Məhkəmə qərarları › İş №2-1(112)-2055/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2055/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2055/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivi, “18” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********49 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, idarənin arxivində saxlanılan “Xəzri” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Bundan başqa, ümumi sahəyə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivi, 18 saylı 5 sot torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması, plan və ölçünün tərtib edilməsi və mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivi, 18 saylı 5 sot torpaq sahəsi idiaçı İddiaçı, ona bitişik 25 saylı 5 sot torpaq sahəsi və üzərindəki bağ ev isə iddiaçının atası X2 olduğundan onların bu əmlakları üzəində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 6 may 2024-cü il tarixdə 2 saylı “Asan xidmət” vasitəsi ilə cavabdehə müraciət edilmişdir. Cavabdeh uzun müddətdən sonra cavab məktubları ilə hüquqların qeydiyyatından imtina etmişdir ki, idarənin arxivdə saxlanan “Xəzri” baxçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adları aşkar edilməmişdir. Ümumi sahəyə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Bakı şəhər X9 İcraiyyə Komitəsinin 17 iyul 1987-ci il tarixli, 16\290 saylı qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivi, 18 saylı torpaq sahəsinin yerləşdiyi ərazi “Xəzri” bağçılıq cəmiyyətinə üzvlərə verilməsi üçün ayrılmışdır. Mübahisələndirilən torpaq sahəsinin 5 sotu X11 (o dövrdə 25 saylı torpaq sahəsi adlanıb) cəmiyyətin üzvü kimi verilmiş, o da həmin yerdə bağ evi inşa etmişdir. O, bağ evini iddiaçılardan cəmiyyətin digər üzvü X1, ona görə də ayrılmış torpaq sahəsindən və üzvlükdən azad edilməsinə rəsmi ərizə vermişdir. Ərizəyə baxılmış, “Xəzri” bağçılıq cəmiyyətinin 03 mart 1991-ci il tarixli qərarı ilə Y.İ.Feldman üzvlükdən azad edilmiş, ona məxsus 25 saylı, 500 kvadrat metr torpaq sahəsi X3 verilmişdir. Bu haqda 1 saylı protokoldan çıxarış, torpaq sahəsinin planı, 25 saylı bağça üzvlük kitabçası Ədalətə təqdim edilmişdir. Həmin torpaq sahəsinə bitişik 18 saylı 5 sot torpaq sahəsi isə 14 dekabr 1998-ci il tarixə kimi “Xəzri” bağçılıq cəmiyyətinin sabiq üzvü X6 məxsus olmuş, onunla əldə edilən razılığa müvafiq olaraq torpaqdan Ədalətin qızı İddiaçı xeyrinə imtina etmişdir. Onun bu haqdakı ərizəsinə baxılmış, “Xəzri” bağçılıq cəmiyyətinin 14 dekabr 1998-ci il tarixli qərarı ilə X7 üzvlükdən azad edilmiş, ona məxsus 18 saylı, 500 kvadrat metr torpaq sahəsi Mehribana verilmişdir. Bu haqda 1 saylı protokoldan çıxarışı, torpaq sahəsinin planı, 18 saylı bağçanın üzvlük kitabçası Mehribana təqdim edilmişdir. Həmin ildən də bu torpaq sahəsi Mehriban və Ədalətin qanuni istifadəsinə verilmişdir. Ötən müddət ərzində nə N.F.Məmmədovdan, nə də Y.İ.Feldmandan heç bir quruma şikayət verilməmiş, torpaq sahələri mübahisələndirilməmiş, hasara alınmış, əkilib-becərilən, bir hasarla əhatələnən torpaq sahələri Ədalət və Mehribanın qanuni mülkü kimi dövlət və bələdiyyə qurumları tərəfindən də qəbul edilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, idarənin arxivində saxlanılan “Xəzri” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Həmçinin təqdim edilən protokoldan çıxarışda ata adı qeyd edilməmişdir. Bundan başqa, ümumi sahəyə ********** ərizə nömrəsi ilə X2 müraciəti qeydə alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi ümumi ərazi daxilindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər X9 İcraiyyə Komitəsinin 17 iyul 1987-ci il tarixli, 16\290 saylı qərarından görünür ki, kollektiv bğçılıq təsərrüfatı yaradılması üçün Azərbaycan SSR Tikinti Nazirliyinin tikinti sənayesi müəssisələrində texnoloji proseslərin avtomatlaşıdırılmış sistem idarəsinin xüsusi layihə-konstruktor bürosunun 72 nəfər əməkdaşına Şıxlar ərazisində torpaq sahəsi ayrılmışdır. - Həmin bağçılığın üzvlərinin siyahısından görünür ki, X5 adı siyahıya daxil edilmiş və 28-ci sırada göstərilmişdir. - xx.xx.1998-ci il tarixli “Xəzri” bağçılıq cəmiyyətinin 1 saylı protokolundan çıxarışdan görünür ki, ’’Xəzri” bağçılıq cəmiyyətinin üzvü Məmmədov Nərimanı bağçılıq cəmiyyətinin üzvlüyündən azad edilmiş və ona məxsus 18 saylı torpaq sahəsi ’’Xəzri” bağçılıq cəmiyyətinin digər üzvü İddiaçı verilmişdir. -18 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı xx.xx.1998-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona 500 kv.metr sahəsi olan 18 saylı bağ ayrılmışdır. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktının surətindən görünür ki, vətəndaş tərəfindən göstərilən 0.05 ha bağ sahəsi ümumi ərazisi 0.1017 ha olan hasar daxilindədir. Bağ sahəsində köməkçi tikililər vardır. Bağ sahəsinə baxış keçirərkən vətəndaş bildirdi ki, hasar daxilində olan digər bağ sahəsi (25 saylı bağ ) ailə üzvünə (atasına) məxsus olduğu üçün ara sərhədlər hasarlanmamışdır. Həmçinin vətəndaş həmin bağ sahəsi üçün ********** nömrəsi ilə müraciət etdiyini bildirmişdir. Ara sərhədlər hasarlanmadığından 0.05 ha sahənin koordinatları vətəndaş tərəfindən göstərilən şərti sərhəd əsasında tərtib edilmişdir. İddiaçı hazırda onun istifadəsinə verilmiş Şıxlar bağ massivi ərazisində yerləşən 18 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Eyni zamanda “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İşdən görünür ki, iddiaçı bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçasını və üzvlərin iclasının protokolundan çıxarışı təqdim etmişdir. Belə olan halda aydındır ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Lakin işdən görünür ki, cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir:

1. iddiaçının adının İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmaması;

2. ümumi sahəyə digər fiziki şəxsin müraciətinin olması. Məhkəmə cavabdehin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, İdarənin arxivində bir siyahı olsa da, həmin siyahıda tarix göstərilmədiyindən, onun hansı tarixə aid olmasını müəyyən etmək mümkün deyildir. Lakin işdə olan iddiaçıya bağ sahəsinin ayrılması barədə xx.xx.1998-ci il tarixli protokoldan çıxarışdan görünür ki, 18 saylı bağ sahəsi adı siyahıda olan Nəriman Məmmədova ayrılmış, daha sonra onun üzvlükdən çıxması ilə bağlı iddiaçı cəmiyyətə üzv qəbul edilmiş və həmin bağ sahəsi ona ayrılmışdır. Göründüyü kimi, iddiaçının adı cavabdehə təqdim edilmiş siyahıda olmasa da, ona torpaq sahəsinin ayrılması barədə qərar qüvvədə olmuş, onun ləğv edilməsi barədə işdə sübut olmamışdır. Həmin sənədlərin arxivsaxlayıcı olan cavabdehə təqdim edilməməsi isə iddiaçının təqsiri hesab oluna və bununla bağlı məsuliyyət iddiaçıya aid edilə bilməz. Cavadehin ikinci dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, işdən görünür ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi torpaq sahəsi atası Ə.İmaməliyevə ayrılmış 500 kv.metr torpaq sahəsi ilə ümumi hasar daxilində olmuş və həmin əraziyə onun müraciəti olmuş, lakin tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisə olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də iddiaçının ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas kimi qiymətləndirilə bilməz. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Çünki qanunvericiliklə iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin hüuquların dövlət qeydiyyatı üçün nəzərdə tutulması iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 500 kv.metr sahəsi olan 18 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar