Məhkəmə qərarları › İş №2-1(112)-2067/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2067/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2067/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Mənzil Kommunal TəsərrüfatıDepartamenti Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində cəlb edilməklə çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 3-5 ünvanlı 2 otaqlı mənzilə onun mülkiyyətinə verilərək, reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanlı binada 16 kv.metr sahəsi olan 3 saylı otağa və 16 kv.metr sahəsi olan 5 saylı otağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1957-ci ildən pensiyaya çıxanadək “Azneftkimya” İB-də işləmişdir. İşlədiyi zaman ona mənzil sahəsi ayrılması ilə bağlı müraciət etmiş, müraciəti nəzərə alınaraq Sovet İKP-nin XXİİ qurultayı adına BNZnin Birgə İnzibati partiya və həmkarlar təşkilatının ümumi iclasının xx.xx.1976-cı il tarixli 12 saylı qərarı ilə həmin zavodda 1957-ci ildən işləməsi nəzərə alınaraq, o zamanki Korolenko 57 (indiki İ.Həbibov 57) ünvanlı ailəvi yataqxanada 5 saylı otaqda yaşadığı və 3 saylı otağın ona bitişik olduğu nəzərə alınmaqla 3 saylı otaq da ona verilmişdir. Beləliklə, artıq 40 ildir ki, 3-5 ünvanlı mənzil onun qanuni istifadəsindədir. Evi istifadə etmiş, sahiblik etmiş şəxs kimi mənzilin özəlləşdirilməsi ilə bağlı DƏDRX-ə müraciət etmiş, lakin müraciətinin təmin olunmasından imtina edilmişdir. Halbuki həmin 2 otağın onun qanuni istifadəsində olması müvafiq sənədlərlə sübuta yetirilir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etməyərək, təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus mənzilə dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus mənzilə dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1939-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 3, mənzil 3-5 ünvanında qeydiyyatdadır. Sovet İKP-nin XXİİ qurultayı Bakı Neftemaledici Zavodunun xx.xx.1990-cı il tarixli 106 saylı arxiv arayışından müəyyən edilir ki, İddiaçı xx.xx.1957-ci ildən xx.xx.1990-cı ilə qədər həmin zavodda 12 saylı sexdə 4-cü dərəcəli əmtəə operatoru vəzifəsində çalışmış, yaşa görə təqaüdə çıxdığından xx.xx.1990-cı ildə işdən azad edilmişdir. Administrasiya, Partiya, X1 və SİKP XXİİ Qurultayı adına BNZ MİK-in birgə iclasının xx.xx.1976-cı il tarixli 12 saylı qərarı ilə İddiaçı 16 kv. metr sahəsi olan 1 otaq verilmişdir. SSRİ Kimya və Neftemaledici Sənayesi Nazirliyinin “Azneftkim” İstehsalat Birliyinin xx.xx.1992-ci il tarixli 10-8-112 saylı məktubundan müəyyən edilir, İddiaçı Korolenko 57, mənzil 15 ünvanında ağır yaşayış şəraiti nəzərə alınaraq “Azneftkim” İstehsalat Birliyinin həmin ünvanda olan boşaldılmış 3 saylı mənzili ona saxlama şərtilə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat” haqqında xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan və Azərbaycan Respublikası Bakı şəhəri Mənzil Kommunal Departamenti Nizami rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 67 saylı MİKS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 49 saylı arayışdan müəyyən edilir ki, ünvan 3, mənzil 3-5 ünvanında X4, İddiaçı, X2 və X5 qeydiyyatdadır. 2 saylı Bakı Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiqlənmiş X3 ərizəsindən görünür ki, o, ünvan 3, mənzil 3-5 ünvanının İddiaçı adına rəsmiləşdirilməsinə, reyestrdən çıxarışın və texniki sənədlərin verilməsinə etiraz etmir. İddiaçı hazırki tələblə cavabdeh DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, cavabdehin **********43 №li xx.xx.2019-cu il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, İ.Həbibov küçəsi, ev 57, mənzil 3-5 ilə bağlı onun adına heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən müraciətin təmin olunması mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Azərbaycan Respublikası Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 67 saylı MİKS tərəfindən verilmiş 123 saylı xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, Bakı şəhəri, İ.Həbibov küçəsi, 57 saylı bina 86/2 saylı Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamına əsasən xx.xx.2007-ci il tarixdən Nizami rayon MKTB-nın balansına keçmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 3/225 saylı xx.xx.2020-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən 3/5 saylı ünvan xx.xx.2007-ci il tarixdən Bakı şəhəri Nizami rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 67 saylı MKİS-nin balansındadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli 361 saylı cavab məktubundan müəyyən edilir ki, Administrasiya, Partiya, X1 və SİKP XXİİ Qurultayı adına BNZ MİK-in arxiv sənədləri, o cümlədən xx.xx.1976-cı il tarixli qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinaları əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. -4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 (əvvəlki Korolenko 57) ünvanında yerləşən 5 saylı otaq Administrasiya, Partiya, X1 və SİKP XXİİ Qurultayı adına BNZ MİK-in birgə iclasının xx.xx.1976-cı il tarixli 12 saylı qərarı ilə, 3 saylı otaq isə SSRİ Kimya və Neftemaledici Sənayesi Nazirliyinin “Azneftkim” İstehsalat Birliyinin xx.xx.1992-ci il tarixli 10-8-112 saylı qərarı ilə İddiaçı verilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən 16 kv. metr sahəsi olan 3 saylı otağa və sahəsi olan 16 kv. metr 5 saylı otağa dair İddiaçı adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar