Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2058/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətində (bundan sonra "xxxx" ASC) 03.02.1995-16.12.2005-ci il illərdə işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, ona 65 yaşdan yəni 01.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 31.01.1979-cu il tarixində tərtib edilmiş əmək kitabçasına və H3 ******* nömrəli hərbi biletə əsasən onun 25 ildən çox əmək fəaliyyəti vardır. Lakin DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanan 07 iyun 2021 -ci il tarixli, **********3 saylı məktuba əsasən onun yalnız 16 il 10 ay sığorta stajı göstərilmişdir. Filial tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 06.05.2021-ci il tarixli 4/940 nömrəli "xxxx" ASC-nin arxiv sənədləri Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. "xxxx" ASC-nin arxiv sənədlərinin təhvil verilməməsi onun hüquqlarını məhdudlaşdıra bilməz. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsində 03.02.1995-ci il tarixdən 16.12.2005-ci il tarixə kimi "xxxx" ASC-də işlədiyini iddia edir və həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı Mütəllib oğlunun iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 07 iyun 2021-ci il tarixli **********3 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında İddiaçı məxsus 31.01.1979-cu il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasına və ******* saylı hərbi biletə əsasən 16 il 10 ay sosial sığorta stajı olmaqla qanunla tələb edilən müddətdən (25 il), eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı qeyd edilmişdir. Həmçinin "xxxx" ASC-nin arxiv sənədlərinin AR Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyindən sözügedən dövrün araşdırılaraq sosial sığorta stajına daxil edilməsinin mümkün hesab edilməməsi də qərarda öz əksini tapmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı yaşa görə əmək pensiyası hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni 01.04.2021-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı məxsus 31.01.1974-cü il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasına və ******* nömrəli hərbi biletə müvafiq olaraq onun ümumilikdə sosial sığorta stajı 27 il 11 ay 11 gündür. İşin mübahisələndirilən halı İddiaçı 03.01.1995 - 16.12.2005-ci illərin ərzində "xxxx" ASC-də işlədiyi dövrdür. AR Milli Arxiv İdarəsinin 16 may 2021 -ci il tarixli, 4/940 nömrəli məktubunda "xxxx" ASC-nin sənədləri mühafizə üçün AR Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən İddiaçı "xxxx" ASC-də 03.01.1995 - 16.12.2005-ci illər ərzində işləməsi barədə hər hansı məlumatın tapılmadığı qeyd edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzinin 16 avqust 2021-ci il tarixli **********29 nömrəli məktubunda "xxxx" ASC-nin arxiv sənədləri olmadığından İddiaçı əmək fəaliyyəti barədə məlumat verilməsinin mümkün olmaması qeyd edilmişdir. Arxivdə İddiaçı işə daxilolma və işdən azad edilmə əmrləri, həmçinin əmək haqqı cədvəlləri aşkar edilmədiyindən belə olan halda iddiaçının sözügedən müəssisədə işləməsi faktı şübhə doğurur. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüquğu yarandığı 65 yaşda, yəni 01.04.2021-ci il tarixdə ganunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28.800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - 13.08.2012-ci il tarixdə Suraxanı RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Gədəbəy rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 29.10.1975-ci ildən 04.11.1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ИT-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı (əmək kitabçasında səhvən iddiaçının ata adı Mütalib kimi qeyd olunmuşdur) oğlu 10 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinə daxil olana qədər iş stajı olmamışdır. Bakı Baş tikinti idarəsinin 11 saylı “Xüsusimədəntikinti” trestinin 10 saylı İxtisaslaşdırılmış tikinti idarəsinə 24.01.1979-cu ildə 3-cü dərəcəli rəngsaz işinə qəbul olunmuşdur (18/k saylı 26.01.1970-ci il tarixli əmr); 12.06.1979-cu il tarixdə vəzifəsindən azad edilmişdir (87/k saylı 12.06.1979-cu il tarixli əmr); 13.06.1979-cu ildən üçüncü dərəcəli sürücü vəzifəsinə qəbul olunmuşdur (58/k saylı 08.06.1979-cu il tarixli əmr); 21.01.1980-ci il tarixdə vəzifəsindən azad edilmişdir (06/k saylı 21.01.1980-cı il tarixli əmr); 01.12.1980-ci il tarixdə Bakı Dəniz Balıq Limanına yük sahəsinin dokeri-mexanizatoru vəzifəsinə qəbul olunmuşdur (22/k saylı 01.02.1980-ci il tarixli əmr); 14.04.1986-cı il tarixdə üçüncü dərəcəli sürücü vəzifəsinə keçirilmişdir (19/k saylı 14.04.1986-cı il tarixli əmr); 20.11.1991-ci il tarixdə vəzifəsindən azad edilmişdir (48/k saylı 20.11.1991-ci il tarixli əmr); 05.12.1992-ci il tarixdə Bakı Dəniz Balıq Limanı Avtonəqliyyat xidmət limanına sürücü vəzifəsinə qəbul olunmuşdur (6/k saylı 10.02.1992-ci il tarixli əmr); 19.10.1993-cü il tarixdə vəzifəsindən azad edilmişdir (36/k saylı 11.10.1993cü il tarixli əmr); 01.07.1994-cü il tarixdə Ayaqqabı və məmulatların istehsalı üzrə istehsalat birliyi nəzdində “Çarıq Kooperativi” kiçik müəssisəsinə ayaqqabı ustası vəzifəsinə qəbul olunmuşdur (18 saylı 01.07.1994-cü il tarixli əmr); 01.12.1994-cü ildə vəzifəsindən azad edilmişdir (31 saylı 01.12.1994-cü il tarixli əmr); 03.01.1995-ci ildə "xxxx" bazarına ("xxxx" ASC) fəhlə vəzifəsinə qəbul edilmişdir (23 saylı 03.01.1995-ci il tarixli əmr); 26.12.2005-ci il tarixdə öz xahişi ilə vəzifəsindən azad edilmişdir (48 saylı 16.12.2005-ci il tarixli əmr). Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********45 saylı 13 yanvar 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində "xxxx" ASC-də fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən təqdim edilmiş sənədlər toplusunda (emissiya prospektində) səhmləri güzəştlə almaq hüququ olan işçilərin siyahısında İddiaçı dair hər hansı bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinin **********83200 saylı 17 yanvar 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, idarədə olan reyestr məlumatlarına əsasən "xxxx" ASC (VÖEN: **********) 04.12.2002-ci ildə 010-A1-1193 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan məktubla "Pasaj” ASC-nin nizamnaməsinin və dövlət reyestrindən çıxarışının təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Məhkəməyə təqdim olunmuş reyestrdən çıxarışdan müəyyən olunur ki, "xxxx" ASCnin qeydiyyata alındığı tarix 04.12.2002-ci il, əvvəlki dövlət qeydiyyatı 0102-A1-1193, dövlət qeydiyyatı (VÖEN; **********), hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli, ev 12/14, qanuni təmsilçisi X3 qeyd olunmuşdur. - Əmlak Məsələləri Dövlət Xidmətinin **********56 saylı 22 fevral 2022-ci il tarixli məktubu ilə keçmiş Dövlət Əmlak Komitəsinin "xxxx" ASC-nin yaradılması barədə məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən; Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 404 nömrəli 02 mart 1998-ci il tarixli Sərəncamının surətindən müəyyən olunur ki, ləğv edilmiş Ticarət Nazirliyinin tabeliyində olmuş Bakı şəhər Ticarət və İctimai İaşə Baş İdarəsinin ünvan 3 ünvanda yerləşən 2 saylı Bazasının əsasında "xxxx" açıq tipli səhmdar cəmiyyəti yaradılmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış aşağıdakı: - 20.04.2021-ci il tarixli **********3 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN” xidmət mərkəzindən daxil olmuş 12.04.2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim etdiyi 31.01.1979-cu il tarixində tərtib edilmiş ИТ-İ №-li ******* saylı əmək kitabçasında qeyd olunmuş 03.01.1995-ci il tarixdən 26.12.2005-ci il tarixinədək olan "xxxx" ASC-dəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. - 07.06.2021-ci il tarixli **********3 saylı cavab məktubunda qeyd olunmuşdur ki, təqdim etdiyi 31.01.1979-cu il tarixində tərtib edilmiş ИТ-İ №-li ******* saylı əmək kitabçasına və НЗ №-li ******* nömrəli hərbi biletinin surətinə əsasən 01.01.2006-ci il tarixinə kimi sığorta stajı 16 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissədində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 06.05.2021-ci il tarixli №-li 4/490 nömrəli məktubuna əsasən "xxxx" ASC-nin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi üçün həmin dövrlərin araşdırılması mümkün olmamış və bu dövrlər sığorta stajına daxil edilməmişdir. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasında qeyd olunsa da həmin illərə münasibətdə cavabdeh tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (65 yaş) 01.04.2021-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqındaişə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatındam keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıxx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu 01.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu 01.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2058/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2058/2022
04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver