutulan 0.12 hektar torpaq sahəsinin göstərilən koordinatlar daxilində sözügedən məqsədlər üçün ayrılmasında köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 5 №-li Mənzil-İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 05 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Qarnizonu Mənzil İstismar hissəsi 5 №-li Mənzil İstismar sahəsinin balansında Nəsimi rayonu, Tağızadə küçəsi 9 saylı ünvanda İddiaçı istifadəsinə verilməsinə əsas olan heç bir sənəd yoxdur. Həmin sahədə “Polis İdarəsi” tikildiyi üçün sözügedən və başqa qarajlar onlar tərəfindən sökülmüşdür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 028-462-1222 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası DİN-in Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin yeni inzibati binasının tikintisi üçün istifadəyə verilmiş 0.12 ha torpaq sahəsi müvafiq qurumların rəyləri nəzərə alınmaqla, Bakı Şəhər İcra Hakimiyyətinin 2021-ci il 10 mart tarixli 53 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin daimi istifadəsinə verilmiş, şəhərsalma və tikintiyə dair qanunvericiliyin tələblərinə əsasən müvafiq qaydada tikintiyə icazə sənədi alınaraq inşaat işlərinə başlanılmışdır. Tikintinin başlanıldığı vəziyyətə görə ayrılmış sahədə vət. İddiaçı məxsus hər hansı tikilinin mövcud olması aşkar edilməmiş, iddiaçı tərəfindən ona məxsus olduğu bildirilən tikili ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilməmiş və Daxili İşlər Nazirliyi tərəfindən həmin ərazidə heç bir söküntü işləri aparılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 6/257 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 53 saylı, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsi 20-ci polis bölməsinin yeni inzibati binasının tikilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ayrıldığı və Nazirliyi tərəfindən həmin ünvanda söküntü və tikinti işlərin aparıldığı üçün həmin ünvanda sökülmüş əmlak istifadəçilərin razılığın alınıb-alınmaması, müvafiq kompensasiyanın ödənilib-ödənilməməsi barədə Nəsimi Rayon İcra Hakimiyyətində məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin xx.xx.2022-ci il tarixli, 832 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi 9 ünvanında yerləşən qarajla bağlı Bakı Qarnizonu Mənzil-İstismar hissəsində heç bir rəsmi sənəd qeydə alınmamışdır. Həmin məktubla təqdim edilmiş 5 №-li Mənzil-İstismar Sahəsinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinə ünvanladığı arayışda qeyd olunmuşdur ki, Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin təminatında olan 5 nömrəli Mənzil-İstismar sahəsinin ərazisində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 9 nömrəli binanın qarşısında olan 83 nömrəli daş qarajı vətəndaş İddiaçı istifadəsində olmuş, hal-hazırda qarajın sökülməyinə baxmayaraq, qaraja aid heç bir rəsmi sənəd yoxdur. Beləliklə, işin hallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2021ci il 10 mart tarixli 53 nömrəli Sərəncamı ilə ünvan 9 ünvanında 0.12 ha torpaq sahəsi ərazinin Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin yeni inzibati binasının tikintisi üçün AR Daxili İşlər Nazirliyinin daimi istifadəsinə verilmişdir. İddiaçı həmin ünvanda 83 nömrəli daş qarajın onun istifadəsində olduğunu, qeyd edilən sərəncama əsasən həmin qarajın kompensasiya ödənilmədən söküldüyünü, bununla da ona ziyan dəydiyini iddia edərək hazırkı tələbində 19.200 manat məbləğində real maddi zərərin və həmin vəsait ödənilən günədək illik 5 % faiz məbləğinin ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qarajın sökülməsinə görə kompensasiyanın ödənilməsi ilə bağlı o cümlədən cavabdeh Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin müraciətə cavab verilməmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğunolaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göründüyü kimi, torpaqların dövlət ehtiyacları üçün alınması əsasları qanunvericiliklə dəqiq müəyyən edilmiş, iddiaçının iddia etdiyi qarajın dövlət ehtiyacları üçün alınması iş materialları ilə müəyyən edilmir. Hazırkı iş üzrə Bakı Şəhər İcra Hakimiyyətinin 53 saylı, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsinin 20-ci polis bölməsinin yeni inzibati binasının tikilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ayrıldığı və həmin ünvanda söküntü və tikinti işlərin aparıldığı işin mübahisələndirilməyən halıdır. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub- qoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Beləliklə, müəyyən edilməli olan hal iddiaçının sökülən ərzidə iddia olunan daş qaraja dair mülkiyyət hüququ və ya “qanuni gözləntisi” varmı? İşin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 9 nömrəli binanın qarşısında yerləşən qarajlar içərisində 83 saylı daş qarajı mövcud olmuş, qaraj Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olmuşdur. Sözügedən qarajın İddiaçı qanuni istifadəsində olması ilə bağlı hüquqmüəyyənedici sənəd (balansaxlayıcının qarajın iddiaçının istifadəsinə verilməsi barədə inzibat aktı, bağlanmış icarə müqaviləsi və s.) eləcə də daş tikili olduğundan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqan tərəfindən tərtib edilmiş texniki pasportu təqdim edilməmişdir. İddiaçı qarajın ona məxsus olması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı rayon MİH-nin 4 saylı Mənzil İstismar Sahəsi ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə istinad etmişdir ki, iş materiallarına əlavə edilmiş sözügedən müqavilə qarajın iddiaçının qanuni istifadəsinə ayrılması ilə bağlı balansaxlayıcı tərəfindən verilmiş hüquqmüəyyənedici sənəd hesab olunmur. Adıçəkilən müqavilə yalnız həmin əraziyə xidmət edən mənzil istismar sahəsi ilə iddiaçı arasında bağlanmış xidmət müqaviləsidir və bu müqavilə qarajın iddiaçıya “ayrılması” mahiyyətində çıxış etmir. Bundan əlavə iddiaçının istinad etdiyi Müdafiə Nazirliyi Bakı rayon Mənzil-İstismar Hissəsi 4 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 83 saylı daş qarajın İddiaçı istifadəsində olması ilə bağlı verdiyi xx.xx.2017-ci il tarixli, 717 nömrəli arayış da hüquqverici sənədi ehtiva etmir, həmin sənəd adından da göründüyü kimi qarajın faktiki istifadədə olmasını ifadə edən “arayış”, “məlumat” mahiyyətində olan sənəd qismində çıxış edir. Qeyd edilməlidir ki, məhkəmə sorğusuna cavab olaraq balansaxlayıcı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin və 5 №-li Mənzil-İstismar Sahəsinin cavab məktublarında Nəsimi rayonu, Tağızadə küçəsi 9 saylı ünvanında yerləşən 83 nömrəli arajın İddiaçı istifadəsinə verilməsinə əsas olan heç bir sənədin olmadığı bildirilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 53 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamında ünvan 9 ünvanında 0.12 ha torpaq sahəsinin Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin yeni inzibati binasının tikintisi üçün Daxili İşlər Nazirliyinin daimi istifadəsinə verilməsi zamanı məhz həmin ərazidə “qeydə alınmış daşınmaz əmlakların istidadəçiləri (mülkiyyətçiləri)” ilə qarşılıqlı razılıq əsasında söküntü-tikinti işlərinin aparılması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə sərəncamda nəzərdə tutulduğu kimi iddiaçının iddia etdiyi qaraja dair istifadə və ya mülkiyyət hüquqularını təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda yuxarıda da qeyd edilən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin predent hüququna əsasən iddiaçının qeyd edilən qaraja dair əmlak hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” mövcud olmamışdır. Mübahisəli tikiliyə münasibətdə iddiaçının mülkiyyət hüququ və ya mülkiyyət hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından həmin əmlaka münasibətdə müvafiq kompensasiyanın ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2050/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2050/2022
21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver