Məhkəmə qərarları › İş №2-1(112)-2054/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2054/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2054/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə pensiya hüququnun pozulması ilə bağlı qəbul edilmiş inzibati aktın ləğv olunması və ikinci dərəcə müddətsiz əlilliyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağrılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1999-cü il tarixində hərbi xidmət dövrü ilə əlaqədar aldığı xəsarətlərə görə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olmuşdur. Diaqnozu “Mina partlayışı nəticəsində başın və hər iki aşağı ətrafların çoxsaylı qəlpə yaralanması, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerini dəyişən sınığı”. xx.xx.2013-cü ildən ona bir il müddətinə 3 qrup əlillik təyin edilmişdir. Sonrandan 3cü qrup üzrə yenindən bir il müddətinə uzadılmışdır. 23.07.201 5-ci il tarixdən ona 2-ci qrup əlillik təyin edilmişdir. 2016-cı ildən isə ona beş illik 2-ci qrup əlilik verilmişdir. 2021-ci ildən isə yenidən 5 əlillik təyin edilməsi ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq hər dəfə müxtəlif bəhanələrlə ona imtina edilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixli müayinə olan şəxs barədə arayışda imtina edilib, Səbəb: Dioqnoz öz təsdiqini tapmayıb Diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012- ci il tarixli, 336 nömrəli Qərarında bildirilmişdir ki, Hərbi yaralanmadır , hərbi xidmət dövründə almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin belə qərar qəbul etməsi qanunsuz və əsassızdır, onun əmək və pensiya hüquqlarını pozur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli, 1\1734 rəyinə əsasən həkim Psixiator Komissiyasının qərar verilmişdir “ Üzvü şəxsiyyət pozuntuları, davranışlarında”. Özünü 1999-cü ildən xəstə hesab edir. Bir neçə dəfə stasionar və travmatologiyada və s. xəstəxanalarda müalicə qəbul etmişdir. Eyni ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionardan çıxanın epikrizdə bildirilmişdir ki, xəstənin çox qəlpə yeri dəyişən sınığı aşkar olunmuşdur. İmtinaya səbəb kimi, diaqnoz əlilik əlaməti təyin etmir barədə qərar qəbul edilməsi göstərilmişdir. Uzun illərdir müalicəni müxtəlif klinikalarda davam edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının imtinası qanunsuz və əsassızdır, onun əmək və pensiya hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhər sakini xx.xx.1979-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0063003AADGR nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixlı göndərişi əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********6). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin F00043158QTU nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********4). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2003-cü il tarixli 361 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayışı nəticəsində sol baldır sümüklərinin aşağı 1/3-nin düzgün bitişməmiş sınıqları. Sol aşıq oynağının kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sifətin sol yarısını eybəcərləşdirən qəlpə yaralanmasından sonrakı çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zamanı başağrılarından, yuxululuqdan, sol aşağı ətrafda hərəki məhdudluqdan şikayətlənmişdir. Baxış zamanı sağ baldırın lateral hissəsində sagital yumşaq toxuma çapığı, üzün sol yarısında almacıq sümüyü üstü nahiyədə çapıq izlənmişdir. Qəbul etdiyi dərmanların adlarını xatırlamamış, əsasən qış aylarında qəbul etdiyini bildirmişdir. Nevroloji müayinə zamanı kəllə beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verən mikroocaqlı simptomatika əlamətləri izlənməmiş, göz almalarının hərəkəti tam, aşağı ətraflarda reflekslər canlı çağrılmış, Romberq vəziyyətində dayanıqlı, əzələ gücü normal, atrofiya, hipotrofiya, parez qeyd olunmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısından şikayətlənmişdir. Baxış zamanı sol baldırın orta və aşağı 1/3-də boylama istiqamətdə təxminən 20 sm ölçüdə çapıq, sol pəncədə, sol almacıq, sol təpə nahiyəsində çapıqlar izlənmiş, sol ayağın V barmağının proksimal falanqadan amputasion güdülü müşahidə edimişdir. Nevroloji olaraq əlillik təyinatına əsas verən defisit aşkar edilməmiş, göz almalarının hərəkəti tam, aşağı ətraflarda reflekslər canlı çağrılmış, əzələ gücü normal, Romberq vəziyyətində dayanıqlı, atrofiya, hipotrofiya, parez qeyd edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, başağrıları, yuxusuzluq, qıcolmalardan, sağ ayağında hava soyuq olduğu zaman şişkinlik olmasından, bəzən arterial təzyiqinin yüksəlməsindən şikayətlənmişdir. Anamnezində əsəbləşdiyi zaman qıcolma tutmalarının çox olduğunu, digər hallarda isə ayda 2-3 dəfə baş verdiyini söyləmiş, tutma zamanı əllərinin yığıldığını, özündə olmadığını, sanki “beyninin boşaldığını” bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adını bilmədiyini, əsəbiliyə görə ümumiyyətlə, dərman qəbul etmədiyini söyləmişdir. Psixiatrik xəstəxanaya göndərilmə səbəbini başa düşmədiyini, yazılan dərmanları qəbul etmədiyini ifadə etmişdir. Baxış zamanı sol baldırın aşağı və orta 1/3- də, sol pəncənin tış səthində, sol yanaqda, sol gicgahda çapıqlar, sol ayağın V barmağının amputasiyasından sonrakı vəziyyəti izlənmiş, hərəkətlər sərbəst qeyd edilmiş, nisbi qısalıq müəyyən edilməmişdir. Nevroloji müayinə zamanı göz almalarının hərəkəti tam, göz yarıqları bərabər, nistaqm, kirpiklərin, barmaq uclarının tremoru izlənməmiş, Romberq vəziyyətində zəif dayanıqsız, reflekslər sağda sola nisbətən daha canlı alınmışdır. Psixi statusunda psixoproduktiv əlamətlər və yaddaş pozuntusu qeyd edilməmişdir. Vətəndaş psixi şikayətlərinin olmadığını və özünü psixi sağlam hiss etdiyini bildirmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 28356 nömrəli Çıxarışda diaqnoz “Mina partlayış travması (xx.xx.1999) nəticəsində keçirilmiş sol peroneal və tibial sinirlərin travmatik neyropatiyasının davamlı qalıqları. Sol pəncənin parezi yeriş funksiyasının pozulması ilə. Postravmatik ensefalopatiya. Sol gicgah sümüyünün sınığı və qəlpələri. Lateral topugun bitişmiş sınığı. Mərmi partlayışından sonra baldırın aşağı 1/3 metal qəlpələri, dartıcı kobud kelloid çapıq. Sol gicgah təpə nahiyəsininmetal qəlpələri. Sol tərəfli xroniki eşitmə sinirin nevriti İ-ci dərəcə ağıreşitmə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 Saylı X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları” kimi qeyd olunmuş, öz təsdiqini tapmamışdır. 2 Saylı X2 xx.xx.2023-cü il tarixli 1508 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 Saylı X2 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda orta strukturların disfunksiyası, aktivləşdirici strukturların üstünlüyü qeyd olunur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən patofunksional pozuntular, psixi dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə Zığ Sağlamlıq Mərkəzinin xx.xx.2012-ci il tarixli göndərişi əsasında xx.xx.2012-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Mina partlayışından sonra sol baldır sümüklərin qeyri düzgün bitişmiş sınığı. Sol aşıq baldır oynağının posttravmatik artrozu. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Mina partlayışından sonra sol baldır sümüklərin qeyri düzgün sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 6 saylı Şəhər Poliklinikasının xx.xx.2014cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Mina partlayışından sonra sol baldır sümüklərin qeyri düzgün bitişmiş sınığı. Sol aşıq baldır oynağının artrozu. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol baldır sümüklərinin qeyri düzgün bitişmiş sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 6 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Kəllə travmalarının nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: QKBT” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixdə baxılmış və Diaqnozun mətni: Kəllə travmalarının nəticələri.Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: QKBT” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 6 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələrə, Mina partlaması nəticəsində keçirilmiş kəllə-beyin travmasının nəticələri. (xx.xx.1999). Sol pereoneal və tibial sinirlərin neyropatiyası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz əlillik əlaməti təyin etmir - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma – tsek-ə göndərilən zaman xəstənin vəziyyəti və funksional pozğunluqlar ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 38 saylı Şəhər Poliklinikasının xx.xx.2022ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələrə, Mina partlaması nəticəsində keçirilmiş kəllə-beyin travmasının nəticələri.(xx.xx.1999). Sümük sınığının pis bitişməsi, Sol baldır sümüyünün aşağə 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Yumşaq toxumalarda qalmış yad cisim, Baldırın yumşaq toxumasında çoxsaylı metal qəlpələr. Dərinin çapıqlaşmış vəziyəti və fibrozu, Üzün sağ yarısı və sağ alın-təpə nahiyyəsində çapıq toxuma. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz əlillik əlaməti təyin etmir - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir” səbəbi ilə imtina verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli əyani müayinə qərarından görünür ki, İddiaçı müraciəti əsasında əlavə əyani müayinə araşdırılması aparılaraq müəyyən olunmuş və diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, **********5 nömrəli əyani müayinə qərarından görünür ki, İddiaçı müraciəti əsasında əlavə əyani müayinə araşdırılması aparılaraq müəyyən olunmuş və diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16454/2023 nömrəli qərarından görünür ki, İddiaçı müraciəti əsasında əlavə əyani müayinə araşdırılması aparılaraq müəyyən olunmuş və diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli V00104762MHC nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Həmin tibbi göndərişdə: Əsas diaqnoz: F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. Ağırlaşma: F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. Yanaşı xəstəliklər: T90.5 - Kəllədaxili travmaların nəticələri. Yanaşı xəstəliklər: M79.6 - Ətrafda ağrı. Yanaşı xəstəliklər: Y35.1-Qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı partlayışlardan istifadə edilməsi. Yanaşı xəstəliklər: R26.1 - Paralitik yeriş qeyd edilmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya 2014-2016-cı illərdə əlillik dərəcəsi təyin ediilmiş, sonuncu əlilliyin müddəti bitdiyi 2021-ci ildən etibarən barəsində dövlət tibb müəssisəsinin 4118003AAEQ0, F00043158QTU və V00104762MHC nömrəli göndərişləri tərtib edilmiş, həmin göndərişlər və özünün müraciəti əsasında müvafiq olaraq ekspert komissiyasında əyani müayinələr zamanı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-24884/2023 nömrəli məktubunda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin 4118003AAEQ0, F00043158QTU və V00104762MHC nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015- ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq bütün hallarda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən T 35/2024 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, SN-nin “MTE və PA Birliyi” PHŞ-in müalicə müəssisəsi olmadığından İddiaçı hazırda V00104762MHC nömrəli Forma 088 göndərişində İddiaçı qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fikir söyləmək mümkün deyildir. İş materiallarında olan tibbi sənədlərə əsasən onun adına müvafiq tibb müəssisəsində tərtib edilmiş həmin göndərişdəki xəstəliklər XBT 10 kodu ilə qeyd edilmişdir. 2.Göndərişdə qeyd olanan diaqnozdakı xəstəliklər “Əsas diaqnoz: F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. Ağırlaşmalar: F07.8-Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları dəyişikliyi. Yanaşı xəstəliklər: T90.5- Kəllədaxili travmalarm nəticələri; M79.6- Ətrafda ağrı; Y35.1-Qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı partlayışlardan istifadə edilməsi; R26.1-Paralitik yeriş” ona stasionarlarda müalicəsi zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edildiyindən onun həmin xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar etmək də olmaz. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı sualda qeyd edilən 2.1 və 2.2. hallarından birinin onda aşkar edilməməsi əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nm hər hansı maddəsini aid etməyə imkan vermədi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-2054/2024 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X7 xx.xx.2024-cü il tarixli 2112 nömrəli məktub ilə göndərilmiş İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T241/2024 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, 1.SN-nin “MTE və PA Birliyi” PHŞ-in müalicə müəssisəsi olmadığından İddiaçı hazırda V00104762MHC nömrəli Forma 088 göndərişində qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fikir söyləmək mümkün deyildir. İş materiallarında olan tibbi sənədlərə əsasən onun adına müvafiq tibb müəssisəsində tərtib edilmiş həmin göndərişdəki xəstəliklər XBT 10 kodu ilə qeyd edilmişdir. Göndərişdə qeyd olanan diaqnozdakı xəstəliklər “Əsas diaqnoz: F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. Ağırlaşmalar: F07.8-Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları dəyişikliyi. Yanaşı xəstəliklər: T90.5- Kəllədaxili travmaların nəticələri; M79.6-Ətrafda ağrı; Y35.1-Qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı partlayışlardan istifadə edilməsi; R26.1-Paralitik yeriş” ona stasionarlarda müalicəsi zamanı anamnestik, klinik, laborator- instrumental müayinələrin əsasında müəyyən edildiyindən onun həmin xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar etmək də olmaz. 3.Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-2054/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Səhiyyə Nazirliyinin Məhkəmə X5 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Səhiyyə Nazirliyinin Məhkəmə X5 xx.xx.2024-cü il tarixli 4233 nömrəli məktub ilə göndərilmiş xx.xx.2024-cü il tarixli 2148 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1-ci sual:İddiaçı üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. Həmin diaqnoz “X1”na(10-cu baxış) əsasən F07.0 kodu ilə göstərilir. 2-ci sual:İddiaçı xx.xx.2023-cü il tarixli V00104762MHC saylı Forma 88-də qoyulmuş əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq ^şziyyətinə uyğundur. 3-cü sual: əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 4-cü sual: məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. 3-cü və 4-cü suallar üzrə cavab: Suallarda göstərilən əlamətlər əlillik meyarlarına aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən cavablandırıla bilməz. Belə ki, əlilliyin təyini ilə əlaqədar sualların cavablandırılması məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. Əlilliyin qiymətləndirilməsi Tibbi-Sosial Ekspert Komisiyaları tərəfindən həyata keçirilir. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya 2014-2016-cı illərdə əlillik dərəcəsi təyin ediilmiş, sonuncu əlilliyin müddəti bitdiyi 2021-ci ildən etibarən barəsində dövlət tibb müəssisəsinin 4118003AAEQ0, F00043158QTU və V00104762MHC nömrəli göndərişləri tərtib edilmiş, həmin göndərişlər və özünün müraciəti əsasında müvafiq olaraq ekspert komissiyasında əyani müayinələr zamanı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı qeyd edilən qərarı mübahisələndirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən keçirilmiş iddiaçının əyani müayinə olunması ilə bağlı qərarlarından görünür ki, cavabdeh iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, gəldiyi nərticələri hər hansı ixtisaslaşmış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir. Halbuki məhkəmə icraatı gedişində əldə edilmiş məhkəmə tibbi ekspertizaların nəticəsində verilmiş rəylərdə də iddiaçıda V00104762MHC nömrəli Forma 088 göndərişində qoyulmuş diaqnozdakı xəstəliklərin ona stasionarlarda müalicəsi zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edildiyindən onun həmin xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar edilmədiyi qeyd edilmişdir. Bundan əlavə sonuncu dəfə əldə edilmiş ixtisaslaşmış-psixiatrik ekspertizanın rəyinə əsasən iddiaçıda müşahidə olunan X1nda kodu üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu -F07.0-dir. İddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli V00104762MHC saylı Forma 88-də qoyulmuş əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğun olduğu müəyyən olunmuşdur. İddiaçıda müəyyən olunan xəstəlik 1999-cu ildə döyüş zonasında hərbi xidmət keçərkən travma alması, MN Mərkəzi Klinik Hərbi Hospitalında müalicə olunması, psixi pozuntuların özünü büruzə verməsi ilə əlaqədar 2 nömrəli X3 “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları” diaqnozu ilə stasionar müalicədə olması, ekspertiza rəyinə əsasən müayinə zamanı təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin aşağı olması, affektiv reaksiyalara meylliyi, davranışı üzərində nəzarətinin zəifləməsi, İntellektual mnestik funksiyaları kobud pozulmasa da, koqnitiv funksiyalarının enməsi, astenizasiya əlamətlərinin qeyd olnması, diqqətini cəmləşdirməkdə çətinlik çəkməsi və s. kimi hallar iddiaçının hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: -əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) -məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2023-cü il tarixli V00104762MHC saylı Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı X8 əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar