Məhkəmə qərarları › İş №2-1(112)-2067/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2067/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2067/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikası X3 nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı 01.09.2020-ci il tarixli 084/İSN saylı qərarın qanunsuz hesab olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası X2rşı qərarın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinin 05 avqust 2020-ci il tarixli 0828 saylı qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının X3 Bakı Regional bölməsinin 01 sentyabr 2020-ci il tarixli 084/İSN saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı-İddiaçı MMC yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının X3 Bakı Regional bölməsinin 01 sentyabr 2020-ci il tarixli 084/İSN saylı qərarının qismən, yəni İddiaçı MMC tərəfindən 24 iyul 2020-ci il tarixli QT 2082/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin edlməsindən imtina edilməsi hissəsində qanunsuz hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC (bundan sonra Şirkət) Azərbaycan Respublikasının X3 (bundan sonra AQTA) Bakı Regional bölməsinə Rusiya Federasiyasından idxal olunan “Lays” əmtəə nişanlı paprika çipsi məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün 24.07.2020-ci il tarixli QT 20823/20 nömrəli müraciət etmişdir. AQTA Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasından nümunələr götürülmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasının 1 saylı filialına təqdim edilmişdir. Nəticədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referans Laboratoriyasının 1 saylı filialı 05 avqust 2020-ci il tarixli 0828 saylı “Tədqiq (sınaq) nəticələrinə dair protokol”a əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən “Bağırsaq çöpləri qrupu bakteriyaları - BÇQB” aşkar olunduğu iddia edilmişdir. Milli Referans Laboratoriyasının təqdim etdiyi “Tədqiq (sınaq) nəticələrinə dair protokol”a əsasən nəzərə alaraq AQTA Bakı Regional Bölməsi adı çəkilən məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina etmişdir. Nəticədə Azərbaycan Respublikasının X3 Bakı Regional bölməsinin Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında 01 sentyabr 2020-ci il tarixli 084/İSN saylı qərarına əsasən "xxxx" Azərbaycan MMC tərəfindən Azərbaycan Respublikasının ərazisinə idxal olunmuş və AQTA-nın laborator analizlərinin nəticəsində bağırsaq çöpü çıxmış Lay’s əmtəə nişanlı çipsləri məhv olunmalıdır. Yuxarıda qeyd edilənlərə baxmayaraq, şirkətin adından bildirilmişdir ki, qeyd edilən mallar Azərbaycan Respublikasına gəlməmişdən öncə istehsalatda laborator analizlərdən keçirilir və qida təhlükəsizliyi normalarına uyğun olmayan məhsulların ixracından imtina olunur. İddiaçı tərəfindən hər bir idxal olunan mal partiyası üzrə AQTA-ya məhsulların təhlükəsizliyi barədə sertifikatlar təqdim olunur. Şirkət qeyd edilən malları artıq 4(dörd) ildir ki idxal edir və AQTA tərəfindən mütəmadi olaraq keçirilən laborator sınaqların nəticəsində bu müddət ərzində idxal etdiyi məhsullarda keyfiyyətə dair heç bir uyğunsuzluq aşkar olunmayıb. Eyni zamanda bildirilmişdir ki, şirkət aşkar olunan problemlə bağlı AQTA tərəfindən sınaq nəticələrinə dair məlumatı əldə edəndən dərhal sonra istehsalçıya müraciət etmişdir və istehsalçı həmin məhsulun partiyasının istehsalçının anbarında saxlanılan nümunələrini təkrar analiz keçirmişdir. İstehsalçı zavod nümunələri Rusiyada akkreditasiya olunmuş laboratoriyaya analizlər üçün təqdim etmişdir. Laborator sınaqlar nəticəsində məhsulda heç bir uyğunsuzluq aşkar edilməmişdir (“Bağırsaq çöpləri qrupu bakteriyaları - BÇQB” da daxil olmaqla). Rusiya Federasiyasında keçirilən laborator analizlərin nəticələrinə əsasən məhsulda heç bir keyfiyyətə dair uyğunsuzluq aşkar edilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası X6 məhkəməyə təqdim etdiyi 11.01.2021-ci il tarixli 12/70 №li iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddia ərizəsində mübahisələndirilən məsələlər barəsində hüquqi tənzimlənmə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 nömrəli Qərarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 2017-ci il tarixli 542 nömrəli Qərarına əsasən aparılır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 haqqında Əsasnamə"nin 1.1-ci bəndinə əsasən, Agentlik qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qıda məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.16-cı yarımbəndinə əsasən, qıda təhlükəsizliyi ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan, bu Əsasnamənin 3.0.9-cu yarımbəndində nəzərdə tutulan (qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək)) yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul etmək, tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün göstərişlər vermək və qanunla nəzərdə tutulmuş digər tədbirlər görmək Agentliyin vəzifələrinə aid edilmişdir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydalar”na əsasən, yeyinti (qida) məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ekspertizadan keçirilir. Ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir. Ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. Yeyinti məhsullarından götürülmüş nümunələr “Yeyinti məhsulları haqqında' Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq ekoloji, sanitariya, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilir. İddiaçı MMC barəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasının 1 saylı filialı tərəfindən tərtib edilmiş 5 avqust 2020-ci il tarixli 0828 saylı “Tədqiq (sınaq) nəticələrinə dair protokola əsasən, laboratoriyaya təqdim edilmiş nümunələrdə “Bağırsaq çöpləri qrupu bakteriyaları - BÇQB" aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə dair gigiyenik tələblər”ə əsasən, təqdim edilmiş nümunələrdə bu tipli bakteriyaların aşkarlanması qida məhsulu ilə bağlı sanitar-gigiyenik qaydaların və normativlərin tələblərinə əməl edilmədiyini və qida üçün yararsız olduğunu göstərir. Qida məhsullarının ekspertizanın aparılması və ya müəyyən olunmuş nümunələrin götürülməsi və digər tədbirlər ölkə qanunvericiliyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydalarına əsasən aparılır. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən, ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. Beləliklə İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi mübahisə predmeti olan məhsulların Rusiya Federasiyasının hər hansı sınaq laboratoriyasının götürdüyü nümunələr əsasında aparılmış analiz nəticələri üzrə sınaq protokollarında və digər sənədlərdə göstərilənlər ölkə qanunvericiliyinə uyğun olaraq hüquqi əhəmiyyət kəsb etmir və bu nəticələr üzrə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı verilə bilməz. Məhsul partiyaları üzrə götürülən nümunələr əsasında qanunvericiliyə uyğun şəkildə aparılmış analiz nəticələri və təkrar analizlərin nəticələri üzrə sınaq protokollarında və digər sənədlərdə göstərilənlər məhsulların mikrobioloji göstəriciləri hazırkı qanunvericiliyin tələblərinə zidd olduğu üçün ya məhv edilməli ya da geri göndərilməlidir. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir. Belə ki, 16-cı maddənin 1-ci hissəsinə əsasən, istifadəyə yararsız, yararlılıq müddəti qurtarmış yeyinti məhsulları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada götürülür, zərərsizləşdirilir və ya məhv edilir. Həmin maddənin 4-cü hissəsinə əsasən, istifadəyə yararsız yeyinti məhsulunun götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar məhsulun müvafiq ekspertizadan və laboratoriya müayinəsindən sonra verilə bilər. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 2017-ci il tarixli 542 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nın 5-ci hissəsinə əsasən, birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsız olduğu müəyyən edilmiş malların məhv edilməsi yoxlayıcı orqanın həmin malların satışının qadağan edilməsi və ya dövriyyədən çıxarılması barədə qərarı əsasında həyata keçirilir. Yoxlayıcı orqan tərəfindən nəzarət tədbirləri həyata keçirilən hüquqi və ya fiziki şəxsdən götürülmüş və istifadəyə yararsızlığı sübuta yetirilmiş mallar barədə qəbul olunmuş qərar dövriyyədə olan həmin mal partiyası üçün şamil edilir. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinin Bakı Regional Bölməsinin “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” 1 sentyabr 2020-ci il tarixli 084/İSN saylı Qərarının qüvvədə saxlanılmasını və “Pepsico Azərbaycan" MMC-nin iş üzrə iddia tələbinin (iddia ərizəsi üzrə) rədd edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası X3 nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarında olan: Təsis sənədlərinin surətlərindən görünür ki, "xxxx" Azərbaycan MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 10.12.2015-ci il tarixdə ********** VÖEN-lə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən tərtib edilən 05 avqust 2020-ci il tarixli 0828 saylı “Tədqiq (sınaq) nəticələrinə dair protokol”a əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən “Bağırsaq çöpləri qrupu bakteriyaları-BÇQB” aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya epidemioloji qaydalar və normativlərə cavab vermir. AQTA-nın Bakı Regional Bölməsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış “İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina haqqında” 11 avqust 2020-ci il tarixli 19/1/İSN-4083 №li məktubda göstərilmişdir ki, ölkəyə idxal olunmuş çipsi məhsulunun sertifikatlaşdırılması barədə 24.07.2020-ci il tarixli (daxilolma nömrəsi QT20823/20) müraciətə Bölmədə baxılmış, idxal olunmuş çipsi məhsulunun sertifikatlaşdırlması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələr yoxlanılan təhlükəsizlik göstəricilərindən “Bağırsaq çöpləri qrupu bakteriyaları-BÇQB” aşkar edilməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya epidemioloji qaydalar və normativlərə cavab vermir. Qeyd olunanlar nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarının 2.21.3-cü yarımbəndinə əsasən qeyd olunan məhsul partiyasının sertifikatlaşdırılmasından imtina edilmişdir. Cavabdeh AQTA-nın Bakı Regional Bölməsinin “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” 01.09.2020-ci il tarixli 084/İSN saylı qərarından görünür ki, İddiaçı MMC tərəfindən 24.07.2020-ci il tarixli QT 20823/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin olunmasından imtina edilmiş; sözügedən mal partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilməsi və ya geri göndərilməsi; qərarın 15 gün ərzində icra olunması və bununla bağlı tərtib edilmiş zəruri sənədlərin (məhvetmə aktı, təhvil-təslim aktı və s.) Agentlyin Bakı Regional Bölməsinə təqdim edilməsi qərara alınmışdır. Qeyd olunan qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin əməkdaşları “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasından nümunələr götürmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referens Laboratoriyasının 1 saylı filialına təqdim etmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 saylı qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”-nın 2.1 -ci bəndinə əsasən ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının X6 tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmin Qaydaların 2.21.3-cü yarımbəndinə əsasən qeyd olunan yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadığından qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində göstərilmişdir ki, istifadəyə yararsız yeyinti məhsulunun götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar məhsulun müvafiq ekspertizadan və laboratoriya müayinəsindən sonra verilə bilər. Məhkəmə tərəfindən iş üzrə təyin olunmuş “Yeyinti məhsullarının gigiyenik ekspertizası”nın nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” X12 (AZSTAND) tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli 01/2021 №li ekspert rəyində ekspert aşağıdakı nəticəyə gəlmişdir; - Tədqiqat obyekti olan İddiaçı MMC tərəfindən 24.07.2020-ci il tarixli, QT 20823/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsulunun keyfiyyət göstəriciləri qüvvədə olan mövcud standartlara, sanitariya-epidemioloji, gigiyenik qaydalara, tələblərə və noramativlərə uyğundur. - Tədqiqat obyekti olan İddiaçı MMC tərəfindən 24.07.2020-ci il tarixli, QT 20823/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsulunda “Bağırsaq çöpləri qrupu bakteriyaları- BŞQB” mövcud deyil. - Tədqiqat obyekti olan İddiaçı MMC tərəfindən 24.07.2020-ci il tarixli, QT 20823/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsulu qida üçün yararlıdır. - Tədqiqat obyekti olan İddiaçı MMC tərəfindən 24.07.2020-ci il tarixli, QT 20823/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsulu insan həyat və sağlamlığı üçün təhlükəli deyil. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida X1”-nin 3-cü bəndinə əsasən ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektləri qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almaq və dövlət reyestrini aparmaq, həmçinin qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarını vermək (3.0.7.) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifəsidir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanı iddiaçı cəmiyyət tərəfindən 24 iyul 2020-ci il tarixli QT 2082/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq. olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin edlməsindən imtina edilməsinin qanuni və əsaslı olmasını sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının X3 Bakı Regional bölməsinin 01 sentyabr 2020-ci il tarixli 084/İSN saylı qərarı qismən, yəni İddiaçı MMC tərəfindən 24 iyul 2020-ci il tarixli QT 2082/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq. olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin edlməsindən imtina edilməsi hissəsində qanunsuz hesab olunmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC tərəfindən 24 iyul 2020-ci il tarixli QT 2082/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq., istehsal tarixi 15.07.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının son istifadə tarixi 02.12.2020-ci il oluğundan (istehlak müddəti 02.12.2020-ci il tarixində bitdiyindən) hazırda həmin məhsula dair Azərbaycan Respublikasının X3 Bakı Regional bölməsi tərəfindən çıxarılmış “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” 01.09.2020-ci il tarixli 084/İSN saylı qərar ləğv oluna bilməz. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası X6ndən 240 (iki yz qırx) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” X11 hesabına köçürülməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının X3 Bakı Regional bölməsinin 01 sentyabr 2020-ci il tarixli 084/İSN saylı qərarı qismən, yəni İddiaçı tərəfindən 24 iyul 2020-ci il tarixli QT 2082/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq. olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin edlməsindən imtina edilməsi hissəsində qanunsuz hesab olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası X6ndən 240 (iki yüz qırx) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” X11 hesabına (VÖEN: ********** "xxxx" ASC Mərkəzi filialı Kod: 20026 H/h AZ 48AİİB******************** M/h AZ37NABZO**********000001944 Bankın VÖEN-i: ********** SWİFT: AİİBAZ 2X) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar