Məhkəmə qərarları › İş №2-1(112)-2060/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2060/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2060/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhər Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhər Baş Gömrük İdarəsinə qarşı artıq ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.08.2020-ci il tarixli **********7014 saylı, 28.08.2020-ci il tarixli **********3549 saylı və 14.08.2020-ci il tarixli **********8564 saylı gömrük bəyannamələrinə əsasən, idxal zamanı ödənilən cəmi 20.248,02 AZN artıq məbləğin geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən hüquqi şəxsdir. İtaliya Respublikasının “Shedir Pharma S.R.L” şirkəti ilə xeyli müddətdir ki, əməkdaşlıq edir. 23.08.2020-ci il tarixdə Şirkət tərəfindən İddiaçı MMC-yə **********7014 saylı gömrük bəyannaməsi ilə “Melafibre 300 ml" adlı qidaya bioloji əlavə qəbul edilmişdir. Lakin bəyannamə Bakı Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq statistik dəyərin artırılması tapşırığı ilə geri qaytarılmış və rəsmiləşdirilməmişdir. Malın xüsusiyyətini, çəkdikləri xərcləri göz önündə tutaraq, malın uzun müddət gömrük ərazisində qalmaması üçün artırılmış məbləği ödəmək məcburiyyətində qalmışdırlar. Belə ki, 18.766,64 AZN (on səkkiz min yeddi yüz altmış altı AZN, 64 qəpik) ödəməli olduqları halda 29.799,63 AZM (iyirmi doqquz min yeddi yüz doxsan doqquz AZN, 63 qəpik) ödəniş etməli olmuşdurlar. Göründüyü kimi, 11.032,99 AZN (on bir min otuz iki AZN, doxsan doqquz qəpik) məbləğində artıq rüsum ödəniş etmişdirlər. Eyni qaydada Ruminiyanın “Polisano Pharmaceuticals S.A.” şirkətindən “BonEffecf' adlı qida Əlavəsi idxalı zamanı 14.08.2020-cil il tarixli **********8564 saylı gömrük bəyannaməsinə uyğun olaraq, 9 666,97 AZN (doqquz min altı yüz altmış altı AZN, doxsan yeddi qəpik) ödəyəcəkləri halda, 11 898,34 AZN (on bir min səkkiz yüz doxsan səkkiz AZN otuz dörd qəpik) ödəniş etmişdir, 2 231,36 AZN (iki min iki yüz otuz bir AZN otuz altı qəpik) dəyərində artıq məbləğ ödənmişdir və GEA LTD şirkətindən dərman vasitələri idxal edərkən 28.08.2020-ci il tarixli **********3549 saylı gömrük bəyannaməsinə əsasən 31.198,33 AZN (otuz bir min yüz doxsan səkkiz AZN, otuz üç qəpik) ödənilməli olduğu halda 38.181,99 AZN (otuz səkkiz min yüz səksən bir, AZN doxsan doqquz qəpik) ödəniş etmişdirlər. 6.983,66 AZN (altı min doqquz yüz səksən üç AZN, altmış altı qəpik) dəyərində artıq rüsum ödənilmişdir. Onlar xarici şirkətdən məhsulu iqtisadi qanunauyğunluq əsasında formalaşmış qiymətlərlə almışdır. “X6” AR Qanununun 12.1 -ci maddəsində Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə, eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə, ehtiyat üsulu ilə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 19.10.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 19 may 2021-ci il tarixli 2- 1(112)-2060/2021 saylı qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhər Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhər Baş Gömrük İdarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda göstərmişdir ki, iddiaçı ilə xarici ölkələrin rezidentləri olan hüquqi şəxslər arasında bağlanmış müqavilələr əsasında iddiaçı Azərbaycan Respublikasına qidaya bioloji əlavələr və dərman vasitələri idxal etmişdir. İddiaçı qidaya bioloji əlavələrin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına **********7014 və **********8564 sorğu nömrəli gömrük bəyannamələrindəki məlumatların düzgünlüyünü, xüsusilə bəyannamələrin “Malların təsviri” adlanan 31-ci qrafasında “eyniləşdirmə vasitələri və nömrələr, konteynerlərin nömrəsi, malların miqdarı və növü”, 33-cü qrafasında “Malın təsnifat kodu”, 45-ci qrafasında “Gömrük dəyəri” və 50ci “Vəkalət verən” qrafasında bəyannamədə göstərilən məlumatları təsdiqləyərək təqdim etmiş, gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. İddiaçı öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannamələri mallar sərbəst dövriyyəyə buraxıldıqdan sonra şübhə altına almış, məhkəməyə müraciət edərək gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda ittiham etmiş və həmin pulun geri qaytarılmasını tələb etmişdir. Eyni zamanda, iddiaçı iddia ərizəsində **********3549 saylı gömrük bəyannaməsinə görə 38181.99 AZN ödəniş edərək bunun 6983.66 manatını “artıq” ödədiyini bildirsə də qeyd olunmalıdır ki, həmin bəyannamə üzrə mallar iddiaçının müraciətinə əsasən müvəqqəti saxlanc rejimi altında yerləşdirilmiş və həmin mallara görə ƏDV daxil olunmaqla cəmi 814,20 manat ödənilmişdir. Beləliklə, müəyyən olunur ki, iddia ərizəsi əsassız tərtib edilməklə, gömrük orqanı haqqında düzgün olmayan məlumatlar verilmişdir. Göründüyü kimi iddiaçının elektron formada təsdiqləyərək təqdim etdiyi bəyannamələri və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının təsdiqlədiyi bəyannamələrdə göstərilən gömrük dəyəri əsas götürülmüşdür. Eyni zamanda iddia qaldırılanadək iddiaçı inzibati orqana Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydalan”nın 5-ci bəndində göstərilən müvafiq tələblərə cavab verən ərizə ilə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, İddiaçı MMC 26.01.2016-cı il tarixdə (VÖEN **********) hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC-nin hazırki iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 05.09.2020-ci il tarixli 100-160/160-24/016534 №-li cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, Respublika ərazisinə idxal olunan malların gömrük dəyəri “X6" Azərbaycan Respublikası Qanununa əsasən aşağıdakı üsullarla müəyyən edilir: gətirilən malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. “X6” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, müvafiq qiymət tənzimlənməsi aparılmaqla (nəqliyyat, sığorta və qanunvericiliklə nəzərdə tutulmuş digər xərclər malların dəyərinə əlavə olunmaqla) Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Gömrük dəyərini yuxarıda göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda həmin Qanunun 14-cü və 15ci maddələrinə əsasən dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni və ya eynicinsli malların sövdələşmə qiyməti qəbul edilir. Həmçinin Qanunun 16-cı maddəsinə əsasən malların daxili bazarda satış qiymətlərinə uyğun olaraq dəyərin çıxılması üsulundan istifadə edərək* gömrük dəyəri müəyyən edilir. Belə ki, dəyərləndirilən malın çıxılmış dəyərini müəyyən edərkən, bu mallarla eyni və ya təqribən eyni vaxtda idxal olunmuş və ən böyük həcmdə, idxal olunduğu vəziyyətdə və əlaqəli olmayan şəxsə satılmış eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti müqayisə üçün əsas kimi götürülür. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsasını “X6” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Gömrük Məcəlləsi təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən İtaliya Respublikasından və Rumıniya Respublikasından ölkə ərazisinə mallar idxal olunarkən, yükün gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilmiş 23.08.2020-ci il tarixli **********7014 saylı, 28.08.2020-ci il tarixli **********3549 saylı və 14.08.2020-ci il tarixli **********8564 saylı gömrük bəyannamələrinə əsasən müvafiq olaraq 29.799,63 manat, 11.898,34 manat və 38.181,99 manat məbləğində gömrük ödənişləri həyata keçirmişlər. “X6” Azərbaycan Respublikasının Qanununun: - 7.2-ci maddəsinə əsasən Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. - 8.1-ci maddəsinə əsasən Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra gömrük orqanı) bəyan edilir. - 8.4-cü maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. - 12.1-ci maddəsinə əsasən 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: - 12.1.1. malların sövdələşmə qiyməti ilə; - 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; - 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; - 12.1.4. dəyərin çıxılması üsulu ilə; - 12.1.5. dəyərin toplanması üsulu ilə; - 12.1.6. ehtiyat üsulu ilə. - 12.2-ci maddəsinə əssən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 242.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “X6” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: mallar qüsurlu olduqda (267.1.1.); gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə (267.1.2.); “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda (267.1.3.). Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.2013-cü il tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 1.4-cü bəndinin tələbindən müəyyən edilir ki, gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.2-ci maddəsinə əsasən elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən gömrük bəyannaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə gömrük orqanının iş vaxtında təqdim olunur və təsdiq edilir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən Gömrük orqanları gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə bilməzlər. İşin aaraşdırılan hallarından da göründüyü kimi, iddiaçı tərəfindən istinad olunan elektron formada təqdim olunan gömrük bəyannamələri, heç bir etiraz bildirilmədən onun özü tərəfindən imzalanmış, bu zaman gömrük orqanı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq həmin bəyannamələr təsdiq olunmuşdur. İPM-nin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar