Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-206/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, fəhlə işləyir), iddiaçının vəkili X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili),cavabdehin nümayəndəsi X3 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair tərtib edilmiş sənədin ləğv edilməsi, əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edilmiş sənədin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qalamirzə oğlu cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və "xxxx" ASC-yə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibati aktının - 02.08.2019cu il tarixli məktubunun və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi və ya ləğv edilməsi, dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehlərdən tutulması, cavabdeh "xxxx" ASC-nin üzərinə ona sığorta ödənişinin ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş 2-1(112)-3712/2020 nömrəli, 24.11.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçının verdiyi apellyasiya şikayəti əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-1291/2021 nömrəli, 26.05.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək 2-1(112)-3712/2020 nömrəli, 24.11.2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir, apellyasiya məhkəməsinin qərarında əks olunan mövqeyinə əsasən birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının iddia tələbi ilə əhatə olunub-olunmadığını yoxlamalı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün iddia tələbini dəqiqləşdirməyi təklif etməli idi və yalnız bu barədə hüquqi yardım göstərildikdən sonra işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul edə bilərdi. Qeyd edilən qərardan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2- 1(102)-1837/2021 nömrəli, 16.11.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir, Azərbaycan Respublikasının Ali Məhkəməsi qeyd edilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-1291/2021 nömrəli, 26.05.2021-ci il tarixli qərardadında əks olunan mövqeyi - birinci instansiya məhkəməsinin iddiaçının hüquqi marağının iddia tələbi ilə əhatə olunub-olunmadığını yoxlamalı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etməli olduğu və yalnız bu barədə hüquqi yardım göstərildikdən sonra işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul edə bilməsi ilə razılaşmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə məktub ünvanlanmışdır və iddiaçı iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizəsini məhkəməyə təqdim edərək gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair tərtib edilmiş sənədin ləğv edilməsi, əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edimiş sənədin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair tərtib edilmiş ziddiyyətli sənədin ləğv edilməsi və əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edilmiş sənədin bərpa edilməsindən ibarətdir.O Qarabağ müharibəsi əlilidir, onun əlillik vəziyyəti 11.09.2018-ci ildə qiymətləndirilmiş və “monokulyar korluq, OD-zədədən sonrakı vəziyyət, digər qlaukoma, OD-terminal qlaukoma, qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş.OD-travmadan sonra sonrakı qüzehli qişanın kalaqoması, görmə sinirinin atrofiyası, OD görmə sinirinin atrofiyası” diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. Daha sonra onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABRG nömrəli göndərişi əsasında 11.03.2019cu il tarixdə təkrar qiymətləndirilmiş və “monokulyar korluq, istehsalatda bədbəxt hadisə nəticəsində zədədən sonrakı vəziyyət, qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş.OD-travmadan sonrakı qüzehli qişanın kalaqoması, digər qlaukoma.ODterminal qlaukoma.Görmə sinirinin atrofiyası, OD - görmə sinirinin atrofiyası, Afakiya.Hipermetropiya.VİS OD= qeyri-düzgün işıq duyğusu, VİS-OS -0.2 k/ilə=0,4ROS- H1.OD.On iki barmaq bağırsağın xorası” diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz əlillik, 50 % əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. İstehsalatda xəsarət aldığı vaxtdan sağ gözünün görmə qabiliyyətinin praktiki itirilməsinə baxmayaraq "xxxx" ASC tərəfindən sığorta ödənişi ona ödənilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABPX saylı göndərişi əsasında 11.09.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və "Monokulyar korluq, OD - zədədən sonrakı vəziyyət. Digər qlaukoma, OD- terminal qlaukoma. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş, OD travmadan sonrakı qüzehli qişanın kalaqoması. Görmə sinirinin atrofiyası, OD Görmə sinirin atrofıyası. VOD – qeyri-düzgün işıq duyğusu, VOS - 0.2 k/ilə” diaqnozuna görə ‘ümumi xəstəlik" səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABRG saylı göndərişi əsasında 11.03.2019- cu il tarixdə şəxsin iştirakı olmadan təkrar qiymətləndirilmiş və “Monokulyar korluq, istehsalatda bədbəxt hadisə nəticəsində zədədən sonrakı vəziyyət. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş. OD-Travmadan sonrakı qüzehli qişanın kalaqoması. Digər qlaukoma. ÖD-Terminal qlaukoma. Görmə sinirinin atrofiyası. O DGörmə sinirin atrofiyası. Afakiya. Hipermetropiya.Vis OD-Qeyri düzgün işıq duyğusu. Vis OS=0,2 k/ilə” diaqnozuna görə “əmək zədəsi" səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 50%(əlli faiz) əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən 24 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş İZ formalı akt əsasında müəyyən edilmişdir. Akta görə İddiaçı 13 fevral 2018-ci il tarixdə iş zamanı sağ gözündən travma almışdır. "xxxx" ASCnin 22 aprel 2019-cu il tarixli 19-010102264 saylı məktubu əsasında İddiaçı əlillik vəziyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən araşdırılmışdır. Araşdırma zamanı “X4” MMC-nin məktubundan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Mədəngeofizika istehsalat bölümünün “Bahar” MGE-nin karotajçısı İddiaçı 2013-2018-ci illər ərzində dövrü müayinəsi zamanı göz müayinəsi zamanı sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuş (əl hərəkəti, sıfır, 0,02) və bütün müayinələrdə “Sağ gözdə afakiya, xarici çəpgözlük” diaqnozu müəyyən edilmişdir. Sənədlərdən müəyyən edilmişdir ki, 2018ci il tarixdə istehsalatda xəsarət alan vaxtda sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuşdur, sağ gözün görmə itiliyi istehsalatda alınmış xəsarət nəticəsində itirilməmişdir. Buna görə də, həmin zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizi təyin olunmur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı hüquqlarının pozulması istiqamətində hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3.inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı və onun vəkili E.Yəhyəzadə məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi G.Musayeva məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: "xxxx" ASC-nin SOCAR Geofizika və Geologiya İdarəsinə ünvanlanmış 09.08.2019cu il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində Ələkbərzadə İmran Qalamirzə oğlunun 2018-ci ildə istehsalatda xəsarət alan vaxt sağ gözün görmə itiliyinin praktik korluq səviyyəsində olduğu, sağ gözün görmə itiliyinin istehsalatda alınmış xəsarət nəticəsində itirilmədiyi, buna görə də həmin zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizinin təyin olunmadığı barədə qərar qəbul olunduğu üçün iddiaçıya sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. İZ formalı, “İstehsalatda bədbəxt hadisə haqqında” akta əsasən iddiaçı “Bahar” MGE-də karotajçı peşəsində işləmişdir, 13.02.2018-ci ildə 740 saylı özüldə olan zaman yaşayış evciyində əl-üzünü yuyarkən başını aşağı əyən zaman sağ gözünü əl-üz yuyan kranın lüləsinə vurmuş və bununla əlaqədar gəmi vasitəsilə sahilə çıxarılaraq xəstəxanaya aparılmışdır. Cavabdehin "xxxx" ASC-yə ünvanlanmış 02.08.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, ”X4” MMC-nin məktubundan müəyyən olunmuşdur ki, iddiaçının 2013- 2018-ci illər ərzində dövrü müayinəsi zamanı göz müayinəsi zamanı sağ gözün görmə itiliyi praktik olaraq korluq səviyyəsində olmuş (əl hərəkəti, sıfır, 0,02) və bütün müayinələrdə “Sağ gözdə afakiya, xarici çəpgözlük” diaqnozu müəyyən edilmişdir, sənədlərdən müəyyən edilir ki, 2018-ci ildə istehsalatda xəsarət alan vaxtda sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuşdur, sağ gözün görmə itiliyi istehsalatda alınmış xəsarət nəticəsində itirilməmişdir. Buna görə də həmin zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizi təyin olunmur. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi adlı 29.09.2018-ci ildə çap edilmiş sənədə əsasən iddiaçının sağlamlıq vəziyyəti 11.09.2018-ci il tarixdə qiymətləndirilmiş və “Monokulyar korluq, OD-zədədən sonrakı vəziyyət. Digər qlaukoma, OD-terminal qlaukoma. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş, OD – travmadan sonrakı qüzehli qişanın kalaqoması. Görmə sinirinin atrofiyası, OD Görmə sinirinin atrofiyası” diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi adlı 18.03.2019-cu ildə çap edilmiş sənədə əsasən İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABRG saylı göndərişi əsasında 11.03.2019-cu il tarixdə təkrar qiymətləndirilmiş və “Monokulyar korluq. İstehsalatda bədbəxt hadisə nəticəsində zədədən sonrakı vəziyyət. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş. OD-Travmadan sonrakı qüzehli qişanın kalaqoması. Digər qlaukoma. OD-Terminal qlaukoma. Görmə sinirinin atrofiyası. OD-Görmə sinirin atrofiyası. Afakiya. Hipermetropiya. Vis OD- Qeyri düzgün işıq duyğusu. Vis OS= 0,2 k/ilə=0,4.ROS –H1.0D.On iki barmaq bağırsağın xorası” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 50 % (əlli faiz) əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi adlı sənədə əsasən İddiaçı əlillik vəziyyəti təkrar qiymətləndirilmiş (qiymətləndirmənin tarixi 11.03.2019-cu il göstərilmişdir) və “Monokulyar korluq. OD-Travmadan sonrakı qüzehli qişanın kalaqoması. Digər qlaukoma. OD-Terminal qlaukoma. Görmə sinirinin atrofiyası. OD-. Afakiya. Hipermetropiya. Vis OD=Qeyri düzgün işıq duyğusu. Vis OS= 0,2 k/ilə=0,4.ROS –H1.0D. On iki barmaq bağırsağın xorası. Görmə sinirin atrofiyası” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 1 % əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. Həmin qiymətləndirmə nəticəsi sistemə 06.11.2019-cu ildə daxil edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, 13.02.2018-ci ildə iddiaçı işdə olan zaman gözündən xəsarət almış və iddiaçının sağlamlıq vəziyyəti 11.09.2018-ci il tarixdə qiymətləndirilərək “Monokulyar korluq, OD-zədədən sonrakı vəziyyət. Digər qlaukoma, OD-terminal qlaukoma. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş, OD – travmadan sonrakı qüzehli qişanın kalaqoması. Görmə sinirinin atrofiyası, OD Görmə sinirinin atrofiyası” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir, 18.03.2019-cu ildə çap edilmiş cavabdehin TSEK qərarına əsasən iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 11.03.2019-cu il tarixdə təkrar qiymətləndirilmiş və “Monokulyar korluq. İstehsalatda bədbəxt hadisə nəticəsində zədədən sonrakı vəziyyət. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş. OD-Travmadan sonrakı qüzehli qişanın kalaqoması. Digər qlaukoma. OD-Terminal qlaukoma. Görmə sinirinin atrofiyası. OD-Görmə sinirin atrofiyası. Afakiya. Hipermetropiya. Vis OD- Qeyri düzgün işıq duyğusu. Vis OS= 0,2 k/ilə=0,4.ROS –H1.0D.On iki barmaq bağırsağın xorası” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 50 % (əlli faiz) əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir, daha sonra cavabdeh tərəfindən İddiaçı əlillik vəziyyəti yenidən təkrar (göndəriş olmadan və iddiaçı müayinə olunmadan) qiymətləndirilmiş və ““Monokulyar korluq. OD-Travmadan sonrakı qüzehli qişanın kalaqoması. Digər qlaukoma. OD-Terminal qlaukoma. Görmə sinirinin atrofiyası. OD-. Afakiya. Hipermetropiya. Vis OD=Qeyri düzgün işıq duyğusu. Vis OS= 0,2 k/ilə=0,4.ROS –H1.0D.On iki barmaq bağırsağın xorası.Görmə sinirin atrofiyası” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 1 % əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. Həmin qiymətləndirmənin nəticəsi sistemə 06.11.2019-cu ildə daxil edilmişdir.İddiaçı "xxxx" ASC-yə müraciət edərək istehsalatda xəsarət aldığı vaxtdan sağ gözünün görmə qabiliyyətini praktiki itirilməsi əsası ilə sığorta ödənişinin ödənilməsini tələb etsə də müraciəti təmin olunmamış, imtinanın əsası kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanıda Dövlət Tibbi Sosial Elkspertiza və Reabilitasiya Xidməti tərəfindən araşdırma nəticəsində iddiaçının 2018-ci ildə istehsalatda xəsarət alan vaxt sağ gözünün görmə itiliyinin praltik korluq səviyyəsində olması, sağ gözün görmə itiliyinin istehsalatda alınmış xəsarət nəticəsində itirilməməsi, buna görə də həmin zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizinin təyin olunmadığı barədə qərar qəbul olunduğu göstərilmişdir. Odur ki, iddiaçı hazırki iddiası ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçıya əlillik müəyyən edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbihəkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.10-cu bəndinə əsasən şəxsin TSEK-ə gəlmək imkanının olmaması (şəxsin hərəkət imkanının məhdud olması və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə alan yataq xəstəsi olduqda) statusu yalnız göndərişdə əks edilən həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən “Tibbi Sosial Ekspertiza və X5” (bundan sonra - TSERAS) tərəfindən müəyyənləşdirilir. Həmin Əsasnamənin 4.12-ci bəndinə əsasən şəxs (TSEK-ə gəlmək imkanı olmayan kimi müəyyən edilmiş şəxslər istisna olmaqla) məlumatda göstərilən TSEK-ə müəyyən edilmiş vaxtda gələrək müayinədən keçir. Bu zaman o, TSEK-ə şəxsiyyət vəsiqəsini, yetkinlik yaşına çatmayan şəxs olduğu halda isə şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni, valideynin (qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsini, valideyn olmayan digər qanuni nümayəndə olmasını təsdiq edən sənədi təqdim etməlidir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.18-ci bəndinə əsasən qəbul edilmiş qərarın nəticəsindən asılı olmayaraq, müayinəyə əsas verən göndəriş yenidən hər hansı bir TSEK-ə müayinə üçün əsas ola bilməz. Həmin Əsasnamənin 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 5.3-cü bəndinə əsasən əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İşin faktiki hallarına əsasən iddiaçının əlilliyin qiymətləndirilməsi barədə iddiaçı üçün əlverişli olan qanuni inzibati akt olan 11.03.2019-cu il tarixli TSEK-in qərarı (əmək qabiliyyətinin itirilmə faizi 50% müəyyən edilməklə) cavabdehin özü tərəfindən ləğv edilmiş və iddiaçı üçün əlverişli olmayan qanunsuz inzibati akt (iddiaçının əmək qabiliyyətinin itirilmə faizi 1% göstərilməklə) qəbul edilmişdir, belə ki, ilkin olaraq bərpa edilməsi tələb olunan inzibati akt həmin inzibati aktın qəbul edildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə uyğun olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında qəbul edilmişdir, hazırda iddiaçının mübahisələndirdiyi inzibati akt isə cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə zidd olaraq dövlət səhiyyə müəssisəsinin göndərişi olmadan, həmin Əsasnamənin 5.3-cü bəndinə zidd olaraq iddiaçı təkrar müayinəyə cəlb edilmədən qəbul edilmişdir, halbuki inzibati icraat haqqında qanunla cavabdeh inzibati orqanın üzərinə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq, öz təşəbbüsü ilə əlavə sübutlar toplama kimi öhdəliklər qoyulmuş və bütün halların araşdırılmasını inzibati orqanın xidməti vəzifəsi olması müəyyən edilmişdir ki, həmin normalara da cavabdeh tərəfindən riayət edilməmişdir. Belə ki, iddiaçı barədə göndəriş olmadan, iddiaçı əyani müalicəyə cəlb edilmədən yalnız “X4” MMC adlı kommersiya qurumunun inzibati akt hesab edilməyən məktubu əsasında iddiaçı üçün əlverişli olan qanuni inzibati akt ləğv edilmiş, hazırda iddiaçının mübahisələndirdiyi inzibati akt qəbul edilmişdir, bu zaman hətta “X4” MMC-nin məktubun həmin kommersiya qurumunun rəhbər şəxsi tərəfindən imzalanmadığı nəzərə alınmamış, məktubu imzalayan şəxsin belə bir məktub imza etmək səlahiyyətlərinin olub-olmaması məsələsi araşdırılmamışdır. Məhkəmə o halı da qeyd edir ki, iddiaçının xəsarət alan zaman praktiki korluq vəziyyətində olması ilə bağlı əmək qabiliyyətinin itirilmə faizinin 1% olduğu halda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10-cu bənddə göstərilən karotajçı peşəsində dənizdə neftin çıxarılması özülündə işə buraxılmamalı idi, lakin onun həmin peşədə işə buraxılması, yəni sağlam olması da cavabdehin mübahisələndirilən qərarının əsassız olduğunu bir daha təsdiq edir. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən inzibati aktın (Tibbi sosial ekspert komissiyası”nın qərarının) tarixi 11.03.2019-cu il göstərilsə də sistemə daxil edilmə tarixi 06.11.2019-cu il göstərilmişdir, yəni əslində mübahisələndirilən inzibati akt 11.03.2019-cu il tarixindən 6 ay sonra qəbul edilmişdir ki, bununla da yenə də “İnzibati icraat haqqında” Qanunun 59-cu maddəsinin (“Yazılı inzibati aktın rekvizitləri”) tələbləri pozulmuşdur, belə ki, qeyd edilən tələblərdə göstərilir: 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi. Göründüyü kimi mübahisələndirilən inzibati aktın qəbul edilmə tarixi həmin inzibati aktda bu barədə göstərilən rekvizitə uyğun deyildir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair cavabdehin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ləğv edilməli, iddiaçının əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasının qərarının bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının qərarı ləğv edilsin, İddiaçı əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarının bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-206/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-206/2022
10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver