Məhkəmə qərarları › İş №2-1(112)-20670/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-20670/2025

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-20670/2025 03.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı1, İddiaçı4 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə Komitə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin ləğvinin və vahid aylıq müavinətin xx.xx.2024-cü il tarixindən dayandırılmasının əsassız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 və ailə üzvləri Azərbaycan Respublikasının ərazisində baş vermiş silahlı münaqişə nəticəsində məcburi köçkün düşmüş, hal-hazırda Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak” düşərgəsində məskunlaşmışlar. Uzun müddət qanunvericiliyə uyğun olaraq məcburi köçkün statusdan istifadə etmişdirlər. Lakin xx.xx.2024-cü il tarixdən statusları əsassız olaraq ləğv edilmişdir. Statusun ləğv edilməsinə səbəb kimi adlarına torpaq və ya ev mülkiyyətinin olması göstərilmişdir. Bildirmişdir ki, bu iddia həqiqətə uyğun deyildir. Onun və ailə üzvlərinin adına nə məcburi köçkün düşdükləri rayonda, nə də hal-hazırda yaşadıqları ərazidə hər hansı torpaq və ya ev mövcud deyildir. Bu hal rəsmi sənədlərlə təsdiq olunur və ərizəyə əlavə edilir. Hal-hazırda məskunlaşdıqları düşərgə evi və mülkiyyəti olmayan məcburi köçkünlərin yaşadığı ərazidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2026-cı il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh Komitənin xx.xx.2026-cı il tarixli iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı1 müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, məcburi köçkün statusunu təsdiq edən vəsiqə ilə bağlı olaraq cavabdeh bildirmişdir ki, İddiaçı1 qeyd olunan məsələ ilə bağlı Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslər isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədə olduğundan Füzuli rayonunun Horadiz şəhəri (keçmiş Horadiz qəsəbəsi), Əhmədalılar, Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Aşağı Yağlıvənd, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dilağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı kəndi 1994-cü ildə işğaldan azad edilmişdir. Hazırda həmin ərazilərdən olan şəxslər 1994-cü ildə və ondan sonrakı illərdə yaşadıqları yerə qayıtdıqlarından, 2024-cü ilin 31 may tarixindən qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən onların məcburi köçkün statusları ləğv edilmiş və sosial müdafiə tədbirlərinin verilməsi dayandırılmışdır. Füzuli rayonu, Əhmədalılar kəndi 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində, həmçinin cənab X5 də çıxış zamanı qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir. Göründüyü kimi 1994-cü ildə Əhmədalılar kəndi işğaldan azad olunduqdan sonra kənd sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə və ya bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə itirir. Göründüyü kimi iddiaçının valideynləri 1994-cü ildə işğaldan azad olunmuş ünvan 1i ünvanına qayıtmaq imkanına malik olduqlarından Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdirlər. Hazırki məhkəmə işi ilə bağlı analoji olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarları mövcuddur. Belə ki Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2437/2024 və eyni tarixli 2-1(102)-2248/2024 nömrəli qərarları ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilən kassasiya şikayəti təmin edilmişdir. Odur ki, İddiaçı1 məcburi köçkün statusunu təsdiq edən vəsiqəsi qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilə bilməz. Vahid aylıq müavinətlə bağlı hissəyə münasibətdə isə cavabdeh bildirmişdir ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində təmas xətti tamamilə ləğv olunaraq əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilib. Bununla əlaqədar olaraq, Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin verilməsi 2024-cü il 1 may tarixindən etibarən dayandırılıb. Cavabdeh məhkəmədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin ləğvinin və vahid aylıq müavinətin xx.xx.2024-cü il tarixindən dayandırılmasının əsassız hesab edilməsi”nə dair iddia tələbini əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdeh inzibati orqana qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı baradə iddiaçılar İddiaçı2 və İddiaçı3 qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı4 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı1 Füzuli rayonu, Əhmədalılar ərazi dairəsi, Əhmədalılar kəndində qeydiyyatdadır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı2 Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatdadır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı3 Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatdadır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı4 Füzuli rayonu Əhmədalılar ərazi dairəsi, Əhmədalılar kəndində qeydiyyatdadır. İddiaçı1 verilmiş xx.xx.2025-ci il tarixli 5-43-14\2-273\2025 saylı arayışda göstərilmişdir ki, İddiaçı1 Füzuli rayon Əhmədalılar kəndində daimi qeydiyyatdadır və onun Füzuli rayon Əhmədalılar kəndində özünəməxsus həyətyanı torpaq sahəsi və evi yoxdur. İddiaçı1 verilmiş xx.xx.2025-ci il tarixli 222/07 saylı arayışda göstərilmişdir ki, Füzuli rayonundan məcburi köçkün düşmüş İddiaçı1 Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak” düşərgəsində müvəqqəti məskunlaşmışdır (İddiaçı2, İddiaçı4 və İddiaçı3 ibarət ailə tərkibi ilə). AA seriyalı 090269 saylı “Məcburi köçkün” vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 1993-cü il tarixdən Füzuli rayonundan məcburi köçkün düşmüşdür. AA seriyalı 125720 saylı “Məcburi köçkün” vəsiqəsinin surətindən müəyyən olunur ki, İsmayılova (hazırda Balayeva) Aytac Əvəz qızı 1993-cü il tarixdən Füzuli rayonundan məcburi köçkün düşmüşdür. AA seriyalı 462727 saylı “Məcburi köçkün” vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı4 Füzuli rayonundan məcburi köçkün düşmüşdür. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-36-3/2-B-159xx-xx/2025/16965 saylı xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslər isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daim məskunlaşdıqları vaxtadək qüvvədə olduğundan Füzuli rayonunun Horadiz şəhəri (keçmiş Horadiz qəsəbəsi), Əhmədalılar, Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Aşağı Yağlıvənd, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dilağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzahlar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı kəndi 1994-cü ildə işğaldan azad edilmişdir. Hazırda həmin ərazilərdən olan şəxslər 1994-cü ildə və ondan sonrakı illərdə yaşadıqları yerə qayıtdıqlarından, 2024-cü ilin 31 may tarixindən qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən onların məcburi köçkün statusları ləğv edilmiş və sosial müdafiə tədbirlərinin verilməsi dayandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ: “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. ... Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: ... həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə:

3. Komitənin əsas funksiyaları Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “qaçqın” və ya “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir.

MƏHKƏMƏNİN MÖVQEYİ:

Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçıların hüquqi marağı məcburi köçkün statuslarının bərpa olunmasından ibarətdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna, eləcə də “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarlar qəbul etməkdə səlahiyyətlidir. Tam səlahiyyətli inzibati orqan kimi Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş 31 may 2024-cü il tarixli, 42 nömrəli əmri ilə Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndində (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun 2024-cü il 1 may tarixindən İəğv edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, 1993-1994-cü illərdə Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşellı kəndləri, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar, Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, X4, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dılağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı kəndləri və 2016-cı il 4 aprel tarixdə Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi işğaldan azad olunsa da, həmin ərazilər Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən, burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkün statusu və məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə dövlət tərəfindən xüsusi qaydada şərait yaradılmışdır, 2020-ci il tarixdə isə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmiş, əhalinin təhlükəsiz və dinc yaşaması təmin edilmişdir. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində təmas xətti tamamilə ləğv olunaraq əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilib. Bununla əlaqədar olaraq, Füzuli rayonunu Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin verilməsi 2024-cü il 1 may tarixindən etibarən dayandırılmışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildiyi halda itirir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçıların izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar