Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2055/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8na qarşı «imtinanın qanunsuz sayılması, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat X8na qarşı «artıq ödənilmiş pul vəsaitinin silinməsi və az məbləğdə hesablanmış pul vəsaitinin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyində müxtəlif vəzifələrdə, 1994 – 2000-ci illərdə isə Azərbaycan Respublikası Baş X2 İşlər İdarəsində “aparıcı mühəndis” vəzifəsində işləmişdir. Ona DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən 12 dekabr 2016-cı il tarixdən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası 30 aprel 2021-ci il tarixədək müəyyən artımlarla hesablanıb ödənilmişdir. Son dövrlərdə ona hər ay pensiya 1.610,80 manat məbləğində verilmişdir. Lakin iddiaçının pensiyasının məbləği 30 aprel 2021-ci il tarixdən qanunsuz və əsassız olaraq azaldılmışdır. O, bununla bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X8na müraciət etmişdir. Adıçəkilən qurumdan iddiaçıya bildirilmişdir ki, 1 yanvar 2017-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək olan dövr ərzində ona ümumilikdə 31.848,94 manat artıq pul vəsaiti ödənilmişdir. İddiaçı yenidən 5 iyul 2021-ci il tarixli ərizə ilə həmin quruma müraciət etmişdir. Həmin ərizədə müvafiq açıqlama diqqətə çatdırılmış və xahiş olunmuşdur ki, pensiyanın düzgün hesablanması ilə bağlı qərar verilsin. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat X8 ərizəyə 28 iyul 2021-ci il tarixli məktubla əsaslandırma aparmadan cavab vermiş və əvvəlki cavab məktubunda qeyd olunanları təkrarlamış və bununla da işi bitmiş hesab etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat X9 tərəfindən «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 7.7 və 12-ci maddələrinin tələblərinə düzgün əməl olunmamış və nəticədə onun (iddiaçının) qanunla qorunan hüquqları pozulmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat X5 məktubunda qeyd olunmuşdur ki, “ona (iddiaçıya) 12 dekabr 2016-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Əslində ona Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası deyil, 22 il 9 ay qulluq stajıma uyğun yaşa görə əmək pensiyası hesablanıb ödənilmişdir. Yuxarıda qeyd edilən məktubda göstərilmişdir ki, yenidən hesablama zamanı 1 yanvar 2017-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 210 manat olduğu, rütbə maaşının 30 manat, qulluq stajıma görə əlavə 22.05 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin 418.70 manat götürməklə orta aylıq əmək haqqının 680 manat təşkil etməsi əsası ilə pensiya yenidən hesablanmışdır. Hesablama zamanı 22 il 9 ay qulluq stajını, rütbəyə görə 30 manat, mükafat və müavinətlərin cəminin vəzifə maaşına uyğun hesablanması (210 x 119,63 : 60 = 418.70 manat) mexanizmini düzgün götürülmüş, stajına görə, xidmət illərinə görə əlavə 22 il 9 ay olduğuna görə (20 ildən 25 ilədək) 22.05 manat deyil, 39 manat olmalıdır. Ən əsası vəzifə maaşını düzgün qəbul etməmişlər. Belə ki, o, 1994 – 2000-ci illərdə Azərbaycan Respublikası Baş X2 İşlər İdarəsində “aparıcı mühəndis” vəzifəsində işləmişdir. Həmin dövrdə işlədiyi “aparıcı mühəndis” vəzifəsinin indiki vəzifəyə uyğunluğu ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ona təqdim etdiyi 25 iyun 2021-ci il tarixli **********297400 saylı məktubunda göstərilir ki, ”. . . 1996 – 2000-ci illərdə işlədiyiniz “aparıcı mühəndis” vəzifəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Maliyyə Baş İdarəsinin Təchizat şöbəsinin “aparıcı mütəxəssis” vəzifəsinə uyğun hesab edilir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 26 sentyabr tarixli 421 nömrəli qərarına əsasən bu vəzifəyə uyğun aylıq vəzifə maaşı 855 manat müəyyən edilmişdir. 1) Beləliklə, 1 dekabr 2016-cı il tarixdə pensiya aşağıdakı kimi hesablanmalıdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarına 1 nömrəli əlavəyə görə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatının işçilərinin aylıq vəzifə maaşlarına uyğun olaraq 1 dekabr 2016-cı il tarixdə “aparıcı mütəxəssis”in aylıq vəzifə maaşı 520 manat olmuşdur. Onların hesablamasına əsasən iddiaçının 520 manat (vəzifə maaşı) + 30 manat (rütbəyə görə) + 39 manat (qulluğa görə) + 1.036,79 manat (mükafat və müavinətlərə görə) = orta aylıq əmək haqqı 1.625.79 manat təşkil edir. Bu məbləğin də 80 faizi ona pensiya kimi hesablanmaqla pensiya 1.300.63 manat təşkil edir. 1.036,79 manat məbləğin açıqlaması: 520 manat (vəzifə maaşı) x 119,63 / 60 ay = 1.036.79 manat. 2) 1 mart 2018-ci il tarixdən – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli 124 nömrəli qərarına 1 nömrəli əlavəyə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatının işçilərinin aylıq vəzifə maaşlarına uyğun olaraq 1 mart 2018-ciı il tarixdən “aparıcı mütəxəssis”in aylıq vəzifə maaşı 572 manat olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixdən (10 faiz artım) nəzərə alınmaqla onların hesablamasaına əsasən 572 manat (vəzifə maaşı) + 30 manat (rütbəyə görə) + 39 manat (qulluğa görə) +1.140.47 manat (mükafat və müavinətlərə görə) = orta aylıq əmək haqqı 1.781.47 manat təşkil edir. «’Əmək pensiyaları haqqında» Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Qarşı tərəfin hesablamasına uyğun olaraq 1 mart 2018-ci il tarixdə müəyyən edilmiş 1.781.47 manat orta aylıq əmək haqqından – 1.625.79 manat (01.12.2016-cı ildə müəyyən edilmiş orta aylıq əmək haqqı) çıxılır və nəticədə artım 155.68 manat təşkil edir. İddiaçının qulluq stajı 22 il 9 ay olduğu üçün həmin 155.68 manat artımın 73.25 faizi 114.03 manat təşkil edir. Bu isə, onun 1 mart 2018-ci il tarixə kimi olan pensiyanın üstünə əlavə edildikdə 1 mart 2018-ci ildən pensiyanın məbləği 1.300,63 + 114.03 = 1.414,66 manat olmalıdır. (Qeyd: 1.140.47 manat məbləğin açıqlanması: 572 (vəzifə maaşı) x 119.63 / 60 ay = 1.140,47 manat). 3) 1 sentyabr 2019-cu il tarixdən – Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən nəzərə alınmaqla onların hesablamasına əsasən iddiaçının 855 manat (vəzifə maaşı) + 30 manat (rütbəyə görə) + 39 manat (qulluğa görə) + 1.704.72 manat (mükafat və müavinətlərə görə) = orta aylıq əmək haqqı 2.628.72 manat təşkil edir. Yenə də cavabdehin hesablamasına uyğun olaraq 1 sentyabr 2019-cu il tarixdə müəyyən edilmiş 2.628,72 manat orta aylıq əmək haqqından 1.781.47 manat (01 mart 2018-ci ildə müəyyən edilmiş orta aylıq əmək haqqı) çıxılır və nəticədə artım 847.25 manat təşkil edir. İddiaçının qulluq stajı 22 il 9 ay olduğu üçün həmin 847.25 manat artımın 73.25 faizi 620.61 manat təşkil edir. Bu da onun 1 sentyabr 2019-ui il tarixədək olan pensiyasına əlavə edildikdə 1 sentyabr 2019-cu il tarixdən pensiyanın məbləği 1.414,66 + 620,61 = 2.035,27 manat olmalıdır. Qeyd : 1.704,72 manatın açıqlaması – 855 manat (vəzifə maaşı) x 119,63 / 60 ay = 1.704,72 manat. Eyni zamanda, 1 yanvar 2017-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək iddiaçıya hesablanıb ödənilməli olan pensiya az hesablanıb ödənilmişdir. Belə ki, 1 yanvar 2017-ci il tarixdən 1 mart 2018-ci il tarixədək iddiaçıya hər ay 1.038,33 manat məbləğində pensiya ödənilmişdir. Əslində isə, yuxarıda qeyd olunduğu kimi ona hər ay 1.300,63 manat məbləğində pensiya ödənilməli idi. Hər ay ona 262,30 manat məbləğində az pensiya ödənilmişdir. Bununla da həmin 14 ay üzrə ümumilikdə 14 ay x 262.30 manat = 3.672.72 manat az ödənilmişdir. 1 mart 2018-ci il tarixdən 1 sentyabr 2019-cu il tarixədək iddiaçıya hər ay 1.121,11 manat məbləğində pensiya ödənilmişdir. Əslində isə yuxarıda qeyd olunduğu kimi, ona hər ay 1.414,66 manat məbləğində pensiya ödənilməli idi. Hər ay ona 293,55 manat məbləğində az pensiya ödənilmişdir. Bununla da həmin 18 ay üzrə ümumilikdə 18 ay x 293,55 manat = 5.283,90 manat az ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixdən 30 aprel 2021-ci il tarixədək ona hər ay 1.610,80 manat məbləğində pensiya ödənilmişdir. Əslində isə yuxarıda qeyd olunduğu kimi ona hər ay 2.035,27 manat məbləğində pensiya ödənilməli idi. Hər ay mona 424.47 manat məbləğində az pensiya ödənilmişdir. Bununla da, həmin 20 ay üzrə ümumilikdə 20 ay x 424,47 manat = 8.489,40 manat az ödənilmişdir. Beləliklə, iddiuaçıya hesablanmış pensiya yoxlama aparılanadək 3 dövr üzrə ümumilikdə 17.446.02 manat az hesablanıb ödənilmişdir. Bundan başqa yoxlamadan sonra, yəni 1 may 2021-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək ona hər ay 841.56 manat ödənilmişdir. Əslində isə ona hər ay 2.035.27 manat məbləğində pensiya hesablanıb ödənilməli idi. Hər ay 1.193,71 manat az ödənilmişdir. Həmin 2 ay üzrə ona 2 ay x 1.193,71 manat = 2.387,42 manat az ödənilmişdir. Yekun olaraq 17.446,02 + 2.387,42 manat = 19.833,44 manat az ödənilmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat X6 pensiyanın yenidən hesablanaraq yuxarıda qeyd olunan İdarənin yoxlama komissiyası tərəfindən qanunsuz və əsassız olaraq artıq ödəmə kimi hesablanmış 31.848,94 manat pul vəsaitinin silinməsi və iddiaçıya az hesablanmış 19.833,44 manat məbləğində pul vəsaitinin qanunvericiliyə uyğun olaraq birdəfəlik olaraq ona ödənilməsi barədə dəfələrlə ünvanlanmış müraciətlərə baxmayaraq bu barədə müraciət təmin olunmamışdır. İddiaçının 74 yaşı, 50 ildən artıq əmək stajı var. Övladı (X4) Azərbaycanın Ərazi bütöpvlüyü və müstəqilliyi uğrunda gedən ikinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş və Qarabağ Qazisidir, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə medallarla təltif olunmuşdur. Oğlu hal-hazırda işsiz olduğundan, iddiaçının himayəsindədir. İddiaçının pensiya məbləğinin qanunsuz olaraq azaldılması və ondan qanunsuz və əsassız olaraq pul vəsaitinin tələb edilməsi bütün ailənin maddi durumuna pis təsir edir. Göstərilənlərə və İPM-in 14.3, 33.1, 33.2, 70, 73.1-ci maddələrinə əsslanaraq, dövlət qulluqçusu kimi pensiyasının yenidən hesablanaraq ona qanunsuz və əsassız olaraq artıq ödəmə kimi hesablanmış 31.848,94 manat pul vəsaitinin silinməsi və az hesablanmış 19.833,44 manat məbləğində pul vəsaitinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə yazılı ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (dəqiqləşdirilərək) «imtinanın qanunsuz sayılması, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Ərizədə bildirilir ki, İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasım və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı qeyd olunan qanunvericilik normasının tələbinə əsasən hazırda irəli sürülən iddia tələbini dəyişdirmək fikrindədir. Belə ki, iddia tələbindən də göründüyü kimi o, məhkəmədən dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanaraq ona qanunsuz və əsassız olaraq artıq ödəmə kimi hesablanmış 31.848,94 manat pul vəsaitinin silinməsi və az hesablanmış 19.833,44 manat məbləğində pul vəsaitinin qanunvericiliyə uyğun olaraq birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə İdarəsinə həvalə edilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı dövlət qulluqçusu kimi pensiyasının yenidən hesablanaraq ona qanunsuz və əsassız olaraq artıq ödəmə kimi hesablanmış 31.848,94 manat pul vəsaitinin silinməsi və az hesablanmış 19.833,44 manat məbləğində pul vəsaitinin birdəfəlik olaraq ödənilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat X8na şikayət etmişdir. Lakin Filial tərəfindən 7 iyun 2021-ci il tarixli məktubla onun şikayətinin təmin edilməsindən imtina olunmuşdur. Eyni zamanda, Filial “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” 27 avqust 2021-ci il tarixli **********6 saylı qərar qəbul etmişdir. Göstərilənlərə əsaslanaraq və İPM-in 54-cü maddəsini rəhbər tutaraq, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X8 tərəfindən şikayətinin təmin olunmasından imtinanın qanunsuz hesab olunması, DSMF Xüsusi Şərtlərlə Təyinat X5 ona qarşı qəbul etdiyi “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” 27 avqust 2021-ci il tarixli **********6 saylı qərarının ləğv edilməsi, pensiyanın yenidən hesablanması və az hesablanmış 19.833,44 manat məbləğində pul vəsaitinin qanunvericiliyə uyğun olaraq birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X8na həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X5 iddia ilə bağlı məhkəməyə ünvanlanmış 3 noyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.8.3cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu DSMF Xüsusi Şərtlərlə Təyinat X8 tərəfindən araşdırılmışdır. İddiaçı DSMF Nərimanov rayon şöbəsi tərəfindən 12 dekabr 2016-cı il tarixdən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, 1 yanvar 2017-ci il tarixdə iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 210 manat, rütbə maaşı 30 manat, qulluq stajına görə əlavəsi (vaxtilə qulluq keçdiyi vəzifə üzrə ümumi orta aylıq əmək haqqı hesablanarkən əsas götürülən dövr (01.01.1996-31.12.2000-ci il) ərzindəki müvafiq qulluq stajına uyğun olaraq 5 ildən çox qulluq müddəti olan 21 ay üçün 24,00 manat, 5 ildən az qulluq müddəti olan 39 ay üçün isə 21 manat hesablanmaqla (21 x 24 + 39 x 21) 760) 22,05 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 418,70 manat olmaqla orta aylıq əmək haqqı 680,75 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 22 il 9 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (680,75 manat) 80 faizi – 544,60 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.01.2017- 28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1.038,33 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 6.912,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 22 il 9 ay qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 73,25 faiz təşkil edir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 231,00 manat, rütbə maaşı 30,00 manat, qulluq stajına görə əlavəsi 22,05 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 460,57 manat olmaqla orta aylıq əmək haqqı 743,62 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (680,75 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (743,62 manat) arasındakı fərq məbləğinin (62,87 manat) 73,25 faizi – 46,05 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (544,60 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 590,65 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1.121,11 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 9.548,28 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 345,00 manat, rütbə maaşı 30,00 manat, qulluq stajına görə əlavəsi 22,05 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 687,87 manat olmaqla orta aylıq əmək haqqı 1084,92 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (743,62 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1084,92 manat) arasındakı fərq məbləğinin (341,30 manat) 73,25 faizi – 250,00 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (590,65 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 840,65 manat müəyyən edilmişdir. Lakin 01.09.2019- 31.12.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1.610,80 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 3.080,60 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 345,00 manat, rütbə maaşı 30,00 manat, qulluq stajına görə əlavəsi 23,29 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 687,87 manat olmaqla orta aylıq əmək haqqı 1.086,16 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1.084,92 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1.086,16 manat) arasındakı fərq məbləğinin (1,24 manat) 73,25 faizi – 0,91 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (840,65 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyasının məbləği 841,56 manat müəyyən edilmişdir. Lakin 01.01.2020-30.04.2021-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1.610,80 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 12.307,84 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı 01.01.2017- 30.04.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 31.848,94 manat artıq pul vəsaitinin ödənildiyi DSMF Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından, Mərkəzi Filial tərəfindən «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun qaydada tərtib olunmuş “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərar iddiaçının ünvanına göndərilmişdir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış, pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş, Mərkəzi Filial tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. Qanunvericiliyin müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Bunun üçün inzibati orqan göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar «İnzibati icraat haqqında» Qanunun tələbləri baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 21.3.6, 81, 82-ci maddələrinə, «İcra haqqında» Qanunun 6.1.8-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsi və ona əlavədə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, iddiaçının iddiasında aşağıdakı tələbləri irəli sürür: - cavabdehin “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə” 27 avqust 2021ci il tarixli **********6 nömrəli qərarının ləğv edilməsi; - cavabdehin “iddiaçının əmək pensiyasının yenidən hesablanması”ndan imtinasının qanunsuz sayılması; - iddiaçının əmək pensiyasının yenidən hesablanması; - əmək pensiyası üzrə az hesablanmış 19.833,44 manat məbləğində pul vəsaitinin iddiaçıya birdəfəlik ödənilməsi. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı iddiaçıya ilkin pensiya təyin olunması barədə DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X8 tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” ayrıca qərar qəbul edilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” 27 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarın qəbulu «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə görə yolverilən deyil. Qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, iddiaçıya təyin olunmuş pensiyanın məbləği qanuna uyğun hesablanmaması sübuta yetirilmiş olsa belə, həmin məbləğ iddiaçının gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz, eləcə də müvafiq məbləğlər aylıq ödəniş şəklində verildiyi halda, ondan toplam olaraq birdəfəlik tutulması «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından adekvat da sayılmır. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə belə qənaətə gəlir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat X5 27 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarı müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qərar qəbul edildiyindən, həmin qərar qanunsuzdur. Odur ki, iddia həmin hissədə əsaslı sayılır. İddiaçının əmək pensiyasının məbləğinin hansı qaydada (hansı vəzifə maaşını əsas götürməklə) hesablanmasına gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, işin hallarına görə iddiaçı 1994 – 2000-ci illərdə Azərbaycan Respublikası Baş X2 İşlər İdarəsində “aparıcı mühəndis” vəzifəsində işləmişdir, lakin imtinada, eləcə də etirazda ona əmək pensiyası təyin olunarkən həmin vəzifənin dövlət qulluğu keçən qulluqçu kateqoriyasına aid olub-olmaması tam araşdırılması barədə, eləcə də həmin vəzifənin vəzifə maaşının məbləğinin hansı normadan, mənbədən əldə edilməsi barədə xüsusat açıqlanmamışdır. Odur ki, məhkəmə iddiaçının müraciəti üzrə inzibati icraatın fornal aparıldığı qənaətinə gəlir. Məhkəmə hüquqi mövqeyi belədir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə yuxarıda qeyd olunan xüsusatlar qiymətləndirilməklə, habelə «İnzibati icraat haqqında» Qanunun 13, 24-cü maddələrinin tələbləri də nəzərə alınmaqla baxılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı ödənilməmiş (ehtimal olunan) pensiya məbləğini də müəyyənləşdirmək hazırkı məhkəmə icraatında mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş materiallarına olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hazırkı İddiaçı ünvanlanmış 25 iyun 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - 1996 – 2000-ci illərdə İddiaçı işlədiyi “aparıcı mühəndis” vəzifəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Maliyyə baş idarəsinin Təchizat şöbəsində “aparıcı mütəxəssis” vəzifəsinə uyğun hesab edilir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 sentyabr 2019-cu il tarixli 421 nömrəli qərarına əsasən bu vəzifəyə uyğun aylıq vəzifə maaşı 855 manatdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda, məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X5 “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə” 27 avqust 2021ci il tarixli **********6 nömrəli qərarı ləğv edilməli, cavabdehin “iddiaçının əmək pensiyasının yenidən hesablanması”ndan imtinasının qanunsuz sayılmalı, İddiaçı əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının yenidən hesablanması zamanı ödənilməmiş məbləğin ödənilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X5 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X5 “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə” 27 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilsin. Cavabdehin “iddiaçının əmək pensiyasının yenidən hesablanması”ndan imtinası qanunsuz sayılsın. İddiaçı əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının yenidən hesablanması zamanı ödənilməmiş məbləğin ödənilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat X5 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2055/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2055/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver