Məhkəmə qərarları › İş №2-1(112)-2055/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2055/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2055/2023 05.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Əlİddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın həyətində yerləşən qaraj sahəsinə mərhum X3 adına texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən binanın həyətində məhru həyat yoldaşı, Azərbaycan Respublikasının xalq artisti X5 məxsus daş qaraj mövcuddur. Belə ki, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Başçısının 1431 saylı xx.xx.1992-ci il tarixli sərəncamı ilə X4 ünvan 1 ünvanında qaraj qoyulması üçün torpaq sahəsi ayrılmışdır. Qaraj qoyulması üçün ayrılmış torpaq sahəsinin sxemi Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmışdır. Sonradan dəmir qarajın yerində daş qaraj inşa edilmişdir. Bakı şəhəri Nizami rayon Bələdiyyəsi ilə xx.xx.2001-ci il tarixdə 3 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Daha sonra Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin 18 saylı xx.xx.2004-cii il tarixli Qərarı ilə adıçəkilən ünvanda yerləşən, eskizdə göstərilən daş qarajın X3 adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçının həyat yoldaşı X7 xx.xx.2021-ci il tarixdə vəlat etmişdir. İddiaçı sözügedən daş qaraja texniki sənəd alınaraq vərəsəliyin rəsmiləşdirilməsi məqsədilə ilk növbədə notariat orqanına müraciət etmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2022-cil tarixli 1317 saylı məktubu ilə cavabdehə müraciət edilərək vərəsəlik işi ilə əlaqədar olaraq sözügedən qaraja texniki pasportun verilməsi xahiş edilmişdir. Həmçinin, iddiaçı müvafiq ərizə ilə cavabdehə müraciət edərək mövcud qaraja dair mərhum həyat yoldaşının adına texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli **********79 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, təqdim edilmiş icra hakimiyyətinin sərəncamı dəmir qaraj qoyulmasına dair verilmişdir, daş qarajın sənədləşdirilməsi ilə bağlı qərar verilməsi bələdiyyənin səlahiyyətləri xaricindədir. Qeyd edilən səbəbdən cavabdeh təşkilat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə istinad edərək texniki pasportun verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın texniki pasportu vertilməsindən imtina etməsi əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2055/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı ərizəsi əsasında iddia tələbini dəqiqləşdirmiş və iddia tələbi “ünvan 1 ünvanında yerləşən binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinə (qaraj) dair hüququn X4 məxsus olması haqqında arayışın (texniki pasportun) İddiaçı verilməsi” kimi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1431 nömrəli sərəncamı müvəqqəti dəmir qaraj (daşınar əmlak) qoyulması ilə bağlı verilmişdir. Daş qarajın sənədləşdirilməsi ilə bağlı qərar verilməsi Bələdiyyənin səlahiyyətləri xaricindədir. Bundan başqa daş qaraja və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11,1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina edərək, xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, təqdim edilmiş müvafiq icra hakimiyyəti orqanının sərəncamı müvəqqəti dəmir qaraj (daşınar əmlak) qoyulması ilə bağlı verilmişdir. Həmçinin, daş qarajın sənədləşdirilməsi ilə bağlı qərar verilməsi Bələdiyyənin səlayyihətləri xaricindədir. Bu səbəblərdən, daş qaraja texniki pasportun verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının sərəncamı və eskizi təqdim ediləcəyi təqdirdə ərizənizə yenidən baxılacağını qeyd etmişdir. - Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1431 saylı xx.xx.1992-ci il tarixli sərəncamı ilə - ünvan 3 ünvanında qaraj qoyulması üçün ayrılmış torpaq sahəsinin sxemi Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmışdır. - Bakı şəhər Nizami rayon bələdiyyəsinin 18 nömrəli xx.xx.2004-cü il tarixli Qərarı ilə Nizami rayonu Naxçıvanski küçəsi, 10, mənzil 63-də yaşayan X4 yaşadığı binanın həyətində, mövcud qarajlar sırasında ona məxsus olan və uzun müddət istifadə etdiyi daş qarajın sənədləşdirilməsi qərara alınmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalı xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısının 1431 saylı xx.xx.1992-ci il tarixli sərəncamının və Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin 18 saylı xx.xx.2004-cii il tarixli qərarının, qərarın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. - Məhkəmə tərəfindən cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixli sorğu məktubu göndərilərək, ünvan 1 ünvanında yerləşən binanın qarajının tikildiyi torpaq sahəsinin bələdiyyə üçün ayrılmış torpaq sahəsi olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq, bildirilmişdir ki, sözügedən qarajın yerləşdiyi torpaq sahəsinə dair məlumat (koordinat) verildikdən sonra müraciətə yenidən baxıla bilər. - Cavabdeh inzibati orqan tərəfindən həmin sorğuya cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, elektron kadastr baza məlumatlarında koordinatlarla verilmiş sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. - Məhkəmənin, İddiaçı müraciəti əsasında aparılmış inzibati icraat materiallarının (müayinə aktı və s.) təsdiq edilmiş surətinin məhkəyə təqdim edilməsi ilə bağlı xx.xx.2023cü il tarixli sorğusuna cavab olaraq, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinə xx.xx.2022-ci il tarixli, **********79 qeydiyyat nömrəli məktubla cavab verilmişdir və əmlakla bağlı texniki baxış keçirilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırki işin hallarına görə iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən binanın həyətində yerləşən qaraj sahəsinə dair hüququn mərhum X4 məxsus olması barədə arayışın (texniki pasportun) verilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1431 nömrəli Sərəncamı ilə Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsindəki 10 nömrəli evin 63-cü mənzilində yaşayan vətəndaş X5 dəmir qaraj qoyulması üçün torpaq sahəsi ayrılmışdır. Sonradan Bakı şəhəri X6 rayonu Naxçıvanski küçəsi 10, mənzil 63 ünvanında yaşayan X7 ərizə ilə müraciət edərək, yaşadığı binanın həyətində, mövcud qarajlar sırasında ona məxsus olan və uzun müddət istifadə etdiyi daş qarajın öz adına sənədləşdirilməsini xahiş etmişdir. Həmin qarajın həyətyanı sahədə heç nəyə və heç kəsə maneçiliyi olmadığını və qarajın vergiyə cəlb edilməsi məqsədilə, Bakı şəhər Nizami Bəldiyyəsinin 18 nömrəli xx.xx.2004-cü il tarixli Qərarı ilə Naxçıvanski küçəsi, 10 saylı binanın həyətində, mövcud qarajlar sırasında yerləşən, eskizdə göstərilən daş qaraj icarə müqaviləsi bağlamaqla həmin binanın 63 saylı mənzilində yaşayan X3 adına sənədləşdirilmişdir. Qarajın yerləşdiyi torpaq sahəsi tikinti və ya abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin tələbi ilə etiraz edilmədən azad edilməsi göstərilmişdir. İddiaçı ünvan 1 saylı binanın həyətində yerləşən qeyri-yaşayış binası (qaraj) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina edərək, xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, təqdim edilmiş müvafiq icra hakimiyyəti orqanının sərəncamı müvəqqəti dəmir qaraj (daşınar əmlak) qoyulması ilə bağlı verilmişdir. Həmçinin, daş qarajın sənədləşdirilməsi ilə bağlı qərar verilməsi Bələdiyyənin səlahiyyətləri xaricindədir. Bu səbəblərdən, daş qaraja texniki pasportun verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının sərəncamı və eskizi təqdim ediləcəyi təqdirdə ərizənizə yenidən baxılacağını qeyd etmişdir. İddiaçı həmin tələblə, sonradan isə məhkəməyə təqdim etdiyi dəqiqləşdirilmiş ərizəsinə əsasən ünvan 1 ünvanında yerləşən binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinə (qaraj) dair hüququn X4 məxsus olması haqqında arayışın (texniki pasportun) İddiaçı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalı xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısının 1431 saylı xx.xx.1992-ci il tarixli sərəncamının və Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin 18 saylı xx.xx.2004-cii il tarixli qərarının, qərarın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixli sorğu məktubu göndərilərək, ünvan 1 ünvanında yerləşən binanın qarajının tikildiyi torpaq sahəsinin bələdiyyə üçün ayrılmış torpaq sahəsi olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq, bildirilmişdir ki, sözügedən qarajın yerləşdiyi torpaq sahəsinə dair məlumat (koordinat) verildikdən sonra müraciətə yenidən baxıla bilər. Cavabdeh inzibati orqan tərəfindən həmin sorğuya cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, elektron kadastr baza məlumatlarında koordinatlarla verilmiş sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin, İddiaçı müraciəti əsasında aparılmış inzibati icraat materiallarının (müayinə aktı və s.) təsdiq edilmiş surətinin məhkəyə təqdim edilməsi ilə bağlı xx.xx.2023cü il tarixli sorgusuna cavab olaraq, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçıqasım qızının xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinə xx.xx.2022-ci il tarixli, **********79 qeydiyyat nömrəli məktubla cavab verilmişdir və əmlakla bağlı texniki baxış keçirilməmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. İşdə olan sənədlərdən görünür ki, cavabdeh inzibati orqan sorğuya cavab məktubunda bildirmişdir ki, sözügedən qarajın yerləşdiyi torpaq sahəsinə dair məlumat (koordinat) verildikdən sonra müraciətə baxıla bilər və digər sorğuya cavab məktubunda isə elektron kadastr baza məlumatlarında koordinatlarla verilmiş sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar etmədiyi bildirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın göstərdiyi dəlillərlə bağlı olaraq qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1431 saylı xx.xx.1992-ci il tarixli sərəncamında ayrılmış torpağın konkret ölçüsü göstərilməklə (3,0x6,0 metr) onun, ünvan 1 ünvanında yaşayan X2 həyətdəki mövcud qarajların yanındakı sahədə ayrıldığı göstərilmişdir. Eyni zamanda qaraj qoyulması üçün ayrılmış torpaq sahəsinin sxemi Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmışdır. Bakı şəhər Nizami rayon bələdiyyəsinin 18 nömrəli xx.xx.2004-cü il tarixli qərarında Bakı şəhəri X6 rayonu, Naxçıvanski küçəsi 10, mənzil 63-də yaşayan X4 yaşadığı binanın həyətində, mövcud qarajlar sırasında ona məxsus olan və uzun müddət istifadə etdiyi daş qarajın sənədləşdirilməsi qərara alınmışdır. Qərarda həmin qarajın həyətyanı sahədə heç nəyə və heç kəsə maneçiliyi olmadığını da göstərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə icraatı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli etiraz məktubunda imtina dəlili olaraq qeyd etmişdir ki, “daş qarajın sənədləşdirilməsi ilə bağlı qərar verilməsi Bələdiyyənin səlahiyyətləri xaricindədir. Bundan başqa daş qaraja və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməmişdir”. Bununla bağlı olaraq, nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Göründüyü kimi həmin dövrdə torpaq sahəsi dövlət mülkiyyətində olmuş və həmin vaxt qeyd edilən torpaq sahəsinə dair sərəncam vermək səlahiyyətli orqan, yəni yerli icra hakimiyyəti tərəfindən müvafiq sxemdə nəzərdə tutulmuş torpaq sahəsində qarajın tikilməsinə (qoyulmasına) icazə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd edilən normanın məzmununa əsasən, iddiaçının həyat yoldaşı sağlığında qarajın tikilməsi ilə bağlı qərar almış, hüququn qeydə alınması üçün Qanunun 8.0.1-ci maddəsində olan əsas mövcud olmuş, nəticədə qeyri-yaşayış sahəsinə müvafiq hüququ əldə etmişdir. Lakin o, qeyd edilən daşınmaz əmlaka hüququ əldə edən sənədi almadan vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd edilməlidir ki, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri- əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlər üzrə qəbul etdiyi qərarlarında eyni mövqe sərgilənmiş, daşınmaz əmlaka dair hüququn iddiaçının mərhum həyat yoldaşına məxsus olması barədə arayışın verilməsi ilə bağlı məsələ“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən həll edilmişdir. (2-1(102)-1603/2023; 2-1(102)-698/2023 və s.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Məhkəmə qeyd edir ki, müəyyən olunmuş torpaq sahəsində qarajın quraşdırılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan öz imtinasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallarla əsaslandıra bilməmiş, bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə həmçinin göstərilənlərlə bağlı olaraq qeyd edir ki, qəbul edilmiş akt “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsasların mövcud olmadığı hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Bu mənada hazırki iş üzrə qəbul edilmiş hər iki aktda “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanmış halların mövcud olmadığı müəyyən edildiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 20.1-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin adı İ fəslin "Ad" qrafasında göstərilir. Bu məqsədlə "torpaq", "mənzil", "qaraj" və s. kimi sözlərdən istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydalar”ın 4.2-ci bəndinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Həmin qərar ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydəalınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndi də analoji mövqedən çıxış edir. Lakin həmin bənddə göstərilən “elektron çıxarış” ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən “çıxarış” eyniləşdirilməməlidir. Belə ki, Qanunun tələbləri baxımından çıxarış – daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədədir. Lakin Təlimatda qeyd edilən elektron çıxarış Qanunun 22.2-ci maddəsində göstərilən arayışla eynilik təşkil edir. Təlimatın 7.1-ci bəndində də “reyestrdən çıxarış” ilə “elektron çıxarış” anlayışları birbirindən fərqləndirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli qaraja dair dair hüququn mərhum ərinə məxsus olması barədə müvafiq arayışın verilməsindən imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci və 22.2-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” tələblərinə zidd olmaqla qanunsuz olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edili 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi... M a d d ə 5 6 . Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Bələdiyyə torpaqlarının ayrılması qaydası

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.9. qanunla müəyyən edilmiş hallarda dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etmək; 3.1.10. hüquq sahibinin sorğusuna əsasən, ona məxsus olan daşınmaz əmlak haqqında digər şəxslərə verilən arayışlar barədə hüquq sahibinə məlumat vermək; 3.1.22-ci bəndinə əsasən daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək DƏDKR-in vəzifələrinə aiddir. Göründüyü kimi, cavabdeh inzibati orqanın daşınmaz əmlaka münasibətdə texniki sənədi tərtib etmək vəzifəsi onun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda təsbit olunmuşdur. Mübahisə predmeti olan qaraj isə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq inşa edilmiş və səlahiyyətli orqan tərfindən bunda dair həm torpağa, həm də qarajın tikilməsinə (qoyulmasına) dair qanunamüvafiq formada icazə verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6 İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 13.1 İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2 İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinə (qaraj) dair hüququn X4 məxsus olması haqqında arayışın (texniki pasportun) İddiaçı verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinə (qaraj) dair hüququn X4 məxsus olması haqqında arayışın (texniki pasportun) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar