Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-20527/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rrayon Polis İdarəsinin 17-ci polis bölməsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə qarşı “şəxsi məlumatların və əlaqə vəsaitlərinin alınması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə qarşı AR DİN Nərimanov RPİ 17-ci polis bölməsinin sahə müvəkili və Nəsimi RPİ 19-cu polis şöbəsinin sahə müvəkkili barəsində məhkəməyə müraciət etməyi üçün bu idarələrdən həmin şəxslərin haqqında məhkəməyə iddia ərizəsinin tələblərə uyğun yazılması üçün şəxsi məlumatları və əlaqə vasitələrinin alınması məsələsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, bacısı və qızı X1 və onun həyat yoldaşı, digər bacısının oğlu X2 mənim onkoloji xəstəliyindən istifadə edərək əmlakının hamısını ələ keçirmək üçün silsilə cinayətlər etməsi və o cümlədən onun həyatına qarşı təşkil edilən cinayətlər barədə Nərimanov RPİ 17-ci polis bölməsinə və Nəsimi RPİ 19-cu polis şöbəsinə müraciət etsə də işin icraçılan 17-ci polis bölməsində sahə müvəkili, 19-cu polis şöbəsində sahə müvəkkili işi aparmış və heç onu izahat üçün də çağırmadan bir həftə sonra belə bir qərar çıxarılmışdır ki, iş mülki xarakterlidir və hətta bu absurd qərarı belə ona göndərməmişlər, yalnız noyabrın sonunda o özü bu polis bölməsinə gedərkən dəftərxanadan ona qərarı vermişlər. Nəsimi Rayonunda isə işin birinci dəfə Ramil Məmmədov adlı sahə müvəkkilinə tapşırılması bildirilmiş və izahat üçün çağırılmışdır. Lakin R.Məmmədov onun izahatında döyülmək barədə sözün olmasına qəti etiraz edəndə maraqlanmışdır ki, niyə izahatını özünün yazmağına imkan vermir. İddiaçı döyülmək haqqında yazsa digər şəxsə cinayət işi açılmalıdır. R.Məmmədov yalnız şikayət edilən şəxsdən rüşvət almaqla bu işi elə beləcə qoymaq istəyirdi. O, həm nazirliklərinə həm də rəisinə bu barədə şikayət edəcəyi barədə bildirmişdir. İş başqa müvəkkilə verilmiş və izahat alan zaman bildirilmişdir ki, yalnız onun evindən əmlakına aid qiymətli sənədlər oğurlanması faktına görə onlar cinayət işi aça bilərlər. Belə ki, onun evi Nəsimi rayonunda yerləşir, qalan cinayətlər isə Nərimanov rayonunda baş verdiyi üçün onlar bu işə baxmalıdırlar. Nəticədə iddiaçı noyabra qədər gözlədikdən sonra özü bu Şöbəyə gedən zaman yenə də onun R.Məmmədovla əlaqə saxlamalı olduğunu bildirmişlər. O deyəndə ki, əvvəla nə üçün onun şikayət etdiyi R.Məmmədova iş yenidən göndərilib, ikincisi də o heç ona öz qərarı barədə də bu günə qədər məlumat verməyi özünə məqbul bilməmişdir. Nəticədə o qərara gəlmişdir ki, bu hüquq mühafizə orqanının adına ləkə olan həmin işi aparanları Məhkəməyə versin. Lakin polis idarələri həmin əməkdaşlarının ünvanları və şəxsi məlumatlarını vermirlər ki, bunu yalnız məhkəmə qərarı olmaqla edə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 2/2-İ-2095 nömrəli məktubundan görünür ki, müraciətinin araşdırılması zamanı ərizədə göstərilənlər polisin səlahiyyətlərinə aid olmayan mülki xarakter daşıyan iddiadır və həmin iddia ilə bağlı gələcəkdə məhkəmə orqanlarına müraciət etmək mümkündür. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) Həmin qərarın 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsindən: Maddə 122. Prosessual hərəkətlərdən və qərarlardan şikayət etmək hüququ 122.1. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. 122.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə. 122.3. Cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən və qərarlarından şikayət yazılı, bu Məcəllə ilə ərizənin yazılı forması xüsusi nəzərdə tutulmadıqda isə şifahi ola bilər (cinayət prosesini həyata keçirən orqan şifahi şikayəti bu zaman aparılan prosessual hərəkət protokolunda və ya ayrı protokolda qeyd edir). 122.4. Şikayət bilavasitə, yaxud hərəkətindən və ya qərarından şikayət edilən cinayət prosesini həyata keçirən orqan vasitəsilə verilir. Öz hərəkətlərindən və ya qərarlarından, yaxud başqa şəxslərin hərəkətlərindən və ya qərarlarından şikayəti qəbul etmiş təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə, bu Məcəllədə digər müddətlər nəzərdə tutulmayıbsa, onu aldığı andan təxirə salınmadan 24 saat müddətində aidiyyəti üzrə baxılması üçün göndərməlidir. 122.5. Cinayət prosesi iştirakçısının şikayətinə təxirə salınmadan və hər bir halda cinayət prosesini həyata keçirən orqanın onu aldığı gündən 3 (üç) gündən gec olmayaraq baxılmalıdır. Cinayət prosesində iştirak edən digər şəxslərin şikayətlərinə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şikayətin alındığı gündən 15 (on beş) gündən gec olmayaraq baxılır. Bu Məcəllədə şikayətlərə baxılmasının digər müddətləri də nəzərdə tutula bilər. 122.6. Şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. 122.7. Cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri aşağıdakı şəxslərin geri götürməyə hüququ vardır: 122.7.1. şikayəti verən şəxsin özü (şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər); 122.7.2. müdafiəçisinin şikayətini — şübhəli və ya təqsirləndirilən şəxs; 122.7.3. nümayəndəsinin şikayətini (qanuni nümayəndənin şikayətindən başqa) — mülki iddiaçı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki cavabdeh. 122.8. Bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, şikayətin geri götürülməsi müəyyən edilmiş müddətlər keçməmiş onun təkrar verilməsinə mane olmur. 122.9. Şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyi naminə onun özü və ya başqa şəxs tərəfindən verilmiş şikayətdən cinayət prosesini həyata keçirən orqan bu şəxsin əleyhinə istifadə etməyə haqlı deyil. 122.10. Cinayət prosesini həyata keçirən orqan şikayətin dəlilləri üzrə əsaslandırılmış qərar qəbul edir və bu barədə şikayətçiyə yazılı məlumat verir. 122.11. Cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxslərin bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş hüquqi müdafiə vasitələri tükəndikdə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əsasən onlar insan hüquq və azadlıqlarının müdafiəsi üzrə beynəlxalq məhkəmələrə müraciət etməyə haqlıdırlar. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 saylı qərarının 7.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi cinayət təqibini həyata keçirən orqanın cinayət prosessual fəaliyyəti ilə əlaqədardır. Odur ki, iddiaçıya müvafiq şikayətlərlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarəti funksiyalarını həyata keçirən səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya müvafiq tələblə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-20527/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-20527/2025
08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver