Məhkəmə qərarları › İş №2-1(112)-2069/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2069/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2069/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı X2, cavabdehin nümayəndəsi X7 iştirakları ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 61-ci km-də Şıxlar kəndi yaxınlığındakı “Arzu” bağçılıq-yoldaşlıq birliyinin ərazisində yerləşən və 0,06 hektar olan 171 saylı bağ sahəsinə dair plan-ölçünün və mülkiyyət hüquqlarının qeydiyyatı barədə çıxarışın verilməsi vəzifəsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ona Bakı şəhəri X5 İcrayə Komitəsinin 17.07.1987-ci il tarixli 16/290 nömrəli qərarı ilə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Univesiteti) kollektiv bağçılığın yaradılması məqsədi ilə Şıxlar kəndi yaxınlığında torpaq sahəsi ayrılmışdır. Azərbaycan Politexnik İnstitutunun "Arzu" Bağçılıqyoldaşlıq X6 15.01.1988-ci il tarixli iclasında o, Birliyin üzvlüyünə qəbul edilmiş və Qaradağ rayonu Bakı- Salyan şossesinin 61-ci km-də Şıxlar kəndi yaxınlığındakı, "Arzu" Bağçılıq-yoldaşlıq Birliyinin ərazisində yerləşən 600 kv.m (0,06 ha) 171 saylı bağ sahəsinin onun daimi istifadəsinə verilməsinə qərar verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Republikasının Qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlərdir. Bununla bağlı 14.10.2019-cu il tarixdə ********** nömrəli ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və ərizəyə sonuncu 04.11.2019cu il tarixli, **********67 nömrəli qeydiyyata almaqdan imtina barədə bildirişində qeyd etmişdir ki, arxiv məlumatlarına əsasən sözügedən bağ sahəsi ilə bağlı iddiaçının adına heç bir məlumat aşkar edilməmişdir. Bunun üçün də ərizənin icrası mümkün olmamış və İdarə tərəfindən imtina verilmişdir. Halbuki, 14.10.2019-cu il tarixində DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə bağ sahəsinin plan və ölçüsünün tərtib olunması və dövlət reyestrindən çıxarışın verilməsi üçün müraciət edərkən bağ sahəsinin ona aid olduğunu bildirən Bağçının 171 nömrəli üzvlük kitabçası ərizəyə əlavə edilmiş, tələb olunacağı təqdirdə əlavə məlumat, qərar və sənədləri təqdim edə biləcəklərini, sözügedən bağ sahəsinin heç bir mübahisə obyekti olmadığını DƏDRX əməkdaşına bildirilmişdir. Göstərilmiş səbəblərə görə, iş üzrə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 04.11.2019-cu il tarixli, **********67 nömrəli bildirişi ilə ona məxsus olan bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi qanunsuzdur və bununla bağlı bağ sahəsinə plan və ölçünün tərtib edilməsi və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh İdarəyə həvalə edilməlidir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi 07.05.2020ci il tarixli etirazında göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, arxiv məlumatlarına əsasən sözügedən bağ sahəsi ilə bağlı X2 adına heç bir məlumat aşkar edilmədiyindən ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır və iddiaçıya 04.11.2019-cu il tarixli, **********67 saylı cavab məktubu ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində bir mərtəbəli ev var. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etdiyini bildirərək və etirazda qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; iddiaçıya məxsus Binəqədi RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1951-ci ildə Ağdam rayonunda doğulmuş X4 ünvan 1 ünvanında qeydiyyatdadır. “Arzu” bağçılıq-yoldaşlığ X6 15.01.1988-ci il tarixli 02 saylı Protokolundan Çıxarışından görünür ki, “Arzu” bağçılıq-yoldaşlığ X6 sədrinin çıxışı dinlənilərək, X2 ərizəsinə əsasən sonuncuya “Arzu” bağçılıq-yoldaşlığ birliyinin Qaradağ rayonu Bakı- Salyan şossesinin 61-ci km-də Şıxlar kəndi yaxınlığındakı ərazisində yerləşən sahəsi 600 kv.m olan 171 saylı bağ sahəsinin X3 verilməsi qərara alınmışdır. “Arzu” bağçılıq-yoldaşlığ birliyi tərəfindən 2007-ci ildə X2 adına verilmiş 171 №li bağçının üzvlük kitabçasından görünür ki, o, Bağçılıq yoldaşlıq X6 1988-ci il tarixli 1 saylı Protokoluna əsasən bağçılıq yoldaşlıq birliyinə üzv qəbul edilmişdir. Bakı-Salyan yolunun 61-ci km-yi, Şıxlar kəndi, “Arzu” bağçılıq-yoldaşlığ birliyinin bağ sahələrindən sahəsi 600 kv. metr olan 171 saylı bağ sahəsi Bakı Soveti İcraiyyə Komitəsinin 07.07.1987-ci il tarixli qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. İddiaçıya məxsus 15.08.1973-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 01.07.1978-ci il tarixdən 09.09.1996-cı il tarixədək Azərbaycan Texniki Universitetində X1 kafedrasında baş laborant vəzifəsində işləyib. İddiaçı tərəfindən məhkəməyə surəti təqdim olunmuş və məhkəmənin müvafiq sorğusuna əsasən, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 13.05.2020-ci il tarixli 301 saylı məktubu ilə məhkəməyə göndərilmiş keçmiş Bakı şəhəri X5 İcraiyyə Komitəsinin 17.07.1987-ci il tarixli 16/290 nömrəli qərarın surətindən (qərardan təsdiq edilmiş arxiv çıxarışı) görünür ki, Azərbaycan Politexnik İnstitutunun 262 üzvünə (indiki Azərbaycan Texniki Universiteti) kollektiv bağçılıq yaradılması məqsədi ilə Şıxlar kəndi rayonunda torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmçinin sorğuya cavab olaraq “Arzu” bağçılıq birliyinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********67 №li 04.11.2019-cu il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, arxiv məlumatlarına əsasən sözügedən bağ sahəsi ilə bağlı onun adına heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 61-ci km-də Şıxlar kəndi yaxınlığındakı “Arzu” bağçılıq-yoldaşlıq birliyinin ərazisində yerləşən, sahəsi 0,06 hektar olan 171 saylı bağ sahəsinə dair iddiaçı X2 adına plan-ölçünün və mülkiyyət hüquqlarının qeydiyyatı barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar