Məhkəmə qərarları › İş №2-1(112)-2063/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2063/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2063/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul edilmiş qərar əsassızdır və hər hansı hüquqi əsasa söykənmir. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən həm ümumi, həmçinin güzəşti iş stajı yoxlanılmış, onun güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən olunmuşdur. Həmin dövrdə inzibati orqan pensiya hüququnun yaranıb-yaranmaması ilə bağlı mübahisə açmamışdır. Başqa sözlə desək iddiaçının güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı hər hansı müdaxiləsi olmamışdır. Bundan başqa isə cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtinin ödənilməməsi ilə bağlı mülahizələr irəli sürsə də, bu halı təsdiq edən hər hansı mötəbər dəlil təqdim etməmişdir. Halbuki iddiaçının güzəştli iş stajının olduğunu təsdiq edən güzəştli arayışlar mövcuddur ki, həmin arayışlarda olan məlumatlar mötəbər hesab olunur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındaki dövr ərzində Bakı Metropolitenin Tunel qurğuları xidmətində tunel fəhləsi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi vəzifə müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifələrə uyğun gəlmir. Bu səbəbdəndə Almədət Almətovun 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. Eyni zamanda ümumi iş stajı 25 ildən az təşkil edir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatlı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən əmək pensiyasının dayandırılması barədə 18 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin olunmuş pensiyasının dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmış və buna səbəb kimi aparılan araşdırma zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir. Qeyd olunan məktubun məzmununa görə təyin edilmiş pensiyanın dayandırılma əsası kimi cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Departamenti tərəfindən aparılan araşdırmalara istinad etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Departamenti tərəfindən aparılmış araşdırma nəticəsində dayandırılmışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixdə pensiyanın dayandırılması barədə qərar qəbul edərək xx.xx.2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı onun pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın bərpa edilməsini tələb etməkdə haqlı olduğu üçün onun pensiyası xx.xx.2021-ci il tarixdən (cavabdeh tərəfindən dayandırıldığı tarixdən) bərpa edilməlidir. Eyni zamanda, hazırkı iş üzrə digər prosessual pozuntuların da mövcudluğu müəyyən edilmişdir. Belə ki, cavabdehin təqdim etdiyi əmək pensiyasının dayandırılması barədə qərardadın görünür ki, qərar 18 fevral 2021-ci il tarixlidir. Həmin qərarda qeyd edilmişdir ki, iddiaçıya təyin edilmiş əmək pensiyası 30 dekabr 2020-ci il tarixli məktub əsasında dayandırılmışdır. Lakin, iş materiallarında ümumiyyətlə həmin məktub mövcud deyil. İş materiallarında olan məktub 05 mart 2021-ci il tarixlidir ki, həmin məktubda artıq pul ödənişinin həyata keçirilməsi ilə əlaqədar 31 yanvar 2021-ci il tarixədək edilmiş ödənişlərin geri qaytarılması bildirilmişdir. Eyni zamanda, iddiaçı barəsində elektron informasiya sistemindən çıxarış da isə müəyyən edilir ki, onun pensiyası 30 dekabr 2020ci il tarixli məktuba əsasən 09 iyul 2021-ci il tarixdə faktiki olaraq dayandırılmışdır. Məhkəmə hazırkı iş üzrə mövcud ziddiyyətli halları araşdıraraq hesab edir ki, iş materiallarında hər nə qədər əmək pensiyasının dayandırılması ilə bağlı qərar mövcud olsa da həmin qərarın inzibati icraatla bağlı qanunvericiliyin tələbinə uyğun olmasından söhbət gedə bilməz. Belə ki, təkcə mənim icraatımda olan analoji işlərdən (İş № 2-1(112)- 3543/2022, 2-1(112)-1527/2022, 2-1(112)-1510/2022), eləcə də məhkəmənin icraatında olan digər işlərdən görünür ki, cavabdehin əmək pensiyasının dayandırılmasına dair qərarları məhz 18 fevral 2021-ci il tarixdə olmuşdur ki, məhkəmə hazırkı iş üzrə də qəbul edilmiş həmin tarixli şablon xarakterli qərarın inzibati icraatla bağlı qanunvericiliyin müddəalarına uyğun qəbul edilmədiyi qənaətindədir. Eyni zamanda, dayandırılma barədə qərardan sonra əmək pensiyasının faktiki dayandırılma tarixinin 09 iyul 2021-ci il olmasına dair məlumatın mövudluğu da icraatın qanunvericiliyin tələblərinə uyğun olmadan aparılmasını digər faktiki hallar da nəzərə alınmaqla təsdiq edir. Digər tərəfdən Məhkəmə İddiaçı irəli sürdüyü iddianın təkcə prosessual deyil, həmçinin mahiyyəti üzrə əsaslı olmasını da hesab edir. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Cavabdehin etirazından, o cümlədən iş materiallarında olan məktublardan görünür ki, iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılması əsası iddiaçının xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındaki dövr ərzində Bakı Metropolitenin Tunel qurğuları xidmətində işlədiyi tunel fəhləsi vəzifəsinin “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulmaması, həmçinin ümumi iş stajının 25 ildən az olması ilə bağlıdır. Məhkəmə ilkin olaraq iddiaçının ümumi iş stajına qiymət verir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: -3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan əmək kitabçalarına nəzər yetirdikdə məlum olur ki, iddiaçı: -xx.xx.1984-cü il tarixdən xx.xx.1990-ci il tarixədək toxuculuq sahəsində; (06 il 04 ay 24 gün) -xx.xx.1990-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək Əsaslı təmir xidmətində tunel fəhləsi, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək tunel fəhləsi, xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək süni qurğular təmirçisi; (27 il 01 ay 29 gün) -xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İrşad-İ.R MMC-də gözətçi vəzifəsində işləmişdir. (01 il 01 ay 25 gün) İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı təhsil müddəti xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixləri əhatə edir. Beləliklə iddiaçının təhsil müddəti 07 ay 25 gün təşkil edir. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən (xx.xx.1983-xx.xx.1984; xx.xx.1984-xx.xx.1990; xx.xx.1990-xx.xx.2006 =22 il 01 ay 18 gün) çox təşkil edir. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibət bildirir. Məhkəmə, hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın (vəzifələrin uyğun olub-olmaması hissəsində) araşdırılması ilə bağlı sorğu ilə "xxxx" QSC-yə müraciət etmiş, İddiaçı əmək fəaliyyətini həyata keçirdiyi arayışda qeyd olunan peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret olaraq hansı bölmədə, hansı kod üzrə peşədə işləməsi barədə, eləcə də iddiaçının xx.xx.2005-cı il tarixdən bugünədək işlədiyi elektrik mexaniki peşəsinin yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşələri içərisində konkret olaraq hansı peşə ilə, yəni məhz gecə vaxtlarında tunel və yeraltı qurğularda işləyən yalnız metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, axiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri, geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri) və qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri hesab edilən fəhlə peşələrindən hansı ilə ilə eyniyyət təşkil edib-etməməsi, eyniyyət təşkil etmirsə əmək funskiyalarında həmin peşələr üzrə fərqli və oxşar cəhətlər ilə bağlı məlumatın, eləcə də iddiaçının fəaliyyətinin gecə vaxtına düşüb-düşməməsi ilə bağlı məlumatın təqdim edilməsini xahiş etmişdir. Həmin sorğuya cavab məktubunda İddiaçı xx.xx.1990-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Bakı Metropolitenin Tunel qurğuları xidmətində, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək Əsaslı təmir xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi, 24 % xüsusi zərərli iş şəraitində), xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək tunel fəhləsi/azad edilməmiş briqadir (tuneldə yalnız gecə işi, 24 % xüsusi zərərli iş şəraitində), xx.xx.2008-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək sünu qurğular təmirçisi/azad edilməmiş briqadir (tuneldə yalnız gecə işi, 24 % xüsusi zərərli iş şəraitində) peşələrində çalışmış; gecə saatlarına görə əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24 %, briqadirliyə görə 10 % əlavə ödənc hesablanmış, əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilmiş; onun ümumilikdə xüsusi zərərli əmək şəraitində əmək stajının 27 il 01 ay 30 gün təşkil etdiyi göstərilmişdir.Həmçinin iddiaçının işlədiyi vəzifənin həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahısında, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulduğu göstərilmişdir. Məhkəmə qeyd olunan məlumatlara istinad edərək hesab edir ki, iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən onun güzəştli iş stajının mövcud olması barədə sorğuya cavab məktublarının mötəbərliyini şübhə altına alacaq hər hansı səbəb mövcud deyil. Təsadufi deyildir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda (2.4.1-ci yarımbənd) güzəştli şərtlərlə şəxsə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair məhz iş yerinin arayışının təqdim edilməsi zərurəti müəyyən edilmişdir. Həmin zərurətin yaranma səbəbini də, məhkəmə onunla əlaqələndirir ki, şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair düzgün məlumat, təbii haldır ki, hər hansı qurum və ya şəxs tərəfindən yox, məhz iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən verilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Təbii haldır ki, həmin arayışın tədqiqi və güzəştli pensiya təyinində nəzərə alınıbalınmaması inzibati məhkəmə icraatında məhkəmənin müstəsna səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən müvafiq sorğular verilərək, eyni zamanda yuxarıda adıçəkilən siyahılar tətqiq edilərək aparılmış araşdırma nəticəsində mötəbərliyinə şübhə yarada biləcək hər hansı məqam aşkar edilməmişdir. Belə olan halda iddiaçının güzəştli iş stajına daxil olan dövrlər xx.xx.1994xx.xx.2006-ci illəri əhatə edir ki, bununla onun güzəştli iş stajının 10 ildən (11 il 07 ay 27 gün) çox olması sübut olunur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajına malik olduğundan, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməlidir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Əmək pensiyasının dayandırılması haqqında 18 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar