Məhkəmə qərarları › İş №2-1(112)-2065/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2065/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2065/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X6, onun nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X7 iştirakları ilə, iddiaçı X6 Cavabdehnə qarşı (üçüncü şəxslər X16, X17 və X13 cəlb olunmaqla) “soyadın və ata adının dəyişdirilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh vəzifəli şəxsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və ata adı “Həbib” adının dəyişdirilib “Vüqar”, “Məmmədov” soyadının dəyişdirilib “Süleymanov” soyadının daşıması barədə Cavabdeh öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2002-ci ildə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Sabir kəndində doğulmuşdur. X3, anası isə X15r. O, atası Həbibin soyadını daşıyır. Əslində o Həbibin də doğma qızı deyildir. Hazırda anası X1 ayrılmış, nikahları pozulmuşdur. X2 Vüqar Hüseyn oğlu ilə nikahlarını rəsmiləşdirərək evlənmişlər. O, tələbədir, oxuyur, onun hər çətinliyində X16 ilə X17 yanında olur, qayğısına qalırlar. X16 notarial qaydada ərizə verərək, soyadını və ata adını qəbul edəcəyi halda verməyə razıdır, heç bir etirazı yoxdur. Hətta X3 da razıdır ki, o, X10 ata kimi qəbul etsin. İddiaçı soyadı və ata adının dəyişdirilməsi üçün Nizami rayon qeydiyyat şöbəsinə yazılı müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X16 və X17, xx.xx.2022-ci il tarixli qərardadı ilə X13 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Sonradan iddiaçı tərəf iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının doğum haqqında akt qeydində soyadı qrafasında “Məmmədova” soyadının dəyişdirilib “Süleymanova”, ata adı qrafasında “Həbib” adının dəyişdirilib “Vüqar” kimi qeyd edilməsi vəzifəsinin Cavabdeh öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi, üçüncü şəxslərdən X16 və X17 hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, habelə onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 məhkəmə iclasında verdiyi izahatında iddianın təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni iddiaçının ata adının və soyadının dəyişdirilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Nizami rayon qeydiyyat şöbəsinə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçı tərəfin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ata adının və soyadının dəyişdirilməsi ilə bağlı ərizəsinə baxılaraq bildirilmişdir ki, iddiaçının anası X2 Vüqar Hüseyn oğlu ilə xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı ASAN xidmət X21ndə nikaha daxil olmuş, həmin vaxt iddiaçının artıq 16 yaşı tamam olduğundan və həmin vaxta qədər onun tərbiyəsi ilə atalığı X9 məşğul olması barədə zəruri sənədlər olmadığına görə müraciətə qeydiyyat şöbəsində baxılmasının mümkün deyildir. - ASAN 5 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2002-cı il tarixdə Naxçıvan MR-nın Ordubad rayonunun Sabirkənd kəndində doğulmuşdur. - Ordubad rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ №178035 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Ordubad rayonu, Sabir kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 292 nömrəli qeyd aparılmışdır. Atası- X13, anası- X15r. - 5 saylı Bakı “ASAN” xidməti X21 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ № 268701 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X16 ilə xx.xx.1971-ci il təvəllüdlü X17 nikaha daxil olmuş, bu barədə X5 qeydiyyatı kitabında 02 may 2018-ci il tarixdə, 1358 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada “Süleymanova” soyadı verilmişdir. - X16 tərəfindən səlahiyyətli orqanlara ünvanlanan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X16 xx.xx.2002-ci il təvəllüdlü İddiaçı soyadının "Süleymanova", ata adının "Vüqar" olmasına razıdır, heç bir etirazı yoxdur. - İddiaçının X3 tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X13 xx.xx.2002-ci il təvəllüdlü İddiaçı soyadının "Süleymanova", ata adının "Vüqar" olmasına razıdır, heç bir etirazı yoxdur. - Azərbaycan Respublikası Səfirliyi Ər-Riyad Konsulluğu tərəfindən təsdiq ediən X8 Jubail şəhərində yaşayan, Azərbaycan Respublikası vətəndaşı X11 tərəfindən (şəxsiyyət vəsiqəsi AA3493024) Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X11 xx.xx.2002-ci il təvəllüdlü qızı İddiaçı soyadının Süleymanova, ata adının Vüqar olmasına razıdır, heç bir etirazı yoxdur. Qızı İddiaçı 2018-ci ildən o və həyat yoldaşı X9 birgə himayəsində yaşayır. Azərbaycana qayıtdıqdan sonra da qızları onlarla birgə yaşamağa davam edəcəkdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı barəsində Nizami rayon RPİ-nin 24-cü Polis bölməsində təqsirləndirici material qeydə alınmamışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, 22 may 2022-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. İşin faktiki hallarından görünür ki, yetkinlik yaşına çatmış iddiaçı müvafiq akt qeydində ata adı və soyadının hazırda anası X11 ilə evli olan X9 adı və soyadı ilə dəyişdirilməsini istəyir. Atası və atalığı onun bu istəyinə etiraz etmir. İddiaçı mövcud tələbi ilə bağlı Nizami rayon qeydiyyat şöbəsinə müraciət etsə də, sonuncu müraciətin təmin edilməsindən imtina etmiş, iddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. - 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X5 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X5 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.16. Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə). 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «X5 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilməsi üçün nəzərdə tutulan hallardan biri də vətəndaşların qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirməsidir. Həmin Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsaslardan biri kimi vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı nəzərdə tutulmuşdur. Müddəaların 5-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik normaları yetkinlik yaşına çatmış şəxsə qanunla müəyyən edilmiş hallar daxilində öz adını dəyişdirmək hüququ vermişdir. Nazirlər Kabinetinin istinad olunan qərarları isə müvafiq akt qeydlərində bu dəyişikliyin aparılması şərtlərini və qaydasını müəyyənləşdirmiş, dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların mövcud olması ilə məhdudlaşdırmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarını nəzərdə saxlamaqla hesab edir ki, aparılmış araşdırma ilə iddiaçının tələbinin təmin edilməsi ilə bağlı şərtlər ödənilir. Belə ki, iddiaçının 18 yaşı tamam olmuş, onun barəsində yaşayış yeri üzrə müvafiq polis idarəsindən (şöbəsindən) alınmış məlumata əsasən istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasını təsdiq edən hal müəyyən edilməmiş, iddiaçının soyadı və ata adının dəyişdirilməsi üçün həm atası Həbib Bayramovun, həm də ad və soyadını dəyişmək istədiyi onu X9 müvafiq qaydada təsdiq edilmiş razılıq ərizələri məhkəməyə təqdim edilmişdir. Məhkəmə cavabdehin imtinası ilə bağlı dəlilinə münasibətdə bildirir ki, iddiaçının ata adı və soyadını dəyişmək istədiyi şəxsin onun tərbiyəsi ilə məşğul olması ilə bağlı hansı zəruri sənədlərin təqdim edilməli olması aydın bildirilmədiyindən, aidiyyəti qanunvericilikdə də belə sənədlər nəzərdə tutulmadığından bu imtina qanuni sayıla bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının arzuladığı məqsədə nail olması üçün kifayət qədər əsaslar var və hər hansı ziddiyətli məqam mövcud deyil. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmənin qənaəti belədir ki, iddiaçının soyadının və ata adının dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində soyadı qrafasında “Məmmədova” soyadının dəyişdirilib “Süleymanova”, ata adı qrafasında “Həbib” adının dəyişdirilib “Vüqar” kimi qeyd edilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar