Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2055/2021 22.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla doğum haqqında akt qeydində adın yazılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 09.07.2020-ci il tarixində doğulmuş oğlunun doğum haqqında akr qeydində adının “Muhamməd” olaraq yazılmasından imtinasının qanunsuz hesab edilməsi, 09.07.2020-ci il tarixində doğulmuş oğlunun doğum haqqında akt qeydində adının “Muhamməd” olaraq yazılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17.11.2020-ci il tarixli qərardadı ilə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehə ərizə ilə müraciət edərək cavabdehdən 09 iyul 2020-ci il tarixində anadan olmuş oğlunun doğum haqqında akt qeydində adının “Muhamməd" olaraq qeyd olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi 19 sentyabr 2020-ci il tarixli, 05/Q-1279/75 saylı məktubla 09.07.2020-ci il tarixində doğulmuş oğlunun doğum haqqında akt qeydində adının “Muhamməd” adının yazılmasından imtina olunmuşdur. Cavabdeh imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 saylı qərarı ilə “Adı, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilməməsi qeyd edilmişdir. Oğlunun doğum haqqında akt qeydində adının “Muhamməd” olaraq yazılmasının hər hansı qanunvericilik aktında qadağan edən norma olmaması işin mübahisəsiz halıdır. Eyni zamanda “Muhamməd” adı tərif edilən, çox xoşa gələn, bəyənilmiş mənasını verir. Uşağın doğum akt qeydində “Muhamməd” adının yazılması uşağın mənafeyinə xələl gətirəcək, cinsinə uyğun gəlməyən və ya gülünc adının verilməsi halları mövcud deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X2 iddia tələbi ilə bağlı verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə birgə nikahından 09.07.2020-ci il tarixdə oğlu anadan olmuşdur. Oğlu anadan olmamışdan əvvəl əri ilə oğlunun adının “Muhamməd” olmasını arzu etmişlər. Lakin cavabdeh oğlunun adının “Muhamməd” kimi qeyd olunmasından əsassız olaraq imtina etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 14.10.1996-cı il tarixdə doğulmuşdur. - Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 268873 №li, 24.11.2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında 24.11.2018-ci il tarixdə nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Mehtiyev, arvada Mehtiyeva soyadı verilmişdir. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 05/a- 1279/75 №-li, 19.09.2020-ci il tarixli məktubdan görünür ki, 09.07.2020-ci ildə doğulan oğlunun arzusuna uyğun olaraq adının “Muhamməd” yazılması barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə “Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4.bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Bundan əlavə qaydaların 1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə bağlı bildirilmişdir ki, qanunvericiliyin tələbiərinə əsasən adın azərbaycan dilində düzgün yazılışı “Məhəmməd” olduğu üçün “Muhamməd” yazılması mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə üçüncü şəxs X2 24.11.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan 09.07.2020ci ildə oğlan uşaqları anadan olmuşdur. İddiaçı və üçüncü şəxs Nərmin Mehtiyeva uşaqlarının adının “Muhamməd” yazılmasını istəyirlər. Bununla bağlı iddiaçının müraciəti cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə “Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə istinad edilməklə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 53.3-cü maddəsinə əsasən adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. “Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun: - 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. - 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları haqqında» BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə qəbul etdiyi 08 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyət orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göründüyü kimi mövcud qanunvericilik valideynlər arasında mübahisə olmadıqda uşağın adının verilməsi ilə bağlı birbaşa məhdudiyyət nəzərdə tutmur. Belə olan halda, məhkəmə cavabdehin imtinasını əsaslı saymır və hesab edir ki, bu imtina qanuni sayıla bilməz. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan məsələnin həllindən imtina edərkən hər hansı normativ hüquqi aktın müddəasına istinad etməmişdir. Bundan əlavə məhkəmə “Muhamməd” adının uşağın mənafeyinə xələl gətirməməsini, habelə uşağın cinsinə uyğun gəlməsini, gülünc ad olmamasını və hər iki valideynin razılığının olmasını da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehin imtinası qanunsuz hesab edilməli, iddiaçının 09.07.2020-ci il tarixində doğulmuş oğlunun doğum haqqında akt qeydində adının “Muhamməd” olaraq yazılması vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdehin imtinası qanunsuz hesab edilsin. İddiaçı 09.07.2020-ci il tarixində doğulmuş oğlunun doğum haqqında akt qeydində adının “Muhamməd” olaraq yazılması vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2055/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2055/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver