Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2075/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X6 06 dekabr 1979-cü ildə Sumqayıt şəhərində, anası xx.xx.1976-cı ildə Füzuli rayonunda anadan olmuşlar və 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşmüşlər. İddiaçının valideynləri 2003cü ildə rəsmi nigaha daxil olublar. Həmin nikahdan xx.xx.2003-ci ildə iddiaçı anadan olmuşdur. İddiaçı 2024-cü ilin iyun ayında məcburi köçkün statusunun verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin 17 iyul 2024-cü il tarixli məktubu ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə Qaydaları”ın 2.6-cı bəndinə istinad edilərək iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. AZ-İ 352978 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, atası X6, anası X3r. X2 verilmiş AA seriyalı, 301492 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən o, Füzuli rayonundan məcburi köçkündür və Bakı şəhəri Yasamal rayonunda məskunlaşmışdır. X4 verilmiş AA seriyalı, 308327 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən o, Füzuli rayonundan məcburi köçkündür və Bakı şəhəri Yasamal rayonunda məskunlaşmışdır. Şəxsiyyət vəsiqələri ilə müəyyən edilir ki, X6 və X1 şəhəri, R.Əliyev küçəsi, ev 40 ünvanında qeydiyyatdadırlar. Lökbatan Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. Füzuli rayon İcra hakimiyyəti başçısının Füzuli şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı hərbi xidmətə qədər məcburi köçkün kimi müavinət alıb, lakin bundan sonra məcburi köçkün vəsiqəsi olmadığına görə müavinəti almayıb. Cavabdehin iddiaçının müraciətinə verilən xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, məcburi köçkün olduğunu təsdiq edən zəruri sənədlər təqdim edilmədiyindən iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Məhkəmə iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçının qanuni nümayəndəsi iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir (1). Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər (9). Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir (10). Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir (12). Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaydaların 4.2.6-cı bəndinə əsasən “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. İş materiallarından görünür ki, iddiaçı məcburi köçkün statusunun verilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətinə imtina cavabı vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində göstərilmişdir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır (İ). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (Vİİ.). Oxşar normalar “Normativ hüquqi aktlar haqqında” Aərbaycan Respublikasının Konstitusiya Qanununda da nəzərdə tutulmuşdur. Həmin Qanunda göstərilir ki, Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir (87.1.). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir (87.2.). Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir (87.3.). Qeyd edilən normaların məzmunundan görünür ki, hüquqi akt yalnız aid olduğu subyektlərin vəziyyətini yaxşılaşdırdığı halda, onun qüvvəsi geriyə şamil edilə bilər. Əks halda hüquqi aktın qüvvəsi yalnız onun qəbul edildiyi vaxtdan sonrakı münasibətlərə şamil edilməlidir. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbi ilə ona məcburi köçkün statusunun verilməsi ilə baglı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən bildirilmişdir ki, məcburi köçkün olduğunu təsdiq edən zəruri sənədlər təqdim edilməyib. Lakin, iş materiallarına iddiaçının valideynlərinin hər ikisinin məcburi köçkün olmasına dair sənədlər əlavə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı "məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi" vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2075/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2075/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver