Məhkəmə qərarları › İş №2-1(112)-2060/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2060/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2060/2020 04.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra Təhsil Nazirliyi) qarşı iddia əri-zə-si ilə məhkəməyə müraciət edə-rək, Rusiya Federasiyası Müasir Humanitar Akademiyası tərəfindən adına verilmiş 13 yanvar 2015-ci il tarixli, 137724 ******* saylı diplomun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə Rusiya Federasiyasının Müasir Humanitar Akademiyasını “hüquqşünaslıq” ixtisası üzrə bitirmiş və bu barədə adına 137724 ******* saylı diplom bakalavr diplomu verilmişdir. Həmin diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi üçün iddiaçı tərəfindən Təhsil Nazirliyinə müraciət edilmişdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanlanmış 09.09.2016-cı il tarixli və 04.06.2019-cu il tarixli məktubları ilə ona imtina edilmiş, imtinaya əsas kimi bildirilmişdir ki, ali təhsil sənədləri araşdırılarkən nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin səviyyəsinin kifayət qədər qənaətbəxş olmadığı müəyyən edilmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi 04.12.2019-cu il tarixdə məhkəməyə təqdim edilmiş, iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclası 27 dekabr 2019-cu il tarixə təyin edilmiş və həmin tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4357/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə: Rusiya Federasiyasının Müasir Humanitar Akademiyası tərəfindən adına verilmiş 13 yanvar 2015-ci il tarixli, 137724 ******* saylı diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsil Nazirliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 30 (otuz) gün müddət təyin edilməsi qərara alınmışdır. Bundan sonra iş üzrə məhkəmə hazırlıq icraatının iclasları 17.01.2020 və 04.03.2020-ci il tarixlərə təyin edilmiş, tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, həmin bildiriş rəsmi qaydada verilmiş sayılır. Göründüyü kimi, iddiaçı 30 gündən çox müddət ərzində inzibati məhkəmə icraatından yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.04.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3- cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iş üzrə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar