Məhkəmə qərarları › İş №2-1(112)-2070/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2070/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2070/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X33 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Ağdam rayonu, Güllücə İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 1953-cü il tarixli 10 saylı doğum aktı qeydinin uşaq bəndində soyadın “İsmayılov”dan “Əhmədov”a, adın “Allahverdi”dən “Allahverən”ə, ata bəndində soyadın “İsmayılov”dan “Əhmədov”a ana bəndində soyadın “İsmayılov”dan “Əhmədova”ya, adın “Qumuru”dan “Qumru”ya dəyişdirmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun Ağdam rayonu, Güllücə İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 1953-cü il tarixli 10 saylı doğum aktı qeydinin uşaq bəndində soyadın “İsmayılov”dan “Əhmədov”a, adın “Allahverdi”dən “Allahverən”ə, ata bəndində soyadın “İsmayılov”dan “Əhmədov”a ana bəndində soyadın “İsmayılov”dan “Əhmədova”ya, adın “Qumuru”dan “Qumru”ya dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət edərək doğum haqqında şəhadətnaməsini ona təqdim edilməsini xahiş etmişdir. 13.09.2020-ci il tarixli, №05/Q-1248/69 saylı cavab məktubu ilə Ağdam rayon Güllücə İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 10 saylı 1953-cü il tarixli doğum haqqında akt qeydinin “uşaq” qrafasının “soyad” bəndində soyadı “Əhmədov” deyil “İsmayılov”, adı “Allahverən” deyil “Allahverdi”, ana adı “Qumru” deyil “Qumuru” qeyd olunduğu üçün iddiaçıya doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bu cavab məktubundan sonra iddiaçı doğum aktı qeydində soyadının “İsmayılov”dan “Əhmədov”a, adın “Allahverdi”dən “Allahverən”ə dəyişdirilməsi ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq ünvanlanmış 01.10.2020-ci il tarixli 05/76-1066/15 nömrəli “Vətəndaşlıq Vəziyyəti aktlarına” düzəliş edilməsindən imtina edilməsi barədə qərar ilə ərizənin icrası qeyri-mümkün hesab edilmişdir. Səbəb kimi kifayət qədər əsaslar olmadığı üçün düzəliş aparılmadığı qeyd edilmişdir. İmtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına istinad olunmuşdur. “X3 dövlət qeydiyyatı qaydaları”nın 7.1-ci maddəsinə əsasən Adın, ata adının və soyadın dəyişdirilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir. Ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır. Belə ki, iddiaçıya aid olan bütün sənədlərdə ad, soyad və ata adı İddiaçı olaraq qeyd edilsə də, yalnız doğum haqqında akt qeydinin uşaq bəndində X4, ata bəndində X8, ana bəndində isə X10 qeyd edilmişdir. İddiaçı doğum haqqında akt qeydində soyada və ada düzəliş edilməsi üçün zəruri olan sənədləri qeydiyyat şöbəsinə təqdim etsə də, kifayət qədər əsas olmadığı səbəbi ilə geri qaytarılmışdır. Halbuki şəxsə məxsus olan bütün sənədlər şəxsin gerçək adının X4 deyil, İddiaçı, nikah haqqında şəhadətnamədə qeyd edilən X16 və X22 adlarının onun ataanasının gerçək adlarının olmasının sübutudur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X23 məhkəmə iclasında iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Ağdam rayonunda anadan olmuşdur, xx.xx.1953-cü il təvəllüdlüdür, ünvan 2 ünvanında qeydiyyatdadır. - НЗ ******* nömrəli, 1968-ci il tarixli hərbi biletdən göründüyü kimi iddiaçı xx.xx.1953cü il təvəllüdlü olmaqla adı, soyadı və ata adı- İddiaçı kimi qeyd olunmuşdur. - İİİ-ЖГ 509238 saylı, 12 oktyabr 1976-ci il tarixli Sovet Sosialist Respublikaları X1 iddiaçının adı, soyadı və ata adı- İddiaçı kimi qeyd edilmişdir. - TB-İ 085574 saylı, 01 iyul 1991-ci il tarixli diplomun surətindən görünür ki, diplomun sahibi İddiaçı 1985-ci ildə M.F.Axundov adına Azərbaycan Pedqoji Rus dili və Ədəbiyyatı Universitetini 30 iyun 1990-cı ildə bitirmişdir. - İİİ-ЖГ 499261 saylı, 10 oktyabr 1985-ci il nikah şəhadətnaməsindən görünür ki, İddiaçı 10 oktyabr 1985-ci il tarixində X17 ilə nikah bağlamışdır. - 27 sentyabr 1973-cü il tarixli əmək kitabçasında iddiaçının ad, soyad və ata adı İddiaçı kimi qeyd edilmişdir. - № 473128 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20 iyul 1987-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1987-ci ilin avqust ayının 18 günündə 2854 № ilə qeyd edilmişdir. Valideynlər bölməsində atası İddiaçı, anası X18 göstərilmişdir. - № 454125 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 05 aprel 1986-cı il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1986 ilin aprel ayının 19 günündə 1296 № ilə qeyd edilmişdir. Valideynlər bölməsində atası İddiaçı, anası X18 göstərilmişdir. - XVİİ- ЖГ 599553 saylı, 20 mart 1981-ci il tarixli Sovet Sosialist Respublikaları X1 iddiaçının atasının adı X2 qeyd edilmişdir. - XVİİ- ЖГ 597607 saylı, 09 mart 1981-ci il tarixli Sovet Sosialist Respublikaları X1 iddiaçının anasının adı X5 qeyd edilmişdir. - № 512360 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 03 sentyabr 1901-ci il tarixdə anadan olmuşdur. - № 512359 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 20 aprel 1987-ci il tarixdə anadan olmuşdur. - Bakı şəhəri 3 saylı Bakı “ASAN Xidmət” X6 13 sentyabr 2020-ci il tarixli, 05Q- 1248/69 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı (rayon qeydiyyat şöbəsi) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qeyd olunanlarla əlaqədar dəyişikliyin (düzəlişin) edilməsinə kifayət qədər əsaslar olmadığına görə iddiaçının müraciətinin həyata keçirilməsi imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsinin 01 oktyabr 2020-ci il tarixli, 05/76- 1066/15 saylı “Vətəndaşlıq Vəziyyəti aktlarına” düzəliş edilməsindən imtina edilməsi barədə Qərardan görünür ki, iddiaçının ad, soyad, ata və ana bəndində soyadlar, eləcə də ana bəndində adın dəyişdirilməsi tələbindən imtina edilib. İmtinadan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - X3 Reyestri Xidməti 05 mart 2021-ci il tarixli 05/2-1901 saylı sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, məlumatlar öyrənilərkən Qumru Əhmədovanın doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri”nin 1-ci bəndinə əsasən X3 qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində AR Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və X3 reyestri xidmətinin arxivində saxlanılır. Müddət bitdikdən sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət arxivinə təhvil verilir. - Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən 26 aprel 2021-ci il tarixli N 091 22298-1221 saylı sorğuya cavab məktubu ilə iddiaçıya şəxsiyyət vəsiqəsi verilən zamanı tərtib olunmuş fərdi kartoçkasının surəti göndərilmişdir. Fərdi kartoçkadan görünür ki, xx.xx.1953-cü ildə ünvan 3 ünvanında yaşayan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə malik olan şəxsin soyad, ad və ata adı qrafasında “İddiaçı” qeyd edilmişdir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 noyabr 2020-ci il tarixli, 05/76-2257/13 saylı sorğuya cavab məktubunda doğum haqqında akt qeydinin surəti təqdim edilmişdir. Qeydin surətindən görünür ki, Ağdam rayonunun Güllücə kəndinə xx xxxxxx 1953-cü il tarixdə anadan olmuş İsmayılov Allahverdinin ata qrafasında X8, ana qrafasında X10 qeyd edilmişdir. İddiaçı hazırki iddia ilə iddiaçı 1953-cü ildə trtib edilmiş 10 saylı doğum haqqında akt qeydindəki məlumatları mübahisələndirir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı 1953-cü il tarixli 10 saylı doğum aktı qeydinin uşaq bəndində soyadın “İsmayılov”dan “Əhmədov”a, adın “Allahverdi”dən “Allahverən” ə, ata bəndində soyadın “İsmayılov”dan “Əhmədov”a, ana bəndində soyadın “İsmayılova”dan “Əhmədova”ya, adın “Qumuru”dan “Qumru”ya dəyişdirilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, atasının adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 №-li Qərarı ilə «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 6.1-ci maddəsinə də əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Qanunun mənasına görə, tam fəaliyyət qabiliyyəti 18 yaşa çatmaqla əldə olunur. Məhz 18 yaşa çatdıqdan sonra şəxs müstəqil surətdə mülki hüquq müqavilələri bağlaya bilər, əmlakı üzərində sərəncam verə bilər, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər və bu hərəkətlərin nəticələrinə görə müstəqil surətdə əmlak məsuliyyəti daşıya bilər. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra yol verilir. Lakin, nəzərə almaq lazımdır ki, vətəndaşın mülki hüquq fəaliyyət qabiliyyəti o, yetkinlik yaşına çatdıqda tam əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ bəndinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1-ci maddəsinə əsasən, doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 9.1-ci bəndində qeyd edilir ki, X3 qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən X3 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (X3 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki işin hallarından görünür ki, iddiaçı kifayət qədər sübutlar təqdim edərək, ona dair sənədlərdə adının “Allahverən”, soyadının “Əhmədov”, atasının soyadının “Əhmədov”, anasının soyadının “Əhmədova”, anasının adının “Qumru” olduğunu iddia edir və qeyd edilən sənədlərə istinad edilərək, ona dair doğum akt qeydində düzəlişin olmasını xahiş edir. Məhkəmə təqdim edilmiş bütün sənədləri araşdırıraq, hesab edir ki, iddiaçı xx.xx.1953-cü il tarixdə atası X12 və anası X13 nikahından sonra doğulmuşdur. Evlənmə haqqında şəhadətnamədən görünür ki, vətəndaş X25 və X14 27 oktyabr 1951-ci il tarixdə nikaha daxil olmuş, evlənmə qeyd ediləndən sonra kişinin soyadı Əhmədov, arvadın soyadı Əhmədova olmuşdur. Həmçinin, iddiaçının atasına dair doğum haqqında şəhadətnamədə və SSRİ vətəndaşının pasportunda soyadı Əhmədov, anasına dair doğum haqqında şəhadətnamədə soyadı İsmayılova, adı Qumru kimi qeyd edilmiş, sonradan nikaha daxil olduqdan sonra Əhmədova soyadı verilmiş, SSRİ vətəndaşının pasportunda da soyadı Əhmədova, adı Qumru qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının doğumdan sonra soyadı Əhmədov, atasının adı Kərim, anasının adı Qumru olmuşdur. İddiaçının adı ilə bağlı isə Məhkəmə qeyd edir ki, iş üzrə araşdırma zamanı təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən də göründüyü kimi, bütün sənədlər də iddiaçının adı “Allahverən” kimi qeyd edilmişdir, heç bir sənəddə onun adının “Allahverdi” olması aşkar edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının doğum aktı qeydində uşaq bəndində soyadın “İsmayılov”dan “Əhmədov”a, adın “Allahverdi”dən “Allahverənə”, ata bəndində soyadın “İsmayılov”dan “Əhmədov”a, ana bəndində soyadın “İsmayılova”dan “Əhmədova”ya, adın “Qumuru”dan “Qumru”ya yazılması İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyasına, Azərbaycan Respublikası Konstitusiyasına, Ailə Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 №-li Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»na, ictimai qaydaya, əxlaqa zidd deyildir və ona münasibətdə soyadın dəyişdirilməsini istisna edən müvafiq hallar mövcud olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müəddəaların 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə X3 qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. X3 qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum aktı qeydinin uşaq bəndində soyadın “İsmayılov”dan “Əhmədov”a, adın “Allahverdi”dən “Allahverən”ə, ata bəndində soyadın “İsmayılov”dan “Əhmədov”a ana bəndində soyadın “İsmayılov”dan “Əhmədova”ya, adın “Qumuru”dan “Qumru”ya dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar