Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2068/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1-ci qrup Qarabağ əlilidir və 1992-ci ildə Bakı şəhərində qeydiyyatdadır. 2000-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli massiv “V” ev 31 mənzil 18-də 5 nəfər ailə üzvləri ilə yaşayır. İddiaçının mülkiyyətində nəqliyyat, rabitə, müdafiə və digər təyinatlıq torpaq sahəsi olduğundan o, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınmamışdır. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi etiraz onunla əsaslandırılmışdır ki, Hövsan qəsəbəsi, ünvanında yerləşən, 0,02 ha Sənaye, rabitə, nəqliyyat, müdafiə və digər təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan, o, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alına bilməz. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 43cü maddəsinə əsasən -Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. -Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər ailədə adambaşına 9 kvm və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə görə Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 26.08.1994-cü il tarixli 193 nömrəli Fərmanının 6-cı bəndində Respublika şəhər və rayon icra hakimiyyətlərinin başçılarına Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin mənzil-məişət problemlərinin təcili həll edilməsi tapşırılmışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. -51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X1 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan SSR Nazirlər Sovetinin 14.10.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsi mənzilistismar hissələri vasitəsilə həyata keçirilir. SSRİ Silahlı Qüvvələrinin fəhlə və qulluqçuları mənzil-şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar uçotuna ümumi əsaslarla götürülürlər. Qaydaların 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Qaydaların 5-ci bəndinə görə aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçmüş vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılır: zirzəmilər, yarımzirzəmilər, baraklar, əsaslı təmir edilməli olmayan avariyalı və çox köhnə evlər, hüdudları rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarları ilə müəyyənləşdirilən neft mədənləri ərazisində və havası qazlı zonada yerləşən evlər, sanitariya nəzarəti və ya dövlət tikinti-arxitektura nəzarəti orqanlarının rəyinə görə, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılmış digər yaşayış sahələri; d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə; e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar; c) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr – əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə; z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar. Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün, habelə vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə və SSRİnin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslər, vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi partizanları, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslər üçün, eyni müəssisədə, idarədə, təşkilatda azı 15 il, əmək şəraiti zərərli olan işlərdə isə azı 10 il işləmiş və vicdanla işləməkdə olan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına onların aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. Vətəndaşlar SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan başqa əsaslara görə də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan sayıla bilərlər. Qaydaların 6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın (Qaydalar XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiayasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmişdir) 4cü bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır. Qaydaların 7.1-ci bəndinə görə Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması, onlarla sosial kirayə müqavilələrinin bağlanması və mənzil növbəsinə götürülməsi qaydaları həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin, həmçinin də Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaların müddəalarında əks olunmuşdur. Bilavasitə qanunvericilik həmçinin yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina üçün əsasları müəyyən etmişdir ki, hazırki iddia üzrə həmin əsas məhz - müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə təşkil edir. Hazırki işin faktiki hallarından da göründüyü kimi, cavabdeh iddiaçının mənzil növbəsinə götürülməsi ilə bağlı müraciətinin təmin edilməməsinin əsası kimi onun adında sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahəsinin olmasını gətirir. Əlbəttə, nəzərə alınmalıdır ki, həmin növdə olan torpaq sahələri torpaq qanunvericiliyə görə Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaq sahələrin kategoriyasına aiddir. Lakin, həmin torpaq sahəsinin təyinatı fərdi yaşayış və ya binanın (mənzil) tikintisi üçün nəzərdə tutulmamışdır. Torpaq sahəsinin təyinatı üzrə istifadəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarına nəzər yetirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən:
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarına əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. (2-ci bənd) Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktın tələbindən də göründüyü kimi “sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid torpaq sahələrinin əsas təyinatı məhz sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) təşkil edir. Başqa sözlə desək həmin torpaq sahəsinin təyinatı yaşayış sahəsinin (fərdi yaşayı evi və s.) tikintisi üçün nəzərdə tutulmamışdır. Məhkəmə bildirir ki, hər nə qədər də cavabdeh iddiaçının mülkiyyətində “sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid torpaq sahəsinin olmasına istinad etsə də, bu hal iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması üçün imtina əsası deyildir. Çünki, həmin torpaq sahəsinin təyinatı ona həmin ərazidə yaşayış sahəsini tikmək imkanını vermir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı ünvanlanmış sorğuya cavab məktubunda da məlum olmuşdur ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində ümumiyyətlə tikili yoxdur. Göründüyü kimi sadalanmış bu amillər ona dəlalət edir ki, iddiaçının mülkiyyətində torpaq sahəsi olsa belə, həmin torpaq sahəsində hər hansı tikili olmamış, həmçinin torpaq sahəsinin təyinatı yaşayış yerinin (fərdi yaşayış evi və s.) tikintisi üçün nəzərdə tutulmadığından, o cümlədən iddiaçının mülkiyyətində hər hansı digər əmlak aşkar edilmədiyindən, eyni zamanda da Mənzil Məcəlləsinin 53-cü maddəsində sadalanmış digər imtina əsasları iddiaçıya münasibətdə müəyyən olunmadığından o, yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi,cavabdehin istinad etdiyi hallar- onun adına torpaq sahəsinin (sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq) olması onun qanunla nəzərdə tutulan hüquqlarından istifadə etmək hüququnu məhdudlaşdıra və müraciətinin təmin olunmaması üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, oxşar mübahisəyə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-139/2021 saylı, 24.02.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, cavabdehin istinad etdiyi hallar- iddiaçının öz arzusu ilə ehtiyata buraxılması və onun həyat yoldaşının adına torpaq sahəsinin (kənd təsərrüfatı təyinatlı) olması onun qanunla nəzərdə tutulan hüquqlarından istifadə etmək hüququnu məhdudlaşdıra və iddiasının məhkəmə qaydasında rədd edilməsi üçün əsas ola bilməz.” Həmçinin, digər oxşar mübahisəyə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış, məhkəmənin 2-1(103)-191/2022 saylı, 18.02.2022-ci il tarixli qərarı ilə “2-ci qrup müharibə əlili kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə hesab edir ki, qanunvericilikdə ailə üzvü üçün verilmiş anlayış inzibati məhkəmə icraatı çərçivəsində həll edilə biləcək məsələ ilə bağlı iddiaçı və mənzilə hüququndan imtina edən icarədar arasında mənzillə bağlı ehtimal olunan məhkəmə mübahisəsinin yaranmasına səbəb olmamalıdır. Bu zaman həm, icarədar və ailə üzvlərinin razılığının mövcudluğu, eyni zamanda icarədarla müqavilə yox, orderin olması da nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iş üzrə ümumiyyətlə müqavilə bağlanılmamış, mənzilə dair hüquq orderlə təsdiqini tapmışdır. Həmin mənzillə bağlı isə iddiaçı ilə kirayə müqaviləsinin bağlanması sadəcə orderdən asılı olmayıb, onun həmin mənzildə uzunmüddət yaşaması və digər amillərlə də əlaqəlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı 1-ci qrup müharibə əlili kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov