Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2065/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 18.01.2016-cı il tarixdən ailə tərkibi 3 nəfər (özü, qızı və oğlu) olmaqla imtiyazlı əsaslarla olan “Qarabağ müharibəsi əlili” kimi mənzil növbəsinə dayanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci Qarabağ müharibəsində iştirak etmişdir. Döyüşdə aldığı yara nəticəsində ona ikinci dərəcə əlillik təyin edilmişdir. O, 25.12.2015-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək, hərbi qulluqçu kimi 1 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 21 saylı, 18.01.2016-cı il tarixli sərəncamı ilə onun ailə tərkibi 1 nəfər olmaqla istefada olan hərbi qulluqçu kimi imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuşdur. Daha sonra 24.02.2020-ci il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək qızı Aysu və oğlu Ramalın onunla birgə yaşamalarını nəzərə alaraq mənzil növbəsindəki ailə tərkibinin dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh 54 saylı, 03.03.2020-ci il tarixli sərəncamı ilə onun mənzil növbəsindəki ailə tərkibinin dəyişdirilməsi və 3 nəfər olmaqla mənzil növbəsinə dayanmış hesab edilməsi qərara alınmışdır. Yenidən 10.02.2021-ci il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək onun mənzil növbəsinin “Ehtiyata buraxılmış hərbi qulluqçuların” siyasından “Qarabağ müharibəsi əlillərinin” siyahısına keçirilməsi barədə sərəncam verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh Başçısının 81 saylı, 01.03.2021-ci il tarixli sərancamı ilə onun mənzil növbəsi 22.02.2021-ci il tarixdən ailə tərkibi 3 nəfər olmaqla, imtiyazlı əsaslarla olan “Qarabağ müharibəsi əlili” siyahısına əlavə edilməsi qərara alınmışdır. Hesab edir ki, onun Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə dayanması 18.01.2016-cı il tarixdən hesablanmalıdır. Belə ki, o, ilk dəfə mənzil növbəsinə dayanarkən “İstefada olan hərbi qulluqçu” imtiyazlı əsaslarla 18.01.2016-cı il tarixli sərəncama əsasən qəbul olunmuşdur. Odur ki, cavabdeh onun “Ehtiyata buraxılmış hərbi qulluqçu” kimi yaşayış yeri üzrə mənzil növbəsindən “Qarabağ müharibəsi əlili” siyahısına əlavə edərkən 22.02.2021-ci il tarixdən deyil, daha öncədən, 18.01.2016-cı il tarixdən siyahıya əlavə etməli idi. Sərəncama dəyişiklik edilməsi ilə bağlı ərizə ilə Cavabdehnə müraciət etməsinə baxmayaraq ona formal olaraq cavablarında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edildiyi bildirilmiş, lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsinin dayandırılması və həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığı məsələyə baxılacağı qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şəxs öz ərizəsi və seçimi əsasında 18 yanvar 2016-cı il tarixdə mənzil növbəsinə qəbul edilmiş və həmin vaxtdan hazırkı vaxtadək kirayə haqqı ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Cavabdeh başçısının 18 yanvar 2016-cı il tarixli, 21 nömrəli Sərəncamının surətindən görünür ki, İddiaçı ailə tərkibi 1 nəfər (özü) olmaqla “İstefada olan hərbi qulluqçu” kimi imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuş, və İddiaçı mənzil növbəsi imtiyazlı əsaslarla olan siyahıya əlavə edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 04.11.2016-cı il tarixdə 5 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, ikinci dərəcə əlillik təyin edilmişdir; Bakı şəhəri Cavabdeh başçısının 03 mart 2020-ci il tarixli, 54 nömrəli Sərəncamının surətindən görünür ki, İddiaçı mənzil növbəsində ailə tərkibi dəyişdirilmiş və o, 3 nəfər (özü, oğlu və qızı) olmaqla mənzil növbəsinə dayanmış hesab edilmişdir; Bakı şəhəri Cavabdeh başçısının 01 mart 2021-ci il tarixli, 81 nömrəli Sərəncamının surətindən görünür ki, İddiaçı mənzil növbəsi 22.02.2021-ci il tarixdən ailə tərkibi 3 nəfər (özü, qızı və oğlu) olmaqla imtiyazlı əsaslarla olan (Qarabağ müharibəsi əlili) siyahıya əlavə edilmişdir; Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin başçısının İ müavini tərəfindən vət. İddiaçı ünvanlanmış 09 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmədiyindən vətəndaşları yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığı məsələyə yenidən baxılacaqdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 25.11.2021-ci il tarixdə 5 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Bakı şəhəri Cavabdeh başçısının İ müavininin 28 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 06.03.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçıları aparatında sənədlərlə iş barədə" Təlimatın 127-ci maddəsinə əsasən İcra Hakimiyyəti başçısının aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verilir. Sorğuda qeyd edilən sərəncam Cavabdehndə mövcud deyildir. İddiaçı hansı dövr üzrə mənzil kirayə xərclərinin ödənilməsi ilə bağlı bildirilir ki, 2016-ci ilin 18 yanvarından etibarən 2019-cu ilin avqust ayına kimi 118,25 manat, 2019-cu ilin avqust ayından 2020-ci ilin mart ayına kimi 375 manat və həmin vaxtan hazırki vaxtadək hər ay 300 manat məbləğində ödəniş edilir. İşin faktiki hallarından görünür ki, iddiaçının müraciətinə əsasən, 18.01.2016-cı il tarixdə “İstefada olan hərbi qulluqçu” kimi imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuş, hazırkı vaxtadək ona kirayə haqqı ödənilir, ona, 04.11.2016-cı il tarixdə 5 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, ikinci dərəcə əlillik təyin edilmiş, müraciətinə əsasən, 22.02.2021-ci il tarixdən ailə tərkibi 3 nəfər olmaqla “Qarabağ müharibəsi əlili” kimi siyahıya əlavə edilmişdir. Hazırda iddiaçı mənzil növbəsinə dayanmasının tarixinin 18.01.2016-cı il tarixdən hesablanması barədə sərəncam verilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; 48.2-ci maddəsinə əsasən, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 48.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. 51.2-ci maddəsin əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, həmin normalar əlil olmuş şəxslərin əlillik təyin olunduğu tarixdən mənzil növbəsinə götürülməsini mütləq qayda kimi nəzərdə tutmamışdır. Şəxsin mənzil növbəsinə götürülməsi uçota alınma haqqında ərizə təqdim edilməsi ilə şərtləndirilmişdir. Şəxsin göstərilən uçotda bir neçə əsaslara görə durmaq hüququ olsa belə, əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alınması onun mülahizəsindən (uçota alınma haqqında ərizə təqdim etməsindən) asılıdır. Hazırkı iş üzrə, iddiaçının ərizəsi əsasında 18 yanvar 2016-cı il tarixdə “İstefada olan hərbi qulluqçu” kimi imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuşdur. Daha sonra, 04 noyabr 2016-cı il tarixdə ona əlillik təyin olunsa da, “Qarabağ müharibəsi əlili” kimi siyahıya əlavə edilməsi barədə 2021-ci il tarixdə müraciət etmiş və 22 fevral 2021-ci il tarixdən də siyahıya əlavə edilmişdir. Belə olan halda, cavabdeh inzibati orqan həmin mənzil növbəsinin tarixinin 18.01.2016-cı il tarixdən hesablanmasından imtina etməkdə haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı 18 yanvar 2016-cı il tarixdən götürülməsi tələbini irəli sürsə də, ona əlillik 04 noyabr 2016-cı il tarixdə təyin edilmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-2065/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2065/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver