Məhkəmə qərarları › İş №2-1(112)-207/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-207/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-207/2023 13.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X2rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 2011-ci ildə Xarkov Milli Avtomobil və Yol Univerisitetinə daxil olmuş və 2015-ci ildə həmin Univerisitetin iqtisadiyyatın təşkili ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət Attestasiya Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə iddiaçıya iqtisadiyyatın təşkili üzrə bakalavr dərəcəsi verilmişdir və o, həmin diplom ilə yuxarıda qeyd olunmuş ixtisasla bağlı peşə fəaliyyətini həyata keçirmək hüququ qazanmışdır. 30 iyun 2015-ci ildə Ukraynanın Xarkov Milli Avtomobil Univerisitetini bitirməyi ilə əlaqədar ona 30 iyun 2015-ci il tarixli Dİ 049864 saylı diplom verilmiş və həmin diploma Ukrayına Respublikasının Təhsil və Elm Nazirliyində təsdiq edilməklə A-46451-15 saylı 16 iyul 2015-ci il tarixli apostil verilmişdir. İddiaçı həmin diplomun tanınması və Azərbaycan Respublikasında ixtisasına uyğun işlə təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəfələrlə müraciət etmiş və tələb olunan bütün sənədləri təqdim etmişdir. Təhsil Nazirliyi tərəfindən Ukrayına Təhsil Nazirliyinə müraciət edilməmişdir. İddiaçıya verilən şifahi cavaba görə diplomun tanınmamasında əsas ondan ibarətdir ki, o, təhsil almaqla əlaqədar Ukrayına Respublikasına getməmiş, həmin təhsil müəssisəsində olmamışdır. İşə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, o (iddiaçı), həmin Univerisitetdə olmuşdur, tibbi müainələrdən keçdiyinə görə 18 oktyabr 2012-ci il tarixdə ona arayış verilmiş, həmçinin 2012-ci ildə adına tibbi karta açılmışdır və Univerisitetdə təhsil alarkən tibb müəssisəsində müainələrdən keçmişdir. Həmçinin, iddiaçının pasportunda xarici ölkəyə getməsi ilə əlaqədar ştamplar vurulmuşdur. İddiaçı Ukrayınaya gedərkən Gürcüstan Respublikasının Tbilisi şəhərindən gediş haqqı ödəyərək Xarkov şəhərinə təyyarə ilə getmişdir. Ona görə də Dövlət Sərhəd Xidmətində Gürcüstan Respublikasına getməsi ilə əlaqədar məlumatlar verilir. Digər tərəfdən Xarkov Univerisitetində çoxlu ödənişlər etmişdir. Təhsillə əlaqədar tibbi müainədən keçməklə əlaqədar etdiyi ödənişlərin qəbzləri işə əlavə olunur. Bundan əlavə, tələbə yataqxanasında ona yer ayrılmasını təsdiq edən sənəd də işə əlavə edilir. Onunla Xarkov Milli Avtomobil və Yol Univerisiteti rəhbərliyi arasında bağlanmış 31 yanvar 2012-ci il tarixli 2167/11-508-1 saylı kontraktın 1.1-ci bəndində də görünür ki, iddiaçı əgər kursu müvəfəqiyyətlə bitirərsə və diplom işini müdafiə edə bilərsə, ona tam kursun diplomu təqdim edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6-cı bəndində göstərilir ki, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy: təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin qərarın 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda: təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Yuxarıda qeyd olunan Qaydaların tələblərindən də göründüyü kimi, iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınması üçün heç bir maneə yoxdur. Göstərilənlərə əsaslanaraq, məhkəmədən Xarkov Milli Avtomobil və Yol Univerisiteti tərəfindən iddiaçıya verilmiş 30 iyun 2015-ci il tarixli Dİ 049864 saylı diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahçş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyini Təshildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdm olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı Təhsildə X2rşı Ukraynanın Xarkov Milli Avtomobil və Yol Universiteti tərəfindən verilmiş bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyin qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir və bu barədə ona 3 avqust 2016-cı il tarixli 538/ANl nömrəli məktubla cavab verilmişdir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş iddia müddəti buraxılmışdır Bununla belə hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Konvensiyanın Vl.l-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş «Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr»in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış «Avropa regionu üzrə Tanınma Təlimatı»,nın 10-cu hissəsinə əsasən əhəmiyyətli fərq dedikdə, xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq təsdiq «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1.48-ci bəndinə əsasən təlimin nəticələri – təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən təlimin nəticələrinin qiymətləndirilməsi – müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»na əsasən (3.2.2) Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir; (3.2.3) Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; (3.2.4) İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240 – 300 kredit (əsas (baza ali) tibb təhsilində 300 – 360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir; (3.2.7) Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: (3.2.7.1) auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi;(3.2.7.2) auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; (3.2.7.3) təcrübələrdə iştirak etməsi; (3.2.7.4) laboratoriya işlərini yerinə yetirməsi; (3.2.7.5) kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; (3.2.7.6) imtahanlara hazırlığı və imtahanları verməsi; (3.2.7.7) buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi; (3.2.8) Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: (3.2.8.1) məcburi və ardıcıl öyrənilən fənlər üzrə; (3.2.8.2) məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; (3.2.8.3) tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə; (3.2.9) Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmədən İddiaçı Təhsildə X2rşı Ukraynanın Xarkov Milli Avtomobil və Yol Universiteti tərəfindən verilmiş bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.2-ci bəndinə görə bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Həmin Qaydaların 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. Həmin Qaydaların 2.8-ci bəndinə görə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə görə tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 – 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmənin mövqeyinə görə İddiaçı Ukraynanın Xarkov Milli Avtomobil və Yol Universitetinin normativi qarşılığında həmin ölkədə (ölkə hüdudlarından kənarda) qısa müddət olduğundan və tədris dilini qənaətbəxş səviyyədə mənimsəmədiyindən, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi təhsilin müddətinin yetərli olmaması və tədris dilini bilməməsi qənaəti ilə iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi 30 iyun 2015-ci il tarixli Dİ 049864 saylı bakalavr diplomu üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur. Məhkəmə bu mövqeyini aşağıdakılarla əsaslandırır: Bakalavr təhsilinin qanunvericiliklə müəyyən edilmiş müddət meyarlarına riayət edilməsi məcburi şərtdir. Həmin şərtlərin ödənilməməsi, eləcə də tədris dilinin tələb olunan səviyyədə mənimsənilməməsi mahiyyət və nəticə etibarı ilə diplom verilmiş şəxsin ixtisasa yiyələnməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, iddiaçının təhsil illər 2011 – 2015-ci illər olmaqla 4 il müddəti əhatə edir və Azərbaycan Respublikasında bu müddət bakalavr dərəcəsi üzrə əyani təhsilin müddətini təşkil edir. Lakin məhkəməyə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən İddiaçı 2011 – 2015-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə müvafiq məlumatlar daxil olmuş və həmin məlumatıara əsasən ölkə xaricinə, yəni Gürcüstan Respublikasına intensiv də olsa çox qısa müddətli səfərlər etmiş, bir dəfə Türkiyə Respublikasından “giriş” qeydi istisna olmaqla, başqa ölkəyə gediş-gəlişi barədə qeyd mövcud deyil. Məhkəmənin qənaətinə görə, hətta onun Gürcüstan Respublikasından Ukrayna getməsi ehtimal olunsa (sərhəd məntəqəsində pasporta müvafiq möhürlərin vurulmamasının səbəbi qeyri-müəyyən olsa) belə, belə hal əyani təhsil üzrə tədris yükünə adekvat sayıla bilməz. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə icraatında iddiaçının tədris dili biliyini mənimsəməsi səviyyəsinin müəyyən edilməsi üçün yenidən müsahibə aparılması cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə tapşırılmışdır. Lakin həmin Agentlikdən daxil olmuş 28 noyabr 2022-ci il tarixli məktubda İddiaçı elektron ünvanına və mobil telefonuna onun aldığı ixtisas üzrə tədris dilini bilmə səviyyəsinin yoxlanılması məqsədilə 3 mart 2022-ci il tarixdə müsahibənin təşkil edilməsi barədə məlumat göndərilsə də, o, müsahibədə iştirak etməmişdir. Məhkəmə yuxarıda sadalanan sadalanan hər iki sübutu mötəbər qiymətləndirir və hesab edir ki, İddiaçı əyani təhsil üzrə bakalavr dərəcəsi almaqla bağlı təhsil müəssisəsinin yerləşdiyi Ukraynada yetərli müddətdə olmadığından, tədris dilini bilmə səviyyəsinin müəyyən edilməsi ilə bağlı müsahibəyə qatılmamaqla həmin dili tələb olunan səviyyədə mənimsəməsinin müəyyən edilməsinı şərait yaratmadığından, cavabdeh Təhsildə X1 diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən imtinası qanuna zidd sayıla bilməz. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X2rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Təhsildə X2rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar