Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2053/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 02.11.1992-ci ildən 01.07.2010-cu ilədək Baş İstehsalat Birliyi ’’X4’’ Baş İstehsalat Vahidi adına "Paris Kommunası" Gəmi Təmiri Zavodunda işləmiş, 01.10.2011-ci ildən 23.01.2014-cü ilədək ADXDG "Gəmitəmiri və Gəmiqayırma" İB-nin Gəmi Təmiri İstehsalat Bazasında işləmiş, 24.01.2014-cü ildən 05.09.2017-ci ilədək Zığ "Gəmi Təmiri Zavodunda" işləmiş, 06.09.2017-ci ildən hal-hazıradək Zığ "Gəmi Təmiri və Tikintisi Zavodu”nda işləyir. X7 Təmiri İB-nin “Paris Kommunası” adına BİV-nin müdriyyəti və Həmkarlar İttifaqı Komitəsinin birgə keçirdiyi 58 saylı 25.11.2004-cü il tarixli iclasının protokolu əsasında Zavodun işçiləri Z.Qurbanova və O.İsrafilova H.Cavid prospektində yerləşən ailəvi yataqxanada otaq verilməsi qərara alınmışdır. X7 İstehsalat Birliyinin 3 nömrəli sərəncamı ilə 46 nömrəli mənzil ona ayrılmışdır. O, bütün sənədləri Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə təqdim etmiş və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 01.06.2021-ci il tarixli 31 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən mənzilə dair onun adına kirayə müqaviləsinin bağlanılması haqqında sərəncam verilmişdir. Həmin sərəncam əsasında 04.06.2021-ci il tarixdə Bakı şəhəri MKTD 3 saylı MKTB Mənzil Fondunda binanın sahibi ilə sahibkar, istifadəçi arasında ikitərəfli müqavilə imzalanmışdır. O, 24.06.2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, lakin 22 iyul 2021-ci il tarixli cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 556/557, Hüseyn Cavid prospekti, B nömrəli evin 46 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Əlavə edilmiş qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 31 saylı sərəncamı 01.06.2021-ci il tarixində verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.07.2021-ci il tarixli, **********70 saylı imtina məktubunda qeyd edilir: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 556/557, Hüseyn Cavid prospekti, B nömrəli evin 46 saylı mənzili üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 556/557, Hüseyn Cavid prospekti, B nömrəli evin 46 saylı mənzilinə dair (yataqxana) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı" dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. Əlavə olaraq bildiririk ki, müraciətinizə əlavə edilmiş qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 31 saylı sərəncamı 01.06.2021-ci il tarixində verilmişdir. İş materiallarında olan “Azərbaycan X4” QSC tərəfindən məhkəməyə ünvanlanmış 25.01.2022-ci il tarixli 01/03-Q-1190/36 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Dövlət X4 X7 Təmiri İstehsalat Birliyi tərəfindən Yasamal rayon pasport stoluna ünvanlanmış 14.11.2005-ci il tarixli MMK-6 saylı məktubun təsdiq edilmiş surətindən görünür ki, Müdiriyyət və Həmkarlar İttifaqı Komitəsi zavodun Təmir tikinti sahəsinin işçisi İddiaçı 4 nəfərdən ibarət (özü, həyat yoldaşı, 2 uşağı) ailə tərkibi ilə H.Cavid prospekti, məhəllə 556/557, ev “B”, otaq 46 ünvanda yerləşən zavodun ailə yataqxanasında qeydiyyata alınmasına vəsatət qaldırmışdır. Həmin məktuba əlavə edilmiş X7 Təmiri İB-nin “Paris Kommunası” adına BİV-nın müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin birgə keçirtdiyi 58 saylı 25.11.2004-cü il tarixli iclasının protokolunun təsdiq edilmiş surətindən görünür ki, zavodun işçisi Z.Qurbanova H.Cavid prospektində yerləşən ailəvi yataqxanada otaq verilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş X7 Təmiri İstehsalat Birliyinin 10.11.2005-ci il tarixli 3 saylı orderinin təsdiq edilmiş surətindən görünür ki, “Paris Kommunası” adına BİV-nin təmir tikinti sahəsinin işçisi İddiaçı H.Cavid küçəsi, 556/557-ci məhəllə, ev “B” ünvanında yerləşən yataqxanada 46 nömrəli 1 otaq verilmişdir. Həmin məktuba əlavə edilmiş “Azərbaycan X4” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 10.03.2021-ci il tarixli arxiv arayışının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı həqiqətən keçmiş Baş İstehsalat Birliyi ”X4" Baş İstehsalat Vahidi adına "Paris Kommunası” Gəmi Təmiri Zavodunda işləmişdir (02.11.1992-ci ildən-01.07.2010-cu il); ADXDG “Gəmitəmiri və Gəmiqayırma” İB-nin Gəmi Təmiri İstehsalat Bazasında (01.10.2011-23.01.2014-cü il); "Zığ” Gəmi Təmiri Zavodunda (24.01.2014-05.09.2017); ”Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (06.09.2017-ci ildən hal hazırda işləyir) - 02.11.1992-ci ildən (əmr K-430, 02.11.1992) hal hazırda işləyir. Təmir tikinti sahəsində ikinci dərəcəli yerqazan, ikinci peşə ikinci dərəcəli əl ilə tənəkəçi, taxta puşçusu, üçüncü dərəcəli taxta puşçusu, dördüncü dərəcəli tənəkəçi. Tərsanə sahəsində dördüncü dərəcəli tənəkəçi-taxta puşçusu dam örtüyü üzrə, çilingər sahəsində üçüncü dərəcəli çilingər gəmi təmirçisi peşələrdə işləmiş və hal hazırda beşinci dərəcəli çilingər gəmi təmirçisi işləyir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 24.09.2021-ci il tarixli 792 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin «Bakı şəhəri, Yasamal rayonu, 556/57-ci məhəllə, Hüseyn Cavid prospekti, "B" saylı evin 46 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında» 31 nömrəli 01.06.2021-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, 556/57-ci məhəllə, Hüseyn Cavid prospekti, "B" ünvanında yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 2005-ci ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, 556/57-ci məhəllə, Hüseyn Cavid prospekti, "B" ünvanında yerləşən evin, yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 46 saylı mənzilində 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) yaşayır. Göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, 556/57-ci məhəllə, Hüseyn Cavid prospekti, "B" ünvanında yerləşən evin, yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 46 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti ünvan 7 ünvanlanmış 20.09.2021ci il tarixli 47 nömrəli məktuba əlavə edilmiş 04.06.2021-ci il tarixli 2 saylı kirayə müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Kirayəyə verən Bakı şəhəri MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB 158 nömrəli MKİS ilə Kirayəçi İddiaçı arasında 01.06.2021-ci il tarixli 31 nömrəli qərar əsasında kirayə müqaviləsi bağlanmış, H.Cavid prospekti, məhəllə 556/557, ev “B”, 46 saylı mənzil daimi olaraq Kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, X7 Təmiri İB-nin “Paris Kommunası” adına BİV-nın müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin birgə keçirtdiyi 58 saylı 25.11.2004-cü il tarixli iclasının protokoluna əsasən zavodun işçisi İddiaçı H.Cavid prospektində yerləşən ailəvi yataqxanada otaq verilməsi qərara alınmışdır. Azərbaycan X4 X7 Təmiri İstehsalat Birliyinin 10.11.2005-ci il tarixli 3 saylı orderinə əsasən “Paris Kommunası” adına BİV-nin təmir tikinti sahəsinin işçisi İddiaçı H.Cavid küçəsi, 556/557-ci məhəllə, ev “B” ünvanında yerləşən yataqxanada 46 nömrəli 1 otaq verilmişdir. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin «Bakı şəhəri, Yasamal rayonu, 556/57-ci məhəllə, Hüseyn Cavid prospekti, "B" saylı evin 46 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında» 31 nömrəli 01.06.2021-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, 556/57-ci məhəllə, Hüseyn Cavid prospekti, "B" ünvanında yerləşən evin, yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 46 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Həmin Sərəncamda həmçinin göstərilir ki, iddiaçı 2005-ci ildən qeydiyyatda olmaqla həmin mənzildə yaşayır. Daha sonra Kirayəyə verən Bakı şəhəri MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB 158 nömrəli MKİS ilə Kirayəçi İddiaçı arasında 01.06.2021-ci il tarixli 31 nömrəli qərar əsasında 04.06.2021-ci il tarixli 2 saylı kirayə müqaviləsi imzalanmışdır. İddiaçı qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının adına qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 31 saylı sərəncamın 01.06.2021-ci il tarixdə verildiyini bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan sərəncam 01.06.2021-ci il tarixdə imzalansa da, iddiaçının mübahisəli mənzilə hüquqları həmin tarixdən deyil, daha əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək - 01.10.2009-cu ilədək yaranmışdır. Belə ki, iddiaçı qeyd olunan mənzildə 2005ci ildən qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2053/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2053/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver