Məhkəmə qərarları › İş №2-1(112)-2058/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2058/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2058/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X18 İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X11 və digərləri) qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata lınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 33/34 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh xx.xx.2024-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilən sənədlərdən görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi N.Nərimanov adına Neft və Qazçıxarma idarəsi bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində yerləşir, lakin bununla əlaqədar üzvlük kitabçası və ya protokoldan çıxarış deyil, order təqdim edilmişdir. Eyni zamanda, bağçılıq-yoldaşlığın bölgü sxemi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin təqdim edilmiş orderdə torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Eyni bağçılıq-yoldaşlığın nəzdində “33/34” saylı torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə digər şəxslərin müraciətləri olmuşdur. Təqdim olunan sənədlər surətdir. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 33/34 saylı 10 sot sahədən ibarət bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11, X6, X7 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, N.Nərimanov adına NQÇİ nəznində fəaliyyət göstərən “Dəniz Neftçisi’“ bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərindən biridir. Belə ki, N.Nərimanov adına NQÇİ həmkarlar komitəsi tərəfindən təqdim edilmiş siyahıda onun adının qeyd edilməsi bu faktı təsdiqləyir. Həmin siyahı “Dəniz Neftçisi” Bağçılıq-yoldaşlıq təsərrüfatının sədri Q.H.Hüseynəliyev tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. N.Nərimanov adına NQÇİ həmkarlar komitəsinin xx.xx.1991-ci il tarixli, 10/518 saylı qərarı və aktına əsasən Bakı şəhəri, Qaradağ rayonunda yerləşən, 33/34 saylı, 10 sot sahədən ibarət bağ sahəsi fərdi yaşayış evinin tikilməsi üçün iddiaçıya ayrılmışdır. Bundan başqa, N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi Bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən sözügedən bağ sahəsinə dair xx.xx.1998-ci il tarixli, 23 saylı order təqdim olunmuşdur. Həmçinin, “Dəniz Neftçisi” Bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən təqdim olunmuş planı özündə ehtiva edən sənəddə ona məxsus bağ sahəsi ştrixlənmişdir. Həmin sənəd “Dəniz Neftçisi” Bağçılıq-yoldaşlıq təsərrüfatının sədri Q.H.Hüseynəliyev tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Həmin torpaq sahəsi ayrıldıqdan sonra onun istifadəsinə verilmiş və həmin vaxtdan etibarən sözügedən torpaq sahəsindən istifadə etmişdir. Məhz bu xüsusatlara əsasən, qanuni əsaslarla ona verilmiş Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən, 33/34 saylı, 10 sot sahədən ibarət bağ sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna müvafiq çıxarışın verilməsi üçün tərəfindən cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə rəsmi qaydada müraciət edilmişdir. Həmin İdarə tərəfindən sonuncu dəfə müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M-0805-8/2024 **********54 saylı məktubla müraciətinin təmin olunmasından imtina edilmiş, sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi N.Nərimanov adına Neft və Qazçıxarma idarəsi bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində yerləşir, lakin bununla əlaqədar üzvlük kitabçası və ya protokoldan çıxarış deyil, order təqdim edilmişdir. Eyni zamanda, bağçılıq-yoldaşlığın bölgü sxemi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin təqdim edilmiş orderdə torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Eyni bağçılıq-yoldaşlığın nəzdində “33/34” saylı torpaq sahəsi **********64-11301 qeydiyyat nömrəsi ilə X8 (fin: 17KGQRV) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə ********** və ********** nömrələri ilə X3, ********** nömrəsi ilə X4 və ********** nömrəsi ilə X5 müraciətləri olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman torpaq sahəsinin faktiki ölçüsünün 0.0920 ha olduğu məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/437 nömrəli qərarından görünür ki, N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə Qaradağ rayonu, Sənqəçal qəsəbəsinin cənub qərbində Bağçılıq yoldaşlıq təsərrüfatının 60 nəfər üzvünə əlavə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/518 saylı qərarına əsasən Qaradağ rayonu, Sənqəçal qəsbəsində N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 30 nəfər əməkdaşına yararsız torpaqlardan əlavə torpaq sahəsi ayrılmışdır. Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 saylı, xx.xx.1990-cı il tarixli 4/145 saylı, xx.xx.1990-cı il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin siyahısında görünür ki, İddiaçı adı siyahıda 194-cü sırada qeyd edilmişdir. İşdə olan N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi Bağçılıq yoldaşlıq təsərrüfatının 23 nömrəli orderindən görünür ki, Bakı şəhər İcra Komitəsinin 24 iyul 1991ci il tarixli 10/518 saylı qərarına əsasən N.Nərimanov adına NQÇİ-nin həmkarlar komitəsinin və bağçılıq yoldaşlıq təsərrüfatının xx.xx.1998-ci il tarixli 32 nömrəli birgə qərarına əsasən 33-34 saylı bağ sahəsi iddiaçıya məxsusdur və həmin sahədən 3 otaqlı yaşayış evinin tikintisi aparıla bilər. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəniz neftçisi b/y, 33/34 saylı bağ sahəsinə dair daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, vətəndaş tərəfindən göstərilən torpaq sahəsi hasar daxilindədir. Giriş darvazası yoxdur, giriş-çıxış sərbəstdir. Faktiki göstərilən sahənin koordinatları əlavə olundu. **********, ********** iş nömrəsi ilə müraciət edilib. İddiaçı hazırda bu sənədlərə istinad edərək, 33-34 saylı bağ sahələrinin ona məxsus olduğunu iddia edərək, həmin bağlara mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. Göründüyü kimi, qanunverici vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların qeydə alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir:

1. bağ sahələrinə dair verilən icarə müqavilələri;

2. bağ sahələrinə dair verilən sərəncamlar;

3. bağ sahələrinə dair verilən orderlər;

4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası;

5. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarış; İşdən görünür ki, iddiaçı qeyd olunan sənədlərdən hər hansı birini deyil, bağçılıqyoldaşlıq təsərrüfatının orderini təqdim etsə də, onun adı təsərrüfat üzvlərinin siyahısında olmuşdur. Lakin işdə olan Nəriman Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin Bağçılıq Yoldaşlıq üzvlərinin xx.xx.1998-ci il tarixli 62 saylı protokolundan çıxarışdan görünür ki, X14 ərizəsinə əsasən Səngəcal qəsəbəsi ərazisində yerləşən bağşılıq yoldaşlıq təsərrüfatına üzvlüyə qəbul edilmiş və sahədi 1000 kv.metr olan 33/34 saylı bağ sahəsi ona təhkim edilmişdir. RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, “Dəniz neftçisi” b/y-nın, 33/34 saylı bağ sahəsinə X9 mülkiyyət hüququ qeydə alınmışdır. Göründüyü kimi, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi 33/34 saylı bağ sahəsi kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərin iclas protokolundan çıxarışa əsasən iddiaçıya deyil, digər şəxsə - A.Abbasova ayrılmışdır. Bu halı həmçinin işdə olan Azərbaycan Respublikası Dövlət Neft şirkətinin xx.xx.2024-cü il tarixli,14-2/2-5149/2024 nömrəli məktubu da təsdiq edir. Belə ki, həmin məktubdan göstərilmişdir ki, SOCAR-ın Baş ofisində saxlanılan N.Nərimanov adına Neft Qazçıxarma İdarəsi (NQÇİ) üzrə bağçılığa dair siyahıda İddiaçı adlı şəxs qeyd olunsa da, lakin ata adı qeyd edilməmişdir. Eyni zamanda müraciətə əlavə edilmiş sənədlərdə göstərilən bağ nömrəsi ilə saxlanılan siyahıda qeyd edilən bağ nömrəsi arasında fərq mövcuddur. Belə ki, həmin məktuba əlavə edilmiş 1987-1989-cu illərdə məlum olmayan qərarla verilmiş bağ sahələrinin bölgü siyahısından görünür ki, İddiaçı hər birinin sahəsi 5 sot olmaqla 77 və 78 saylı bağ sahələri ayrılmışdır. Belə olan halda aydındır ki, iddiaçının hazırda təqdim etdiyi sənəddəki məlumatlar həqiqətə uyğun deyildir və buna görə də mötəbər hüququmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Həmçinin iddiaçının təqdim etdiyi 23 saylı orderə baxış keçirəndə adi gözlə görmək mümkündür ki, orada bağ sahəsinin nömrəsi orderin nömrəsinə uyğun 23 kimi yazılmış, daha sonra rəqəmə düzəliş edilərək 23 rəqəmi 33 rəqəminə düzəldilmiş və 34 rəqəmi əlavə edilmişdir. Məhkəmə onu da qeyd edir ki, işdə görünür ki, “Dəniz neftçisi” bağşılıq yoldaşlıq üzvlərinə ayrılan torpaq sahələrinin qeydə alınması ilə bağlı digər üzvlər order deyil, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərin iclas protokolundan çıxarış və ya üzvlük kitabçası təqdim etmişlər. Bu hal da özlüyündə iddiaçının təqdim etdiyi həmin sənədi şübhə altına almaq üçün əsasdır. Bundan başqa, işdən görünür ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını xahiş etdiyi torpaq sahəsinə dair X1 adına **********0080 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Belə ki, işdə olan Nəriman Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin Bağçılıq Yoldaşlıq üzvlərinin xx.xx.1998-ci il tarixli 32 saylı protokolundan çıxarışdan görünür ki, X1 ərizəsinə əsasən sahəsi 1000 kv.metr olan 21;22 saylı bağ sahəsi ona verilmiş, həmin çıxarış əsasında N.Nəsrullayevin adına “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənəd mötəbər olmamaqla yanaşı, onun naturada göstərdiyi torpaq sahəsinə dair artıq başqasının adına verilmiş və qüvvədə olan torpaq sahəsinin plan və ölçüsü mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənəd həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar