Məhkəmə qərarları › İş №2-1(112)-2060/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2060/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2060/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayndəsi X2 iştirakları ilə, iddiaçı-X1 cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2469/2015 saylı 24.07.2015-ci il tarixli qərarına əsasən təyin edilmiş pensiyanın ödənilməsinin bərpa edilməsi və ödənilməmiş ayların məbləğini ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ), 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2469/2015 saylı 24.07.2015-ci il tarixli qərarı ilə İddiaçı təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) hərəkətlərinin qanunsuz hesab edilməsi və 04.11.2020-ci il tarixdən dayandırılmış pensiya ödənişinin həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Barəsində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2469/2015 saylı 24.07.2015-cı il tarixli qərarı qəbul edilmişdir. Həmin qərara əsasən, ona təyin olunan pensiyanın yenidən hesablanması nəticəsində ödənilməli olan məbləğin 2 (iki) il ərzində hissə-hissə onun pensiyasına əlavə olunmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə olunmuşdur. Həmin qətnamə icra olunmuşdur o, normal qaydada pensiya alırdı. Lakin 2020-ci ilin oktyabr ayından etibarən ona pensiyanın verilməsi səbəbsiz, heç bir əsas göstərilmədən dayandırlmışdır. 05.07.2021-ci il tarixində cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. 06.08.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyalarına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyası dayandırılır. Onu da qeyd etmək istəyir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2469/2015 saylı 24.07.2015-cı il tarixli qərarı ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Həmin məhkəmə aktı qanuni hüquqi qüvvəsini almışdır və hələ də qüvvədədir. Göründüyü kimi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2469/2015 saylı 24.07.2015-cı il tarixli qərarı preduyudisial xarakter daşıyır. Güzəştli şərtlərlə pensiyanın alınması hüququ artıq həmin qətnamə ilə müəyyən edildiyindən, belə bir hüququnun yenidən mübahisələndirilməsi qanuna ziddir. Dövlət orqanı tərəfindən verilən cavab əsassızdır. Belə ki, onun müraciətinə cavab olaraq dövlət orqanı tərəfindən sözü gedən Qanunun 37-ci maddəsinə istinad edilməsi üçün heç bir sübut və əsaslı fakt yoxdur. Hesab edir ki, xüsusi səbəb və əsaslı fakt olmadan, ondan xəbərsiz şəkildə pensiyanın verilməsinin dayandırılması onun hüquqlarını kobud şəkildə pozur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 19.01.2022-ci il tarixli 2-1(112)-2060/2022 saylı qərardadı ilə hazrkı iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunması və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaya dair yazılı etirazı məhkəmə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayndəsi X5 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AA1128454 №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, 10.08.1954-cü ildə Kürdəmir rayonunda doğulmuş İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydiyyatdadır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2015-ci il tarixli 2-1(82)-2469/2018 saylı qərarının surətindən müəyyən olunur ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddiaçıya 10.08.2009-cu ildən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 22004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2015-ci il tarixli 2-1(82)-2469/2018 saylı qərarı ilə iddiaçı X3 10.08.2009-cu ildən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 10.08.2009-cu il tarixdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylı əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinin DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciətinə cavab olaraq; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 06 avqust 2021-ci il tarixli ********** saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar müraciətçiyə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş hallar pensiya qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi müstəvidə araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyası hüququnuza yenidən baxılacaqdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22.11.2021-ci il tarixli **********9 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq aparılan aşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişiniz dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırılma müddətində ödənilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürləcəkdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.02.2022-ci il tarixli **********3 saylı məktubu ilə məhkəməyə təqdim olumuş 417312 saylı pensiya işindən müəyyən olunur ki, X3 Dövlət Sosial Müdafiə Fonunun Suraxanı rayon Şöbəsinin 18.08.2011-ci il tarixli 652 №-li qərarı ilə X3 10.08.2011-ci il tarixdən ömrlük 193,57 manat pensiya təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fonunun Suraxanı rayon Şöbəsinin 29.08.2017-ci il tarixli Sərəncamı ilə X1 pensiya miqdarı dəyişdirilərək 01.08.2017-ci il tarixdən ömürlük 925,17 manat pensiya təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 30.03.2022-ci il tarixli **********4 saylı arayışda qeyd olunmuşdur ki, X4 (FİN 2JV1HYD) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan sonuncu dəfə 15.10.2020-ci il tarixdə yaşa görə 1174.45 (bir min yüz yetmiş dörd manat qırx beş qəpik) manat məbləğində əmək pensiyası almışdır. Təyinatın başlama tarixi- 10.08.2011-ci il, dayandırılma tarixi- 04.11.2020-ci il. Hazırda iddiaçı təyin olunmuş pensiyanın ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəindinə əsasən isə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən heç bir qanuni əsas olmadan iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçıya təyin olunmuş pensiyanın dayandırılması barədə cavabdeh inzibati orqan tərəfindən müvafiq qərarın qəbul edilib-edilməməsi ilə bağlı heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2469/2015 saylı 24.07.2015-ci il tarixli qərarı ilə iddiaçı X3 təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və 04.11.2020-ci il tarixdən dayandırılmış pensiya ödənişinin həmin tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar