Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2075/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı «iddiaçıya məxsus nəqliyyat vasitəsinə onun istəyinə uyğun rəqəm kombinasiyasından ibarət dövlət qeydiyyat nişanının verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı «iddiaçıya məxsus nəqliyyat vasitəsinə onun istəyinə uyğun rəqəm kombinasiyasından ibarət dövlət qeydiyyat nişanının verilməsi» tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci tarixli Q74-001-12 saylı «Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati reqlament»inin təsdiq edilməsi haqqında Qərarını rəhbər tutaraq, 11 oktyabr 2017-ci il tarixdən avtomobilinə əvvəl rəqəmləri və orta hərflərinin heç bir fərqi olmadan ancaq sonu 999 rəqəmlərindən ibarət dövlət qeydiyyat nişanlarının təhkim edilməsi barəsində dəfələrlə cavabdeh Azərbaycan Respublikası Baş X1 İdarəsinə elektron qaydada rəsmi müraciətlər etmişdir. Cavabdehdən onlarla müraciətdən yalnız 19 cavab məktubu gəlmişdir. 12 cavab məktubunda halhazırda sərfiyyatda 999 rəqəmlərindən ibarət olan dövlət qeydiyyat nişanlarının olmadığı bildirilmişdir. Müxtəlif vaxtlarda ünvanlanmış 5 cavab məktubunda sərfiyyatda mövcud olan 003, 004, 008, 222, 333, 666, 300, 400, 600 və 800 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarının onun avtomobilinə təhkim edilməsi məsələsinə baxıla biləcəyi bildirilmişdir. 2 cavab məktubunda isə, sonu 999 rəqəmlərindən ibarət olan dövlət qeydiyyat nişanlarının avtomobilimə təhkim edilməsi üçün onun ərizəsinin qeydiyyata alındığı və növbəsi çatdıqda bu barədə ona (iddiaçıya) müvafiq qaydada məlumat veriləcəyi bildirilmişdir. İşin faktiki hallarına nəzər saldıqda görünür ki, o (iddiaçı), 4 il davam edən müddət ərzində cavabdeh Azərbaycan Respublikası Baş X1 İdarəsinin hərəkət və ya hərəkətsizliyi səbəbindən müraciətinin sonlanmasına nail ola bilmir. Halbuki qanunamüvafiq olaraq müraciət etdiyindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci tarixli Q74-001-12 saylı Qərarının 3.4.4-cü bəndinin tələbinə müvafiq olaraq onun avtomobilinə sonu 999 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanları təhkim edilməli idi. İddiaçı avtomobilinə ancaq sonu 999 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarının təhkim edilməsi ilə bağlı müraciət etmiş, qeydiyyat nişanlarının əvvəl rəqəmləri, hərflərin kombinasiyası barədə müraciətdə əlavə qeyd olmamışdır. Əgər hər hansı əlavə qeydi olsa idi, məsələnin bu qədər uzanması başa düşülən olar bilərdi. İlk müraciət tarixi olan 11 oktyabr 2017-ci il tarixindən etibarən o, artıq 3 avtomobil almışdır. Bu avtomobillərə sonu 999 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanları təhkim edilməsi ilə bağlı çoxsaylı müraciətləri qanuna zidd olaraq təmin olunmadığından, onlara Baş X1 İdarəsi tərəfindən fərqli dövlət qeydiyyat nişanları təhkim olunmuşdur. Azərbaycan Respublikası Baş X1 İdarəsi tərəfindən ona ünvanlanmış 2 cavab məktubunda sonu 999 rəqəmlərindən ibarət olan dövlət qeydiyyat nişanlarının avtomobilinə təhkim edilməsi üçün ərizəsinin qeydiyyata alındığı və növbəsi çatdıqda bu barədə müvafiq qaydada məlumat veriləcəyi bildirilsə də, 2 ildən artıq müddətdir ki, bu növbə çatmır, bununla da Baş X1 İdarəsi tərəfindən qanunun tələbləri pozulur. Göstərilmiş dəlillərə və əlavə edilmiş materiallara əsasən Azərbaycan Respublikası Baş X1 İdarəsi tərəfindən göstərilmiş hərəkət və ya hərəkətsizlik ucbatından onun müraciəti sonlanmır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci tarixli Q74-001-12 saylı «Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati reqlament»in təsdiq edilməsi haqqında Qərarın 3.6.1-ci bəndinə əsasən yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqəsinin rəhbərinin tabe olduğu yuxarı orqana inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçı bu bəndi rəhbər tutaraq dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Baş X1 İdarəsinin rəhbərliyinə müraciətlər etmiş, amma qeyd olunan vəzifəli şəxslər tərəfindən də aidiyyəti şəxslərin hərəkət və ya hərəkətsizliyinə dair konkret münasibət bildirilməmişdir. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət verən şəxsin məhkəməyə şikayət vermək hüququ var. İddiaçı bu hüququndan istifadə edərək 16 oktyabr 2020-ci il tarixdə iddia ərizəsi isə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. Məhkəmə 26 may 2021-ci il tarixdə (İş № 2-1(112)-2338/2021) “99” qeydiyyat nömrə nişanı kodu Azərbaycan Respublikasının bütün ərazilərinə aid edildiyindən, həmçinin “99” qeydiyyat nömrə nişanı kodunda sonu “999” olan dövlət nömrə nişanının sərfıyyatda olmamasını nəzərə alaraq, iddianı təmin etməmişdir. 2021-ci ilin iyul ayından etibarən BDYPİ tərəfindən “77” qeydiyyat nömrə nişanı kodu tətbiq olunmağa başlanılmışdır. Yeni “77” qeydiyyat nömrə nişanı kodu tətbiq olunmağa başlanıldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci tarixli Q74-001-12 saylı Qərarının 3.4.4-cü bəndinin tələbinə müvafiq olaraq onun avtomobilinə “77” qeydiyyat nömrə nişanı kodunda ancaq sonu 999 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanları təhkim edilməlməsi ilə bağlı yeni müraciətlə ünvanlamışdır. Əvvəllər aldığı cavab məktublarında bildirildi ki, sonu 999 olan dövlət qeydiyyat nişanları qurtardığından onun xahişinin nəzərə alınması mümkün deyildir. “77” qeydiyyat nömrə nişanı kodu yeni açılmasına baxmayaraq yeni müraciətlərinə də əsassız imtinalar almışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 127-ci maddələrinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci tarixli Q74-001-12 saylı Qərarının 2, 2.1, 2.2.1, 2.3, 3.1, 3.2.2, 3.3.2, 3.4.4, 3.6.1-ci bəndlərinə əsaslanaraq, Daixili İşlər Nazirliyinin Kollegiyasının Q74-012-12 saylı Qərarına müvafiq olaraq idarə etdiyi və ona məxsus olan **-SY-*** dövlət qeydiyyat nişanlı, Ford “Escape” minik markalı (model Universal, buraxılış ili 2015, ban nömrəsi 1FMCU0GXXFUB20972, rəngi göy, metallik, MİH 1.596 sm3 olan) avtomobilə cavabdeh Baş X1 İdarəsi tərəfindən yeni tətbiq olunan “77” qeydiyyat nömrə nişanı kodunda sonu 999 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarının təhkim edilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası»nın 1.2-ci bəndinə görə avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. Qaydanın 1.3-cü bəndinə görə dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq «Dövlət rüsumu haqqında» AR Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. Qaydanın 2.1-ci bəndinə görə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər AR DİN Baş X1 İdarəsinin internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. Qaydanın 2.2-ci bəndinə görə dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: (2.2.1) dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi, (2.2.2) dövlət qeydiyyat nişanının verilməsi işinin elektron idarəetmə sistemi əsasında, növbələrin yaranmasını istisna edən şəraitdə, fasiləsiz və “bir pəncərə” prinsipi ilə təşkili, (2.2.3) dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı dövlət rüsumunun, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimələrin yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməsi, bunun üçün texniki imkanların yaradılması, o cümlədən qeydiyyat-imtahan məntəqələrində ödənişləri qəbul edən xüsusi terminalların quraşdırılması, (2.2.3-1) AR İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması, (2.2.4) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, (2.2.5) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı. Qaydanın 3.1-ci bəndnə görə avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat-imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. Qaydanın 3.2-ci bəndinə görə şəxs avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün internet vasitəsilə müraciət etdikdə, müraciət səhifəsində dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin səhifədə ödəyir. Dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının seçilməsi, onun üçün müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi avtomatik qeydiyyata alınır və bu barədə şəxsin elektron poçt ünvanına məlumat göndərilməklə, əməliyyatın qeydiyyat nömrəsi internet səhifəsində əks olunur. Şəxs çap etdiyi həmin məlumatı nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. Qaydanın 3.3-cü bəndinə görə avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyatimtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin İddiaçı ünvanlanmış 5 aprel 2019-cu il tarixli məktubunda aşağıdakılar qeyd olunur: - Daxili İşlər Nazirliyinə ünvanlanmış (ərizəçi İddiaçı tərəfindən) müxtəlif hərflərin kombinasiyasından ibarət sonu 999 rəqəmlərindən olan dövlət qeydiyyat nişanının təhkim edilməsi ilə bağlı müraciətə baxılaraq 18 mart 2019-cu il tarixli 016-116648 nömrəli məktubla cavab verilmişdir. Bir daha bildirilir ki, 999 dövlət qeydiyyat nişanının verilməsi üçün ərizəniz qeydiyyata alınmış və «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 18.65.6.1-ci maddələrində nəzərdə tutulmuş dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyası üzrə son rəqəmi eyni olan dövlət qeydiyyat nişanının nəqliyyat vasitənizə təhkim edilməsi üçün növbəniz çatdıqda, bu barədə Sizə müvafiq qaydada məlumat veriləcəkdir. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəqliiyyat vasitələrinin sahiblərinə onlara verilən dövlət qeydiyyat nişanlarının bununla bağlı müəyyən edilmiş dövlət rüsumunu ödəməklə rəqəm və hərf kombinasiyasını sərbəst seçmək hüququnu nəzərdə tutur. Məhkəmə qeyd edir ki, həmin məsələ üzrə proseduru tənzimləyən qaydaların müddəaları təmin olunmalı mərhələlərin sırasına mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanmasını da daxil etmişdir. Lakin hazırkı işin hallarına görə, iddiaçının arzuladığı rəqəm kombinasiyasının (hərf kombinasiyası seçilməmişdir) mövcudluğu barədə rəsmi məlumat açıqlanmadığı halda, iddiaçı ona məxsus nəqliyyat vastəsinə müvafiq seçim etdiyi dövlət qeydiyyat nişanının verilməsini tələb edir. Belə məlumatın açıqlanmamasının təkcə hazırkı iddiaçının deyil, digər nəqliyyat vasitələri sahiblərinin də maraqları daxilində olması az ehtimallı olmadığından, dövlət qeydiyyat nişanlarının cavabdeh inzibati orqandakı mövcud inzibati praktika üzrə xronoloji ardıcıllıqla (sıra ardıcıllığı, rəqəm ardıcıllığı) təhkim edilməsi qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 17-ci maddələrinə zidd sayıla bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı «iddiaçıya məxsus nəqliyyat vasitəsinə onun istəyinə uyğun rəqəm kombinasiyasından ibarət dövlət qeydiyyat nişanının verilməsi» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 62, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı «iddiaçıya məxsus nəqliyyat vasitəsinə onun istəyinə uyğun rəqəm kombinasiyasından ibarət dövlət qeydiyyat nişanının verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2075/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2075/2022
25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver