Məhkəmə qərarları › İş №2-1(112)-2059/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2059/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2059/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2018-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, 44,4 kv.metr ümumi sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsindəki 3 saylı evin 9 “V” saylı mənzilinin onun adına özəlləşdirilməsi və bu barədə çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli, **********71 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ərizənin icrası zamanı məlum olmuşdur ki, sözügedən mənzilə dair İddiaçı adına heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 44,4 kv.metr ümumi sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsindəki 3 saylı evin 9 “V” saylı mənzilinin onun adına özəlləşdirilməsi və bu barədə çıxarış verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildən xx.xx.1999-cu ilə kimi Bakı Ət Kombinatında (Açıq Tipli "xxxx" Səhmdar Cəmiyyətində) əvvəllər çilingər, sonra isə soyuducu sexində yükləyici işləmiş, Bakı Ət Kombinatı Həmkarlar Komitəsi və Kombinatın rəhbərliyinin 18 may 1981-ci il tarixli 27 saylı protokoluna əsasən ona ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsindəki 3 saylı evin 9 «V» saylı mənzili verilmişdir. Həmin mənzil 2 otaqdan ibarət olmaqla ümumi yaşayış sahəsi 44,4 kv.metrdir və1981-ci ildən indiyə kimi orada ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2-2143/2008 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və X3rşı qeydiyyata alınma tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və onun ailə üzvləri,həyat yoldaşı X4, oğlu X11, gəlini X1, qızı X8, oğlu X14 və X12 Bakı Ət Kombinatı küçəsindəki 3 saylı evin 9 «V» saylı mənzilinə qeydiyyata alınmışlar. Həyat yoldaşı X4 11 fevral 2014-cü il tarixdə vəfat etmişdir. Qalan ailə üzvləri isə hazırda həmin ünvandakı mənzilin onun adına özəlləşdirilməsinə razıdırlar. “Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddiaçı mənzilin adına özəlləşdirilməsinə ailə üzvlərinin razılıq ərizəsini, mənzillə əlaqədar 2 saylı forma tipli arayışı, Bakı Ət Kombinatı Həmkarlar Komitəsi və Kombinatın rəhbərliyinin 18 may 1981-ci il tarixli 27 saylı protokolunun və Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2- 2143/2008 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinin surətlərini cavabdeh təşkilata təqdim etmiş, cavabdeh təşkilat isə əsassız və qeyri-qanuni olaraq ərizəni təmin etməmişdir. İddiaçı bildirir ki, 40 ildir ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsindəki 3 saylı evin 9 «V» saylı mənzilinə faktiki mülkiyyətçi hüququ ilə fasiləsiz və etirazsız sahiblik edir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.1981-ci il tarixli Bakı Ət Kombinatının rəhbərliyi ilə zavodun həmkarlar ittifaqı komitəsinin birgə iclasının 27 saylı protokolundan görünür ki, 27.7 kv.metr sahəsi olan 1 nömrəli otaq mexaniki sexdə çilingər işləyən, 4 nəfər ailə üzvü olan İddiaçı ayrılmışdır. xx.xx.2007-ci il tarixli 04-K nömrəli "xxxx" ATSC tərəfindən verilən arayışdan görünür ki, İddiaçı 01 dekabr 1977-ci il tarixdən 07 iyun 1999-cu il tarixədək soyuducu sexində yükləyici vəzifəsində işləmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-2143/2008 saylı xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zeynalov X6 rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsi, 3 saylı evin 9 “V” saylı otağa qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iddianı təmin edərək, İddiaçı və onun ailə üzvləri həyat yoldaşı X4, oğlu X11, gəlini X1, qızı X8, oğlanları X14 və X5 Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsi, 3 saylı binanın 9 “V” saylı otağına pasport qeydiyyatına alınmaları barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018-2589-1222 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdən, xx.xx.1981-ci il təvəllüdlü X14 xx.xx.2008-ci il tarixdən, xx.xx.2012-ci il təvəllüdlü X13 xx.xx.2017-ci il tarixdən, xx.xx.1978-ci il təvəllüdlü X10 xx.xx.2008-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X12, X14, X8, X1 və X11 Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsindəki 3 saylı evin 9 “V” saylı mənzilində yaşayırlar və qeydiyyatdadırlar. Həmin mənzilin İddiaçı adına özəlləşdirilməsinə heç bir etirazları yoxdur və gələcəkdə də bununla bağlı heç bir iddia tələbləri olmayacaqdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/1780 nömrəli məktubdan görünür ki, Bakı Ət kombinatının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********01 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Bakı Ət Kombinatının bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1107 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 02 saylı məktubundan görünür ki, 18 may 1981ci il tarixli, 27 nömrəli protokol və bu məsələyə dair heç bir sənəd "xxxx" ASC-nin arxivində tapılmamışdır. Müəssisənin arxivində yalnız maliyyə və kadr sənədləri mövcuddur. Buna görə də vətəndaş İddiaçı iddiası ilə əlaqədar müvafiq sənədlərin əldə edilməsi üçün aidiyyəti üzrə Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə müraciət edilməsi məqsədəuyğundur. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli 789 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 9 “V” saylı mənzil dövlət yaşayış fonduna aid olmaqla Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli 3/24 saylı və xx.xx.2022-ci il tarixli 3/174 saylı məktublarından görünür ki, qeyd olunan 2 mərtəbəli, 4 girişli, 14 mənzilli, ümumi yaşayış sahəsi 958,12 kv.m. təşkil edən ev 1932-ci ildə inşa edilmişdir və dövlət mənzil fondu kimi Birliyin balansındadır. Binanın eyvanları, pilləkən qəfəsələri və digər konstruktiv elementləri uzun müddətli istismar nəticəsində yararsız vəziyyətə düşdüyündən rayon ərazisində sökülərək yerində yeni yaşayış binaları inşa edilməsi nəzərdə tutulmuş və eləcədə əsaslı təmir işlərinin aparılmasına ehtiyac olan ünvanların siyahısındadır. İddiaçı istifadəsində olan Habil Əliyev (köhnə ünvan 4 ünvanına aid Birlikdə heç bir hüquqi sənəd yoxdur. xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 18 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 18/532 saylı arayışından görünür ki, iddiaçı Habil Əliyev (köhnə BƏK) küçəsi 3 nömrəli evin 9v nömrəli mənzilində pasport qeydiyyatındadır. 18 saylı MKİS-də həmin ünvana dair heç bir mövcud deyil. Beləliklə, işin hallarından görünür ki, iddiaçı hazırda Bakı şəhəri, Nərimanov rayonu, Bakı Ət Kombinatı küçəsi, ev 3 ünvanında yerləşən 9V saylı mənzilin Bakı Ət Kombinatının xx.xx.1981-ci il tarixli qərarı ilə ona verildiyini iddia edərək həmin mənzilin adına özəlləşdirilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı istinad olunan sənədlərdən hər hansı birini məhkəməyə təqdim etməmişdir. Onun hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi yeganə sübut xx.xx.1981-ci il tarixli Bakı Ət Kombinatının rəhbərliyi ilə zavodun həmkarlar ittifaqı komitəsinin birgə iclasının 27 saylı protokoludur, hansı ki, həmin protokol surət olmaqla müəssisənin möhürü ilə təsdiq edilməmişdir. Eyni zamanda məhkəmə sorğularına verilən cavablardan görünür ki, iddiaçıya mübahisəli mənzilin ayrılması ilə bağlı zəruri sənədlər nə dövlət orqanlarında, nə də müəssisəsinin arxivində mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi 27 saylı protokol mötəbər hesab oluna və etibarlı hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. İddiaçının mübahisəli mənzilə qeydiyyata alınmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-2143/2008 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinə gəldikdə, həmin qətnamə şəxsin qeydiyyata alınması ilə bağlıdır və mənzilin özəlləşdirilməsi üçün qanunvericiliklə tələb olunan mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamı əvəz edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin yuxarıda sadalanan hallarına əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. İnzibati orqan iddiaçının tələb etdiyi qeydiyyatı qanunvericiliyin tələbinə görə yalnız müvafiq hüquqmüəyyənedici sənədlər olduqda apara bilər. Belə sənədlər isə hazırkı iş üzrə müəyyən olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar