Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2069/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçıya Abşeron Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1999-cu il tarixli 285 saylı sərəncamına və Maştağa tərəvəzçilik-südçülük sovxozunun həmkarlar komitəsinin 24 dekabr 1999-cu il tarixli 03 nömrəli protokoluna əsasən Maştağa tərəvəzçilik - südçülük sovxozunun 24 dekabr 1999-cu il tarixli 17 saylı əmri ilə Maştağa qəsəbəsində 0,12 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi həmin vaxtdan iddiaçının mübahisəsiz|və fasiləsiz olaraq istifadə və sahibliyində olmuşdur. Torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün, yəni torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. 1 saylı Bakı ərazi idarəsi tərəfindən 0,12 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilərək ona bu barədə xx.xx.2024-ci il tarixli, ********** nömrəli məktubla cavab verilmişdir. İmtinanın əsası kimi məktubda qeyd olunmuşdur ki, idarənin elektron kadastr məlumatına əsasən torpaq sahəsi Maştağa tərəvəzçilik-südçülük sovxozunun ayrıc aktından kənarda yerləşməklə digər şəxsin adına verimiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Lakin iddiaçı hesab edir ki, 1 saylı Bakı ərazi idarəsi tərəfindən onun xahişi və tələbi əsassız olaraq rədd olunaraq təmin edilməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********07 nömrəli imtina məktubunda qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Maştağa Tərəvəzçilik- Südçülük sovxozunun ayrıc aktından kənarda yerləşməklə, digər şəxsin adına verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********07 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından kənarda yerləşməklə, digər şəxsin (X2) adına verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin cavabdeh xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi vəsatətdə bildirmişdir ki, iş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatına əsasən digər şəxsin (X2) adına verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Vəsatətdə göstərilənlər nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2069/2025 qərardadı ilə Əli-zadə Seyfulla İsgəndər oğlu hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Maştağa tərəvəzçilik südçülük sovxozunun xx.xx.1999-cu il tarixli, 17 saylı əmrinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 285 nömrəli qərarı ilə sovxoz işçilərinə fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin sovxozda torpaq almaq növbəsində olanlara verilməsi həmkarlar təşkilatı və əmək kollektivi şurasının (xx.xx.1999-cu il tarixli, 03 nömrəli protokolu ilə) birgə iclasında baxılmış və siyahı üzrə adları qeyd olunan vətəndaşlara verilməsi qanunauyğun hesab edilərək həmin əmr əsasında İddiaçı 0,12 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, K-2-1 saylı arxiv çıxarışında sovxozun ərazisində yaşayan həyətyanı torpaq sahəsinə ehtiyacı olan və ərizə ilə rəhbərliyə müraciət edən adları qeyd olunan vətəndaşlara (...72.İddiaçı) Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 285 saylı sərəncamına və sovxoz həmkarlar komitəsinin xx.xx.1999-cu il tarixli, 03 saylı protokoluna əsasən hər bir ailəyə 0,12 ha hesabı ilə torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli, 5-18/2-k-16-091/2024 saylı məktubuna əlavə edilmiş yerləşmə sxemində iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları X-415924.07 və Y-4492468 olaraq müəyyən edilmiş və və həmin torpaq sahəsinin sxemi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin məktuba əlavə edilmiş bölgü sxemindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa trəvəzçilik-südçülük sovxozunda yerləşən torpaq sahəsinin ölçüləri müəyyən edilərək X7 ilə İddiaçı arasında bölünmüş və həmin bölgü adları qeyd olunan şəxslər tərəfindən təsdiq edilmişdir. Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəmə qərarı əsasında verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sbaunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-1RA/-628/25 nömrəli məktubu ilə göndərilmiş Maştağa tərəvəz-südçülük sovxozunun xx.xx.1999-ci il tarixli, 17 nömrəli əmrindən görünür ki, sovxozun ərazisində yaşayan həyətyanı torpaq sahəsinə ehtiyacı olan və ərizə ilə rəhbərlyə müraciət edən adları qeyd olunan vətəndaşlara (...72.İddiaçı) Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 285 saylı sərəncamına və sovxoz həmkarlar komitəsinin xx.xx.1999-cu il tarixli, 03 saylı protokoluna əsasən hər bir ailəyə 0,12 ha hesabı ilə torpaq sahəsinin ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, **********03 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi sərhədləri mişar daşı ilə hasarlanmış ümumi sahəsi 0.4968 ha olan ərazidə yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Maştağa Təvəzçilik-südçülük sovxozunun ayrıc aktından kənarda yerləşir. Əli-zadə Seyfulla İsgəndər oğlunun əmlak şəhadətnaməsi ümum ərazi daxilindədir. Sahədəki natamam tikilinin bir hissəsi sözügedən sahədə yerləşir. Həmin məktuba əlavə edilmiş torpaq sahəsinə dair ortofoto görüntüsündə İddiaçı iddia etdiyi torpaq sahəsinin Əli-zadə Seyfulla İsgəndər oğluna məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi görünsə də, cavabdeh tərəfindən üçüncü şəxs Əli-zadə Seyfulla İsgəndər oğlunun həmin torpaq sahəsinə dair əmlak şəhadətnaməsi məhkəmə təqdim edilməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2024cü il tarixli ərizədə (**********088) üçüncü şəxs İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına sənədləşdirilməsinə, özəlləşdirilməsinə dair heç bir tələbinin, şikayətinin və etirazının olmadığını, torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə tam razı olduğunu bildirmişdir. Cavabdeh tərəfindən etirazda mübahisəli torpaq sahəsinin üçüncü şəxsin adına verilmiş şəhadətnamənin baza məlumatları ilə üst-üstə düşdüyü bildirilsə də, həmin şəhadətnamənin əsli və ya arxiv nüsxəsi məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması ilə aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 139-1.1.8-ci maddəsində Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1655 nömrəli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərmanına əsasən:
3. Yerli icra hakimiyyəti orqanları üç ay müddətində: 3.1. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər; 3.2. müvafiq dövlət arxivinə təhvil verilməmiş qaytanlanmış torpaq kitablarının (o cümlədən kolxoz və sovxozun qaytanlanmış torpaq kitablarının) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyindəki dövlət arxivlərinə təhvil verilməsini təmin etsinlər.
4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi: 4.1. bu Fərman qüvvəyə mindiyi günədək, habelə bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq dövlət arxivlərinə təhvil verilmiş qaytanlanmış torpaq kitablarının (o cümlədən kolxoz və sovxozun qaytanlanmış torpaq kitablarının) elektron məlumat bazasının yaradılmasını və həmin bazaya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin çıxışına imkan yaradılmasını altı ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.2. bu Fərmanın 4.1-ci bəndi icra olunanadək qaytanlanmış torpaq kitablarından çıxarışların sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə kağız daşıyıcıda təqdim olunmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış öz əksini tapmışdır. Məhkəmə tərəfindən aparılan araşdırma, eyni zamanda iş materiallarına əlavə edilmiş Abşeron Rayon Dövlət Arxivi tərəfindən göndərilmiş Maştağa Tərəvəzçilik- Südçülük Sovxozunun xx.xx.1999-ci il tarixli 16 nömrəli əmrinin arxiv çıxarışdan göründüyü kimi, İddiaçı adı 72-ci sırada qeyd edilərək, ona Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 285 saylı sərəncamına və sovxoz həmkarlar komitəsinin xx.xx.1999-cu il tarixli, 02 saylı protkoluna əsasən 0.12 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmiş, sənəd arxiv müdirinin möhürü ilə təsdiq edilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş yerləşmə sxemi (cizgisi) və bölgü sxeminin notariat qaydada təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir. Cavabdehin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli cavab məktublarında iddiaçının iddia etdiyi torpaq sahəsinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş Əli-zadə Seyfulla İsgəndər oğlunun əmlak şəhadətnaməsi üzrə ümümi ərazi daxilində yerləşdiyi qeyd edilsə də, müvafiq əmlak şəhadətnaməsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən və məhkəmə araşdırması ilə aşkar olunmadığından göstərilən imtina əsası öz təsdiqini tapmamışdır. Həmçinin üçüncü şəxsin notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən o, İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına sənədləşdirilməsinə, özəlləşdirilməsinə dair heç bir tələb, şikayət və etirazının olmadığını, torpaq sahəsinin İddiaçı adına dovlət reyestrində sənədləşməsinə razı olduğunu bildirmişdir. Həmçinin cavabdehin etirazda bildirdiyi iddiaçının iddia etdiyi torpaq sahəsinin Maştağa tərəvəzçiliksüdçülük sovxozunun ayrıc aktından kənarda yerləşməsi məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən irəli sürülən əsas məhkəməyə Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktının təqdim edilməməsi səbəbindən sübuta yetirilmir. Belə ki, İPM-nin 14-cü maddəsinə əsasən sübutetmə vəzifəsinin icrası baxımından torpaq sahəsinin ayrıc aktından kənarda yerləşib-yerləşməməsi ilə bağlı halların müəyyən edilməsi üçün cavabdeh tərəfindən imtina əsası qismində irəli sürdüyü ayrıc aktının məhkəməyə təqdim edilməli olmasına baxmayaraq, cavabdeh tərəfindən bunu təsdiq edə biləcək ayrıc aktı məhkəməyə təqdim edilmədiyindən, torpaq sahəsinin ayrıc aktından kənar yerləşməsi ilə bağlı əlavə araşdırmanın aparılması zərurəti aradan qalxmışdır. Eyni zamanda iddiaçıya torpaq sahəsinin ayrılmasının əsasını təşkil edən Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun 17 nömrəli, xx.xx.1999-cu il tarixli əmri və Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 285 saylı sərəncamı ləğv edilmədiyindən və mübahisələndirilən torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinin mülkiyyətçilərinin hüquqları dövlət qeydiyyatına alındığından, cavabdeh tərəfindən göstərilən imtina səbəbi məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbinə münasibətdə eyni hüquqi mövqedən yanaşılmalı və iddia tələbi təmin edilməlidir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçıya Maştağa tərəvəzçilik-südçülük sovxozunun 17 nömrəli, xx.xx.1999-cu il tarixli əmri və Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 285 saylı sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehin qoyulmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə və inzibati praktikaya zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun xx.xx.1999-cu il tarixli 17 nömrəli əmri və Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 285 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulur. Qərardan onun təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X6.